Dünya Təhsil Forumunun direktoru “Yeni çağırışlar”da
26 iyun saat 19:00-da Dünya Təhsil Forumunun direktoru Dominik Savaj “Yeni çağırışlar” müzakirə proqramında qonaq olacaq. Dominik Savaj ilə daha təhsilli gələcək barəsində danışılacaq. Dominik Savaj otuz ildən çox Britaniya Təhsil Təchizatçıları Assosiasiyasının baş direktoru olub. Uzun illər müxtəlif təhsil komitələrinin, Böyük Britaniya Hökumətinin Təhsil Texnologiyaları üzrə Fəaliyyət Qrupu və Beynəlxalq Təhsil Şurasının üzvü kimi fəaliyyət göstərib. Qeyd edək ki, proqram Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.
21/06/2023 14:28
Lisey və gimnaziyaların VIII sinfinə qəbul imtahanlarının nəticələri açıqlanıb
Bakı şəhəri və bölgələrdə yerləşən bir neçə lisey və gimnaziyanın VIII sinfinə mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. Şagirdlər sy.edu.az portalı üzərindən yaradılmış "Şəxsi kabinet"lərinə daxil olmaqla imtahan nəticələrini öyrənə bilərlər. Minimum 10 bal nəticə göstərmiş şagirdlər seçim mərhələsinə buraxılırlar. Növbəti mərhələdə iştirak hüququ qazanmış şagirdlər 4 iyul saat 16:00-dək lisey və gimnaziyalar arasından seçim etməlidirlər. Seçimdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcəklər. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil. Qeyd edək ki, qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər 25 iyun saat 12:00 tarixinədək office@arti.edu.az elektron ünvanı vasitəsilə qəbul edilir.
21/06/2023 12:00
Məktəblərdə elektron xidmətlərdən istifadə qaydaları ilə bağlı maarifləndirici görüşlər keçirilib
Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin əməkdaşları tərəfindən ümumtəhsil məktəblərində şagird, valideyn və müəllimlər üçün elektron xidmətlərdən istifadə qaydaları ilə bağlı maarifləndirici görüşlər keçirilib. Maarifləndirici görüşlər Bakı, Sumqayıt və Xırdalan üzrə ümumilikdə 15 məktəbdə təşkil edilib. Görüşlərdə Elm və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən portal.edu.az, mektebeqebul.edu.az, sy.edu.az dp.edu.az, apply.enic.edu.az, edu.gov.az, e-ttfk.edu.az platformaları haqqında məlumat verilib. Bununla yanaşı, elektron xidmətlərdən istifadənin vətəndaşlar üçün üstünlüklərindən danışılıb. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
21/06/2023 11:30
Beynəlxalq münasibətlər və diplomatiya üzrə ikinci yay məktəbi
9-14 avqust tarixlərində tələbələr üçün Şamaxı rayonunda beynəlxalq münasibətlər və diplomatiya üzrə ikinci yay məktəbi təşkil ediləcək. Yay məktəbi “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Xəzər Universiteti və Topçubaşov Mərkəzinin tərəfdaşlığı ilə keçiriləcək. Yay məktəbinin keçirilməsində məqsəd müxtəlif yerli, xarici universitetlərin tələbə və məzunlarına dünya, eləcə də regiondakı siyasi-iqtisadi vəziyyətin obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması, xarici siyasət mövzuları üzrə müzakirələrdə iştirak imkanı yaratmaqla səmərəli öyrənmə platformasının təsis edilməsidir. Yay məktəbində aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulur: Siyasi elmlər, beynəlxalq münasibətlər, hüquq, beynəlxalq hüquq, regionşünaslıq və dövlət idarəçiliyi ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan sonuncu kurs tələbələri; Sadalanan ixtisaslarda magistratura səviyyəsində təhsil alanlar və son illərdə məzun olmuş gənc peşəkarlar (yerli və xarici ali təhsil müəssisələrindən); Yay məktəbinin mövzusu üzrə beynəlxalq təlim və seminarlarda iştirak etmiş, eləcə də yerli və xarici təşkilatlarda təcrübə keçmiş şəxslər; Yüksək motivasiya, təşəbbüskarlıq, strateji və sistemli düşünmə, komandada işləmək, düzgün qərar qəbul etmək bacarıqlarına malik gənclər; İngilis dili üzrə səlis danışıq və yazı qabiliyyəti olan namizədlər (digər dilləri bilmək üstünlükdür). İştirak etmək istəyən və müvafiq tələblərə uyğun gələn şəxslər aşağıdakı keçidə daxil olmaqla qeydiyyatdan keçə bilərlər. Qeydiyyat forması: https://forms.gle/LM3S5FoJjdwKMbdy8 Qeydiyyatın bitmə tarixi: 16 iyul 2023-cü il. Nəzərinizə çatdıraq ki, qeydiyyatdan keçmiş iştirakçıların dil bacarıqları və mövzu üzrə ilkin biliklərinin qiymətləndirilməsi üzrə müsahibə təşkil ediləcək. Qiymətləndirmədən uğurla keçən şəxslər yay məktəbində iştirak hüququ qazanacaqlar. Proqram haqqında daha ətraflı məlumat isə seçilmiş iştirakçılara təqdim olunacaq. Əlaqə: Apply@konullu.edu.az (Subject: Summer School).
21/06/2023 10:41
İctimaiyyət nümayəndələri sertifikatlaşdırma imtahanlarını izləyib
Sertifikatlaşdırma imtahanlarının gedişi ilə yaxından tanış olmaq məqsədilə Elm və Təhsil Nazirliyinin nümayəndələri, millət vəkilləri, media qurumlarının rəhbərləri və tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə iyunun 20-də imtahanların keçirildiyi Bakı şəhəri 161 nömrəli tam orta məktəbə mediatur təşkil edilib. Mediatur iştirakçılarına məlumat verilib ki, bu gün ilk olaraq ibtidai sinif müəllimləri üçün sertifikatlaşdırma imtahanları keçirilir. 20 000-ə yaxın ibtidai sinif müəllimi 20-23 iyun tarixlərində imtahana cəlb olunacaq. İyunun 24-də isə 8 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi üçün test imtahanları keçiriləcək. Mediaturda iştirak edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli qeyd edib ki, sertifikatlaşdırma müəllimlərin davamlı inkişaf prosesidir və sertifikatlaşdırmadan keçən müəllimlər tədris prosesində daha üstün səriştə, bacarıq sərgiləyirlər. Mətin Kərimli əlavə edib ki, sertifikatlaşdırma diferensiallaşmış əməkhaqqı sisteminin tətbiqinə uyğun maaş artımına və sosial rifahın yüksəlməsinə də imkan yaradır. Daha sonra qonaqlar proseslə bağlı fikir mübadiləsi aparıblar. Qeyd edək ki, sertifikatlaşdırma imtahanları 20-24 iyun tarixlərini əhatə edir. Test imtahanları ölkənin 13 müxtəlif şəhəri üzrə 23 mərkəzdə təşkil olunub.
20/06/2023 17:32
Sertifikatlaşdırma prosesinə start verilib
İyunun 20-dən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. Sertifikatlaşdırmanın ilk mərhələsi ölkənin 13 müxtəlif şəhəri üzrə 23 imtahan mərkəzində təşkil olunur. 20-23 iyun tarixlərində 20 000-ə yaxın təhsilverən ibtidai sinif, 24 iyun tarixində 8 500-dən çox müəllim Azərbaycan dili və ədəbiyyat üzrə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunacaq. Ümumilikdə sertifikatlaşdırmanın test imtahanı mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub. Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar. Sertifikatlaşdırmada iştirak edən bütün müəllimlərə uğurlar arzulayırıq!
20/06/2023 11:23
Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində altkomitənin doqquzuncu iclası keçirilib
Belçika Krallığının Brüssel şəhərində Azərbaycan – Avropa İttifaqı Əməkdaşlıq Komitəsi çərçivəsində təsis olunmuş məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə altkomitənin doqquzuncu iclası keçirilib. Azərbaycan tərəfindən Elm və Təhsil Nazirliyinin həmsədrlik etdiyi iclasda Xarici İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Mədəniyyət, Səhiyyə nazirliklərinin nümayəndələrindən ibarət heyət iştirak edib. İclas zamanı Azərbaycan Respublikası və Avropa İttifaqı arasında sözügedən altkomitənin əhatə etdiyi sahələr üzrə əməkdaşlığın cari vəziyyəti, gələcək perspektivləri müzakirə edilib.
20/06/2023 10:30
Çində təhsil hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq ümumilikdə 20 nəfər Azərbaycan Respublikası vətəndaşı 2023-2024-cü tədris ili üzrə bu ölkənin nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb. Seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində sözügedən 20 nəfər bu ölkənin “Shangai University”, “Tsinghua University”, “Shangai Jiao Tong University”, “Donghua University”, “Xian Jiaotong University”, “TianJin Medical University”, “Beijing Institute of Technology” kimi ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Qeyd olunan şəxslərdən 2 nəfəri bakalavriat, 17 nəfəri magistratura, 1 nəfəri isə doktorantura səviyyələri üzrə genetika, ictimai səhiyyə, kompüter elmləri və texnologiyası, biznesin idarəedilməsi, hüquq, iqtisadiyyat və idarəetmə, maliyyə ixtisaslarında təhsil alacaq. Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə 23 noyabr 2022-ci il tarixində elan verilib.
20/06/2023 10:21
Elm və təhsil naziri Qazaxda məktəb açılışında olub
İyunun 19-da elm və təhsil naziri Emin Əmrullayev Qazax rayonuna səfəri çərçivəsində Mehdi Hüseyn adına Humanitar və təbiət təmayüllü məktəb-liseyin yeni tikilmiş tədris binasının açılışında iştirak edib. Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gülaya Həsənova və Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev də iştirak ediblər. Məlumat verilib ki, 4 mərtəbədən ibarət məktəbdə 28 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 informatika kabineti, məktəbəhazırlıq və tibb otaqları, 244 nəfərlik akt zalı, qapalı və açıq idman meydançaları, kitabxana, 172 yerlik bufet mövcuddur. Daha sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar.
19/06/2023 18:30
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır
İyunun 20-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start veriləcək. Belə ki, 20-23 iyun tarixlərində ölkə üzrə 20 000-ə yaxın təhsilverən ibtidai sinif, 8 500-dən çox təhsilverən isə Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb olunacaq. Ümumilikdə sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub. Test imtahanı mərhələsi 13 şəhər üzrə 23 mərkəzdə təşkil olunacaq. Qeyd edək ki, ötən il sertifikatlaşdırmadan keçmiş 3 164 təhsilverənin vəzifə maaşına 35 faiz, 5 624 təhsilverənə isə 10 faiz əlavə ödənilir.
19/06/2023 16:40
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun
Ətraflı