“STUDY IN AZERBAIJAN” layihəsi
Yaranma tarixi: 2019-ci il
Məqsəd: Azərbaycanda ali təhsil almaq istəyən əcnəbilərə müvafiq məlumat dəstəyi ilə yanaşı, həm də “Study in Azerbaijan” layihəsinin (SIA) elektron poçt və sosial media hesablarına göndərilən müraciətlərin cavablandırılmasını həyata keçirməkdir.
Məlumat: studyinazerbaijan.edu.az internet səhifəsi əcnəbi tələbələrin Azərbaycanda təhsili barədə rəsmi məlumat mənbəyi kimi fəaliyyət göstərir. SIA portalında əcnəbilərin Azərbaycanda ali təhsili ilə bağlı çoxsaylı məsələlər işıqlandırılır. Bunların arasında Azərbaycanı təhsil üçün seçmək səbəbləri,ali təhsil müəssisələrinin təklif etdiyi müxtəlif səviyyələrdə və dillərdə təhsil proqramları, təqaüd imkanları, qəbul qaydaları və proseduru, məzunlar barədə məlumat, statistik hesabatlar və Azərbaycanda təhsilin şərtləri var.
Əhatə dairəsi: 2024-2025-ci tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 105 ölkədən 11 000-ə yaxın əcnəbi tələbə təhsil alır.
Tələbələr əsasən Türkiyə, Pakistan, İran, Gürcüstan, Rusiya, Hindistan, Suriya, Nigeriya, Çin, Qazaxıstan və digər ölkələri təmsil edir.
Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2023-cü il tarixli Sərəncamına uyğun olaraq Xarici İşlər Nazirliyi ilə Elm və Təhsil Nazirliyi tərəfindən birgə icra edilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramına 2024-2025-ci tədris ili üzrə müraciət etmiş 47 ölkədən yüzlərlə namizəd sırasından 35 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb. Seçilmiş namizədlər əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti olmaqla Azərbaycanın 10 ali təhsil müəssisəsində bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura, rezidentura, doktorantura təhsil səviyyələrində təhsil almaq hüququ qazanıblar.
Ölkə Prezidentinin sərəncamları ilə təsis edilmiş Təhsil Qrantı proqramları çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları olan 50-dək ölkədən 70-ə yaxın əcnəbi tələbə təhsil almaqdadır.
2024-2025-ci tədris ili üzrə Çin Xalq Respublikası, Qazaxıstan Respublikası, Tacikistan Respublikası, Serbiya Respublikası və Rumıniyadan olan 47 əcnəbi tələbə Hökumətlərarası Təqaüd proqramları (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
HTP çərçivəsində Rumıniya, Çin Xalq Respublikası, Qazaxıstan, Tacikistan və Serbiyadan olan 109 əcnəbi tələbə hazırda ölkəmizin ali təhsil müəssisələrində təhsil alır.