Azərbaycan Türk Dövlətləri Təşkilatı təhsil nazirlərinin 7-ci iclasında təmsil olunur
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) təhsil nazirlərinin 7-ci iclasında iştirak edib. Firudin Qurbanov səfər çərçivəsində Özbəkistan Respublikasının məktəbəqədər və ümumtəhsil naziri Xilola Umarova və Qırğız Respublikası təhsil və elm nazirinin müavini Aida Rısbayeva ilə görüşüb. Görüşlər zamanı tərəflər arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub. Tərəflər şagird mübadiləsi, təhsilalanların festival və olimpiadalarda birgə iştirakı, TDT çərçivəsində müştərək layihələrin icrası sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanların mövcudluğunu qeyd ediblər. Firudin Qurbanov işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə 960 şagirdlik məktəbin tikintisinə görə Xilola Umarovaya təşəkkürünü bildirib. Səfər çərçivəsində nazir müavini Səmərqənd şəhərində fəaliyyət göstərən Prezident məktəbi, 48 saylı məktəbəqədər təhsil müəssisəsi və Səmərqənd Dövlət Universitetini ziyarət edib, təhsil müəssisələrində yaradılan şəraitlə tanış olub. Firudin Qurbanov Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, Özbəkistan Respublikasının məktəbəqədər və ümumtəhsil naziri Xilola Umarova, Türkiyə Respublikası milli təhsil nazirinin müavini Nazif Yılmaz, Qırğız Respublikası təhsil və elm nazirinin müavini Aida Rısbayeva, Qazaxıstan Respublikası elm və təhsil nazirinin müavini Kuanış Yerqaliyevin iştirakı ilə yüksək səviyyəli iclasda da iştirak edib. Tədbirdə çıxış edən nazir müavini TDT çərçivəsində təhsil sahəsində görülən işlərlə bağlı məlumat verib. Firudin Qurbanov “XV əsrə qədər ortaq türk tarixi” dərsliyinin təhsil müəssisəsində fakültətiv fənn kimi tədris olunduğunu bildirib. Bundan başqa, nazir müavini Azərbaycanın ali təhsil müəssisələrinin Türk Universitetlər Birliyinin fəaliyyətində aktiv iştirak etdiyini, Azərbaycan Dövlət İqtisad Universitetinin 2023-2024-cü illər üçün birliyə sədrlik edəcəyini vurğulayıb. Türkdilli dövlətlərdən olan yeniyetmə və gənclərin müxtəlif olimpiada və yarışlarda iştirakının önəmini vurğulayan nazir müavini iyunun 1-də Şuşada türkdilli dövlətlərin uşaq rəqs qruplarının iştirakı ilə keçirilmiş “Heydər Əliyev – türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalını və ölkəmizdə keçirilmiş “Tarix üzrə ortaq türk dünyası olimpiadası”nı nümunə çəkib. Daha sonra gündəlikdə duran məsələlərlə bağlı tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb. Nazir müavini müzakirə və təklif edilən məsələlərə münasibət bildirib.
14/06/2023 18:44
Ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri
İyunun 14-də Bakı şəhəri 229 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Nizami Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Coşqun Cəbrayılov və digər qonaqlar iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Salamlama nitqi ilə çıxış edən məktəbin direktoru Vüsalə Məmmədova məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar diləyib. Direktor rəhbərlik etdiyi təhsil ocağında ümumilikdə 1 537 şagirdin təhsil aldığını, onlardan 107 nəfərin bu il məzun olduğunu diqqətə çatdırıb. Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli məzunları XI sinfi başa vurmaları münasibətilə təbrik edib, onlara gələcək təhsil həyatlarında nailiyyətlər arzulayıb və şagirdlərin vətənə, xalqa, dövlətə layiqli gənclər, şəxsiyyətlər kimi yetişəcəyindən əminliyini bildirib. Aparat rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərin gələcəyimiz olan gənclərə daha yaxşı təhsil imkanı yaratmaq, təhsilin əlçatanlığını təmin etmək və savadlı nəsil yetişdirmək olduğunu vurğulayıb. BŞTİ-nin müdiri Mehriban Vəliyeva da öz növbəsində dərs ilinin başa çatması münasibətilə bütün təhsil iştirakçılarını, xüsusilə məzunları təbrik edib. İdarə müdiri ötən tədris ilində paytaxtın təhsil həyatında yaddaqalan məqamlar, həyata keçirilən uğurlu layihələr və yeniliklərdən danışıb, məzunlara uğurlar arzulayıb. Nizami RİH-in başçısı Coşqun Cəbrayılov çıxış edərək “Son zəng” münasibətilə məzunları təbrik edib, ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunan müvafiq proqramların təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyilləri yaratdığını söyləyib.
14/06/2023 17:00
Elm sahəsində ilkə imza atıldı
İlk dəfə olaraq Azərbaycanın özəl və dövlət ali təhsil müəssisələri, eləcə də bütün elmi-tədqiqat institutları üçün dünyanın ən böyük elmmetrik bazası olan “Scopus”a çıxış imkanı təmin ediləcək. Bu məqsədlə iyunun 14-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə “Elsevier” şirkəti arasında müqavilə imzalanıb. İmzalanma mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev, “Elsevier” şirkətinin regional direktoru Tayfun Basal, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev və digər qonaqlar iştirak ediblər. “Scopus” elmmetrik bazasının müxtəlif resurs və alətlərinə çıxış imkanı verən müqavilənin imzalanması təşəbbüsünü yüksək qiymətləndirən nazir müavini İdris İsayev bildirib ki, bu resurslardan ölkəmizin 100-dən çox dövlət və özəl qurumlarında çalışan alim və tədqiqatçılar, həmçinin tələbələr bəhrələnəcəklər. Nazir müavini qeyd edib ki, imzalanan müqavilə elmmetrik bazalara əlçatanlığı təmin etməklə gələcəkdə elmi nəticələrin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına təkan verəcək. Çıxış edən digər qonaqlar bildiriblər ki, elmi-tədqiqat müəssisələri və tədqiqatçıların “Scopus”da profillərinin təkmilləşdirilməsi onların elmi fəaliyyətinə əlçatanlığın artmasına, dünyadakı digər elmi qurum və alimlərlə əməkdaşlığına xidmət edəcək. Müqavilənin imzalanması mərasimindən sonra ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının müvafiq əməkdaşları üçün “Scopus” və “ScienceDirect” bazalarının istifadəsi ilə bağlı təlim keçirilib. Qeyd edək ki, “Scopus” ən böyük elmmetrik baza olmaqla yanaşı, həm də beynəlxalq reytinqlər üzrə universitetlərin elmi-tədqiqat göstəricilərinin hesablanması üçün istifadə edilən platformadır.
14/06/2023 16:10
Naxçıvanda STEAM Mərkəzi açılıb
İyunun 14-də Naxçıvan şəhərində STEAM Mərkəzinin açılış mərasimi keçirilib. Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və digər qonaqlar iştirak ediblər. Qonaqlar mərkəzdə yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, zəruri avadanlıqlarla təmin olunan mərkəzdə xüsusi istedadı ilə seçilən bacarıqlı şagirdlərin təhsil alması nəzərdə tutulur. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında yerləşən 212 məktəbin 156-da STEAM kabinetləri yaradılıb. 400-dən çox müəllim STEAM təlimlərinə, 19 minə yaxın şagird isə STEAM təhsilinə cəlb olunub.
14/06/2023 16:00
Elm və təhsil naziri Naxçıvanda “Son zəng” tədbirində
İyunun 14-də elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan şəhəri Heydər Əliyev adına tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak edib. Tədbirdən əvvəl Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri düzülüb. Daha sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Elm və təhsil naziri Emin Əmrullayev 2023-cü ilin "Heydər Əliyev İli" olduğunu xatırladaraq "Son zəng" tədbirinin Naxçıvanda ulu öndərin adını daşıyan məktəbdə keçirilməsinin əhəmiyyətini qeyd edib. 2022-2023-cü tədris ilinə Ağalı kənd tam orta məktəbində ilk zənglə başlanıldığını xatırladan Emin Əmrullayev tədris ili çərçivəsində Talış və Suqovuşan kənd tam orta məktəblərinin də istifadəyə verilməsini qürurverici hadisə olaraq qiymətləndirib. Çıxışının sonunda məzunları təbrik edən elm və təhsil naziri təkcə akademik nailiyyətlərə deyil, həm də vətəndaş dəyərlərinə malik olmağın vacibliyini bildirib. Daha sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məzunları təbrik edib, onlara gələcək həyatlarında nailiyyətlər arzulayıb. Tədbir ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Qeyd edək ki, 2022-2023-cü tədris ilində ölkə üzrə 98 649 nəfər XI sinfi bitirir. Onlardan 3 166 nəfəri Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən məzun olur.
14/06/2023 13:08
Bu il 98649 nəfər XI sinfi bitirir
2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 707 279 nəfər təşkil edib. Cari tədris ilində ümumi təhsil müəssisələrində 98649 nəfər XI sinfi, 145597 nəfər isə IX sinfi bitirir. Bu tədris ilində ölkə üzrə 151 560 şagird birinci sinfi bitirir. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 90 666 uşaq təhsil alıb.
14/06/2023 09:20
BSU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb
İyunun 13-də Təhsilin İnkişafı Fondu (TİF), Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Bakı Slavyan Universiteti (BSU) arasında IELTS imtahanına təşviqlə bağlı layihə çərçivəsində üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Sözügedən layihənin məqsədi universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların ingilis dilini mənimsəməsi üçün uyğun əlverişli şəraitin yaradılması fəaliyyətinin dəstəklənməsidir. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev bu layihənin universitetin yenidən təşkili və inkişafına töhfə verəcəyindən əmin olduğunu bildirərək onun yaratdığı imkanların bütün BSU ailəsi üçün gələcək perspektivlər açdığını qeyd edib. TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov sözügedən layihənin ali təhsil müəssisələrinin elmi-pedaqoji heyəti, tələbələri və ümumilikdə təhsil sisteminin inkişafı üçün yaradacaq imkanları vurğulayıb. Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri səlahiyyətlərini icra edən Yaqub Piriyev müqavilənin əhəmiyyətindən danışıb. Yaqub Piriyev bakalavr və magistrlar üçün ali təhsilin növbəti pillələrində dil üzrə imtahanlarda uğur qazanmaq üçün şərait yaradıldığını qeyd edib. TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova da öz növbəsində imzalanan müqavilənin ali təhsil müəssisəsinin həm akademik heyəti, həm də tələbələri üçün faydalı olduğunu qeyd edib, hər kəsin bu müqavilənin yaratdığı imkanlardan bəhrələnəcəyinə əminliyini ifadə edib. Sonra üçtərəfli müqavilənin imzalanma mərasimi keçirilib.
13/06/2023 17:00
Ukraynalı müəllim və şagirdlər akademik Zərifə Əliyeva adına liseydə olublar
İyunun 13-də ölkəmizdə səfərdə olan Ukraynanın Zərifə Əliyeva adına İrpen humanitar xarici dillər liseyinin direktor, müəllim və şagird heyəti Bakıda akademik Zərifə Əliyeva adına liseyi ziyarət edib. Liseylə tanışlıq çərçivəsində qonaqlara təhsil müəssisəsinin məzunu, Vətən müharibəsi şəhidi Namiq Quliyev haqqında məlumat verilib. Qonaqlar liseyin robototexnika otağı, kitabxana və idman zalına baxış keçiriblər. Hər iki liseyin direktoru bu səfəri təhsil ocaqları arasındakı əməkdaşlıq istiqamətində atılan addım kimi yüksək dəyərləndirib, gələcəkdə hazırkı əməkdaşlıq və dostluğun möhkəmlənəcəyinə inamlarını ifadə ediblər. Daha sonra şagirdlərin ifasında rəqs nömrələri nümayiş etdirilib, musiqilər səsləndirilib.
13/06/2023 15:00
Sabah məktəblərdə “Son zəng”dir
İyunun 14-də ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçiriləcək. Tədbir hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq. “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilərlər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək. Qeyd olunan məsələlər müvafiq əmrdə vurğulanıb.
13/06/2023 12:25
Ukraynalı müəllim və şagirdlər ölkəmizdə səfərdədirlər
Ukraynanın akademik Zərifə Əliyeva adına İrpen humanitar xarici dillər liseyinin direktor, müəllim və şagird heyəti ölkəmizdə səfərdədir. Səfərin məqsədi qardaşlaşmış məktəblər nümunəsinin daha intensiv şəkildə təqdim edilməsi, şagirdlər arasında ünsiyyətin qurulması, iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsidir. Nümayəndə heyətinin birhəftəlik səfər proqramına Fəxri xiyaban, Şəhidlər xiyabanı, Hərbi Qənimətlər Parkı, Heydər Əliyev Mərkəzi və STEAM İnnovasiya Mərkəzinə ziyarət daxil edilib. Qonaqların həmçinin akademik Zərifə Əliyeva adına lisey, Bakı Avropa liseyi və bir neçə təhsil müəssisəsi ilə tanışlığı nəzərdə tutulub. Səfər çərçivəsində akademik Zərifə Əliyeva adına İrpen humanitar xarici dillər liseyinin direktorunun Naxçıvan şəhərinə səfəri, Zərifə Əliyeva adına Şahtaxtlı kənd məktəbi, ulu öndər Heydər Əliyev adına məktəb və muzeyi ziyarəti də təşkil ediləcək.
13/06/2023 11:42
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun
Ətraflı