“İT – Akademiya”da növbəti məzun günü
““İT – Akademiya”nın fəaliyyəti ölkənin informasiya texnologiyaları bazarının inkişafına töhfədir. İnnovasiya və yeni texnologiyaların geniş tətbiqi təhsil sisteminin təkmilləşdirilməsinə zəmin yaradır. Bu tipli layihələr ortayaşlı insanların əmək bazarında rəqabətədavamlı olması və öz peşəsini dəyişmək istiqamətində geniş imkanlar qazanması baxımından böyük rola malikdir”. Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev iyunun 22-də “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin nəzdində fəaliyyət göstərən “İT – Akademiya”da təhsil almış tələbələrin “İkinci dalğa” adlı məzun gününda çıxışı zamanı bildirib. Tədbirdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, “Alqoritmika”nın baş direktoru Andrey Lobanov, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, layihə müddətində “İT – Akademiya” ilə əməkdaşlıq edən bir sıra dövlət qurumları və şirkətlərin nümayəndələri iştirak ediblər. Tədbirdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, rəqəmsal biliklərin artırılması iqtisadiyyatın daha sürətli inkişafına münbit şərait yaradır. Qlobal iqtisadiyyatda cərəyan edən trendləri izləyən Azərbaycan da cəmiyyətin yüksək rəqəmsal bacarıqlara sahib olmasını və innovativ iqtisadiyyatın formalaşdırılmasını hədəfləyir. “İT – Akademiya”nın müasir əmək bazarının tələblərinə cavab verən insan resurslarının formalaşdırılmasına dəstək verdiyini bildirən nazirin birinci müavini bunun məzunların karyerasına, eləcə də ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə olacağını qeyd edib. “Alqoritmika”nın baş direktoru Andrey Lobanov öz növbəsində müasir inkişaf tələbləri fonunda İT sahəsinin əhəmiyyəti barədə fikirlərini bildirib, rəhbəri olduğu qurum tərəfindən tətbiq olunan tədris metodları barədə məlumat verib. Daha sonra Elm və Təhsil, İqtisadiyyat nazirliklərinin birgə dəstəyi ilə yaradılan “İT – Akademiya”nın fəaliyyəti və tədris prosesi barədə təqdimat nümayiş olunub. Sonda “İT – Akademiya”da tədris müddətində uğurlu nəticə göstərən 11 məzun sertifikatla təltif olunub.
22/06/2023 18:04
Bölgələrdə sertifikatlaşdırma imtahanları izlənilib
İyunun 22-də müəllimlərin sertifikatlaşdırma imtahanlarının gedişatını izləmək üçün Elm və Təhsil Nazirliyinin əməkdaşları və Təhsil İnstitutunun rəhbərliyi bölgələrə səfər ediblər. Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovla birgə Bərdə şəhəri N.Nərimanov adına 3 nömrəli tam orta məktəbdə təşkil edilmiş imtahan prosesini izləyib. Eşqi Bağırov bildirib ki, davamlı öyrənmə mühiti müəllim-şagird-ailə üçbucağının əsas missiyasıdır. Burada müəllim amili peşəkar, motivasiya edən, üfüq açan və daha yeni öyrənmə vasitələri ilə şagirdlərini gələcəyə hazırlayan şəxs kimi xarakterizə olunur. Müəllimlərin bilik və bacarıqlarının sertifikatlaşdırma vasitəsilə ölçülməsi öyrənmə prosesində məhz bu hədəflərə çatmağı ifadə edir. Qeyd edək ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri üzrə imtahanlar Ağcabədi şəhəri 11 və Bərdə şəhəri 3 nömrəli tam orta məktəblərdə yaradılmış mərkəzlərdə keçirilir. * * * Təhsil İnstitutunun direktoru Rüfət Əzizov Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfovla birlikdə Lənkəran şəhəri A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə keçirilən sertifikatlaşdırma imtahanlarını izləyib. İmtahan prosesini izləyən Rüfət Əzizov qeyd edib ki, sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün stimul yaradır. Onlar tədris sahəsində mövcud olan yeni müsbət təcrübələri mənimsəyir, peşə ilə bağlı bilik və bacarıqlarını artırmaq imkanlarından faydalanırlar. Qeyd edək ki, sertifikatlaşdırma imtahanları Lənkəran – Astara Regional Təhsil İdarəsi üzrə 1 mərkəzdə təşkil olunub. Lənkəran şəhərində keçirilən imtahanlara Astara, Lənkəran, Lerik və Yardımlı rayonlarının müəllimləri cəlb olunublar. * * * Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev Gəncə şəhərinə səfəri çərçivəsində İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevlə birgə sertifikatlaşdırma imtahanlarının təşkili prosesi ilə yaxından tanış olub. Səbuhi Rzayevin sözlərinə görə, təcrübə və müşahidələr göstərir ki, şagirdlərin məktəbə qəbulu prosesində valideynlər seçim zamanı qiymətləndirmə nəticəsi yüksək olan müəllimlərə üstünlük verirlər. Qeyd edək ki, Gəncədə sertifikatlaşdırma imtahanlarının keçirildiyi mərkəzdə valideynləri ilə gələn uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə onlar üçün əyləncə sahəsi müəyyənləşdirilib. Həmin sahədə pedaqoqlar tərəfindən müxtəlif oyun və maarifləndirici fəaliyyətlər həyata keçirilir. * * * Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Azərbaycan – Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov və digər qonaqlar Şamaxı şəhəri 2 və 6 nömrəli tam orta məktəblərdə keçirilən sertifikatlaşdırma imtahanlarını izləyiblər. Bildirilib ki, sertifikatlaşdırma imtahanları Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 3 mərkəzdə təşkil olunub. Şamaxı şəhərində keçirilən imtahanlara Dağlıq Şirvan, Mərkəzi Aran və Şəki – Zaqatala regional təhsil idarələrinə aid müəssisələrdə çalışan 1 805 müəllim cəlb olunub. İmtahan prosesini izləyən Cəsarət Valehov qeyd edib ki, sertifikatlaşdırma nəticəsində müəllimlərin peşəkarlıq səviyyəsi yoxlanılarkən onların təlim ehtiyacları müəyyən edilir. Bununla yanaşı, müəllim peşəkarlığının başlanğıc pilləsi müəyyən edilməklə sertifikatlaşdırma nəticələri əsasında müəllimlərin peşə standartlarının səviyyələri təsbit olunur. Qeyd edək ki, sertifikatlaşdırma imtahanları 20-24 iyun tarixlərini əhatə edir.
22/06/2023 17:30
Elm və təhsil naziri İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransının açılış mərasimində iştirak edib
“UNEC-in ənənəvi olaraq hər il keçirdiyi konfrans təhsilin keyfiyyətinə, eləcə də beynəlxalq reytinqlərə müsbət təsir göstərir. Universitetlərin reytinqlərinə təsir edən əsas amil elmi araşdırmalardır”. Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev iyunun 22-də İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransın açılış mərasimində çıxışı zamanı deyib. “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən konfrans “Bir əsrin iqtisadi nəticələri” mövzusuna həsr olunub. Konfransın açılışında iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, UNEC-in rektoru Ədalət Muradov, TÜRKSOY-un baş katibi Sultan Raev, ölkəmizin və xarici dövlətlərin elm, təhsil, iqtisadiyyat sahələri üzrə rəhbər şəxsləri, alim və tədqiqatçıları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə yerli və xarici tədqiqatçıların birgə hazırladıqları “Bir əsrin iqtisadi portreti” adlı kitab sərgisi ilə tanış olublar. Konfrans çərçivəsində Azərbaycanın milli-mədəni irsini əks etdirən sənət əsərlərinin nümayiş etdirildiyi “Əsrin 100 çaları” adlı rəsm sərgisinin açılışı olub. Eyni zamanda, şəhid övladlarının əl işlərindən ibarət rəsm əsərləri sərgilənib. Açılış nitqi ilə çıxış edən Ədalət Muradov bildirib ki, “İnternational Conferences”, “World Conferences” kimi platformaların daimi üzvü olan və bu il beşincisi keçirilən beynəlxalq konfrans özünəməxsus nailiyyətləri ilə elmi ənənəyə çevrilib. Rektor konfransda Böyük Britaniya, İsveçrə, Avstriya, Macarıstan, Türkiyə, İsrail, Ukrayna, Rumıniya, Özbəkistan, Qırğızıstan və Qazaxıstan kimi ölkələrin nüfuzlu 13 universitetinin tərəfdaş qismində iştirak etdiyini deyib. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev konfrans iştirakçılarını salamlayaraq ulu öndər Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb. TÜRKSOY-un baş katibi Sultan Raev də öz növbəsində Heydər Əliyevin türk dünyasının birliyi istiqamətində gördüyü işlərdən danışaraq konfransın işinə uğurlar arzulayıb. Sonra Fransanın Azərbaycandakı ilk fövqəladə və səlahiyyətli səfiri olmuş Jan Pere və ABŞ-nin “Klivlend” klinikasının həkimi Şapur Ənsarinin ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşdükləri videoçıxışlar nümayiş etdirilib. Çıxışlardan sonra rəsm əsərləri nümayiş olunan şəhid övladlarına fəxri fərmanlar təqdim edilib. Qeyd edək ki, iyunun 25-dək davam edəcək konfrans öz işini onlayn formatda müzakirələrlə yekunlaşdıracaq.
22/06/2023 14:00
Nazir müavini “VI ADA 2023” beynəlxalq təhsil konfransında iştirak edib
"Pandemiya dövrü qarşımıza yeni çağırışlar qoydu. Virtual təhsil platformasının yaradılması, təhsil müəssisələrinin bu prosesə operativ qoşulması sistemimizin çevik reaksiyasından xəbər verdi. Pandemiyadan öncə 33 uşağa bir kompüter düşürdüsə, indi bu rəqəm 17-dir. Bu isə onu göstərir ki, təhsil sistemimiz ümumilikdə bu çətinlikdən üzüağ çıxmağı bacardı". Bu sözləri elm və təhsil nazirinin müavini Həsən Həsənli iyunun 22-də keçirilən “VI ADA 2023” beynəlxalq təhsil konfransının açılış mərasimindəki çıxışı zamanı deyib. Konfrans ADA Universiteti, Elm və Təhsil Nazirliyi və ABŞ-nin “Anthology” Təhsil və Tədqiqat Mərkəzinin əməkdaşlığı ilə “Maarifçiliyə yenidən baxış” şüarı altında keçirilir. Maarifçilik və rəqəmsal inqilab təcrübəsini yenidən nəzərdən keçirməyi, həmçinin təhsil ictimaiyyətini müzakirələrə təşviq etməklə qarşıya çıxan problemlərin həllini hədəfləyən konfransda öyrənmə, liderlik və təhsil müəssisələri, qiymətləndirmə, dəyərləndirmə daxil olmaqla müxtəlif mövzularda tədqiqatlar qəbul edilib. Tədbir zamanı “Anthology” Təhsil və Tədqiqat Mərkəzinin əməkdaşları tərəfindən ADA Universitetinə “Akademik mükəmməllik mərkəzi” mükafatı təqdim edilib. Konfrans panel müzakirələri ilə davam etdirilib.
22/06/2023 12:35
Lisey və gimnaziyaların V-VII siniflərinə qəbul imtahanlarının nəticələri açıqlanıb
Bakı şəhəri və bölgələrdə yerləşən bir neçə lisey və gimnaziyanın V-VII siniflərinə mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. Şagirdlər sy.edu.az portalı üzərindən yaradılmış "Şəxsi kabinet"lərinə daxil olmaqla imtahan nəticələrini öyrənə bilərlər. Növbəti mərhələdə iştirak hüququ qazanmış şagirdlər 4 iyul saat 16:00-dək lisey və gimnaziyalar arasından seçim etməlidirlər. Seçimdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcəklər. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil. Qeyd edək ki, qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər 25 iyun saat 12:00 tarixinədək office@arti.edu.az elektron ünvanı vasitəsilə qəbul edilir.
22/06/2023 11:40
Nazir müavini Firudin Qurbanov Sumqayıtda sertifikatlaşdırma imtahanlarını izləyib
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bölgələrdə təşkil edilən sertifikatlaşdırma imtahanlarının gedişatı ilə tanış olmaq məqsədilə iyunun 22-də Sumqayıt şəhərinə səfər edib. Nazir müavini Firudin Qurbanov, millət vəkili Müşfiq Məmmədli, Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli və yerli təhsili idarəetmə qurumlarının rəhbərləri Sumqayıt şəhərində təşkil edilmiş mərkəzdə keçirilən test imtahanlarını izləyiblər. Qonaqlara məlumat verilib ki, sertifikatlaşdırma imtahanları Abşeron – Xızı Regional Təhsil İdarəsi üzrə 1 mərkəzdə təşkil olunub. Sumqayıt şəhərində keçirilən imtahanlara Sumqayıt, Abşeron və Xızıda yerləşən ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunublar. İmtahan prosesini izləyən Firudin Qurbanov qeyd edib ki, sertifikatlaşdırma prosesinin məqsədi müəllimlərin fasiləsiz inkişafının təmin olunması üçün onların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və ehtiyaclarının müəyyən edilməsidir. Sertifikatlaşdırmanın nəticələri müəlllimlərin karyera inkişafı üçün vacib həlqədir. Nazir müavini bildirib ki, ümumi təhsil müəssisələrinə direktorların seçimi prosesinin müsahibə mərhələsində namizədlərin sertifikatlaşdırma nəticələrinə də baxılacaq. Qeyd edək ki, sertifikatlaşdırma imtahanları 20-24 iyun tarixlərini əhatə edir.
22/06/2023 11:10
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üzrə müsahibələr davam edir
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ili üzrə müraciət etmiş şəxslərin müsahibələri davam edir. Prosesi izləmək məqsədilə iyunun 21-də media nümayəndələrinin iştirakı ilə müsahibələrin təşkil edildiyi mərkəzə mediatur keçirilib. Müsahibəyə gələn namizədlərin təəssüratlarını öyrənən media nümayəndələri prosesin gedişatı ilə yaxından tanış olublar. Müsahibə mərhələsinə mayın 15-dən start verildiyini diqqətə çatdıran Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova məlumat verib ki, proqrama müraciət edən namizədlərin seçimi iki mərhələdən ibarətdir. İlk mərhələdə namizəd tələb olunan sənədləri elektron ərizə sistemində yaratdığı “Şəxsi kabinet”ə əlavə etməklə ərizəni təsdiq etməlidir. Müvafiq seçim qaydalarının tələblərinə uyğun gələn namizədlərin müraciətləri dəyərləndirilir və müsbət qiymətləndirilən şəxslər aidiyyəti üzrə növbəti mərhələyə buraxılırlar. Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertlərin iştirakı ilə həyata keçirilir. Müsahibənin nəticəsinə uyğun olaraq namizədlər haqqında yekun qərar verilir. Mediatur çərçivəsində media nümayəndələrini maraqlandıran müvafiq suallara aydınlıq gətirilib. Qeyd edək ki, Dövlət Proqramına son müraciət tarixi 14 iyul 2023-cü ildir. Proqrama prioritet ixtisas sahələri ilə yanaşı, cari ildə "Times Higher Education", “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemlərində yalnız universitetlər üzrə top onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, müvafiq siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər də müraciət edə bilərlər. Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz.
22/06/2023 11:05
Elm və təhsil naziri “İnsan resursları zirvəsi 2023” tədbirində iştirak edib
"Təhsil mexaniki deyil, ciddi psixoloji inkişaf prosesidir. Valideynlərarası münasibətlər, valideynlərin elmə, kitab oxumağa marağı uşaqların inkişafında mühüm rol oynayır. Biz müəllimlərin peşəkar keyfiyyətini artırmaqla əmək bazarına daxil olan insanların peşə səriştələrini də artıra bilərik". Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev iyunun 21-də keçirilən “İnsan resursları zirvəsi 2023” tədbirinin açılış mərasimində çıxışı zamanı deyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbir “Gələcəyə qayıdış” devizi altında təşkil edilib. Tədbirin məqsədi insan kapitalına əsaslanan gələcəyə hazırlıqlı cəmiyyətin formalaşmasına zəmin yaratmaq, bu istiqamətdə peşəkarlarla müzakirələr aparmaqdır. Tədbirdə bir sıra dövlət qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri, xarici ekspertlər, insan resursları üzrə mütəxəssislər, millət vəkilləri, dövlət, həmçinin özəl sektor nümayəndələri və digər qonaqlar iştirak ediblər. Qeyd edək ki, iki gün davam edəcək tədbir çərçivəsində çıxışlar, panel müzakirə və təlimlər təşkil olunacaq.
21/06/2023 18:00
Nazir müavini Həsən Həsənli Şirvanda sertifikatlaşdırma imtahanlarını izləyib
Elm və təhsil nazirinin müavini Həsən Həsənli bölgələrdə təşkil edilən sertifikatlaşdırma imtahanlarının gedişatı ilə tanış olmaq məqsədilə iyunun 21-də Şirvan şəhərinə səfər edib. Nazir müavini Həsən Həsənli, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov və yerli təhsili idarəetmə qurumlarının rəhbərləri Şirvan şəhərində təşkil edilmiş 3 mərkəzdə keçirilən test imtahanlarını izləyiblər. Qonaqlara məlumat verilib ki, sertifikatlaşdırma imtahanları Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 4 mərkəzdə təşkil olunub. Şirvan şəhərində keçirilən imtahanlara Şirvan-Salyan, Mil-Muğan və Lənkəran-Astara regional təhsil idarələrinə aid müəssisələrdə çalışan müəllimlər cəlb olunublar. İmtahan prosesini izləyən Həsən Həsənli qeyd edib ki, sertifikatlaşdırma təhsil sistemimiz üçün yenilik olmasına baxmayaraq, gələcək uğurlarımızın təməli kimi dəyərləndirilə bilər. Eyni zamanda bu proses inkişafa ehtiyacı olan istiqamətləri müəyyənləşdirməyə imkan yaradacaq. Prosesin təşkilində məqsəd şagirdlər üçün ən yaxşı təhsili təmin edə bilməkdir. Sertifikatlaşdırma müəllimin öz üzərində mütəmadi işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Qeyd edək ki, sertifikatlaşdırma imtahanları 20-24 iyun tarixlərini əhatə edir. İmtahanlar ölkənin 13 müxtəlif şəhəri üzrə 23 mərkəzdə təşkil olunur. 20 000-ə yaxın müəllim ibtidai sinif, 8 500-dən çox müəllim Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb olunacaq.
21/06/2023 17:39
Avropa Fizika Olimpiadasında uğur qazanan şagirdlərimiz
Almaniyanın Hannover şəhərində Avropa Fizika Olimpiadası təşkil edilib. 5 məktəbli ilə təmsil olunan komandamız sözügedən yarışda uğurla çıxış edərək 1 gümüş, 1 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb. Onlardan Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Abdulkərim gümüş medal, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Uğur Əzim bürünc medal, Quba rayonu Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Murad İsmayılov isə həvəsləndirici mükafat qazanıb. Qeyd edək ki, məktəblilərimiz sözügedən olimpiadada 2018-ci ildən etibarən iştirak edirlər və bu günə kimi 2 gümüş, 9 bürünc medal, 6 həvəsləndirici mükafat əldə ediblər.
21/06/2023 15:47
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun
Ətraflı