Dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərində Azərbaycan universitetlərinin sayı 3-ə çatıb
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “Neft və qaz sahəsində mühəndislik ixtisasları” üzrə dünyanın ən yaxşı 150 universiteti siyahısına daxil olunub. Sözügedən siyahını dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “QS Quacquarelli Symonds” bu gün dərc edib. İştirakçı universitetlərin yenilənmiş fənn reytinqi siyahısında ADNSU 101-150 aralığında yer alır. Beləliklə, “QS 2024 sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı”nda Azərbaycan 4 istiqamət üzrə 3 ali təhsil müəssisəsi ilə təmsil olunur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən başqa, bu reytinqlərə Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də daxildir. Qeyd edək ki, QS dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərini hazırlayarkən 5 əsas göstəricidən istifadə edir: akademik reputasiya, işəgötürənlər arasında reputasiya, bir nəşrə görə sitatların sayı, “Hirsch” indeksi və beynəlxalq elmi əməkdaşlıq indeksi. Bu reytinqlər 95 ölkə və ərazidə 1500 universitetdə təhsil alan tələbələr üçün 16400-dən çox təhsil proqramını müqayisə edən müstəqil analizi təqdim edir. Reytinq 55 fənn və 5 geniş fənn kateqoriyası üzrə ölçülüb. Dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərinin metodologiyası haqqında ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz.
11/10/2024 17:24
İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı qrant müsabiqəsinə sənəd qəbulu davam edir
Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən “2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” üzrə qrant müsabiqəsinə sənəd qəbulu davam edir. Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu alternativxidmet@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır. Sənəd qəbulu üçün son müraciət tarixi 22 oktyabr 2024-cü ildir. Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz. Layihə təklifi forması CV forması
11/10/2024 15:07
Məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə prosesinə başlanılır
19-20 oktyabr tarixlərində məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Məqsəd onların peşəkarlıq səviyyəsi və peşə yararlılığının yoxlanılmasıdır. Prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunacaq. Ümumilikdə prosesdə 13 000-ə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.
11/10/2024 12:32
Emin Əmrullayev Basketbol Liqasında yeni mövsümün açılışında iştirak edib
Oktyabrın 10-da Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünün açılışına həsr olunmuş tədbir keçirilib. Tədbirdə əvvəlcə ötən mövsümün hesabatı təqdim olunub. Daha sonra Azərbaycan basketbolu ilə bağlı videoçarx nümayiş etdirilib. Gənclər və idman naziri Fərid Qayıbov geridə qalan illər ərzində basketbol idman növü ilə bağlı bir çox işlər görüldüyünü vurğulayıb. Nazir bildirib ki, komandaların sayı artdıqca, basketbolun səviyyəsi də inkişaf edir. Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev əvvəlcə ötən mövsümdə əldə olunan nəticələrə görə idmançılara, məşqçilərə təşəkkürünü ifadə edib. Uşaq basketbolunun inkişafının vacibliyini diqqətə çatdıran Emin Əmrullayev bu istiqamətdə aparılan işlərdən danışıb. Federasiya olaraq addım-addım irəlilədiklərini söyləyən ABF prezidenti əsas məqsədin ölkədə basketbolu daha da populyarlaşdırmaq olduğunu qeyd edib. Yeni mövsümün daha maraqlı olacağını söyləyən Emin Əmrullayev sonda komandalara uğurlar arzulayıb. Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024-2025 mövsümünə oktyabrın 18-də start veriləcək.
10/10/2024 18:00
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mingəçevirdə olub
Oktyabrın 10-da Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Mingəçevir şəhərində olub. Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb. Səfər çərçivəsində Mətin Kərimli Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüşərək fikir mübadiləsi aparıb. Səfər zamanı Mərkəzi Aran Regional Təhsil İdarəsi, Mingəçevir şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin gənc müəllimləri ilə görüş keçirilib. Görüşdə Mətin Kərimli regionda fəaliyyət göstərən müəllimlərin zəhmətini yüksək dəyərləndirib, şagirdlərin ideoloji maarifləndirilməsinə xüsusi diqqət ayrılmasının önəmindən danışıb. Aparat rəhbəri Zəfər tariximizin yaşadılması və gənc nəslə ötürülməsi istiqamətində müəllimlərin mühüm rola malik olduqlarını diqqətə çatdırıb. Görüş zamanı şagirdlərin nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafı, həmçinin region təhsilinin inkişafı kimi məsələlərlə bağlı müəllimlərlə səmimi fikir mübadiləsi aparılıb. Mətin Kərimli Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimində də iştirak edib. Mərasimdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Sevinc Həsənova, rayon təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər. Açılış mərasimində çıxış edən Mətin Kərimli Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunan məktəbdə 1200 şagirdin yüksək keyfiyyətli təhsil alması üçün lazımi şərait yaradıldığını bildirib. Dövlətin xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə bütün təhsil ocaqlarının müasir infrastruktura malik şəkildə şagirdlərə xidmət göstərəcəyinə əminliyini bildirən Aparat rəhbəri şagirdlərin yaxşı təhsil almasında müəllim və valideyn rolunun vacibliyinə də toxunub. Daha sonra çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yeni məktəb binasının açılışı münasibətilə hər kəsi təbrik edib, uğurlar arzulayıb. Sonra tədbir iştirakçıları təhsil ocağında yaradılan şəraitlə yaxından tanış olublar. Qeyd edilib ki, məktəb 1176 şagird yerlikdir. Məktəbdə 57 sinif otağı, 2 informatika kabineti, 2 idman zalı, 1akt zalı var. Hazırda təhsil ocağında 543 şagird təhsil alır. Məktəbdə tədrisi həyata keçirən müəllimlərin sayı 48, texniki işçilərin sayı 20 nəfərdir. Bundan başqa, məktəbin müxtəlif yerli və beynəlxalq müsabiqələrdə uğur qazanmış şagirdləri ilə də görüş keçirilib, onlara uğurlar arzulanıb. Səfər çərçivəsində Mingəçevir Dövlət Universitetini ziyarət edən Mətin Kərimli ali təhsil müəssisəsinin yeni kampusunun tikinti işləri, eləcə də universitetdə mövcud tədris şəraiti ilə tanış olub. Tədris prosesini izləyən Mətin Kərimli tələbələrə gələcəkdə yüksəkixtisaslı mütəxəssis kimi formalaşmaq üçün tövsiyələrini verib. Mətin Kərimli əmək bazarının tələblərinə cavab verən bilik və bacarıqların qazanılmasının müasir təhsil sistemindəki önəmini vurğulayıb. Universitetin pedaqoji heyəti ilə keçirilən görüşdə sözügedən ali təhsil müəssisəsinin regionun inkişafında mühüm rol oynadığı və bu təhsil ocağının yüksəkixtisaslı kadrların hazırlanması, elmi potensialın gücləndirilməsinə verdiyi töhfələr xüsusilə vurğulanıb. Mətin Kərimli universitetin gələcək inkişaf strategiyasına dair tövsiyələrini bölüşərək təhsilin davamlı inkişafı və tələbələrin dünya standartlarına uyğun mütəxəssislər kimi yetişməsi üçün fikirlərini bölüşüb. Səfər çərçivəsində Mətin Kərimli həmçinin vətəndaşları qəbul edib, müraciətlərin operativ araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.
10/10/2024 16:30
Vətəndaşların nəzərinə!
Elm və Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzinin “Hökumət buludu”na keçidi ilə bağlı növbəti mərhələnin işlərinə 11 oktyabr saat 18:00-dan etibarən başlanılacaq. Bu səbəbdən nazirliyin vətəndaşlar üçün nəzərdə tutulan elektron xidmətlər və zəng mərkəzinin fəaliyyəti 13 oktyabr saat 23:59-dək dayandırılacaq. Qeyd olunan tarixdən sonra növbəti həftə ərzində xidmətlərin yoxlanılması işləri aparılacağından həmin müddətdə də elektron xidmətlərin fəaliyyətində müəyyən fasilələr müşahidə oluna bilər. Anlayışınız üçün təşəkkür edirik.
10/10/2024 15:35
Nazir müavini Firudin Qurbanov Şuşa, Xankəndi və Xocalı məktəblərində olub
Oktyabrın 10-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Şuşa şəhəri 1 nömrəli, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli və Xocalı şəhəri 1 nömrəli tam orta məktəblərə baş çəkib. Səfərin məqsədi işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən təhsil ocaqlarında yaradılmış şəraitlə tanış olmaq, məktəb kollektivi ilə görüş keçirmək olub. Nazir müavini sözügedən məktəblərdə tədris prosesini izləyib, şagird və müəllimlərlə səmimi söhbət aparıb. Görüşlər zamanı məktəbin idarə olunması və tədris prosesinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, müəllimlərin təklif və fikirləri dinlənilib, qarşıdakı məqsədlər müzakirə olunub. Firudin Qurbanov səfəri zamanı bu ərazilərdə yaşayan şagirdlərin yüksək keyfiyyətli təhsil alması istiqamətində həyata keçirilən işlərlə tanış olub və təhsil şəraitinin daha da yaxşılaşdırılması üçün müvafiq göstərişlər verib.
10/10/2024 14:00
Təhsil müəssisələrinin maliyyə-mühasibatlıq işçiləri üçün növbəti praktiki seminar keçirilib
Oktyabrın 9-da Elm və Təhsil Nazirliyinin tabeliyində olan ümumi və məktəbdənkənar təhsil müəssisələrinin baş mühasiblərinin iştirakı ilə praktiki seminar keçirilib. Seminarın açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdir müavini Vüqar Əsgərov seminarın əsas məqsədi və əhəmiyyəti barədə iştirakçıları məlumatlandırıb, təklif və tövsiyələrini verib. Sonra Dövlət Vergi Xidmətinin Sosial Sığorta və Əmək Münasibətlərinə Nəzarət İdarəsinin Əmək münasibətlərinə nəzarət şöbəsinin rəisi Vüsal Qəhrəmanov “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalar üzrə vahid bəyannamə (hesabatı)” və Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayev “Sosial sığorta ödəmələri ilə bağlı sığortaedənlərə texniki-metodiki dəstəyin göstərilməsi, bu sahədə tətbiq edilmiş yeniliklər” barədə təqdimatlarla çıxış edərək müvafiq məlumat və tövsiyələri iştirakçıların nəzərinə çatdırıblar. Seminar təqdimat və müzakirələrlə davam etdirilib. Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.
10/10/2024 10:49
Nazir müavini Firudin Qurbanov Ağalıda olub
Oktyabrın 9-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində olub. Məktəbdə mövcud şəraitlə tanış olan nazir müavini tədris prosesini izləyib, şagird və müəllimlərlə səmimi söhbət aparıb. Məktəbin fəaliyyət göstərdiyi müddət ərzində əldə etdiyi nailiyyətlər, müasir tədris metodları barədə məlumat verən direktor Azər Niftəliyev qeyd edib ki, hazırda təhsil müəssisəsində 162 şagird təhsil alır. Daha sonra məktəbin pedaqoji kollektivi ilə keçirilən görüşdə nazir müavini ümumi təhsil müəssisələrinin idarə olunması və tədrisin təşkili baxımından qarşıda duran hədəf və istiqamətlər barədə danışıb, müəllimlər ilə söhbət aparıb, onların təkliflərini dinləyib. Firudin Qurbanov Zəngilan rayonu Ağalı kənd körpələr evi-uşaq bağçasında yaradılmış şərait ilə də tanış olub, tərbiyəçi müəllimlərlə söhbət aparıb.
09/10/2024 15:53
Cəbrayılda ilk dərs günü münasibətilə tədbir keçirilib
Oktyabrın 9-da Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dərs günü ilə bağlı tədbir keçirilib. Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, millət vəkili Ceyhun Məmmədov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb kollektivi və valideynlər iştirak ediblər. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qarabağda tədris prosesinin qısa zamanda bərpasını ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirib. Məktəbin 23 nəfərdən ibarət pedaqoji heyətinin Cəbrayıl sakinlərindən ibarət olmasını sevindirici hal kimi qeyd edən nazir müavini iki il sonra 150 ili tamam olan sözügedən məktəbin şagirdlərinin ölkəmizin gələcək inkişafında aktiv iştirak edəcəklərinə əminliyini ifadə edib. Nazir müavini çıxışının sonunda şagird və müəllimlərə tədris nailiyyətləri arzulayıb. Çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, bu gün artıq sıfırdan qurulan Cəbrayılda nəhəng infrastruktur layihələri həyata keçirilir. Cəbrayılda 5 böyük müəssisə qurulub ki, orada minlərlə insan çalışacaq. Vahid Hacıyev Mehdi Mehdizadə adına tam orta məktəbin şagirdlərinin gələcəkdə həmin müəssisələrin mütəxəssisi olaraq çalışacaqlarına və Cəbrayılın inkişafına dəstək verəcəklərinə inamını ifadə edib. Vahid Hacıyev sonda məktəb kollektivini təbrik edib və uğurlar arzulayıb. Tədbirdə iştirak edən Milli Məclisin deputatı Ceyhun Məmmədov da vaxtilə sözügedən məktəbdə təhsil aldığını diqqətə çatdırıb. İşğaldan azad edilən bölgələrin yenidən qurulması və dirçəlməsi üçün həyata keçirilən davamlı tədbirləri vurğulayan Ceyhun Məmmədov bu ərazilərdə müasir standartlara cavab verən təhsil müəssisələrinin inşasını qürurverici hal kimi qiymətləndirib. İllər əvvəl təhsil aldığı məktəbə 31 il sonra direktor olaraq geri dönən məktəb direktoru Şəlalə Qasımlı da çıxışında sevinc hisslərini bölüşüb. Çıxış edən digər qonaqlar sevinc təəssüratlarını bölüşüb və məktəb kollektivinə uğurlar arzulayıblar. Daha sonra məktəbdə yaradılan şəraitlə tanışlıq olub, dərs prosesi izlənilib. Qeyd edək ki, 960 şagird yerlik məktəbdə 2024-2025-ci tədris ilində təhsil alacaq 133 şagird və məktəbəhazırlığa cəlb olunan 16 nəfər uşaqla 23 nəfər pedaqoji heyət çalışacaq. Ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb.
09/10/2024 14:00
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı