Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Valideynlərin nəzərinə!

20 iyun saat 11:00-dan etibarən tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələrdən uğur qazanan uşaqlar üçün məktəb seçimi prosesinə başlanılacaq.     Eyni zamanda, həmin tarixdən 27 iyun saat 18:00-dək “Ankara məktəbi” məktəb-lisey, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi, İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli təhsil kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, Zəngi liseyi və 160 nömrəli Klassik gimnaziyanın rus bölməsi üçün prioritetlər üzrə üstünlüyü olan uşaqların məktəb seçimi, prioriteti olmayan uşaqlar üçün isə müsabiqələrə qeydiyyat prosesinə başlanılacaq.     Qeyd edək ki, yuxarıda adları qeyd edilmiş ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olan uşaqların qəbulu müsabiqədənkənar aparılır. Bunun üçün valideyn elektron sistemdə övladı üçün prioritetlər üzrə sorğu yerləşdirməlidir.     Bakı Avropa liseyi, Respublika incəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci siniflərinə həm Azərbaycan bölməsi, həm də rus bölməsi üzrə qəbul yalnız müsabiqə yolu ilə aparılır. Qeyd edilən tarixlərdə həmin müəssisələr üçün də müsabiqələrə yazılma aktiv olacaq. 

II Bakı Elm Olimpiadasının qalibləri mükafatlandırılıb

İyunun 12-də ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş II Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Olimpiada Bakıda yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında təşkil edilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, elm və təhsil nazirinin müşaviri Nigar Bağırlı, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, nazirlik yanında İctimai Şuranın sədri Günel Səfərova və digər qonaqlar iştirak ediblər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə II Bakı Elm Olimpiadası barədə videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onları daim həvəsləndirmək, yaradıcılığa və elmə maraqlarını artırmaq məqsədilə keçirilən müsabiqə, eləcə də olimpiadaları yüksək qiymətləndirib. Aparat rəhbəri əlavə edib ki, təşkil edilən yarışlar şagirdlərin nəzəri və təcrübi biliklərini təkmilləşdirir, onlara beynəlxalq və yerli olimpiadalarda iştirak təcrübəsi qazandırır. BŞTİ-nin müdiri Mehriban Vəliyeva da öz növbəsində II Bakı Elm Olimpiadasını yüksək təhsilli, intellektual Azərbaycan gəncliyinin yetişməsinə hər zaman qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə məktəblilərin ən dəyərli töhfəsi kimi dəyərləndirib. BANM-in rektoru Elmar Qasımov belə olimpiadaların şagirdlərin bilik və bacarıqlarının artırılmasına, təlim motivasiyasının yüksəldilməsinə müsbət təsir göstərdiyini deyib, qaliblərə uğurlar arzulayıb. Daha sonra müsabiqə üzrə I, II, III yerlərin qalibi olan şagirdlərə medal, diplom və hədiyyələr təqdim olunub.

Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu davam edir

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə sənəd qəbulu davam edir. Proses 14 iyul 2023-cü il tarixinədək davam edəcək.   Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz.   Qeyd edək ki, tədris ilinin başlamasına az vaxt qaldığı üçün müraciətlərin qısa müddətdə edilməsi tövsiyə olunur.

“Təhsilimiz: dünəndən sabaha” adlı elmi-praktik konfrans keçirilib

İyunun 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  “Təhsilimiz: dünəndən sabaha” adlı elmi-praktik konfrans keçirilib. Konfrans Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və ADPU-nun təşkilatçılığı ilə baş tutub. Humanist Pedaqogika üzrə Beynəlxalq Təhsil Təşkilatları Assosiasiyasının prezidenti, Əməkdar müəllim Asif Cahangirovun 75 illiyinə həsr edilən konfransa Qazaxıstan, Yeni Zelandiya, Rusiya, Gürcüstan və Azərbaycandan elm və təhsil xadimləri qatılıblar. Konfransın məqsədi dünəndən sabaha yönələn təhsili müzakirə etmək, təhsildə keyfiyyətin yüksəldilməsinə nail olmaq üçün perspektivləri nəzərdən keçirmək, qabaqcıl beynəlxalq təcrübə və yeni yanaşmalarla tanış olmaqdır. “Optimist baxışlarla” devizi altında “T-Network” platformasının rəhbəri Cəfər Mənsiminin moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə yubiliyarın elmi-pedaqoji fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov Elm və Təhsil Nazirliyinin dəstəyi ilə rəhbərlik etdiyi ali təhsil müəssisəsində pedaqoji elmə töhfələr verən alimlərin irsinin tanıdılmasına həsr olunmuş tədbirlərin ənənəvi xarakter aldığını diqqətə çatdırıb. Rektor çıxışında Asif Cahangirovun təhsil sahəsində zəngin təcrübə və dayanıqlı səriştələrə malik olduğunu vurğulayıb, ona xatirə hədiyyəsi təqdim edib. Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev son bir əsrdə Azərbaycan təhsilinin inkişafının müxtəlif ictimai-siyasi şəraitlərdən keçərək bir çox sınaqlara məruz qaldığını diqqətə çatdırıb. Vətən müharibəsindəki tarixi zəfərimizə toxunan Emin Əmrullayev diqqətə çatdırıb ki, bu il ilk dünyəvi məktəbimiz olan Şuşa şəhəri 1 nömrəli məktəbin təmirdən sonra açılışı olacaq. Bu, tarixi zəfərimizin və Azərbaycan təhsilinin böyük simvoludur. Elm və təhsil naziri çıxışında  Azərbaycan təhsilində tədqiqatlara əsaslanan elmiliyi artırmağın zəruriliyini vurğulayıb. Nazir “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 2026-cı ilə qədər olan dövr üçün təhsilin inkişafı baxımından əsas hədəflərin əks olunduğunu və bu istiqamətdə planlı fəaliyyətin icra edildiyini bildirib. Sonda nazir qeyd edib ki, təhsilin inkişafında son illərin əhəmiyyətli yanaşmalarından biri də Azərbaycanın beynəlxalq qiymətləndirmə tədqiqatlarına qatılmasıdır. Sonra Əməkdar müəllim Asif Cahangirov, Humanist Pedaqogika üzrə Beynəlxalq Mərkəzin fəxri prezidenti Şalva Amonaşvili, Yeni Zelandiyadan olan təhsil üzrə məsləhətçi Qreem Pollok, Bakı Slavyan Universitetinin prorektoru Ənvər Abbasov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva və digər iştirakçılar çıxış ediblər. Tədbirdə Asif Cahangirova Humanist Pedaqogika üzrə Beynəlxalq Mərkəzin ali mükafatlarından olan “Ruh qəhrəmanı” ordeni təqdim olunub. Elmi-praktik konfrans bədii qiraət dəqiqələrindən sonra müzakirələrlə davam etdirilib.

4-cü siniflərdə monitorinq keçirilib

Bu gün Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil olunub.   Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb.   Monitorinqin nəticəsi nə şagirdlərin yekun balına, nə də onların sinifdən sinfə keçmələrinə təsir göstərmir.   Əsas məqsəd ibtidai təhsilin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını, eləcə də problemləri və ehtiyacları müəyyən etmək və onlara uyğun tədbirlər görməkdir.   Monitorinq zamanı şagirdlərə tədris dili üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunub.

Məktəbli idmançılar arasında “Təhsil” beynəlxalq cüdo turniri başlayıb

İyunun 9-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təhsil” beynəlxalq cüdo turnirinə start verilib. Turnir Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilir.    Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzində keçirilən yarışa uşaq-gənclər idman məktəbləri, idman klubları və xarici ölkələrdən komandalar qatılıb. Yarışda Azərbaycanla yanaşı, Slovakiya, Macarıstan, İsveç, Latviya, Qazaxıstan, Niderland, Özbəkistan, Çexiya və Polşadan ümumilikdə 500-dən çox idmançı iştirak edir.   Qeyd edək ki, iki gün davam edən turnirdən sonra 11-13 iyun tarixlərində "Təhsil" Respublika İdman Mərkəzinin “Zuğulba” tədris-idman bazasında beynəlxalq və yerli idmançıların iştirakı ilə təlim-məşq toplanışı keçiriləcək.    Turnirin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin irsinin təbliği, yeniyetmə idmançıların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və cüdo idman növü üzrə yeniyetmələrdən ibarət yığma komandalara namizədlərin seçilməsidir.

Elm və ali təhsil üzrə kommunikasiya görüşü keçirilib

İyunun 9-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələrinin iştirak etdiyi növbəti kommunikasiya görüşü keçirilib. Görüşdə ali təhsilə əlçatanlıq və dövlət sifarişli yerlərin sayının artırılması, dövlət imtahanının ləğvi və beynəlxalq ikili diplom proqramları üzrə tələbə qəbulu əsas müzakirə mövzularından olub.    Görüşdə çıxış edən Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev növbəti tədris ilindən bəzi ixtisaslar üzrə dövlət sifarişli yerlərin sayının artırılacağını bildirib. Yaqub Piriyev qeyd edib ki, İT ixtisasları üzrə bakalavriat və magistratura səviyyələrinə qəbul olunanların 90 faizindən çoxu, eləcə də tibb ixtisasını seçən tələbələrin 90 faizindən çoxu dövlət sifarişi hesabına təhsil alacaq.   Dövlət imtahanının ləğvi məsələsinə toxunan Yaqub Piriyev vurğulayıb ki, 2023-2024-cü tədris ilindən başlayaraq məzunların 70 faizi dövlət imtahanından azad olunacaq.   Yaqub Piriyev beynəlxalq ikili diplom proqramlarından da danışıb. Bildirilib ki, yeni tədris ilində 2 yeni beynəlxalq ikili diplom proqramı üzrə tələbə qəbulu aparılacaq. Qəbul BDU ilə İsrailin Yerusəlim İbrani Universiteti və ADNSU ilə Böyük Britaniyanın Vorvik Universiteti arasında imzalanan müqavilələr çərçivəsində həyata keçiriləcək.   Daha sonra media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.

Akkreditasiya Şurasının yeni tərkibdə ilk iclası keçirilib

İyunun 8-də Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının yeni tərkibdə ilk iclası keçirilib.   İclasda bir sıra ali təhsil müəssisələrində həyata keçirilmiş institusional akkreditasiya qiymətləndirməsi əsasında müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhlillər təqdim edilib.   Müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin institusional akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə, Sumqayıt Dövlət Universitetinin institusional akkreditasiya nəticəsinin isə “qismən uyğundur” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il uzadılması və təhsil müəssisəsinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərarı alınıb.  Bundan başqa, qaydalara uyğun olaraq, institusional akkreditasiyası 2023-cü ildə nəzərdə tutulmuş Naxçıvan Dövlət Universitetinin mövcud akkreditasiya şəhadətnaməsinin etibarlılıq müddətinin 1 ilədək uzadılması ilə bağlı müraciəti müzakirə edilərək şurada səsverməyə qoyulub və institusional akkreditasiyanın keçirilməsinin 2024-cü ilə təyin edilməsi barədə qərar qəbul edilib.   Qeyd edək ki, Akkreditasiya Şurasına elm və təhsil naziri Emin Əmrullayev sədrlik edir. Şuranın iclasları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun olaraq təşkil olunur. İclaslarda təhsil və ya müvafiq elmi-tədqiqat sahələrinin mütəxəssisləri, işəgötürənlər, təhsilalanlar, eləcə də tabeliyində təhsil müəssisəsi olan nazirlik, təşkilat və idarələrin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Türkiyəli məktəblilər Şuşada

Türkiyə Respublikasının Ankara şəhərinin ümumi təhsil müəssisələrinin şagird və müəllimləri, həmçinin Milli Təhsil Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.   İyunun 8-də nümayəndə heyəti Şuşa şəhərinə səfər edib. Səfər çərçivəsində Şuşa şəhərinin tarixi-memarlıq abidələri, o cümlədən Bülbülün ev muzeyi, Yuxarı Gövhər ağa məscidi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa qalası və Cıdır düzü ziyarət edilib.   Qonaqlara türk dünyasının mədəniyyəti paytaxtı elan edilmiş Şuşa şəhərində aparılan quruculuq işləri, o cümlədən təhsil müəssisələrinin tikintisi haqqında ətraflı məlumat verilib.

“Mənim dayanıqlı həyat tərzim” proqramına start verilib

BMT-nin Ətraf Mühit Proqramı (UNEP), həmçinin BMT-nin Sistem işçiləri kolleci (UNSSC) tərəfindən “Mənim dayanıqlı həyat tərzim” adlı proqrama start verilib.    Proqramın məqsədi uşaq və gənclərin daha yaxşı, sağlam, ədalətli prinsiplərə uyğun yaşam tərzi seçmələrinə, eləcə də dayanıqlı addımların atılması üçün əsaslandırılmış məlumatlar əldə etmələrinə şərait yaratmaqdır.    Proqramda iştirak üçün dünyanın müxtəlif ölkələrindən 3500-dən çox müraciət daxil olub və onlardan 1000 nəfəri iştirak haqqı qazanıb. Azərbaycandan ilk dəfə olaraq Respublika Uşaq-gənclər İnkişaf Mərkəzinin ekoklub üzvləri, "EkoSfera" Sosial-ekoloji Mərkəz İctimai Birliyinin könüllü və gənc əməkdaşları sırasından 45 nəfər proqramda iştirak imkanı əldə edib.    Qeyd edək ki, sözügedən proqram insanları gündəlik həyatlarında daha dayanıqlı davranış seçimlərinə cəlb edən innovativ öyrənmə platformasıdır. Proqram 5 iyun-17 iyul tarixlərini əhatə edəcək.   

01/06/2026

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura

Ətraflı
01/06/2026

Elm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun

Ətraflı