Parisdə “Heydər Əliyev İli” çərçivəsində azərbaycanlı doktorantlarla konfrans keçirilib
Mayın 22-də Azərbaycanın Fransadakı səfirliyi, Elm və Təhsil Nazirliyi və Alim Elmi Assosiasiyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Fransada təhsil alan azərbaycanlı doktorantlarla konfrans keçirilib. Tədbirdə Fransa və İtaliyanın müxtəlif universitetlərində magistratura və doktorantura üzrə təhsil alan tələbələr iştirak ediblər. Konfransda çıxış edən Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin dövlətin strateji fəaliyyət istiqamətlərinin mühüm tərkib hissəsi olduğunu bildirib. Qeyd edib ki, ulu öndər gənclərin təhsilinə xüsusi önəm verib və bunun nəticəsində Azərbaycan gəncləri beynəlxalq aləmdə mühüm uğurlara imza atıblar. Bildirilib ki, ümummilli liderin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələb və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan gəncliyi də üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır və bunu bacarır. Konfransda Elm və Təhsil Nazirliyinin sektor müdiri Turxan Süleyman, Azərbaycanın Dostları Assosiasiyasının İcraiyyə Şurasının üzvü Jerom Begən, konsul Xatirə Müseyibova, Alim Elmi Assosiasiyasının rəhbəri Günel Səfərova çıxış edərək Fransada azərbaycanlı tələbələr üçün yaradılan imkanlar, xaricdə təhsillə bağlı dövlət proqramları, həyata keçirilən layihələr və perspektivləri haqqında ətraflı məlumat veriblər. Konfrans iştirakçıların debatları ilə davam edib.
22/05/2023 17:53
Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb
Mayın 22-də elm və təhsil naziri Emin Əmrullayev BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
22/05/2023 17:30
Nazirliyin nümayəndəsi Avropa Şurasının Şimal-cənub Mərkəzinin tədbirində çıxış edib
Avropa Şurasının Şimal-cənub Mərkəzinin qlobal təhsil, şəbəkə və dialoq vasitəsilə mədəniyyətlərarası təlim mübadiləsi çərçivəsində Lissabon şəhərində “Mədəniyyətlərarası və dinlərarası müxtəlifliyi idarə etmək üçün təhsil üzrə mütəxəssislərin səriştələrinin gücləndirilməsi” adlı tədbir keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənov çıxış edib. Paneldə mərkəzin icraçı direktoru Adelino Silva, Lissabon Gənclər Mərkəzinin direktoru Eduarda Marques, Müqəddəs Taxt-tacın mədəniyyət və təhsil üzrə qurumunun nümayəndəsi Miquel Kardoso da iştirak ediblər. Müjdat Həsənov Azərbaycanda qlobal təhsilin bir hissəsi kimi beynəlxalq rəqabətədavamlı vətəndaşların formalaşdırılmasını, eyni zamanda, ölkəmizdə təhsil alan əcnəbilər xüsusunda digər ölkələr üçün bilik, bacarıq və səriştəəsaslı mütəxəssis hazırlığının əhəmiyyətini və bu sahənin inkişafının təşviqini xüsusi vurğulayıb. Bu yöndə dövlət tərəfindən həyata keçirilən təhsil qrantı proqramları, Qlobal Paktın üzvü kimi qaçqınlara ödənişsiz təhsil imkanının yaradılması və prosesin optimallaşdırılması barədə seminar iştirakçılarına məlumat verilib. Tədbirdə tolerantlığın aşılanması məqsədilə peşə məktəbləri və ali təhsilin bakalavriat, magistratura səviyyələrində multikulturalizm fənninin tədrisi, ali təhsilin əlçatanlığının təmin edilməsi baxımından dövlət sifarişli yerlərin artırılması, həmçinin sosial həssas qruplar üçün dövlət hesabına təhsil imkanının yaradılmasının əhəmiyyəti qeyd edilib. Tədbir beynəlxalq ekspertlərin iştirakı ilə qlobal, mədəniyyətlərarası və dinlərarası təhsil sahələri üzrə panellərlə davam edib.
22/05/2023 16:00
Şahmatçılarımız Avropa çempionatında yüksək nəticə əldə ediblər
11-22 may tarixlərində Albaniyanın Durres şəhərində məktəblilərin Avropa çempionatı keçirilib. 25 ölkədən 208 şahmatçının iştirak etdiyi yarışa Azərbaycan yığma komandası 21 idmançı ilə qatılıb. Yığma komandanın tərkibində çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin 11 nömrəli uşaq-gənclər idman məktəbinin idmançısı Aqil İsrailov I yeri, Gəncə şəhəri 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Səadət Bəşirli II yeri, Sumqayıt şəhəri 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Nurtən Nuriyeva isə III yeri tutub. Qeyd edək ki, Azərbaycan yığma komandasının tərkibində çıxış edən 21 nəfərdən 16-sı Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançılarıdır.
22/05/2023 14:58
Müəllimlərin işə qəbuluna start verilir
Mayın 22-də 2023-2024-cü tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir. Müsabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 11:00-dan etibarən 30 may saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlər də təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müsabiqədə iştirak etmək hüququna sahibdirlər. Müsabiqənin vakansiya seçimi mərhələsində ilk növbədə şəhid ailəsinin üzvləri iştirak edəcəklər. Eyni zamanda, müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05 artım əmsalı, 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq. Qeyd edək ki, müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edəcək. Daha ətraflı məlumatla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://bit.ly/3MQoxGF
22/05/2023 09:33
Təhsil festivalından rəngarəng anlar - Fotosessiya
Mayın 20-də Astarada təhsil festivalı keçirilib. Elm və Təhsil Nazirliyi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə baş tutan festival ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunub. Rayonun dənizkənarı park-bulvar kompleksində keçirilən festivalda elm və təhsil naziri Emin Əmrullayev, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, millət vəkilləri, yazıçılar, təhsil müəssisələri və nəşriyyat rəhbərləri, məktəblilər, rayon ictimaiyyəti iştirak edib. Festivalın keçirilməsində məqsəd ölkə üzrə təhsilin inkişafı üçün maraqlı tərəflər arasında regionda əməkdaşlıq platformasının yaradılmasıdır. Festivalda tədris ili ərzində xüsusi nailiyyətləri ilə fərqlənən şagirdlərlə, Vətən müharibəsi iştirakçıları olan təhsil işçiləri ilə görüşlər keçirilib. Festivalda stendlərlə iştirakçı qismində çıxış edən müəssisələr müxtəlif xidmət və məhsullarını nümayiş etdiriblər. Daha sonra “Musiqi dünyamız” mahnı festivalı, fləşmob keçirilib. Qeyd edək ki, festivalda ümumilikdə 10 minə yaxın izləyici iştirak edib.
20/05/2023 19:10
“Kiçik addımlar – böyük uğurlar” adlı məktəbəqədər təhsil forumu
“İcmaəsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Kiçik addımlar – böyük uğurlar” adlı məktəbəqədər təhsil forumu təşkil olunub. Forumun məqsədi erkən təhsilin uşaq inkişafındakı rolunu təbliğ etmək, eləcə də valideynləri məktəqəbədər təhsil və müvafiq yaşda uşaqların inkişafı barədə maarifləndirmək olub. Forum çərçivəsində məktəbəqədər təhsil və iqtisadi inkişaf, məktəbəqədər təhsildə öyrənmə, valideyn əməkdaşlığı və psixopedaqoji inkişaf, məktəbəqədər təhsilin uşaq inkişafında rolu, məktəbəqədər yaş dövründə psixoloji pozuntular və müdaxilə yanaşması, məktəbəqədər yaş dövründə xüsusi təhsil ehtiyaclarının təmin edilməsi mövzularında çıxışlar olub.
20/05/2023 17:08
ADA Universitetinin rektoru GTU-nun fəxri doktoru adına layiq görülüb
Mayın 19-da ADA Universitetinin rektoru Hafiz Paşayev Gürcüstan Texniki Universitetinin (GTU) fəxri doktoru adına layiq görülüb. GTU-nun rektoru David Qurqenidze bildirib ki, universitetin Elmi Şurası ADA Universitetinin rektoru Hafiz Paşayevin fəxri doktor adına layiq görülməsi barədə qərar qəbul edib. Rektor GTU-nun fəxri doktoru diplomunu və fəxri döş nişanını Hafiz Paşayevə təqdim edib. Hafiz Paşayev öz növbəsində GTU-nun rektoru və Elmi Şurasına minnətdarlığını bildirib.
19/05/2023 17:00
Emin Əmrullayev Gürcüstanın Baş naziri ilə görüşüb
Mayın 19-da Gürcüstanda səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Görüşdə Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari, ADA Universitetinin rektoru Hafiz Paşayev və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev iştirak ediblər. Görüş zamanı Azərbaycanda gürcü dilində, Gürcüstanda isə Azərbaycan dilində tədris aparılan məktəblərin fəaliyyəti yüksək qiymətləndirilib, ümumi, ali təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri vurğulanıb.
19/05/2023 15:59
Nazir Tbilisi Dövlət Universitetində Heydər Əliyev adına auditoriyanın açılış mərasimində iştirak edib
Mayın 19-da Gürcüstana səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində Heydər Əliyev adına auditoriyanın açılış mərasimində iştirak edib. Tədbirdə çıxış edən elm və təhsil naziri ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə bir çox sahələrdə, o cümlədən təhsil sahəsində həyata keçirilmiş islahatlar və onların nəticələri barədə tədbir iştirakçılarına məlumat verib. Emin Əmrullayev ulu öndərin azərbaycanlı gənclərin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına göstərdiyi dəstəyi xüsusilə vurğulayıb və auditoriyanın açılışına verdiyi dəstəyə görə Tbilisi Dövlət Universitetinə təşəkkürünü bildirib. Daha sonra elm və təhsil naziri Emin Əmrullayev ilə Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari Tbilisi şəhərində yerləşən tədris Azərbaycan dilində aparılan M.F.Axundov adına 73 nömrəli məktəbi ziyarət edib və məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak edib. Səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Gürcüstanın Texniki Universitetini ziyarət edib, ali təhsil müəssisəsinin rektoru David Qurgenidze ilə görüşüb.
19/05/2023 15:46
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili
ƏtraflıAli təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı