Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin nəticələri
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 12-20 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər. Qeyd edək ki, 12-20 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsində iştirak edən 8255 müəllim uğur qazanıb, 24 təhsilverən isə müsahibə mərhələsinin minimum tələbini ödəmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilib.
24/09/2024 18:00
Emin Əmrullayev və Erol Özvar Türkiyə–Azərbaycan Universitetində tələbələrlə görüşüblər
Elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar sentyabrın 24-də Türkiyə–Azərbaycan Universitetində (TAU) tələbələrlə görüşüblər. Görüşdə TAU-nun Azərbaycan və Türkiyədən olan tərəfdaş universitetlərinin rektorları da iştirak ediblər. Rəsmilər əvvəlcə Türkiyə–Azərbaycan Universitetinin inzibati binası ilə tanış olublar. Qonaqlara ali təhsil ocağındakı mövcud şərait, tədris otaqları, laboratoriyalar, oxu zalları haqqında məlumat verilib. Qeyd olunub ki, universitetdə tələbələrin keyfiyyətli təhsil almaları, həmçinin asudə vaxtlarını səmərəli keçirmələri üçün lazımi şərait yaradılıb. Elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar auditoriyalarda dərs prosesini izləyib, həmçinin tələbələrlə görüşüb və onlarla söhbət aparıblar. Qeyd edək ki, 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə 90-a yaxın tələbə təhsil alacaq.
24/09/2024 17:00
Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb
Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az üzərindən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər. Təkrar sertifikatlaşdırmanın müsahibələrində 3393 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Müsahibələrdə 99 faiz davamiyyət qeydə alınıb. Təkrar sertifikatlaşdırmadan keçmiş 24 təhsilverənin vəzifə maaşına 35 faiz, 3369 təhsilverənin isə 10 faiz artım tətbiq olunacaq. Qeyd edək ki, müsahibə mərhələsinin apellyasiya müraciətləri 25 sentyabr saat 12:00-dan qəbul olunacaq. Müəllimlər şəxsi kabinetlərinə daxil olaraq 24 saat ərzində apellyasiya müraciəti edə bilərlər.3
24/09/2024 14:33
Baş nazir Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 23-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarla görüşüb. Görüşdə elm və təhsil naziri Emin Əmrullayev, həmçinin Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Türkiyənin aparıcı ali təhsil müəssisələrinin rektorları da iştirak ediblər. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, təhsil sahəsində əlaqələrin dinamikası xüsusi vurğulanaraq, iki ölkənin ali təhsil müəssisələri və elmi-tədqiqat mərkəzləri arasında uzunmüddətli səmərəli əməkdaşlığın nəticələri təqdir edilib. Həmçinin Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasının əhəmiyyəti qeyd edilib, layihədə iştirak edən universitetlərin iki ölkənin aparıcı ali təhsil müəssisələri olduğu xüsusi vurğulanıb. Bildirilib ki, qəbul nəticələrinə əsasən, 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə ümumilikdə 90-a yaxın tələbə təhsil alacaq. Görüş çərçivəsində Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı cari məsələlər, həmçinin iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
24/09/2024 12:00
Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək
Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək. Festivalın keçirilməsində əsas məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılmasıdır. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsi də festivalın başlıca vəzifələrindəndir. Bu il artıq 4-cü dəfə keçirilən STEAM Azərbaycan Festivalında (SAF 2024) 8 yarış və 1 sərgi-yarış (Yaşıl təşəbbüslər) kateqoriyası üzrə yarışlar təşkil olunacaq. Kateqoriyalara “H2 Grand Prix PRO”, “FlyTech”, “CubeSaT”, “VEX IQ Competition”, “VEX Robotics Competition”, “VidX”, “Engineers of Future”, “Green initiatives” və “Green Coding” daxildir. Festivalda yerli komandalarla yanaşı, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya, ABŞ və digər xarici ölkə komandaları da yarışacaqlar. Qeyd edək ki, STEAM - 5 əsas sahənin birgə tədrisidir. Belə ki, STEAM əsaslı tədris modeli elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. Daha ətraflı məlumat üçün: https://saf.steam.edu.az
24/09/2024 10:00
“Yaşıl dünya naminə həmrəylik ilində COP29-un Azərbaycan üçün əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçirilib
Sentyabrın 23-də Təhsil İnstitutu (ARTİ) və Bakı Slavyan Universitetinin (BSU) birgə əməkdaşlığı çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ilində COP29-un Azərbaycan üçün əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçirilib. Tədbiri giriş sözü ilə açan BSU-nun tədris işləri üzrə prorektoru Ənvər Abbasov bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar keçirilən əhəmiyyətli tədbirlər, o cümlədən, COP29 haqqında məruzə ilə çıxış edib. Çıxışda iqlim dəyişikliyi zamanı ekoloji təhlükəsizliyin təmin edilməsi və bu strategiyanın koordinasiyasında milli, beynəlxalq, regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, ölkənin iqtisadi davamlılığının təminatına yönəldiyi vurğulanıb. Daha sonra ARTİ-nin şöbə müdiri Aynur Paşayeva çıxışında Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasətindən danışıb. Çıxış edən məruzəçi dosent Afaq Hacıyeva iqlim dəyişikliyinin Azərbaycana təsirləri, hazırda respublikamızın mövcud qlobal problemlərlə bağlı üzərinə götürdüyü öhdəliklər və COP29-un respublikamız üçün əhəmiyyəti barədə geniş məlumat verib, iqlim dəyişikliyinin yaranma səbəbləri və hazırda mövcud olan qlobal ekoloji problemlərin bu proseslə əlaqəsindən bəhs edib. Daha sonra “Yaşıl dünya dərnəyi”nin rəhbəri, gənc iqlim elçisi Könül Bayramova iqlim dəyişikliyi ilə mübarizənin vacibliyi və ekoloji problemin həlli yolları haqqında tələbələrə ətraflı məlumat verib. Seminar tələbələrlə müzakirə formatında davam etdirilib.
23/09/2024 16:19
Tələbələrin köçürülməsi prosesi yekunlaşıb
2024-2025-ci tədris ili üçün təhsilalanların köçürülməsi elektron formada təhsil müəssisələri tərəfindən həyata keçirilib. Sənəd qəbulu portal.edu.az vasitəsilə 25 iyul - 1 avqust tarixində aparılıb. Elektron müraciətlər təhsil müəssisələri tərəfindən emal olunub və qaydalar çərçivəsində yekun qərar qəbul olunub. Ümumilikdə 2575 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 1054 müraciət müsbət nəticə ilə yekunlaşıb.
23/09/2024 15:00
10-cu Bakı Beynəlxalq Kitab Sərgisi
2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi təşkil olunacaq. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə 200-ə yaxın yerli və xarici təşkilatın, 90-dan çox tanınmış ədəbiyyat xadiminin iştirakı və 220-dən çox müxtəlif formatda tədbirin təşkili planlaşdırılır. Eyni zamanda sərgidə azərbaycanlı yazıçı və şairlər, o cümlədən gənc yazarlar və tanınmış xarici yazıçılar iştirak edəcəklər. Tədbir çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərslər, aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları təşkil ediləcək. Ziyarətçilərin “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcək. Bakı Beynəlxalq Kitab Sərgisində iştirak həm təhsilalanlar, həm də təhsilverənlər üçün faydalı öyrənmə, ünsiyyət və şəbəkələşmə imkanıdır.
23/09/2024 14:34
Elm və təhsil naziri Xankəndidə ilk dərs günündə iştirak edib
Sentyabrın 23-də Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə ilk dərs günü münasibətilə tədbir keçirilib. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, eləcə də məktəb kollektivi və valideynlər iştirak ediblər. Müəllim və şagirdləri təbrik edən Emin Əmrullayev bu gün Qarabağda dərsə başlayan şagird və tələbələrimizin Azərbaycanın daha güclü dövlət kimi formalaşması üçün əllərindən gələni edəcəklərinə əminliyini bildirib. İşğaldan azad edilmiş ərazilərimizdə təhsil müəssisələrinin inşasından danışan elm və təhsil naziri vurğulayıb ki, burada 50-dək təhsil müəssisəsinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Daha sonra Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Əməkdar müəllim Asif Cahangirov çıxışlarında məktəb kollektivini təbrik edib, onlara uğurlar arzulayıblar. Tədbirdə həmçinin Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin qızı Aynur Mirzəyeva, sözügedən məktəbin məzunu və müəllimi olmuş Telli Həşimova, Emelya Əliyeva çıxış ediblər və təəssüratlarını dilə gətiriblər. Qeyd edək ki, 624 şagird yerlik Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə 14 nəfərlik pedaqoji heyət şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olacaq. Şagirdlərdən 40 nəfəri I sinif, 450-dən çoxu II-XI siniflər üzrə təhsil alacaq, 45 nəfər isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb ediləcək.
23/09/2024 12:00
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi başlayır
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə start verilib. Prosesdə iştirak etmək istəyən şəxslər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qarşılıqlı yerdəyişmə üçün istifadəyə verilən sayt tədris ili ərzində aktiv olacaq. Qeydiyyat və saytın istifadə qaydalarına dair təlimat videosuna aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz: https://youtu.be/UzutAmMm7T0 Qeyd edək ki, prosesdə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün namizədlərin müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir. Əlavə olaraq, müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi ilə bağlı yarana biləcək sualların cavablarını təqdim edirik: https://miq.edu.az/.../1404066230_1695107674...
23/09/2024 11:12
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı