Müəllim olmaq istəyənlərin nəzərinə!
Mayın 22-də 2023-2024-cü tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start veriləcək. Elektron sənəd qəbulu mərhələsi 22-30 may tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 22 may saat 11:00-dan etibarən 30 may saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlər də təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müsabiqədə iştirak etmək hüququna sahibdirlər. Müsabiqənin vakansiya seçimi mərhələsində ilk növbədə şəhid ailəsinin üzvləri iştirak edəcəklər. Eyni zamanda, müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05 artım əmsalı, 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq. Qeyd edək ki, müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edəcək. Daha ətraflı məlumatla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://bit.ly/3MQoxGF
19/05/2023 14:15
Nazir müavini Gəncədə tədris prosesi ilə tanış olub
Elm və təhsil nazirinin müavini Həsən Həsənli Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində nazir müavini Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birlikdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Həsən Həsənli bir neçə məktəbəqədər və ümumi təhsil müəssisəsini ziyarət edib, tədris prosesi ilə tanış olub. Nazir müavini səfər zamanı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları, məktəbəqədər və ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirib.
19/05/2023 13:00
Qeyri-pedaqoji ixtisaslara malik şəxslərin nəzərinə!
“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib. Belə ki, siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb olunacaqlar. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ötən il “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda dəyişiklik edilib. Dəyişikliyə əsasən hər il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı sözügedən qaydanın əlavəsində qeyd olunan ixtisaslara uyğun olaraq Elm və Təhsil Nazirliyi tərəfindən elan ediləcək.
19/05/2023 12:05
Elm və təhsil nazirinin Gürcüstanda görüşləri davam edir
Mayın 18-də Gürcüstana səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetinin rektoru Hafiz Paşayevlə birlikdə Tbilisi şəhərindəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə baş çəkib. Ziyarət zamanı M.F.Axundzadənin həyat və yaradıcılığı, muzeyin fəaliyyəti, burada saxlanılan eksponatlar barədə məlumatlarla tanışlıq olub. Elm və təhsil naziri səfər zamanı Qazax Müəllimlər Seminariyasına yeni qəbul olunan tələbələrlə də görüşüb.
19/05/2023 10:30
Məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu müvəqqəti dayandırılır
Mayın 22-dən məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemindən istifadə müvəqqəti olaraq dayandırılacaq. Səbəb 2023-2024-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq prosesi ilə bağlıdır. bq.edu.az elektron portalı üzərindən növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
19/05/2023 10:01
Elm və təhsil naziri Gürcüstanda səfərdədir
Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvarinin dəvəti ilə elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisi şəhərində yerləşən Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə əklil qoyub və xatirəsini ehtiramla yad ediblər. Daha sonra Emin Əmrullayev ilə Giorgi Amilaxvarinin görüşü keçirilib. Görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev də iştirak edib. Müzakirələr zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. Hər iki ölkədə Azərbaycan və gürcü dillərində tədris aparılan məktəblərin fəaliyyəti, bu məktəblər üçün dərsliklərin qarşılıqlı mübadiləsi yüksək qiymətləndirilib. Görüşün sonunda ADA Universiteti ilə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti və Kutaisi Beynəlxalq Universiteti arasında əməkdaşlıq müqavilələrinin imzalanma mərasimi keçirilib.
18/05/2023 17:48
“Muzeylər və Heydər Əliyev ili” adlı interaktiv proqrama start verilir
“Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq “Muzeylər və Heydər Əliyev ili” adlı interaktiv proqrama start verilir. Proqram 18-25 may tarixlərini əhatə edir. Elm və Təhsil, Mədəniyyət nazirliklərinin əməkdaşlığı və Respublika Uşaq-gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə icra edilən proqramın məqsədi ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi və təbliği, məktəblilərin ulu öndərin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq ideologiyası, həyat və fəaliyyətinin müxtəlif dövrləri barədə məlumatlandırılması, təhsilalanların muzey, qoruq və Heydər Əliyev mərkəzləri kolleksiya fondunun elmi-mədəni, tarixi, ekoloji, davamlı inkişaf konsepsiyası, etnoqrafik aspektləri ilə tanış olmasından ibarətdir. Proqram çərçivəsində məktəblilərin Bakı şəhərində yerləşən muzeylərə, həmçinin ilk dəfə olaraq regionlarda fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və Heydər Əliyev mərkəzlərinə, ümumilikdə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən 100 mədəniyyət müəssisəsinə ekskursiyaların təşkili planlaşdırılır. Ekskursiyalara məktəblilər və Bakı şəhəri ilə yanaşı, respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri də cəlb ediləcəklər. “Muzeylər və Heydər Əliyev ili” adlı interaktiv proqram 100 mədəniyyət müəssisəsini əhatə etdiyi üçün ekskursiyalarda 100 000 məktəblinin iştirakı nəzərdə tutulur.
18/05/2023 17:24
Nazir müavini Mingəçevirdə tədris prosesi ilə tanış olub
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Mingəçevir şəhərinə səfəri çərçivəsində 13 və 14 nömrəli tam orta məktəbləri ziyarət edib. Firudin Qurbanov sözügedən məktəblərdə tədris prosesini izləyib, yaradılmış şəraitlə tanış olub, şagird və müəllim kollektivi ilə görüşüb. 14 nömrəli tam orta məktəbdə pilot layihə kimi tədris olunan şahmat dərsində iştirak edən nazir müavini şagirdlərin oyununu da izləyib.
18/05/2023 17:00
Xırdalanda tikilən yeni məktəb şagird sıxlığını azaldacaq
Mayın 18-də Abşeron rayonu, Xırdalan şəhərinin “Kristal – 2” adlanan ərazisində inşa olunan 2000 şagird yerlik tam orta məktəbə mediatur keçirilib. Mediaturun məqsədi bu ərazidəki ümumi təhsil müəssisələrində şagird sıxlığının azaldılmasına kömək edəcək yeni məktəbin inşası ilə tanışlıq olub. Qeyd olunub ki, məktəb ümumilikdə 6 korpusdan ibarətdir. Məktəbdə STEAM Mərkəzi, kitabxana, oxu zalı, 600 yerlik akt zalı və 74 sinif otağı var. Hazırda məktəb binasının daxilində son tamamlanma və həyətin abadlıq işləri aparılır. Cari ilin iyulunda tikinti-quraşdırma işlərinin yekunlaşdırılması nəzərdə tutulur. Bildirilib ki, Xırdalan şəhərindəki 8 nömrəli tam orta məktəb binasının da yenidən inşası nəzərdə tutulur. Bu da sıxlıq probleminin azalmasına və 960 şagirdin bir növbədə təhsil almasına şərait yaradacaq. Xatırladaq ki, ötən il Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş 2000 şagird yerlik 2 nömrəli, Masazır kəndində isə 960 şagird yerlik 6 nömrəli tam orta məktəb istifadəyə verilib.
18/05/2023 16:50
“Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” adlı beynəlxalq forumun açılış mərasimi
Mayın 18-də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə “Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” adlı beynəlxalq forumun açılış mərasimi keçirilib. Forumun məqsədi xarici keyfiyyət təminatı prosesində müstəqillik və məsuliyyətin önəmi, maraqlı tərəflərin prosesdə iştirakına dair müzakirələr, həmçinin bu sahədə qabaqcıl təcrübənin öyrənilməsidir. Açılış nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova agentlik tərəfindən keyfiyyət təminatı istiqamətində görülən işlər, əldə edilmiş nəticələr, həmçinin agentliyin potensialının gücləndirilməsi istiqamətində beynəlxalq donorlarla əməkdaşlıq və gələcək planlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Əsas məruzəçilərdən olan elm və təhsil nazirinin müavini İdris İsayev Azərbaycanın ali təhsilində keyfiyyət təminatı sahəsində atılmış addımlar barədə tədbir iştirakçılarını məlumatlandırıb. İdris İsayev “Ali təhsil müəssisələrinin institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları”nın hazırlanması zamanı istifadə edilən yanaşma və müvafiq meyarların ali təhsil müəssisələrinə verəcəyi töhfələr barədə danışıb. Nazir müavini qarşıda duran əsas vəzifələrdən biri kimi akkreditasiya prosesinin elektronlaşdırılması üzrə aparılan işləri forum iştirakçılarının diqqətinə çatdırıb və ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi prosesinin rəqəmsal idarəedilməsinə keçidin təmin olunacağını bildirib. İdris İsayev sonda beynəlxalq forumun ali təhsildə keyfiyyət təminatı mövzusunda aktual mövzuları əhatə etməsinin, həmçinin sahə üzrə qabaqcıl xarici agentliklərin rəhbər şəxsləri və tanınmış beynəlxalq ekspertlərin dəvətinin xüsusi əhəmiyyətini vurğulayıb. Qeyd edək ki, iki gün davam edəcək konfransın ilk günündə çıxışlar zamanı ali təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standart və təlimatlara (ESG) uyğun təşkil edilməsi, ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasında xarici keyfiyyət təminatının rolu və digər məsələlərə toxunulub. Eyni zamanda, panel müzakirələr zamanı təhsil proqramlarının dizaynı, xarici keyfiyyət təminatında tələbə təmsilçiliyinin önəmi və probleməsaslı öyrənmənin təmin edilməsində istifadə olunan yanaşma və strategiyalar haqqında fikir mübadiləsi aparılıb.
18/05/2023 16:36
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Ali təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq
Ətraflı? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili
ƏtraflıAli təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
Ətraflı