Tədqiqatlar
MÜNDƏRİCAT:
PISA
Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram (Programme for International Student Assessment) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən 2000-ci ildən etibarən həyata keçirilir. Tədqiqat hər üç ildən bir (2025-ci ildən etibarən hər dörd ildən bir) keçirilir və 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandıqları bilikləri real həyatda tətbiqetmə bacarıqlarını ölçür.
Azərbaycan bu beynəlxalq tədqiqatda ilk dəfə 2006-cı ildə, növbəti dəfə isə 2009, 2018, 2022 və 2025-ci illərdə iştirak edib. 2018-ci ildən etibarən ölkəmiz PISA tədqiqatını kompüter əsaslı formatda həyata keçirir.
TIMSS
Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Tədqiqatı (Trends in International Mathematics and Science Study) Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən 1995-ci ildən həyata keçirilir. Tədqiqat hər dörd ildən bir keçirilir, 4-cü və 8-ci sinif şagirdlərinin riyaziyyat və təbiət elmləri üzrə biliklərini qiymətləndirir.
Azərbaycan TIMSS tədqiqatında ilk dəfə 2011-ci ildə, növbəti dəfə 2019 və 2023-cü illərdə iştirak edib. 2023-cü ildən etibarən ölkəmiz TIMSS-də kompüter əsaslı qiymətləndirmə formatına keçib. Növbəti tədqiqat dövrü 2027-ci ildə keçiriləcək.
PIRLS
Oxu Savadlılığının İnkişafı üzrə Beynəlxalq Tədqiqat (Progress in International Reading Literacy Study) 4-cü sinif şagirdlərinin bədii və informativ mətnləri oxu bacarıqlarını qiymətləndirir və nəticələri digər ölkələrlə müqayisə etməyə imkan verir. Tədqiqat Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən həyata keçirilir.
Azərbaycan PIRLS tədqiqatında ilk dəfə 2011-ci, daha sonra 2016 və 2021-ci illərdə iştirak edib. 2026-cı ildən etibarən Azərbaycan bu qiymətləndirmədə kompüter əsaslı formatda iştirak edəcək. Həmçinin 2026-cı ildən etibarən şagirdlər ePIRLS – internet mühitində oxu savadlılığını ölçən innovativ tapşırıqlar üzərində də işləyəcəklər.
TALIS
Öyrətmə və Öyrənmə üzrə Beynəlxalq Sorğu (Teaching and Learning International Survey) müəllim və məktəb rəhbərlərinin peşəkar inkişafı, tədris təcrübələri, idarəetmə və iş mühiti ilə bağlı mövcud vəziyyəti öyrənməyə yönəlib. Tədqiqat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən həyata keçirilir.
Azərbaycan 2024-cü ildə TALIS tədqiqatına qoşulub və ümumi orta təhsil səviyyəsi üzrə iştirak edib.
IELS
Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatı (International Early Learning and Child Well-being Study) OECD tərəfindən hazırlanıb və 5 yaşlı uşaqların erkən inkişafını həm koqnitiv (ilkin savadlılıq, riyaziyyat bacarıqları, özünü tənzimləmə), həm də sosial-emosional (empatiya, inam və s.) istiqamətlərdə qiymətləndirir.
Tədqiqat oyun əsaslı tapşırıqlar üzərində planşet vasitəsilə aparılır, valideyn və müəllimlər isə sorğularda iştirak edərək uşağın mühitinə dair məlumat təqdim edirlər.
Azərbaycan bu tədqiqatda ilk dəfə 2025-ci ildə əsas mərhələdə iştirak edib.
ICILS
Kompüter və İnformasiya Savadlılığı üzrə Beynəlxalq Tədqiqat (International Computer and Information Literacy Study) şagirdlərin rəqəmsal texnologiyalardan istifadə bacarığını və informasiya savadlılığını qiymətləndirir. Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən həyata keçirilən bu tədqiqat 8-ci sinif şagirdlərini əhatə edir və hər beş ildən bir keçirilir.
ICILS şagirdlərin araşdırma aparma, yaradıcılıq göstərmə və rəqəmsal mühitdə ünsiyyət bacarıqlarını, həmçinin kompüter və informasiya savadlılığı (CIL) ilə alqoritmik düşünmə (CT – Computational Thinking) bacarıqlarını ölçür.
Azərbaycan bu tədqiqatda ilk dəfə 2023-cü ildə iştirak edib.
PISA-based Test for Schools
Məktəblər üçün PISA (PISA-based Test for Schools) – OECD tərəfindən keçirilən və məktəblərə öz nəticələrini ölkə və beynəlxalq göstəricilərlə müqayisə etmək imkanı verən tədqiqatdır.
Azərbaycan bu proqramda 2024/2025-ci tədris ilindən etibarən iştirak edir. Növbəti tədqiqat dövrü 2025/2026-cı tədris ilində nəzərdə tutulur.
