Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Leyla Əliyeva və Alena Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər

Fevralın 24-də Leyla Əliyeva və Alena Əliyeva Quba rayonuna səfər ediblər.   Səfər çərçivəsində Leyla Əliyeva və Alena Əliyeva Quba şəhərində internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər.   Əvvəlcə Quba şəhər ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinə baş çəkilib. Bildirilib ki, burada 79-u oğlan, 35-i qız olmaqla 114 məktəbli təhsil alır.    Leyla Əliyeva və Alena Əliyeva internat məktəbində yaradılan şəraitlə tanış olub, uşaqlarla səmimi söhbət edib, onların məşğələ proseslərini izləyib, fotolar çəkdirib və şagirdlərə məktəbli ləvazimatları təqdim ediblər. Məktəbdə şagirdlər tərəfindən hazırlanan mədəni proqram təqdim olunub, şeirlər səsləndirilib, mahnılar ifa olunub.   Daha sonra Quba STEAM mərkəzi ziyarət olunub. Mərkəzlə tanışlıq zamanı xatırladılıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan məktəblərində 2019-cu ildən etibarən STEAM (Science, Technology, Engineering, Art, Mathematics) layihəsinin geniş tətbiqinə başlanılıb. Qeyd olunub ki, STEAM mərkəzi Qubada 2021-ci ildən fəaliyyət göstərir və bütün yaş qrupları üçün nəzərdə tutulub.    Leyla Əliyeva və Alena Əliyeva mərkəzdə yaradılan şəraitlə yaxından tanış olub, şagirdlərlə səmimi söhbət aparıb, onların burada əldə etdikləri bilik və bacarıqların praktiki tətbiqi ilə maraqlanıblar.   Sonda uşaqlar və məktəbin kollektivi ilə xatirə şəkilləri çəkdirilib.   AZƏRTAC

Elm və təhsil naziri LDU-nun Baytarlıq klinikası ilə tanış olub

Elm və təhsil naziri Emin Əmrullayev Lənkəran Dövlət Universitetinin nəzdində yaradılmış Baytarlıq klinikası ilə tanış olub.   Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov klinikada yaradılmış şərait, heyvanların müayinəsi və müalicəsi üçün nəzərdə tutulmuş kabinetlər, laboratoriyalar və müasir tibbi avadanlıqlar barədə nazirə ətraflı məlumat verib. Bildirib ki, klinika həm regionda ev və çöl (vəhşi) heyvanlarının sağlamlığının qorunmasına xidmət edir, həm də universitetin baytarlıq ixtisasında təhsil alan tələbələr üçün praktiki vərdişlərin formalaşdırılması baxımından mühüm tədris bazası rolunu oynayır.   Elm və təhsil naziri Emin Əmrullayev universitetin baytarlıq ixtisasında təhsil alan tələbələr və müəllim heyəti ilə də görüşüb, onların fikirlərini dinləyib, baytarlıq sahəsində kadr hazırlığı istiqamətində həyata keçirilən işlərlə yaxından tanış olub, tövsiyələrini verib.

“Təhsilin rəqəmsallaşdırılması” mövzusunda brifinq keçirilib

Fevralın 24-də Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin (TSİİ) rəisi Vüsal Xanlarov media nümayəndələri üçün brifinq keçirib.   Brifinqdə “Təhsilin rəqəmsallaşdırılması” mövzusunda geniş təqdimatla çıxış edən Vüsal Xanlarov bildirib ki, təhsilin rəqəmsallaşdırılması infrastrukturun gücləndirilməsi və vahid rəqəmsal həllərin tətbiqi əsasında həyata keçirilir. Bu prosesin əsas məqsədi isə təhlükəsiz və effektiv rəqəmsal mühitin yaradılmasıdır.   Çıxış zamanı Bakı şəhərində istifadəyə verilən “Rəqəmsal məktəb” platforması barədə danışılıb və qeyd olunub ki, bu platforma tədrisin idarə olunmasını, monitorinqini və hesabatlılığını vahid rəqəmsal mühitdə təmin edir.    Brifinqdə süni intellektin təhsildə tətbiqi imkanlarına da toxunulub. Bildirilib ki, “Microsoft” və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə müəllimlərə dəstək məqsədilə hazırlanmış “Copilot” tətbiqi təhsil mühitinin tələblərinə uyğunlaşdırılmış, kurikulum əsaslı və yerli təhsil ehtiyaclarına uyğun fəaliyyət göstərən süni intellekt alətidir.     Eyni zamanda brifinqdə şagirdlər üçün nəzərdə tutulmuş süni intellekt əsaslı təhsil köməkçisi, “Müəllim” mobil tətbiqi, elektron təhsil sənədləri, Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunan təhsil xidmətləri və digər aidiyyəti istiqamətlərdən də danışılıb. Brifinq çərçivəsində vurğulanıb ki, təhsilin rəqəmsallaşdırılması prosesi mərhələli şəkildə davam etdirilir və əsas prioritet rəqəmsal infrastrukturun genişləndirilməsi, xidmətlərin əlçatanlığının artırılması və innovativ texnologiyaların təhsil sisteminə inteqrasiyasıdır.   Brifinqdə media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.

AzMİU-nun əməkdaşlarına yüksək dövlət mükafatları təqdim olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi münasibətilə bu təhsil müəssisəsinin bir qrup əməkdaşına dövlət mükafatlarının təqdim olunması mərasimi keçirilib.   Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət mükafatına layiq görülən universitet əməkdaşlarını təbrik edib, bu yüksək dəyərə görə təhsil ictimaiyyəti adından ölkə başçısına təşəkkürünü ifadə edib.   Nazir çıxışında AzMİU-nun keçdiyi inkişaf yolunu xatırladıb, bu universitetin məzunlarının həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə qazandıqları uğurlardan bəhs edərək universitetin elmi-pedaqoji potensialının Azərbaycanın insan kapitalının formalaşmasında mühüm rol oynadığını bildirib.   Qeyd olunub ki, AzMİU təhsil və tədqiqat sahəsində fərqlənən ali təhsil müəssisəsi kimi ölkədə mühəndislik, memarlıq və şəhərsalma istiqamətlərinin inkişafına mühüm töhfələr verir.   Tədbirdə çıxış edən AzMİU-nun rektoru Gülçöhrə Məmmədova vurğulayıb ki, hazırda universitetin əsas hədəflərindən biri tədqiqat universiteti modelinin daha da gücləndirilməsidir. Bildirilib ki, rəqəmsal çağırışlar, süni intellekt və innovativ texnologiyaların tədris və tədqiqat prosesinə inteqrasiyası AzMİU-nun strateji inkişaf xəttinin mühüm istiqamətləridir.    Sonra elm və təhsil naziri tərəfindən dövlət mükafatları təqdim olunub.   Tədbirin sonunda xatirə fotosu çəkdirilib. Təltif olunanlar

“Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

Fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən icra olunan “Gələcək üçün bacarıqlar” layihəsinin IV “TUSİ” inkubasiya proqramının “Demo Day” tədbiri təşkil edilib.   Məqsəd innovasiya sahəsində kadr potensialının gücləndirilməsi, təhsildə innovativ fəaliyyətin təşviqidir. Eyni zamanda, tələbələrin innovativ ideyalarının inkişafına şərait yaradılması və onların ixtiraçılıq, startap fəaliyyətinə istiqamətləndirilməsi əsas prioritetlərdəndir.   Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.   Tədbir çərçivəsində Dövlət Agentliyi ilə layihəyə yeni qoşulan Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyası arasında “Universitetlərdə innovasiya mühitinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb.   Sonra qonaqlar startap komandalarının layihələri ilə tanış olublar.   Tədbirdə rəsmilərin çıxışları dinlənilib, layihə çərçivəsində görülmüş işləri əks etdirən videoçarx nümayiş etdirilib.   Çıxışında XXI əsrin bacarıq və səriştələrinə toxunan elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hazırda yaradıcı şəxslərin yaradıcılıq fəaliyyəti müasir sosial inkişafın əsas mənbəyidir. Buna görə də geniş mənada «yaradıcılıq bu gün inkişaf mexanizmi» və ya «inkişafa aparan qarşılıqlı təsir kimi» qəbul edilir. Bu gün dinamizm, sosial və elmi-texniki inkişafın uğuru yalnız yaradıcı şəxslərin yaradıcılıq fəaliyyətinin səmərəliliyindən asılıdır.   Nazir müavini dəyişən dünyada müasir problemlərin yalnız çox hazırlıqlı təhsilalanlar tərəfindən həll ediləcəyini qeyd edib və ideyaların – innovasiyalara çevrilməsi üçün xüsusi innovasiya məkanının formalaşdırılmasının zərurətini vurğulayıb.  Qeyd edək ki, 2021-ci ildən bu günədək layihə çərçivəsində 15 ali təhsil müəssisəsi ilə əməkdaşlıq qurulub, 3 mindən çox tələbə tərəfindən 300-dən artıq startap ideyası təqdim olunub. Universitetlərdə hazırlanmış 130-dan çox mentorun dəstəyi ilə 29 startap komandası formalaşdırılıb və “Demo Day” tədbirlərində layihələrini təqdim edib.

“AzerGold” QSC-nin peşə və ali təhsil müəssisələri üçün elan etdiyi təqaüd proqramının qalibləri mükafatlandırılıblar

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 2025-2026-cı tədris ili üzrə peşə və ali təhsil müəssisələrinin tələbələri üçün elan etdiyi 5-ci təqaüd proqramı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.   Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü, sədr müavini İlqar Cəlilov, eləcə də ali təhsil müəssisələrinin rektorları və tələbələr iştirak ediblər.    Tədbiri giriş sözü ilə açan İlqar Cəlilov təqaüd proqramının qaliblərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. İlqar Cəlilov proqram çərçivəsində bugünədək 47 nəfərin ali təhsil, 52 nəfər tələbənin isə peşə təhsili üzrə müsabiqə qalibi seçildiyini və onlardan 13 nəfərin QSC-də işə qəbul edildiyini diqqətə çatdırıb.    Dağ-mədən sahəsinin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə investisiya baxımından perspektivli üç prioritet istiqamətdən biri kimi müəyyən edildiyini qeyd edən İlqar Cəlilov vurğulayıb ki, bu sahədə insan kapitalının gücləndirilməsi, ixtisaslı mütəxəssislərin hazırlanması və gənclərin istehsalat prosesinə inteqrasiyası strateji əhəmiyyət daşıyır və təqaüd proqramı da məhz bu məqsədlərə xidmət edir.   Təqaüd proqramlarını tələbələrin təhsil həyatına, onların bilik və bacarıqlarının artırılmasına mühüm töhfə kimi dəyərləndirən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bu cür təşəbbüslər tələbələrin peşəkar inkişafına əhəmiyyətli təsir göstərir. Nazir müavini vurğulayıb ki, dövlət şirkəti tərəfindən yaradılan bu imkanlar tələbələrin real iş mühitinə daha sürətli uyğunlaşmasına, nəzəri biliklərlə yanaşı praktiki bacarıqlara da yiyələnməsinə və gələcək karyeralarına daha hazırlıqlı başlamalarına şərait yaradır.   Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı Agentliklə “AzerGold” arasında 2021-ci ildən qüvvədə olan əməkdaşlıq memorandumu çərçivəsində peşə təhsili istiqamətində ixtisaslı kadrların hazırlanmasına yönəlmiş birgə fəaliyyətin artıq konkret və ölçüləbilən nəticələr verməkdə olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, istehsalat yönümlü təhsil modelinin tətbiqi, kurikulumların əmək bazarının tələblərinə uyğunlaşdırılması və sənaye tərəfdaşlığı mexanizmlərinin gücləndirilməsi bu əməkdaşlığın əsas uğur komponentlərini təşkil edir.   Çıxışlardan sonra təqaüd proqramının qaliblərinə təltifnamələr və xatirə hədiyyələri təqdim olunub.   Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə ali təhsil müəssisələrindən geologiya, dağ-mədən mühəndisliyi, ekologiya, metallurgiya ixtisasları üzrə təhsil alan 9, peşə təhsili müəssisələrindən isə 15 tələbə “AzerGold” təqaüdünün qalibi olub. Proqram çərçivəsində tələbələrin sosial müdafiəsinə dəstək məqsədi ilə qaliblərin hər biri üçün aylıq təqaüd ödəniləcək. Qaliblər şirkətin istehsalat sahələrində təcrübə keçmək imkanı əldə edəcək, nəzəri biliklərini real iş mühitində tətbiq etməklə praktiki bacarıqlarını gücləndirəcəklər. 

“Peşə təhsili üzrə ixtisasların təsnifatı”nın yenilənməsi məqsədilə yaradılmış İşçi qrupun ilk iclası keçirilib

Elm və Təhsil Nazirliyində “Peşə təhsili üzrə ixtisasların təsnifatı”nın yenilənməsi məqsədilə yaradılmış İşçi qrupun ilk iclası keçirilib.   Elm və təhsil nazirinin müavini, Komissiyanın sədri Kənan Kərimzadənin rəhbərliyi ilə keçirilən iclasda Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Turizm Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak ediblər.   Açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə son illərdə peşə təhsili sahəsinə ali səviyyədə göstərilən diqqət, aparılan sistemli islahatlar və nəticədə peşə təhsilinin əhatəliliyinin genişlənməsi ilə bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb. Yerli və qlobal əmək bazarında baş verən dinamik dəyişikliklərin və peşə ixtisaslı kadr hazırlığının da bu dəyişikliklərə uyğun olaraq təkmilləşdirilməsi zərurətindən danışan nazir müavini mövcud “Peşə təhsili üzrə ixtisasların təsnifatı” sənədinin də yenilənməsinin vacib olduğunu qeyd edib.    Daha sonra təqdimatla çıxış edən nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva hazırda peşə təhsili müəssisələrinə tələbə qəbulu üçün baza sənəd olan “Peşə təhsili üzrə ixtisasların təsnifatı”nın strukturu, təsnifatın yenilənməsini zəruri edən faktorlar və yeni təsnifat layihəsi ilə bağlı görülmüş işlərdən danışıb. Səbinə Babayeva İşçi qrupun üzvlərinə yeni təsnifat layihəsini təqdim edərək layihənin hazırlanmasında əsas götürülmüş prinsiplər, yanaşmalar və təklif olunan struktur, eləcə də İşçi qrupun üzvlərindən gözləntilər barədə məlumat verib.   Daha sonra aidiyyəti qurumların nümayəndələrinin təklifləri dinlənilib.    İclas müzakirə formatında davam etdirilib.

“Mentorla görüş” layihəsi çərçivəsində Firudin Qurbanov gənclərlə görüşüb

Fevralın 18-də “Regional İnkişaf” İctimai Birliyinin paytaxt və regionları təmsil edən könüllüləri ilə elm və təhsil nazirinin müavini Firudin Qurbanovun görüşü keçirilib.   “Mentorla görüş” layihəsi çərçivəsində keçirilən görüşdə nazir müavini ölkədə təhsil sahəsində aparılan islahatlar, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra gənclərin üzərinə düşən yeni vəzifələr barədə məlumat verib. O, XXI əsrin çağırışlarına uyğun olaraq gənclərin yalnız bilik deyil, yaradıcı təfəkkür, tənqidi düşüncə, ünsiyyət və texnologiyalardan səmərəli istifadə bacarıqlarına yiyələnməsinin vacib olduğunu vurğulayıb.   Nazir müavini idman, musiqi və incəsənətlə məşğul olan gənclərin təhsil nailiyyətlərinin daha yüksək olduğunu, İkinci Qarabağ müharibəsi zamanı şəhid olan təhsil işçiləri və məktəblilərin heç zaman unudulmayacağını qeyd edib. Gənclərə vətənin müdafiəsi və qarşıya qoyulan vəzifələrə həmişə hazır olmağın əhəmiyyətini xatırladıb.   Görüşdə karyera inkişafı, uğurlu insanların motivasiya mənbəyi və şəxsi məsuliyyətin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Nazir müavini gənclərə dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil imkanlarından yararlanmağın vacibliyini də vurğulayıb.   Sonda iştirakçıların suallarını cavablandıran nazir müavini gənclərə sevdikləri işlə məşğul olmağı arzu edib.

Emin Əmrullayev ICESCO-nun baş direktoru ilə görüşüb

Fevralın 17-də elm və təhsil naziri Emin Əmrullayev İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malikin dəvəti ilə ICESCO-nun Rabat şəhərində yerləşən Baş qərargahında səfərdə olub.   Nazir təşkilatın Baş qərargahı ilə tanış olub, daha sonra ICESCO-nun baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik ilə ikitərəfli görüş keçirib.   Görüş zamanı iki qurum arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

“Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinin təqdimatı olub

Fevralın 17-də Azərbaycan Milli Konservatoriyasında “Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinin təqdimatı olub.   Tədbir “Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.   Bildirilib ki, incəsənətin ən zəngin səhifələrini özündə cəmləşdirən “Övraqi-nəfisə" bir əsr sonra milli mətbuatımızın 150 illik yubileyinə töhfə vermək niyyətilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən yenidən gündəmə gətirilib. ADA Universitetinin təşəbbüs və dəstəyi sayəsində ərəb qrafikalı əski Azərbaycan əlifbasından latın qrafikalı müasir əlifbaya transliterasiya olunaraq nəşr edilib.   Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə bildirib ki, “Övraqi-nəfisə” ifadəsi nəfis, incə və dəyərli səhifələr anlamını daşıyır. Onun sözlərinə görə, zaman keçəcək, lakin bu layihə Azərbaycan mədəniyyətinin, milli incəsənətimizin və ümumən ədəbiyyat-musiqi tariximizin ən parlaq səhifələrindən biri kimi yaddaşlarda qalacaq.   Nəşrin milli mətbuatımızın 150 illiyinə həsr olunduğunu vurğulayan “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehralıyeva qeyd edib ki, yubiley tarixləri yalnız təqvim hadisəsi deyil, həm də tarixi irsimizə yenidən nəzər salmaq, müəyyən məsələləri gündəmə gətirmək üçün mühüm fürsətdir.   Jurnalın transliteratoru, qeyd və şərhlərin müəllifi, filoloq və tərcüməçi Azad Ağaoğlu layihənin hazırlanma mərhələsində xüsusi həssaslıq və peşəkarlıq nümayiş etdirildiyini bildirib. O qeyd edib ki, nəşrin bədii və elmi hissələri jurnalın ümumi strukturu və konsepsiyasına uyğun şəkildə tərtib olunub, transliterasiya və şərhlər üzərində ciddi elmi iş aparılıb.   Milli Məclis sədrinin müavini akademik Rafael Hüseynov vurğulayıb ki, bu jurnal Azərbaycan üçün son dərəcə nəcib və əhəmiyyətlidir. Onun sözlərinə görə, belə layihələr milli yaddaşı qoruyur, azərbaycançılıq ideyasını möhkəmləndirir və gələcək nəsillərə etibarlı mənbə ötürür. Qısa müddətdə görülən işlər yüksək qiymətə layiqdir və zaman keçdikcə bu zəhmətin dəyəri daha aydın görünəcək.   Tədbir bədii hissə ilə davam edib.   Sonda çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev təqdimat mərasiminin çox gözəl sözlərlə yadda qaldığını bildirib və əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.   AZƏRTAC

28/07/2026

2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində yenicə məzun adı qazanmış gənclərimiz dünyanın aparıcı universitetlərində əldə etdikləri bilik və təcrübə ilə Vətənə qayıdırlar! İnanırıq ki, onlar mənimsədikləri müasir yanaşmaları və qazandıqları beynəlxalq təcrübəni ölkəmizin inkişafına yönəldərək müxtəlif sahələrdə yeniliklərin və müsbət dəyişikliklərin təşəbbüskarına çevriləcəklər. Bütün məzunlarımızı ürəkdən təbrik edir, ölkəmizin tərəqqisi yolunda onlara yeni-yeni uğurlar arzulayırıq! #dövlətproqramı #XaricdəTəhsil #dpeduaz

Ətraflı
27/07/2026

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyulun 31-də keçiriləcək. Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı
25/07/2026

✨15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunub. ?Komandamız yarış ərzində güclü İspaniya, Norveç, Portuqaliya komandalarını məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı