“Son zəng” tədbiri haqqında Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri
Respublikanın ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” tədbirinin keçirilməsini təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:
1. “Son zəng” tədbiri 14 iyun 2023-cü il tarixdə hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunsun.
2. “Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin dəvət olunması ümumi təhsil müəssisəsinin rəhbərlərinə tövsiyə edilsin.
3. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri “Son zəng”in keçirilməsi müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görsünlər.
4. İnformasiya və vətəndaşlara xidmət şöbəsi və İctimaiyyətlə əlaqələr sektoru (Rəşad Xanlarov, Cəsarət Valehov) əmrin Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini və yerlərə çatdırılmasını təmin etsinlər.
5. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunsun.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
7 iyun 2023-cü il
3-29/3-2-339F/2023