Ümumi məlumat
Peşə təhsili müəyyən bir sahədə ixtisaslı işçi qüvvəsinin hazırlanmasını təmin edən təhsil pilləsidir. Bu təhsil pilləsi tələbələrin peşə və texniki bilikləri, bacarıqları və səriştələri əldə etmələrini təmin edərək onları əmək bazarına hazırlaşdırır. Peşə təhsili adətən orta məktəbdən sonra verilir və müxtəlif peşə sahələrində (məsələn, sənaye, xidmət sektoru, texnologiya və s.) işə hazırlıq məqsədi daşıyır.
Peşə təhsili sistemində, şagirdlər həm nəzəri bilikləri, həm də praktiki bacarıqları əldə edirlər. Bu təhsil növü həm də iş həyatına inteqrasiya olunma müddətini qısaltmaq üçün nəzərdə tutulub. Peşə təhsilinin əsas məqsədi işəgötürənlərin tələblərinə uyğun gələn kadrların hazırlanması və işsizlik səviyyəsinin azaldılmasıdır.
Fəaliyyət istiqamətləri
- İxtisaslı kadrların hazırlanmasını və onların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi ilə tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edir və əlaqələndirir;
- Peşə təhsilini əmək bazarının tələblərinə fasiləsiz uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı peşə təhsili və təliminin həyata keçirilməsini təşkil edir;
- Peşə təhsili müəssisələrinin maddi-texniki bazasının inkişafı istiqamətində tədbirlər görür;
- Peşə təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədi ilə işəgötürənlərlə birgə dövlət-biznes əməkdaşlığı çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir;
- Qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin tanınması ilə bağlı metodikaları hazırlayır və tətbiqini təmin edir;
- Peşə təhsili sahəsində beynəlxalq proqram və layihələrin əlaqələndirilməsini təşkil edir.