• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri

Menyu

SUALIM VAR Elektron sənəd yoxlanışı

Ümumi məlumat

Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir.


Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafı, psixoloji dayanıqlılığı, estetik tərbiyəsi, sadə əmək vərdişlərinə yiyələnməsi, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibəti, zəruri həyati bacarıqlara yiyələnməsi və şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.

 

Məktəbəqədər təhsil uşaqların sosial-emosional bacarıqlarının inkişafına müsbət təsir edir. Uşaqlar güzəştə getməyi, hörmət etməyi və problemi həll etməyi öyrənirlər. Məktəbəqədər qrupda uşaqların araşdırma qabiliyyətinin gücləndirilməsi, onlarda özünəinam hissinin yaradılması və həmyaşıdları ilə oynamaları üçün əlverişli mühit olur.  

 

Bu yaş dövründə təlim uşağın sosial-emosional, kiçik və böyük motor, eləcə də intellektual bacarıqlarının yaxşılaşmasına müsbət təsir edir. Onun məktəbdəki akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin yaradır.

 

Fəaliyyət istiqamətləri:

  • Məktəbəqədər təhsilin məzmununun mütəmadi təkmilləşdirilməsi mexanizminin hazırlanması;
  • Dövlət təhsil standartları əsasında məktəbəqədər təhsil kurikulumlarının hazırlanmasının təşkili;
  • Müəllim fəaliyyətinin qiymətləndirmə meyarlarının hazırlanmasına və tətbiqinə nəzarət;
  • Təhsilin keyfiyyətinin artırılması məqsədilə aparılmış müvafiq tədqiqatların nəticələri və digər qurumlardan əldə olunmuş statistik məlumatlar əsasında təhlili;
  • Məktəbəqədər təhsil müəssisələrində fəaliyyətin müasir tələblərə uyğunlaşdırılması; 
  • Məktəbəqədər təhsil müəssisələrində qruplara uşaq qəbulu məktəbəqədər təhsil qruplarının mövcud qaydalara uyğun komplektləşdirilməsi ilə bağlı təşkilati tədbirlərin keçirilməsi;
  • Məktəbəqədər təhsil müəssisələrinə elektron formada uşaq qəbulu;
  • Məktəbəqədər təhsildə milli və dünyəvi ənənələr, Azərbaycan və dünya pedaqoji elminin nailiyyətləri, ailə tərbiyəsi və ictimai tərbiyənin məqsədyönlü inteqrasiya əsasında təşkili;
  • Dövlət məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesini və idarəetməni təkmilləşdirmək, bu müəssisələri ixtisaslı pedaqoji kadrlarla, informasiya-kommunikasiya texnologiyaları və digər zəruri vasitələrlə təmin etmək;
     

Sual-cavab:

Övladımı 37 nömrəli bağçaya qeydiyyata salmaq istəyirəm, lakin bağçanın adı siyahıda çıxsa da, yazılır ki, "Növbəyə yazılma limiti dolub". 

Siz övladınızı növbəyə yazdırarkən müvafiq yaş qrupu və ya bölmə olmadıqda, ya da boş yerlər üçün müraciət sayı limitdən çox olduqda o bağça üçün növbə yaratmaq mümkün olmur. Belə olan halda isə sizin müraciətinizin təmin edilməsi qeyri-mümkündür. Tövsiyə olunur ki, mütəmadi olaraq kabinetinizdə bağçaların siyahısını yoxlayasınız, yenilənmə olarkən yer olduqca bağçalar üzrə növbəyə yazılmaq mümkün olacaq.


Mən növbə yarada bilmirəm. 

Növbəyə yazılmanı valideyn sərbəst şəkildə aparır. Hər hansı çətinlik olarsa, alternativ qeydiyyat mərkəzlərinə yaxınlaşa bilərsiniz.
Daha ətraflı: 
-    Reqlament: https://bq.edu.az/help/reqlament
-    Videorolik: https://www.youtube.com/watch?v=QU6aNY1kQo8&feature=emb_title


Nigahım ləğv olunduğundan uşaqlarımla atam, anamla və qardaşımla qeyd olunan ünvanda qeydiyyatdayıq və yaşayırıq. Uşaqlarım prioritetli növbəyə yazıla bilərlər? Bilərlərsə təsdiqedici hansı sənədləri əlavə edim?

Tək işləyən valideyn dedikdə valideynlərdən birinin vəfat etməsi və ya boşanması, tək qalan valideynin isə rəsmi iş yerinin olması nəzərdə tutulur. Prioritetin təsdiq olunması tək valideyn olmanızı təsdiq edən sənədi və iş yerindən arayışı göndərmək lazımdır.


Mən uşağı bağçaya qoymaq üçün onlayn qeydiyyatdan keçmişəm. 26.07.2022-ci il tarixində növbəyə yazılmışam, ancaq hələ də bir cavab gəlməyib. Cavab nə qədər vaxta gəlir?

Növbəyə yazıldığınız bağçalarda boş yer olarsa, ən geci 1 ay ərzində növbəniz sorğuya çevriləcək.  Bununla bağlı həm şəxsi kabinetinizə, həm də mobil telefonunuza sms ilə məlumat göndəriləcək. Növbələrdən biri sorğuya çevrildikdə digər növbələr avtomatik olaraq pozulacaq. Növbələriniz üzrə bağçalarda boş yer olmazsa, növbəniz ilboyu aktiv olaraq qalacaq. İstədiyiniz vaxt hər hansı növbəni ləğv edib yenisini yarada bilərsiniz.



Mən hazırda "N" saylı hərbi hissədə zabit kimi xidmət edirəm. Bununla bağlı sizə vəsiqəmin üzünü təqdim etsəm, yetərlidirmi?

Prioritetlərin təsdiqi ilə bağlı mövcud qaydalara uyğun olaraq hərbi xidmətdə olduğunuzla bağlı arayış təqdim etmək lazımdır.


Övladım hazırda 117 saylı bağçada qeydiyyatdadır. Sentyabr ayından biz yaşayış yerimizi dəyişəcəyik. Belə olan halda bağçanı necə dəyişə bilərik?

Hal-hazırda sistemdə ayrıca olaraq yerdəyişmə nəzərdə tutulmayıb. Siz faktiki qeydiyyatda olduğunuz bağçadan qeydiyyatdan çıxmadan digər bağçada növbə yarada bilərsiniz. Yeni bağça üçün növbəniz sorğuya çevrildikdə isə köhnə bağçadan sənədləri götürərkən çıxış veriləcəkdir.


Övladım 2016-cı il təvəllüdlüdür. Onu məktəbəqədər üzrə qeydiyyatdan keçirə bilmirəm, sistemdə belə bir qeyd yazılır ki, uşaq 2017-ci il təvəllüdlü olmalıdır. Zəhmət olmasa, bu məsələni aydınlaşdırardınız.

Mövcud qaydalara əsasən ("Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu) 1 yaşdan 6 yaşa kimi uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu təşkil edilir. Təəssüf ki, 2016-cı il təvəllüdlü uşaqlar məktəbəqədər təhsilə cəlb oluna bilmirlər. Qaydalara əsasən 2016-cı il təvəllüdlü uşaq 2022-2023-cü tədris ilində 1-ci sinfə getməlidir.