Azərbaycan Suriya Ərəb Respublikasında dağıdılmış və ya zədələnmiş məktəblərin tikintisi və təmirinə dəstək göstərəcək
Fevralın 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabat şəhərində yerləşən Baş qərargahında Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Suriya Ərəb Respublikasının təhsil naziri Dr. Mohammed Abdulrahman Turko və ICESCO-nun baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malikin iştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. İmzalanma mərasimi zamanı çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq çərçivəsində İslam dünyasında təhsil imkanlarının genişləndirilməsinə və təhsil infrastrukturunun inkişafına töhfə verməyə xüsusi əhəmiyyət göstərdiyini qeyd edib. Nazir bu xüsusda Azərbaycan Respublikası Hökumətinin dəstəyi ilə Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpasına yönəlmiş təşəbbüsün əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, bu təşəbbüs Suriya Ərəb Respublikasında uşaqlar və gənclər üçün təhlükəsiz, müasir və keyfiyyətli təhsil mühitinin yaradılmasına xidmət edəcək. ICESCO-nun baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik çıxışında imzalanmış Sazişin Suriyada təhsil infrastrukturunun bərpasına mühüm töhfə verəcəyini, eyni zamanda, İslam dünyası ölkələri arasında əməkdaşlığın və həmrəyliyin daha da güclənməsinə xidmət edəcəyini vurğulayıb.
17/02/2026 18:08
Azərbaycan və Mərakeş arasında elm və ali təhsil sahəsində əməkdaşlıq Sazişi imzalanıb
Elm və təhsil naziri Emin Əmrullayev Mərakeş Krallığına səfəri çərçivəsində bu ölkənin ali təhsil, elmi tədqiqat və innovasiya naziri Azeddin Əl Midaui ilə görüşüb. Görüş zamanı tərəflər elm və ali təhsil sahəsində həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə fikir mübadiləsi aparıblar. Daha sonra “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Saziş ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə tələbələrin mübadiləsinin həyata keçirilməsi, elmi və ali təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulması və birgə layihələrin icrası da daxil olmaqla bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
17/02/2026 17:45
Vətəndaş müraciətlərinin statistikası
Fevralın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 20 344 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 3742-si elektron, 970-i yazılı qaydada, 12 805-i isə çağrı mərkəzləri vasitəsilə yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 827 müraciət qeydə alınıb. Müraciətlər olimpiada və müsabiqələr , “Rəqəmsal məktəb”, xarici diplomların təsdiqi, şagird yerdəyişməsi, təhsil tələbə kreditinə elektron müraciət, eksternat imtahanı və digər məsələlərlə bağlı olub
17/02/2026 15:10
Nazir müavini “Hüquqlarınla parla!” layihəsinin bağlanış tədbirində iştirak edib
Fevralın 17-də “Hüquqlarınla parla!” layihəsinin bağlanış tədbiri keçirilib. Tədbir çərçivəsində çıxış edən rəsmi qonaqlar “Hüquqlarınla parla!” layihəsinin uşaqların öz hüquqları barədə məlumatlılığının artırılmasına, onların təhlükəsiz və sağlam mühitdə inkişafına dəstək göstərilməsinə, cəmiyyətdə hüquqi maarifləndirmənin genişləndirilməsinə xidmət etdiyini və layihə çərçivəsində əldə olunan nəticələrin gələcək təşəbbüslər üçün mühüm zəmin yaratdığını vurğulayıblar. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov cəmiyyətin ən həssas təbəqəsi olan uşaqların hüquqları və rifahının beynəlxalq gündəmin əsas mövzularından biri olduğunu vurğulayıb. Bildirib ki, uşaq hüquqlarının effektiv müdafiəsi üçün yalnız qanunvericilik mexanizmlərini təkmilləşdirmək kifayət deyil, həm də uşaq hüquqlarına hörmət mədəniyyətini formalaşdıraraq cəmiyyətin diqqətini bu problemə cəlb etmək lazımdır. Nazir müavininin sözlərinə görə, əvvəllər beynəlxalq ictimaiyyət əsasən uşaqları onlayn risklərdən qorumağa fokuslanırdısa, bu gün əsas məqsəd uşaqların hüquqlarını tam şəkildə həyata keçirə biləcəyi təhlükəsiz, əlçatan və uşaq hüquqlarına əsaslanan rəqəmsal mühitin yaradılmasıdır. Elm və Təhsil Nazirliyinin tabeliyindəki Uşaqların Müdafiəsi İdarəsinin fəaliyyətinə və “Məktəblinin dostu” layihəsinə toxunan nazir müavini qeyd edib ki, son 3 tədris ili ərzində Bakı şəhəri və regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrinə təhkim olunmaqla işə qəbul edilən sosial pedaqoqların əsas vəzifəsi şagirdin təhsildə müvəffəqiyyət qazanmasına maneçilik törədən faktorların aşkar edilməsi, onların aradan qaldırılması məqsədilə tədbirlərin görülməsi üçün əlaqədar qurumlarla müvafiq əlaqələndirmə işinin təşkil edilməsidir. Çıxışlardan sonra “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı təqdimatla çıxış edərək layihə çərçivəsində görülən işlər barədə iştirakçıları məlumatlandırıb. Tədbirin davamında təlimlərdə yüksək nəticə göstərən məktəblilər, eləcə də həssas kateqoriyadan olan uşaqlar üçün keçirilən keys müsabiqəsində ekspertlərin səsverməsi ilə seçilən qalib komandalar hədiyyə və diplomlarla, iştirak edən məktəblilər isə sertifikatlarla təltif olunublar.
17/02/2026 15:00
Nazir müavini İdris İsayev Xırdalanda vətəndaşları qəbul edəcək
Elm və təhsil nazirinin müavini İdris İsayev 25 fevral tarixində Xırdalan şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Sumqayıt, Abşeron, Xızı, Qubadlı və Zəngilan sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 20 fevral (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
17/02/2026 11:04
Emin Əmrullayev Mərakeşin milli təhsil, məktəbəqədər və idman naziri ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeş Krallığına səfəri çərçivəsində bu ölkənin milli təhsil, məktəbəqədər və idman naziri Mohamed Saad Berrada ilə görüş keçirilib. Görüş çərçivəsində iki ölkə arasında məktəbəqədər və ümumi təhsil, eləcə də STEAM təhsili sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirə aparılıb.
17/02/2026 10:26
“Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır” mövzusunda açıq dərslər keçirilib
Şirvan şəhəri və Hacıqabul rayonunun ümumtəhsil məktəblərində “Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır” mövzusunda açıq dərslər keçirilib. Dərslər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Hüseynova tərəfindən aparılıb. Tədbirlərdə Elm və Təhsil Nazirliyinin nümayəndələri, yerli icra strukturları, icma təmsilçiləri, müəllimlər və IX–XI sinif şagirdləri iştirak ediblər. Açıq dərslər zamanı Qərbi Azərbaycanın tarixi-mədəni irsi, maddi-mədəniyyət abidələri, toponim və hidronimləri barədə məlumat verilib, mövzu ətrafında müzakirələr aparılıb və şagirdlərin sualları cavablandırılıb. Çıxışlarda gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, bu cür maarifləndirici tədbirlərin ölkənin digər regionlarında da davam etdirilməsi nəzərdə tutulur. Tədbir çərçivəsində fəal şagirdlərə kitablar hədiyyə edilib, məktəblərin kitabxana fonduna Qərbi Azərbaycana dair nəşrlər təqdim olunub. Qeyd edək ki, sözügedən tədbirlərin keçirilməsində məqsəd şagirdlərin Qərbi Azərbaycanın tarixi və mədəni irsi haqqında biliklərinin artırılması, gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda maarifləndirilməsi olub.
17/02/2026 10:00
Emin Əmrullayev Mərakeş Parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev Mərakeş Krallığında rəsmi səfərdədir. Səfər çərçivəsində fevralın 16-da Mərakeş Parlamentinin Nümayəndələr Palatasının sədri Rəşid Təlbi Alami ilə görüş baş tutub. Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə müzakirə aparılıb.
16/02/2026 20:00
2026-2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulunun başlama tarixi müəyyənləşib
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə 15 aprel 2026-cı il tarixindən sənəd qəbuluna start veriləcək. Dövlət Proqramı çərçivəsində 2026–2027-ci tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat, magistratura və doktorantura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı 12 yanvar 2026-cı il tarixində ictimaiyyətə təqdim edilib. Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan universitetlərdən müvafiq sahə və proqramlar üzrə qəbul sənədinin əldə edilməsidir. Proqrama müraciət üçün tələb olunan sənəd nümunələri ilə keçiddən tanış olmaq mümkündür. Dövlət Proqramı ilə bağlı suallarınıza isə aşağıdakı müvafiq linklərdən istifadə edərək cavab tapa bilərsiniz. Bakalavriat / Magistratura Doktorantura
16/02/2026 10:44
Çin Xalq Respublikasına səfər çərçivəsində "Huawei" şirkəti ilə görüş baş tutub
Elm və Təhsil Nazirliyinin nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində "Huawei" şirkətinin baş ofisində bir sıra görüşlər keçirilib. Tərəflər informasiya-kommunikasiya texnologiyaları sahəsində mövcud əməkdaşlıq imkanlarını, xüsusilə təhsilin idarəolunması üzrə innovativ həlləri, eləcə də şirkətin tədqiqat və inkişaf istiqamətində qazandığı qabaqcıl təcrübəni müzakirə ediblər. "Huawei" şirkətinin nümayəndələri tərəfindən süni intellekt sahəsində son texnoloji yeniliklər, rəqəmsal transformasiya strategiyaları və bu istiqamətdə həyata keçirilən qlobal layihələr barədə ətraflı təqdimat edilib. Xüsusilə təhsil və elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq çərçivəsində innovativ laboratoriyaların yaradılması, birgə tədqiqat proqramlarının təşkili, kadr hazırlığı və bilik transferi mexanizmləri müzakirə olunub.
13/02/2026 16:07
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində yenicə məzun adı qazanmış gənclərimiz dünyanın aparıcı universitetlərində əldə etdikləri bilik və təcrübə ilə Vətənə qayıdırlar! İnanırıq ki, onlar mənimsədikləri müasir yanaşmaları və qazandıqları beynəlxalq təcrübəni ölkəmizin inkişafına yönəldərək müxtəlif sahələrdə yeniliklərin və müsbət dəyişikliklərin təşəbbüskarına çevriləcəklər. Bütün məzunlarımızı ürəkdən təbrik edir, ölkəmizin tərəqqisi yolunda onlara yeni-yeni uğurlar arzulayırıq! #dövlətproqramı #XaricdəTəhsil #dpeduaz
ƏtraflıElm və təhsil nazirinin müavini Həsən Həsənlinin Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyulun 31-də keçiriləcək. Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı✨15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunub. ?Komandamız yarış ərzində güclü İspaniya, Norveç, Portuqaliya komandalarını məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı