Təhsilin İnkişafı Forumu 2024 keçirilib
Oktyabrın 8-də Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib. “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə təşkil olunan forumun keçirilməsində əsas məqsəd dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı, birgə dialoq üçün uyğun platforma yaratmaq və prosesə hərtərəfli dəstək göstərməkdir. Forum hər il dövlət-özəl tərəfdaşlığı, təhsilin iqtisadiyyata inteqrasiyası və universitet-sənaye əməkdaşlığına dair ən vacib məsələlərin müzakirəsi üçün faydalı platforma təmin edir. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, özəl sektor əməkdaşları və digər qonaqlar iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca ulu öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Daha sonra Təhsilin İnkişafı Fondunun fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ölkədə ikinci dəfədir ki keçirilən Təhsilin İnkişafı Forumunun müxtəlif tərəfləri, özəl və dövlət qurumlarını bir araya gətirdiyini vurğulayıb. Nazir Təhsilin İnkişafı Fondunun yaradılmasının tərəqqiyə atılan bir addım olduğunu bildirib. Emin Əmrullayev çıxışının sonunda forumun işinə uğurlar arzulayıb. Daha sonra TÜBİTAK TEMEG-in İdarə Heyətinin üzvü, "CATALYSADE Technology Transfer and Innovation Inc" şirkətinin təsisçisi Sanem Yalçıntaş təqdimatla çıxış edib. Tədbir panellərlə davam etdirilib. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluq etdiyi “Biliyi dəyərə çevirən sinerji” adlı ilk paneldə elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf, Azərbaycan Respublikasının Kosmik Agentliyinin İdarə Heyətinin sədri Səməddin Əsədov çıxış ediblər. Forumun ikinci paneli “Tədqiqatdan inkişafa gedən yol” mövzusuna həsr olunub. Paneldən əvvəlcə Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlu məruzə ilə çıxış edib. Daha sonra Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərovun moderatorluğu ilə keçirilən paneldə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə spiker qismində çıxış ediblər. Panel çərçivəsində “Beynəlxalq reytinqlərdə universitetlərin mövqeyini artırmaq üçün strateji əməkdaşlıqlar”, “Tədqiqat və inkişafda universitet-sənaye tərəfdaşlığının əhəmiyyəti”, “Universitet-sənaye tərəfdaşlığının perspektivləri”, “İnnovasiya və tədqiqat mərkəzlərinin yaradılması və dəstəklənməsi”, “İnnovativ tədqiqatların sənaye ilə inteqrasiyası və kommersiyalaşdırılması” mövzuları ətrafında müzakirələr aparılıb. Forum çərçivəsində bp şirkəti ilə Təhsilin İnkişafı Fondu arasında "Tələbə yataqxanalarının texniki-maliyyə əsaslandırma sənədi"nin hazırlanmasına dair əməkdaşlıq memorandumunun imzalanma mərasimi də baş tutub. Forumun üçüncü paneli “Gələcəyi gənclərə necə hazırlamalı?” mövzusuna həsr olunub. Paneldən əvvəl Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov məruzə ilə çıxış edib. Daha sonra STP Şirkətlər Qrupunun baş insan resursları inzibatçısı Şölə Əliyevanın moderatorluğu ilə keçirilən paneldə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, “Coursera”nın Hökumətlə tərəfdaşlıqlar üzrə direktoru Akanksha Kapoor, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev, NEQSOL Holdinq Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə spiker qismində çıxış ediblər. Panel çərçivəsində “Sənayeyə uyğun ortaq tədris proqramları”, “İnsan kapitalının inkişafında yeni modellər”, “Gənclərin iş həyatına inteqrasiyasını dəstəkləyən proqramlar və təşəbbüslər” mövzularından bəhs olunub. Qeyd edək ki, “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə təşkil olunan forum Kapital Bank, STP Şirkətlər Qrupu, “Bestcomp Group” və “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu, SOCAR, “British Petroleum” və “Lenovo”nun sponsorluğu ilə keçirilib.
08/10/2024 18:00
“Məktəblər üçün PISA” tədqiqatı təşkil olunacaq
Azərbaycan cari ildən “Məktəblər üçün PISA” tədqiqatına qoşulur. Tədqiqat 15 oktyabr - 7 noyabr 2024-cü il tarixlərində kompüterəsaslı keçiriləcək. Sözügedən tədqiqat 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi, həmçinin onları real həyatda tətbiq etmək qabiliyyətlərinin müəyyənləşdirilməsi məqsədilə təşkil olunur. PISA-dan fərqli olaraq, bu tədqiqatda ümumi təhsil müəssisələri fərdi qaydada qiymətləndirilir. Belə ki, əgər PISA ölkə üzrə təhsil səviyyəsini digər ölkələrlə müqayisə etməyə, təhsil siyasəti ilə bağlı qərarlar verməyə imkan verirsə, “Məktəblər üçün PISA” tədqiqatı ölkənin ayrı-ayrı ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətini digər ölkələrin təhsil müəssisələri ilə müqayisə etməyə, həmçinin müəssisənin özünün təhsilalanların nəticələri barədə məlumat əldə etməsinə, bununla bağlı tədbirlər görməsinə imkan yaradır. Qeyd edək ki, ölkəmizdə sözügedən tədqiqat Təhsil İnstitutu tərəfindən təşkil olunacaq.
08/10/2024 16:00
Elm və Təhsil Nazirliyi ilə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı birgə görüş keçirib
Bakı şəhəri 20 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyi ilə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı arasında görüş keçirilib. Görüşün keçirilməsində məqsəd uşaq müdafiə sistemində ictimai birlik və təşkilatların iştirakçılığının artırılmasıdır. Görüşdə Elm və Təhsil Nazirliyi Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə və Şuranın üzvləri, QHT sədrləri və Azərbaycan Müəllimlər Assosiasiyasının nümayəndələri iştirak ediblər. Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Nazirliyin uşaq müdafiə siyasəti, uşaq müdafiə layihələri, “Məktəblinin dostu”, şagird davranış qaydaları, sosial pedaqoqlar barədə məlumat verib. Günel Səfərova məktəblərdə uşaq müdafiə sisteminin qurulmasının önəmini diqqətə çatdırıb və bu istiqamətdə sosial pedaqoqlarla işə başlanıldığını qeyd edib. Uşaq hüquqlarını əhatə edən çətir təşkilata ehtiyac olduğunu vurğulayan Günel Səfərova, gənclərlə işləyən “Bir Könüllü" təşkilatı, Gənc Müəllimlər Assosiasiyası kimi fəal təşkilatlara ehtiyac olduğunu diqqətə çatdırıb. Elm və Təhsil Nazirliyinin şöbə müdiri Səbuhi Rzayev məktəblərlə ictimai təşkilatların münasibətlərinə toxunaraq düzgün koordinasiya ilə bu əməkdaşlıqdan yaxşı nəticələr əldə edilə biləcəyini qeyd edib. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Müasir Psixoloji Dəstək İctimai Birliyinin nümayəndəsi Hikmət Əlizadə sosial pedaqoqlarla bağlı Nazirliyin fəaliyyətini müsbət dəyərləndirib. Hikmət Əlizadə qeyd edib ki, sosial pedaqoqlar şagirdlərlə yanaşı, valideynlərlə də iş aparmalıdır. Görüşdə Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, Azərbaycan Uşaq Qaynar Xəttinin rəhbəri Kəmalə Aşumova, Uşaq Fondunun İdarə Heyətinin rəhbəri Zəhra Bədəlbəyli, "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova da iştirak edib. Görüşdə onlayn əməkdaşlıq qrupunun təşkilinə qərar verilib. Növbəti görüşün isə oktyabrın ikinci yarısında keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, 2003-cü ildən özündə çoxsaylı milli QHT-ni birləşdirən Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı bir çox dövlət və qeyri-hökumət təşkilatları, biznes qurumları və fərdlərlə əməkdaşlıq edərək Azərbaycanda uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirir.
07/10/2024 18:00
Elm və təhsil naziri Pakistan səfiri ilə görüşüb
Oktyabrın 7-də elm və təhsil naziri Emin Əmrullayev Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb. Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
07/10/2024 17:45
Elm və Təhsil Nazirliyi və “STEAM Azərbaycan”ın dəstəyi ilə “Teknofest”də iştirak edən Azərbaycan komandası yarışın qalibi olub
Türkiyənin Adana şəhərində "Teknofest" yarışının mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Türkiyə Respublikasının Prezidenti Recep Tayyip Erdoğan da iştirak edib. Bildirilib ki, “Teknofest” yarışı 2018-ci ildən başlayaraq hər il Türkiyənin müxtəlif şəhərlərində keçirilir. Bu il isə ötən illərə nisbətdə 50 kateqoriya üzrə 1,6 milyondan çox iştirakçı qeydiyyatdan keçib. Sonda qalib komandalara mükafatlar təqdim edilib. Məlumat üçün bildirək ki, 1-ci yerə layiq görülən Həmid Məmmədli və Toğrul Abbasov Elm və Təhsil Nazirliyi və STEAM Azərbaycan layihəsinin dəstəyi ilə yarışda iştirak ediblər. Qeyd edək ki, "Teknofest" ilk dəfə 2018-ci ildə keçirilib. Türkiyədə milli texnologiya hərəkatı adını alan tədbirin məqsədi hər il texnologiyalar sahəsində yeni nailiyyət və rekordlara imza atmaqdır."Teknofest" dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalıdır.
07/10/2024 15:16
"Maarifçi" tələbə-məzun təcrübə proqramının yeni iştirakçıları ilə görüş keçirilib
Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramına II seçim turunda uğur qazanmış namizədlərlə görüş keçirilib. Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimlinin iştirakı ilə keçirilən görüşdə I “Maarifçi” proqramının nazirlikdə işə başlayan uğurlu təcrübəçiləri də iştirak ediblər. Proqram çərçivəsində Gəncə-Daşkəsən və Mil-Muğan regional təhsil idarələri, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təcrübə keçəcək tələbə və məzunlar görüşə onlayn qaydada qatılıblar. Mətin Kərimli gəncləri salamlayaraq onlara proqramla bağlı məlumat verib və proqram çərçivəsində həyat üçün vacib təcrübə qazanacaqlarını vurğulayıb. Aparat rəhbəri gənclərin təcrübə dövründə verəcəkləri töhfə ilə bütövlükdə ölkə təhsil sistemində dəyər yaratmış olacaqlarını qeyd edib. Proqrama yeni qəbul olunan namizədləri fəal olmağa çağıran Mətin Kərimli hər birinə uğurlar arzulayıb. Tədbirdə iştirak edən I "Maarifçi" tələbə-məzun təcrübə proqramının nazirlikdə çalışan iştirakçıları da öz təəssüratlarını bölüşüb və yeni iştirakçılara uğurlar arzulayıblar. Qeyd edək ki, “Maarifçi” tələbə-məzun təcrübə proqramına II mərhələdə 37 nəfər təcrübəçi seçilib. 3 ay davam edəcək proqram çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyi, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. İştirakçılar onlar üçün təşkil olunan təlimlərdən yararlanacaq və sosial bacarıqlarını inkişaf etdirəcəklər. Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.
07/10/2024 11:17
Bədii yaradıcılıq müsabiqə-festivalının qalibləri mükafatlandırılıb
Oktyabrın 4-də Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə cari ildə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının qalibləri mükafatlandırılıb. Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev, tələbələr və digər qonaqlar iştirak ediblər. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla icra olunduğunu qeyd edərək gənclər siyasətinin Azərbaycanda prioritet istiqamətlərdən birini təşkil etdiyini bildirib. Nazir müavini hər il gənclərin inkişafı ilə bağlı fərman və sərəncamların imzalandığını, dövlət proqramlarının uğurla icra olunduğunu və bu tədbirlərin gənclərimizi uğurlara ruhlandırdığını vurğulayıb. Çıxışda ulu öndər Heydər Əliyevin Azərbaycan təhsili və gəncliyinə göstərdiyi diqqət və qayğı nəticəsində xaricdə təhsil alan gənclərin indi dövlət qurumlarında yüksək mövqelər tutduğunu, ümummilli liderin ideyalarına sadiq qalan gəncliyimiz sayəsində 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad edilməsi diqqətə çatdırılıb. Sonda nazir müavini tələbələrə uğurlar diləyib və onları təbrik edib. Daha sonra müsabiqə-festivalda qalib olan tələbələrə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub. Qeyd edək ki, cari ildə müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin (musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə) əyani şöbələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-instrumental, simli alətlər, aşıqlar və s.), rəqs kollektivləri (milli, müasir, bal və s.), solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və s.) iştirak edib. Müsabiqə-festivala respublika üzrə 26 ali təhsil müəssisəsindən 3000-dən çox tələbə qatılıb. Layihənin əsas məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, asudə vaxtlarını səmərəli və mənalı təşkil etməkdən ibarət olub.
06/10/2024 17:09
102 tələbəyə Prezident təqaüdü veriləcək
2024–2025-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərən və Azərbaycanın ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
05/10/2024 15:00
“Davamlı gələcək: gənclərin yaşıl innovasiyaları” adlı müsabiqə keçirilib
Oktyabrın 4-də COP29-un tərəfdaşlığı ilə “Davamlı gələcək: gənclərin yaşıl innovasiyaları” adlı müsabiqə keçirilib. Müsabiqənin əsas məqsədi qlobal iqlim fəaliyyətinə dəstək, habelə gənc nəslin iqlim dəyişikliyi ilə mübarizə sahəsində yeni yanaşmalarını nümayiş etdirməkdir. Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən müsabiqəyə "Sabahın alimləri" XIII Respublika Müsabiqəsində uğur qazanan və layihələri ətraf mühitə, ekoloji problemlərə həsr olunmuş şagirdlər dəvət olunub. Müsabiqədə Təhsil İnstitutunun Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinin müdiri Tural Alışov çıxış edərək üzləşdiyimiz ekoloji problemlər, qlobal iqlim dəyişikliyindən bəhs edib. İqlim dəyişikliyinin qlobal iqtisadiyyat, ətraf mühit və cəmiyyət üzərində böyük təsir göstərdiyini bildirən Tural Alışov Bakı İqlim Həftəsinin bu böhranın təsirlərinə qarşı qabaqlayıcı tədbirlərin görülməsində əhəmiyyətini vurğulayıb. Qeyd edək ki, müsabiqədə şagirdlərin layihələri yerli və xarici sahibkarlar, dövlət və özəl sektorun nümayəndələri, mütəxəssislər, qonaqlar tərəfindən dinlənilib və münsiflər heyəti tərəfindən qiymətləndirilib.
04/10/2024 17:49
“2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” üzrə növbəti qrant müsabiqəsi
Elm və Təhsil Nazirliyi tərəfindən icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı növbəti qrant müsabiqəsi elan edilir. Bildirək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların sayının 50 faizə çatdırılması nəzərdə tutulub. Qrant müsabiqəsinin də məqsədi uşaqları məktəbəqədər təhsilə cəlb etməklə strategiyanın hədəfinə nail olmaqdır. Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu alternativxidmet@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır. Sənəd qəbulu üçün son müraciət tarixi 22 oktyabr 2024-cü ildir. Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz. Layihə təklifi forması CV forması
04/10/2024 17:00
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı