IV SABAH İncəsənət Festivalının açılış mərasimi
Naxçıvanda IV SABAH İncəsənət Festivalının açılış mərasimi keçirilib. Festivalın məqsədi “SABAH qrupları” layihəsinin incəsənətyönümlü baza ali təhsil müəssisələrində tələbələrin nailiyyətlərini əyani nümayiş etdirmək, gənclər arasında təhsil və yaradıcılığa həvəsi artırmaqdır. Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin şöbə müdiri Sevinc Cabbarova, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, SABAH İcra Komitəsinin rəhbəri Eldar Qocayev, müvafiq ali təhsil müəssisələrinin prorektorları və digər qonaqlar iştirak ediblər. Açılış mərasimində Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) SABAH qruplarının tələbələri də iştirak ediblər. Tədbirdə müxtəlif musiqi və rəqs nömrələri, tamaşalardan parçalar ifa edilib, həmçinin memarlıq layihələri, dizayn və dekorativ tətbiqi sənət nümunələri nümayiş olunub. Bundan başqa, ADRA-nın SABAH qrupları tələbələri tərəfindən bədii keramika, xalçaçılıq, toxuculuq, metal və rəngkarlıq üzrə ustad dərsləri keçirilib. Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin xüsusi dəstəyi ilə həyata keçirilib.
25/05/2023 14:50
Məktəblərdə reproduktiv sağlamlığa dair maarifləndirmə işləri
Ümumi təhsil müəssisələrinin VIII-IX sinif şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işləri həyata keçirilib. Tədbirlər Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, eləcə də “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin birgə səyləri nəticəsində təşkil olunub. Məqsəd “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”ndan irəli gələn məsələlərin icrasının təmin edilməsindən ibarətdir. Maarifləndirmə işləri yenidən təkmilləşdirilmiş “Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait” əsasında aparılıb. Qeyd edək ki, ölkə üzrə 3 274 ümumi təhsil müəssisəsində 108 004 nəfər 8-ci, 102 463 nəfər 9-cu sinif şagirdinə metodiki vəsaitə əsasən sinif saatlarında məşğələlər keçirilib. Məşğələlər sinif rəhbərləri, müvafiq fənn müəllimləri və mütəxəssislər tərəfindən aparılıb. Eyni zamanda mövzuya həsr edilmiş 1 376 valideyn iclası təşkil olunub.
25/05/2023 10:39
Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib
Mayın 23-də Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə Elm və Təhsil, Xarici İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə ali təhsil müəssisələrinin səlahiyyətli nümayəndələri arasında görüş keçirilib. Görüşün təşkilində məqsəd Azərbaycanda təhsil alan əcnəbi tələbələrə dair miqrasiya məsələlərinin tənzimlənməsi istiqamətində işin təkmilləşdirilməsindən ibarət olub. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsinin rəisi İsmayıl Abdullayev əcnəbi tələbələr üçün maarifləndirmə tədbirlərinin təşkilinin əhəmiyyətini diqqətə çatdırıb. Tədbir iştirakçılarını ölkəmizin miqrasiya qanunvericiliyinin tələbləri barədə məlumatlandıran İsmayıl Abdullayev əcnəbi tələbələrlə bağlı sənədləşmə işinin səmərəli təşkili, eləcə də ölkədə qalma və yaşama qaydaları ilə bağlı müvafiq prosedurların vaxtında həyata keçirilməsinin vacibliyini vurğulayıb. Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənov əcnəbi tələbələrin cəlbinin prioritet istiqamətlərdən biri olduğunu deyib. Adıçəkilən sahədə ali təhsil müəssisələri tərəfindən görülən işlər, eyni zamanda, nazirliyin əcnəbilərin təhsilinin təşkilinə dair optimallaşdırma ilə bağlı həyata keçirdiyi layihələrin (portal.edu.az sistemi üzərindən mərkəzləşmiş e-müraciət xidməti -“SIA: CAS: Study in Azerbaijan Centralised E-Application Service”) əhəmiyyətini qeyd edib. Sözügedən sahədə irəliləyişlərə nail olunması və cari tədris ilində təhsil alan əcnəbilərin sayında qeyd edilən artımdan bəhs olunub. Tədbirdə iştirak edən digər qonaqlar qeyd olunan məsələlərlə bağlı müvafiq qurumlar arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
24/05/2023 18:05
BDU və İsrailin Yerusəlim İbrani Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb
Mayın 24-də Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında ikili diplom proqramı və birgə tədqiqat üzrə əməkdaşlıq müqavilələrinin imzalanması mərasimi keçirilib. Mərasimdə açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, ikili diplom proqramı hər iki universitet üçün böyük elmi nailiyyətlər və beynəlxalq əməkdaşlığın yeni dövrünün başlanğıcı olacaq. Əməkdaşlıq vasitəsilə BDU-nun tələbələri İsrailin tanınmış professor-müəllim heyəti və mütəxəssisləri ilə birbaşa çalışacaq, biliyi mənbəyində əldə edəcəklər. Sözügedən proqram tələbələrin akademik təcrübəsini artırmaqla yanaşı, mədəni mübadilə və beynəlxalq şəbəkələşmə üçün də yeni imkanlar yaradacaq. Mərasimdə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, adıçəkilən layihə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən həyata keçirilir. Dövlət Proqramının ikili diplom proqramları üzrə ikinci istiqamətinə uyğun olaraq bu illər ərzində ölkənin bir neçə ali məktəbi ilə müxtəlif ölkələrin universitetləri arasında ikili diplom proqramları imzalanıb. Həmin proqramlara əsasən indiyədək 1000-dən çox Azərbaycan vətəndaşı ölkədən ayrılmadan dünyanın ən qabaqcıl universitetlərinin diplomunu əldə edib. Nazir qeyd edib ki, BDU və Yerusəlim İbrani Universiteti arasında imzalanan ikili diplom proqramı Azərbaycan tələbələri, cəmiyyəti, iqtisadiyyatı üçün böyük əhəmiyyətə malikdir. Bu proqram Azərbaycan-İsrail münasibətlərini daha da irəli aparacaq və hər iki universitet üçün uğurlu olacaq. Təhsil İnstitutunun direktoru Rüfət Əzizov öz növbəsində məlumat verib ki, layihə 3 istiqamətdən ibarətdir. Birinci istiqamət ikili diplom üzrə magistr proqramını əhatə edir. İkinci istiqamətdə hər iki universitetin gənc tədqiqatçı və tələbələrinin iştirakı ilə birgə tədqiqatların aparılması əks olunur. Proqram çərçivəsində 5 il müddətində 10 layihə həyata keçiriləcək və hər bir layihə 4 il davam edəcək. Layihənin üçüncü istiqaməti isə biotexnologiya sahəsində doktorantura təhsili ilə bağlıdır. Yerusəlim İbrani Universitetinin beynəlxalq məsələlər üzrə vitse-prezidenti, professor Oron Şaqrir isə vurğulayıb ki, layihə hər iki universitetin tələbələrinə birgə tədqiqat aparmaq və beynəlxalq təcrübə qazanmaq imkanı verəcək. Mərasimdə çıxış edən Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev isə proqramın iki xalqın müttəfiqlik münasibətlərini daha da gücləndirəcəyini bildirib. Sonra universitetlər arasında ikili diplom proqramı və birgə tədqiqat üzrə əməkdaşlıq müqavilələri imzalanıb. İmzalanma mərasimindən sonra Bakı Dövlət Universitetində Heydər Əliyev muzeyi və lektoriyasının əsaslı yenidənqurmadan sonra açılış mərasimləri keçirilib.
24/05/2023 17:25
Mətin Kərimli Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri təyin olunub
Mətin Kərimli 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib. 2000–2001-ci illərdə Fransanın Strasburq Universitetində Avropa elmləri üzrə fənlərarası diplom, 2001–2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. 2012-ci ildə Harvard Universitetini dövlət idarəetməsi ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. Mətin Kərimli Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, NATO-nun Müdafiə Siyasəti və Planlaşdırma İdarəsinin Beynəlxalq Katibliyində tərəfdaşlıq zabiti, Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib olub. Bundan başqa, Xarici İşlər və Vergilər nazirliklərində müxtəlif vəzifələrdə çalışıb. 2014-2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub. 2020-ci ilin yanvar ayından Beynəxalq Əmək Təşkilatının Sakit okean hövzəsi ölkələri üzrə ofisinin direktoru olub. İngilis, fransız, rus və ispan dillərini bilir. Evlidir, 3 övladı var.
24/05/2023 15:47
146 Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq. Belə ki, vətəndaşlar Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə 146-0-4 nömrəsi ilə əlaqə yaratmaqla cavab əldə edə bilərlər.
24/05/2023 14:50
Vətəndaş müraciətləri və vətəndaş məmnunluğu ilə əlaqədar görüşlər keçirilir
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə regional təhsil idarələri ilə birlikdə vətəndaş müraciətləri və vətəndaş məmnunluğu ilə əlaqədar maarifləndirici görüşlər keçirilir. Məqsəd yerli təhsili idarəetmə orqanlarında kommunikasiya və informasiya mübadiləsinin effektiv həyata keçirilməsinə dəstək olmaq, sözügedən qurumların bu istiqamətdəki fəaliyyətində səmərəliliyin artırılması və dataəsaslı məlumat bazasının yaradılmasıdır. Bu məqsədlə Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şirvan-Salyan, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara, Mərkəzi Aran regional təhsil idarələrinin əməkdaşları ilə görüşlər təşkil edilib. Görüşlərdə nazirlik əməkdaşları Altun Rəcəbli və Həmid Qasımov iştirak ediblər. Görüş çərçivəsində vətəndaş müraciətlərinin dataəsaslı qeydiyyatı və analitik təhlili, müraciətlərin araşdırılması, vətəndaşların qəbula dəvəti, sosial şəbəkələrdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində tədbirlər planının hazırlanması, proseslərin avtomatlaşdırılması ilə çevik kommunikasiyanın təşkili və vətəndaş qəbulu prosesinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib.
24/05/2023 11:50
UNESCO-nun İpək Yolu Proqramı tədqiqat müsabiqəsi elan edir
UNESCO-nun İpək Yolu Proqramı “Silk Roads Youth Research Grant” qrant layihəsi çərçivəsində müsabiqədə iştirak üçün tədqiqat işlərini qəbul edir. Yaşı 35-dək olan gənc tədqiqatçılar İpək Yolu ortaq irsi ilə əlaqədar olaraq müəyyən edilmiş mövzular üzrə tədqiqat layihəsi təqdim edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən namizədlər üçün son müraciət tarixi 31 may 2023-cü ildir. Müsabiqə barədə ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.
24/05/2023 11:00
Valideynlərin nəzərinə!
26 may saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə I siniflərə qəbul üçün prioritet tələbi tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə prioritetsiz qəbul aparılacaq. Sözügedən ümumi təhsil müəssisələrinin siyahısı aşağıda təqdim edilib: Heydər Əliyev adına lisey; T.İsmayılov adına 6 nömrəli məktəb-lisey; İ.Hacıyev adına tərəqqi texniki-humanitar liseyi; İ.Əfəndiyev adına elitar gimnaziya; “Ankara məktəbi” məktəb-lisey; 132-134 nömrəli təhsil kompleksi; T.Həsənov adına 23 nömrəli tam orta məktəb; Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi; Zəngi liseyi. Qeyd edək ki, adı çəkilən təhsil müəssisələrinin Azərbaycan bölməsi üzrə I siniflərinə valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin ümumi təhsil müəssisəsi üçün müəyyən edilmiş ərazidə qeydiyyatda olan və qəbul elan olunan vaxtdan ən azı bir il əvvəl həmin ünvanda rəsmi müqavilə əsasında kirayə yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin ümumi təhsil müəssisəsində işləyən, bacı və ya qardaşları həmin ümumi təhsil müəssisəsində təhsil alan uşaqlar sözügedən prioritetlərə uyğun qəbul edilirdilər.
24/05/2023 10:49
“eTwinning” layihəsi üzrə təhsilverənlərin inkişafı üçün tədbirlər həyata keçirilir
Cari ilin may ayı ərzində “eTwinning” layihəsi çərçivəsində ümumilikdə 17 təhsil işçisi olmaqla 8 müəllim Avropanın müxtəlif ölkələrində keçirilən konfranslarda, 9 müəllim isə beynəlxalq onlayn təlimlərdə iştirak edib. Avropa Mərkəzi Dəstək Xidmətinin dəstəyi ilə keçirilən tədbirlərin məqsədi təhsilverənlərin müasir metodlar üzrə tədrisinin inkişaf etdirilməsi, İKT və dil bacarıqlarının artırılması, həmkarları ilə ortaq dərs nümunələri, beynəlxalq layihələrin yaradılmasına şərait yaratmaqdır. Layihə çərçivəsində pedaqoji işçilər üçün onlayn təlimlərdə iştirak imkanı da yaradılıb. Belə ki, cari ayda inklüziv məktəb mövzusunda Yunanıstan Milli Dəstək Xidməti tərəfindən keçirilən beynəlxalq tədbirə ölkə üzrə 9 müəllim qatılıb. Bundan başqa, 15-17 may tarixlərində Bakıda “İnnovasiya və təhsil” adlı beynəlxalq tədbir təşkil edilib. 7 Avropa ölkəsindən 25 təhsil işçisi və Azərbaycanın 8 bölgəsindən 28 müəllimin iştirak etdiyi seminarın nəticəsi olaraq 22 ortaq dərs modeli yaradılıb. Növbəti tədris ilindən dərs modellərinin icrasına başlanılması nəzərdə tutulur. Qeyd edək ki, “eTwinning“ Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və məktəbəqədər, orta məktəb, ali təhsil sahəsində çalışan təhsil işçilərinə peşəkar inkişaf təlimlərində iştirak, beynəlxalq əməkdaşlıq etmək, ortaq dərs modelləri yaratmaq, həmçinin Avropada ən böyük öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir.
23/05/2023 12:26
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili
ƏtraflıAli təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı