Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Zəfər abidəsi ziyarət edilib

Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər parkını ziyarət ediblər.    Ziyarət zamanı Zəfər abidəsinin önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyünün bərpası və dövlətimizin suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib.   Dövlətimizin başçısına binalarda yaradılacaq şərait barədə məlumat verildi.   Bildirildi ki, kitabxana tədris, elmi-tədqiqat və innovasiya fəaliyyətinin dəstəklənməsi, müasir informasiya resurslarına çıxış imkanlarının genişləndirilməsi və tələbəyönümlü akademik mühitin formalaşdırılması baxımından mühüm infrastruktur obyektlərindən biri olacaq, tələbə və əməkdaşların təhsil, elmi-tədqiqat və informasiya ehtiyaclarının qarşılanmasına, müstəqil öyrənmə və tədqiqat bacarıqlarının inkişafına, həmçinin professor-müəllim heyətinin elmi fəaliyyətinin dəstəklənməsinə xidmət edəcək.   Müasir standartlara cavab verəcək dördmərtəbəli binada eyni vaxtda təxminən 1100 tələbənin istifadəsinə imkan verən funksional oxu zallarının, fərdi və qrup şəklində öyrənmə, görüş və akademik əməkdaşlıq üçün nəzərdə tutulan məkanların yaradılması planlaşdırılır. Universitetin akademik ehtiyaclarını qarşılamaqla və potensialını gücləndirməklə yanaşı, region ictimaiyyəti üçün də informasiya mənbəyi rolunu oynayacaq kitabxana binası elmi müzakirələrin, bilik və təcrübə mübadiləsinin təşviqinə, universitetlə əhali arasında əlaqələrin genişləndirilməsinə və Qarabağda sosial-mədəni mühitin inkişafına töhfə verəcək.   Qeyd edilib ki, Qarabağ Universitetinin İnnovasiya Mərkəzi innovasiya və sahibkarlıq ekosisteminin inkişafı, elmi-tədqiqat nəticələrinin praktiki tətbiqinin təşviqi, müasir texnologiyaların və innovativ ideyaların dəstəklənməsi baxımından mühüm infrastruktur obyektlərindən biri olacaq. Mərkəz tələbələrin yaradıcılıq, tənqidi düşünmə və problem həlletmə bacarıqlarının inkişafına, innovativ təşəbbüslərinin dəstəklənməsinə, həmçinin universitet-sənaye əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək. Mərkəz, eyni zamanda, Qarabağ regionunun sosial-iqtisadi inkişafına töhfə verən təşəbbüslərin dəstəklənməsi, yerli ehtiyaclara uyğun innovativ həllərin hazırlanması və universitetlə dövlət qurumları, özəl sektor və digər tərəfdaşlar arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli rol oynayacaq. Mərkəz universitetdə innovasiya mədəniyyətinin formalaşmasına, elmi biliklərin iqtisadi və sosial dəyərə çevrilməsinə, həmçinin Qarabağ regionunda texnoloji inkişafın, sahibkarlığın və bilikəsaslı iqtisadiyyatın təşviqinə töhfə verəcək.   https://president.az

İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib.   Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Universitetin Klinikasının baş direktoru Samir Babayev burada yaradılmış şərait barədə dövlətimizin başçısına məlumat verdilər.   Bildirildi ki, təsdiq edilmiş memarlıq-planlaşdırma həllinə uyğun həyata keçirilən işlər çərçivəsində mövcud mühəndis-kommunikasiya sistemləri yenidən qurulub, şöbənin müasir tələblərə uyğun təşkili təmin edilib.   Təcili tibbi yardım şöbəsində xəstələrin qəbulu, müayinəsi və müalicəsinin səmərəli təşkili məqsədilə müasir tələblərə cavab verən funksional zonalar yaradılıb. Burada reanimasiya, uşaq pediatriya sahələri, palata, tibbi xidmətlərin və gündəlik fəaliyyətin təşkili üçün dərmanların saxlanılması və xidmətçi otaqları var. Şöbənin müvafiq tibbi avadanlıq və müasir mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilməsi onun funksional imkanlarının genişləndirilməsinə və tibbi xidmətlərin səmərəli təşkilinə imkan yaradır. İlkin qiymətləndirilməsi aparılmış pasiyentlərin tibbi göstərişlərə uyğun olaraq digər müəssisələrə köçürülməsi üçün reanimasiya və intensiv terapiya imkanları ilə təchiz edilmiş təcili tibbi yardım avtomobilləri mövcuddur.   Klinikada hazırda 70 stasionar, o cümlədən 5 reanimasiya çarpayısı var. Əlavə olaraq Təcili yardım şöbəsində 19 çarpayı və 5 əməliyyat zalı nəzərdə tutulub. Beləliklə, burada eyni vaxtda 70 stasionar və 19 təcili yardım pasiyentinə xidmət göstərmək mümkün olacaq.   Tibb müəssisəsində 2027-ci il üzrə inkişaf planı çərçivəsində ümumilikdə 230-250 əməkdaşın çalışması proqnozlaşdırılır.   Universitet Klinikasının əsas missiyası yalnız tibbi xidmət göstərmək deyil, eyni zamanda, müasir tibb təhsili, klinik təcrübə və gələcəkdə elmi-tədqiqat fəaliyyətini birləşdirən tibb mərkəzi kimi inkişaf etməkdən ibarətdir.   https://president.az

İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.   Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına yaradılmış şərait barədə məlumat verdi.   Bildirildi ki, nazirliyin sifarişi ilə Şuşa Dövlət Peşə Təhsil Mərkəzində əsaslı təmir işlərinə 2025-ci ilin mart ayında başlanılıb.   İkimərtəbəli, 360 yerlik tədris binasında 9 emalatxana, 3 təlimat sahəsi, musiqi alətlərinin hazırlanması və bərpası emalatxanası, 5 tədris otağı, rəsm otağı, fizika və kimya laboratoriyaları, laborant, informatika və hərbi təlim otaqları, həmçinin yeməkxana var.   Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin beşmərtəbəli yataqxanasında akt zalı, texniki yaradıcılıq sahəsi, emalatxanalar, kitabxana, o cümlədən elektron kitabxana, tədris və yataq, istirahət və fitnes otaqları, ictimai iaşə obyekti yerləşir.   Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biri də insan kapitalının inkişafı və müasir təhsil infrastrukturunun formalaşdırılmasıdır. Ölkə miqyasında son illərdə yüzlərlə yeni məktəb binasının inşası, mövcud tədris ocaqlarının əsaslı təmiri və ən son texnoloji avadanlıqlarla təchiz olunması gənc nəslin yüksək standartlara cavab verən təhsillə təmin edilməsinə geniş imkanlar açıb. Bu baxımdan Şuşa Dövlət Peşə Təhsil Mərkəzi böyük əhəmiyyətə malikdir. Mərkəz bölgədə geniş vüsət alan bərpa və quruculuq işlərində bilavasitə iştirak edəcək yerli ixtisaslı kadrların, peşəkar mütəxəssislərin hazırlanmasında mühüm platformaya çevriləcək.   https://president.az

Nazir müavini İdris İsayev İƏT Təhsil İnstitutunun Himayəçilər Şurasının 5-ci iclasında iştirak edib

Noyabrın 6-da İqtisadi Əməkdaşlıq Təşkilatının Təhsil İnstitutunun Himayəçilar Şurasının 5-ci iclası onlayn formatda keçirilib.   İclasda elm və təhsil nazirinin müavini İdris İsayev iştirak edib.    Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin sədrliyi ilə keçirilən iclasda milli təhsil naziri Yusuf Tekin, İƏT Təhsil İnstitutunun prezidenti Prof. Dr. Mehmet Akif Kireçci, İƏT-in Baş katibi Dr. Asad M. Khan, həmçinin İƏT-ə üzv və müşahidəçi dövlətlərin müvafiq təhsil nazirliklərinin yüksəkvəzifəli nümayəndələri iştirak ediblər.    İclas zamanı İƏT Təhsil İnstitutunun 2023–2026-cı illər üzrə fəaliyyətinə dair hesabat təqdim edilib, habelə 2027–2030-cu illər üzrə Fəaliyyət Planı nəzərdən keçirilib. Bununla yanaşı, İnstitutun gələcək inkişaf istiqamətləri, təhsil sahəsində regional əməkdaşlığın genişləndirilməsi, akademik mobilliyin təşviqi, bilik və təcrübə mübadiləsinin gücləndirilməsi, həmçinin üzv dövlətlər arasında birgə layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb. İclasda çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev təhsil və elm sahələrində regional əməkdaşlığın genişləndirilməsinin, üzv dövlətlər arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.   Nazir müavini Azərbaycanda insan kapitalının inkişafı, təhsil sisteminin rəqəmsal transformasiyası, ali təhsilin beynəlmiləlləşdirilməsi və universitetlərin beynəlxalq rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Bu çərçivədə STEAM və “Rəqəmsal bacarıqlar” layihələri, akademik mobilliyin təşviqi, beynəlxalq birgə təhsil proqramlarının inkişafı, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, eləcə də elm, texnologiya və innovasiya sahələrində həyata keçirilən təşəbbüslər diqqətə çatdırılıb.    İdris İsayev İƏT üzv dövlətləri ilə təhsil və elm sahələrində mövcud tərəfdaşlıqların genişləndirilməsinin, birgə təhsil və elmi-tədqiqat layihələrinin həyata keçirilməsinin, habelə bilik və qabaqcıl təcrübə mübadiləsinin regionda insan kapitalının inkişafına və təhsil sistemlərinin rəqabətqabiliyyətliliyinin artırılmasına töhfə verəcəyini bildirib. İƏT Təhsil İnstitutunun Himayəçilar Şurasının 5-ci iclasında İnstitutun prezidenti və digər idarəetmə orqanlarına seçkilər keçirilib.   Seçkilərin nəticələrinə əsasən, professor Mehmet Akif Kireçci növbəti müddətə İƏT Təhsil İnstitutunun prezidenti seçilib. Qeyd edək ki, İƏT Təhsil İnstitutunun Himayəçilar Şurasının üç ildən bir keçirilən növbəti iclasının 2030-cu ildə təşkil olunması nəzərdə tutulur.

Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli noyabrın 6-da Şamaxı rayonuna səfəri çərçivəsində bir sıra təhsil müəssisələrinə baş çəkərək burada yaradılmış tədris şəraiti və təhsil prosesinin təşkili ilə maraqlanıb.   Səfər çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla ilk olaraq Şamaxı Avropa Liseyinin yeni binasına baxış keçirilib. Liseydə yaradılmış müasir tədris mühiti, təhsilalanlar üçün nəzərdə tutulan imkanlar və tədris prosesinin təşkili ilə tanışlıq olub.   Daha sonra Mətin Kərimli Şamaxı Dövlət Regional Kollecində tələbə və müəllim heyəti ilə görüşüb. Görüş zamanı kollecdə tədrisin təşkili, mövcud təhsil şəraiti və təhsilalanların peşəkar bilik və bacarıqlarının inkişafı üçün yaradılan imkanlarla tanış olub, tələbə və müəllimlərin fikirlərini dinləyib. Aparat rəhbəri tələbələrlə söhbət zamanı seçdikləri ixtisas üzrə bilik və bacarıqların artırılmasının, əmək bazarının tələblərinə uyğun kompetensiyaların formalaşdırılmasının və gələcək karyera hədəflərinin düzgün müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıb.   Mətin Kərimli həmçinin Şamaxı Peşə Liseyində olub. Burada tədris mühiti, emalatxanalar və praktiki məşğələlərin təşkili ilə tanış olub, tələbə və müəllimlərlə görüşərək onların fəaliyyəti ilə maraqlanıb. Görüş zamanı tələbələrə ixtisas hazırlığının əhəmiyyəti, əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların formalaşdırılması barədə məlumat verilib. Eyni zamanda, xaricdə təhsil proqramları və yaratdığı imkanlar haqqında danışılıb, tələbələrin gələcək təhsil və karyera planlaması ilə bağlı sualları cavablandırılıb.   Səfər çərçivəsində Aparat rəhbəri Avaxıl kənd tam orta ümumtəhsil məktəbində də olub. Mətin Kərimli məktəbdə yaradılmış tədris şəraiti ilə tanış olduqdan sonra müəllimlərlə görüşüb. Görüşdə müəllimlərin peşəkar inkişafı, ixtisasartırma imkanları və davamlı təlimin tədrisin keyfiyyətinin yüksəldilməsində rolu müzakirə olunub. Aparat rəhbəri müəllimləri mövcud ixtisasartırma və peşəkar inkişaf imkanlarından fəal yararlanmağa, bilik və bacarıqlarını mütəmadi olaraq təkmilləşdirməyə təşviq edib.

Dağlıq Şirvan regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib

Noyabrın 6-da Elm və Təhsil Nazirliyi ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Dağlıq Şirvan regionunda təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.   Tədbir Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində təhsil işçilərinin məlumatlılığının artırılması, etik davranış prinsiplərinin təşviqi və korrupsiyaya qarşı davranışın formalaşdırılması məqsədilə təşkil olunub.   Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov,  Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, nazirliyin Daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Səbuhi Şahverdiyev, Mərkəzin şöbə rəisi Nigar Qələndərli, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov və digər qonaqlar iştirak ediblər.    Tədbirin açılış hissəsində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planının əhəmiyyətini vurğulayıb. Tahir Məmmədov bu istiqamətdə əldə olunan təcrübənin gələcəkdə də davam etdirilməsinin, maarifləndirmə tədbirlərinin genişləndirilməsinin və korrupsiya risklərinin vaxtında müəyyənləşdirilərək aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, bu istiqamətdə dövlət qurumlarının birgə fəaliyyəti və cəmiyyətin bütün sahələrində dürüstlük prinsiplərinin təşviqi korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasına xidmət edir.   Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli çıxışında korrupsiyaya qarşı mübarizənin qanunun aliliyinin, şəffaflığın və dövlətə ictimai etimadın təmin olunmasında mühüm rolunu vurğulayıb. Qeyd edib ki, bu istiqamətdə yalnız hüquqi məsuliyyət tədbirləri deyil, həm də dürüstlük, hesabatlılıq və etik davranış prinsiplərinin təşviqi vacibdir.   Aparat rəhbəri bildirib ki, 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı çərçivəsində Elm və Təhsil Nazirliyi tərəfindən təhsil işçilərinin antikorrupsiya sahəsində məlumatlılığının artırılması və korrupsiyaya qarşı dözümsüz münasibətin formalaşdırılması məqsədilə ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilib. Bu çərçivədə 2026-cı ilin birinci yarımilinin sonunadək 3 930 tədbir təşkil olunub, 149 470 iştirak qeydə alınıb.   Mətin Kərimli təhsil sistemində çalışan hər bir şəxsin fəaliyyətində dürüstlük, obyektivlik və məsuliyyət prinsiplərinə əməl etməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, bu prinsiplərin gündəlik fəaliyyətin ayrılmaz hissəsinə çevrilməsi sağlam və etibarlı təhsil mühitinin formalaşmasına xidmət edir.   Çıxışlar zamanı Milli Fəaliyyət Planının korrupsiyaya qarşı mübarizədə strateji əhəmiyyəti, məqsəd və hədəfləri, icrasından əldə olunan müsbət nəticələr, eləcə də Elm və Təhsil Nazirliyi ilə Baş Prokurorluq arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin nazirlik tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin nəticələri, təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması, dürüstlük və şəffaflıq prinsiplərinin təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib.   Təlim çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Elm və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən korrupsiyanın mahiyyəti və cəmiyyətə təsiri, təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti və preventiv mexanizmlərin rolu diqqətə çatdırılıb. Həmçinin dövlət qulluqçularının etik davranış qaydaları və maraqlar toqquşmasının qarşısının alınması imkanları barədə məsələlərə toxunulub.   Tədbirin sonunda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Peşə təhsili müəssisələri Bakıda keçirilən “PeşəFest”də təmsil olunublar

Noyabrın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “PeşəFest-2026” layihəsinin yekun tədbiri baş tutub.    “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival gəncləri və valideynləri əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə, karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyıb.    Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, millət vəkilləri Zahid Oruc və Vüqar İskəndərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri, peşə təhsili müəssisələri və vətəndaş cəmiyyətinin nümayəndələri, yeniyetmə və gənclər iştirak ediblər.   Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev çıxışında gənclərin düzgün peşə seçiminə dəstək məqsədi daşıyan “PeşəFest” layihəsi üzrə builki tədbirlərdə 176 minə yaxın iştirakçının peşələrlə yaxından tanış olduğunu, mütəxəssislərlə ünsiyyət qurduğunu bildirib. O, festivalın peşəyönümü xidmətlərinin regionlarda əlçatanlığının artırılmasına töhfə verdiyini, bu tədbirlər çərçivəsində 6 min nəfərə peşəyönümü məsləhət xidməti göstərildiyini, gənclərə karyera planlaması üzrə fərdi konsultasiyalar keçirildiyini deyib.    Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, regionlarda yeni təhsil müəssisələrinin yaradılması, tədris imkanlarının genişləndirilməsi və gənclərin əmək bazarının tələblərinə uyğun hazırlanması barədə danışıb. Qeyd edib ki, son illərdə peşə təhsilinə marağın artması bu sahədə həyata keçirilən islahatların və yaradılan imkanların nəticəsidir. Nazir müavini peşə təhsilinin gənclərin məşğulluğunun təmin olunmasında, onların peşəkar bacarıqlarının inkişafında və iqtisadiyyatın ixtisaslı kadrlara olan tələbatının ödənilməsində mühüm rolunu vurğulayıb. Gəncləri bu sahədə yaradılan imkanlardan yararlanmağa və gələcək karyeralarını düzgün planlaşdırmağa çağırıb.   Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc gənclərin peşə seçimində müəllimlərin, alimlərin, ziyalıların və cəmiyyətin nüfuzlu şəxslərinin roluna diqqət çəkib. “PeşəFest” kimi festivalların gənclərin müxtəlif peşələrlə tanış olması və gələcək istiqamətlərini müəyyənləşdirməsi baxımından əhəmiyyətini vurğulayıb.    Festivalda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi təmsil olunub. Tədbir çərçivəsində mühəndis-pedaqoji heyət və tələbələr peşə təhsili müəssisələrinin məhsullarını sərgidə ziyarətçilərə nümayiş etdirib. Festivalda peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar.   “PeşəFest-2026”da əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunub. İştirakçılar festivala qatılmaqla karyera və peşə seçimləri, əmək bazarında tələb olunan bacarıqlar, peşə təhsili müəssisələri və tədris proqramları barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanıblar.   Qeyd edək ki, ölkənin müxtəlif regionlarında keçirilmiş silsilə festival tədbirlərində 11 peşə təhsili müəssisəsi - Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Quba Peşə Liseyi, Qax Peşə Liseyi, Mingəçevir Peşə Məktəbi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Tovuz Dövlət Peşə Təhsil Mərkəzi, Bərdə Dövlət Peşə Təhsil Mərkəzi, Saatlı Peşə Liseyi və Masallı Peşə Məktəbi uğurla təmsil olunub.  

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər.   Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən, Zəngilan şəhərində 960 şagird yerlik tam orta ümumtəhsil məktəb binasının layihələndirilməsi və tikintisinə başlanılıb. 2025-ci ildə layihədə konseptual dəyişiklik edilərək, təhsil müəssisəsi Zəngilan Şəhər Təhsil Kompleksi olaraq peşəyönümlü tədris müəssisəsi kimi yenidən layihələndirilib.   Kompleksdə məktəbəhazırlıq, biologiya, informatika, çağırışaqədərki hazırlıq, “STEAM-STARTERS”, “STEAM-SCIENCE LAB”, “STEAM CHALLENG” otaqları, robot zonaları, laboratoriyalar, dərzi, santexnika çilingəri və elektrik montyoru emalatxanaları yaradılıb. Burada, həmçinin kitabxana, idman və akt zalları, yeməkxana da müəllim-tələbə heyətinin ixtiyarına veriləcək.   Ümumi ərazisi 1,6 hektar olan kompleksin həyətində də geniş abadlıq işləri aparılıb, açıq idman meydançası və qaçış zolağı yaradılıb.   Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu təhsil siyasəti nəticəsində son illərdə yüzlərlə yeni məktəb binası tikilib, mövcud təhsil müəssisələri isə əsaslı təmir olunub. Bu siyasətin mühüm istiqamətlərindən biri də işğaldan azad olunmuş torpaqlarımızda “Böyük Qayıdış” Proqramı çərçivəsində hərtərəfli infrastrukturun yaradılmasıdır ki, təhsil müəssisələri də burada xüsusi yer tutur. Zəngilanda yeni təhsil kompleksinin istifadəyə verilməsi doğma torpaqlarına qayıdan ailələrin övladları üçün hər cür şəraitin yaradıldığının, onların keyfiyyətli təhsil almalarına göstərilən diqqət və qayğının əyani təzahürüdür. Müasir tədris imkanlarına malik bu kompleks gənc nəslin bilikli, savadlı yetişməsinə, onların peşə vərdişlərinin inkişafına mühüm töhfə verəcək.   X X X   Bu gün Zəngilan şəhərində 160 yerlik körpələr evi-uşaq bağçasının da açılışı olub.   Qeyd edək ki, körpələr evi-uşaq bağçası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı inşa olunub.   Burada uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların asudə vaxtlarının səmərəli təşkili, həmçinin balacaların ilkin bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli şərait yaradılıb. Körpələr evi-uşaq bağçasında oyun, yataq, kompüter, tibb otaqları və idman zalı da var. Musiqi, rəqs və akt zalları da balacaların ixtiyarına veriləcək. Körpələr evi-uşaq bağçasının həyətində abadlıq işləri həyata keçirilib, balacaların açıq havada istirahəti üçün zəruri şərait yaradılıb.   https://president.az

Nazirliyin tabeliyindəki qurumların Vətən müharibəsi iştirakçısı və qazisi olan əməkdaşları ilə görüş keçirilib

Noyabrın 6-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin tabeliyindəki qurumlarda çalışan Vətən müharibəsi iştirakçısı və qazisi olan əməkdaşlarla görüşüb.   Görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri, Vətən müharibəsi iştirakçısı Anar Xələfov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil sektorunun müdiri, Vətən müharibəsi iştirakçısı Niftalı Qasımlı və həmin sektorun əməkdaşı, Vətən müharibəsi iştirakçısı Cavidan Gözəlov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Elsevər Salayev, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Layihələrin idarəolunması və dəstək şöbəsinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı və qazisi Ayaz Əfəndiyev, Təhsil Tələbə Krediti Fondunun əməkdaşı, antiterror əməliyyatının iştirakçısı Novruz İsmayılov iştirak ediblər.   Görüşdə nazir müavini Firudin Qurbanov 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, ölkənin iqtisadi potensialının gücləndirilməsi, ordunun müasir texnologiyalarla təchiz edilməsi, xalqımızın birliyi və hərbçilərimizin qəhrəmanlığı sayəsində mümkün olduğunu bildirib. O, Vətən müharibəsində iştirak edən əməkdaşların göstərdikləri şücaət və fədakarlığı yüksək qiymətləndirərək onların şərəfli tariximizin bir parçası olduğunu vurğulayıb.   Nazir müavini Azərbaycanın daha da güclənməsi və müasir çağırışlara hazır olması baxımından süni intellekt və innovasiyaların imkanlarından səmərəli istifadənin, gənclərin gələcəyin tələblərinə uyğun hazırlanmasının əhəmiyyətini vurğulayıb, təhsilin sağlam, bilikli və vətənpərvər nəslin yetişdirilməsində, ölkənin gələcək inkişafında mühüm rol oynadığını bildirib.   Nazir müavini çıxışının sonunda Vətənin müdafiəsində iştirak edən əməkdaşlara bir daha təşəkkürünü bildirib, onları qarşıdan gələn 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və uğurlar arzulayıb.   Görüş zamanı müharibə iştirakçılarının keçdikləri döyüş yolu, xatirələri və müharibədən sonrakı fəaliyyətləri barədə fikirləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.   Sonda Vətən müharibəsi iştirakçılarına göstərdikləri qəhrəmanlığa və ölkəmizin ərazi bütövlüyü uğrunda xidmətlərinə görə təşəkkür bildirilib, onlara fəaliyyətlərində uğurlar arzulanıb.

09/11/2026

#Azərbaycan #9Noyabr #AzərbaycanBayrağı

Ətraflı
09/11/2026

9 Noyabr Dövlət Bayrağı Günüdür. Bayrağımız qürur mənbəyimizdir! ?? #ElmVəTəhsilNazirliyi #9noyabr #BayraqGünü

Ətraflı
08/11/2026

Zəfər hər birimiz üçün fərqli məna daşısa da, qürurumuz birdir! Zəfərin mübarək, Azərbaycan! #Azərbaycan #ElmVəTəhsilNazirliyi #8Noyabr #ZəfərGünü

Ətraflı