Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dövlət Proqramı çərçivəsində sənəd qəbulunun müddəti uzadılır

2024–2025-ci tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na sənəd qəbulunun müddəti uzadılıb.    portal.edu.az üzərindən ərizəsini təsdiqləyə bilməyən namizədlər üçün sənəd qəbulu iyunun 20-dək davam edəcək.  Qəbul zamanı namizədlər tərəfindən Dövlət Proqramına təqdim edilən sənədlərdə ÜOMG (magistratura səviyyəsi üzrə) və ya BTP (Beynəlxalq Təhsil Proqramı) nəticələri şərt olaraq qoyulduğu təqdirdə, müraciətçilərin sənədlərinə Dövlət Proqramı çərçivəsində baxılacaq.

Elm və təhsil naziri “Son zəng” tədbirində

İyunun 14-də elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri şəhid Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak edib.    Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, müəllim və şagirdlər, şəhid ailələri də iştirak ediblər.    “Son zəng” tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.   Tədbirdə çıxış edən Emin Əmrullayev bu gün ölkə üzrə 4 mindən çox məktəbdə “Son zəng” tədbirlərinin keçirildiyini diqqətə çatdırıb. Nazir “Böyük Qayıdış”la yenidən canlanan, müasir məktəblərin fəaliyyət göstərdiyi işğaldan azad edilmiş torpaqlarımızda da bir neçə gəncin məzun olduğunu vurğulayıb.    216 nömrəli məktəbdə daha çox hərbçi övladlarının təhsil aldığını vurğulayan nazir bu gün məzun olan şəhid, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun qızı Gülanə Qasımlının timsalında bütün məzunları təbrik edib. Nazir gənclərə həyatlarının yeni qədəm qoyduqları bu mərhələsində uğurlar arzulayıb.    Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov da çıxışında məzunları təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.   Məktəbin direktoru Səidə Rəhimova çıxışında bildirib ki, bu il təhsil müəssisəsinin 43 şagirdi məzun olur.    Tədbir şagirdlərin hazırladıqları “Son zəng” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

PA nümayəndəsi İctimai Şuranın üzvləri ilə görüşüb

İyunun 14-də Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb.    Görüşdə QHT-lərin sağlam əsaslar üzərində inkişafı üçün bu sektorda dərinləşdirilən islahatlar, qarşıda duran vəzifələr, QHT-lərin ictimai nəzarət funksiyalarının gücləndirilməsi məsələləri ilə əlaqədar müzakirələr aparılıb, şura üzvlərinin müvafiq təklifləri dinlənilib və sualları cavablandırılıb.    PA nümayəndəsi ictimai nəzarətin həyata keçirilməsində bu günlərdə tərkibi yenilənmiş şura üzvlərinə uğurlar arzulayıb. Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev də iştirak ediblər. 

Bu gün məktəblərdə “Son zəng” çalınır

14 iyun ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd olunur.   Bu gün ölkə üzrə 102 120 nəfər XI sinfi, 150 445 nəfər IX sinfi, 137 862 nəfər isə birinci sinfi bitirir.    2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 569 uşaq təhsil alıb.   Qeyd edək ki, 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 706 935 nəfər təşkil edib.    Ümumi təhsil müəssisələrindən məzun olan bütün şagirdlərimizə uğurlar arzulayırıq!

Elm və təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

İyunun 13-də elm və təhsil naziri Emin Əmrullayev nazirlik yanında İctimai Şuranın yeni tərkibi ilə görüşüb.    Görüşdə elm və təhsil sahəsində həyata keçirilən layihələr, görülən işlərin əhəmiyyətindən danışan Emin Əmrullayev vurğulayıb ki, 2026-cı ilədək qarşıya qoyulan əsas məqsəd “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn tədbirləri həyata keçirməkdir.   Ölkəmizdə təhsil sahəsində aparılan islahatlar, müasir infrastrukturun yaradılması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin bərpa edilməsi, əsaslı təmir işlərinin həyata keçirilməsi, yeni elm ocaqlarının yaradılması istiqamətində görülən işlərə xüsusi diqqət çəkən nazir elm və ali təhsil sahəsində vacib addımlar atılacağını bildirib.    Nazir elm və təhsil siyasətinin həyata keçirilməsində İctimai Şuranın ictimaiyyət və nazirlik arasında dialoqun qurulmasında mühüm rol oynadığını, şuranın aktiv fəaliyyətinə xüsusi ehtiyac olduğunu vurğulayıb.   İctimai Şuranın sədri Hikmət Əlizadə çıxış edərək təhsil xidmətlərinin rəqəmsallaşdırılması, sertifikatlaşdırma və XXI əsrin təhsil modeli ilə bağlı görülən işlərin əhəmiyyətli olduğunu vurğulayıb. Sədr şuranın ictimaiyyətin rəylərini diqqətə alaraq səmərəli təkliflər hazırlayacağını da əlavə edib.    Daha sonra şuranın digər üzvləri təhsil sahəsində mövcud problemlər, ictimai rəylər və digər məsələlərlə bağlı təkliflərini səsləndiriblər.   Görüşdə gələcək nəslin savadlı formalaşdırılmasında müəllimin rolu, təhsil prosesində sosial-emosional öyrənmə modelinin tətbiqi, özəl və dövlət ümumi təhsil müəssisələri arasında əməkdaşlığın qurulması və bir sıra digər konseptual məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.   Sonra nazir İctimai Şuranın yeni tərkibinə təşəkkür edib və onlara gələcək 2 illik fəaliyyətlərində uğurlar arzulayıb.   Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Azərbaycan–BƏƏ Nazirlərinin Təcrübə Mübadiləsi Forumunun II günündə “Təhsil” sessiyası keçirilib

İyunun 12-də Bakıda keçirilən Azərbaycan–BƏƏ Nazirlərinin Təcrübə Mübadiləsi Forumu çərçivəsində Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aidiyyəti dövlət qurumlarının iştirakı ilə sessiyalar təşkil olunub.     Forumun ikinci günündə keçirilən “Təhsil” sessiyasında elm və təhsil nazirinin müavini Həsən Həsənli və “Emirates Schools Establishment”in baş direktoru Mohammed Əl Qasimin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr aparılıb.   Müzakirələr zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və bundan sonrakı dövr üçün nəzərdə tutulan fəaliyyətlərə dair fikir mübadiləsi aparılıb.

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi həyata keçirilib

11–12 iyun tarixlərində “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi çərçivəsində Lənkəran və Şəki məktəbliləri teatr tamaşalarını izləyiblər.    Nümayiş etdirilən tamaşalar Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” və Şəki Dövlət Dram Teatrında “Çələbi xan” olub. Tamaşaları ümumilikdə 2 500 nəfərə yaxın məktəbli izləyib.    Layihə Elm və Təhsil Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.   Qeyd edək ki, layihənin məqsədi uşaq və gənclərdə estetik zövq formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir. Layihə çərçivəsində növbəti tədris ilindən 6 000 nəfərdən çox region məktəblisi müxtəlif teatrlarda nümayiş olunan tamaşaları izləmək imkanı qazanacaq.

Həsən Həsənli Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumunda iştirak edib

İyunun 11-də Bakıda Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumu işinə başlayıb.    Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BƏƏ-nin Kabinet İşləri Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun icrası çərçivəsində keçirilən forumda əmirliklərin müxtəlif sahələr üzrə 30-a yaxın rəsmisi, o cümlədən ölkəmizin digər yüksək vəzifəli şəxsləri iştirak edirlər.    Forumun keçirilməsində məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiya və texnologiyaları təşviq etmək, iqtisadi dirçəlişi sürətləndirmək üçün müvafiq çərçivə və siyasətləri müəyyənləşdirməkdir. Bununla yanaşı, təhsil və sosial rifah sahəsində əldə olunmuş yeni nailiyyətlərin, habelə ölkəmizin COP29 tədbirinə ev sahibliyi ilə əlaqədar ətraf mühit və yaşıl enerji kimi mövzularla bağlı tendensiyaların müzakirəsi əsas hədəflər sırasındadır.   Forumun açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli də iştirak edib.    Əvvəlcə Azərbaycan–BƏƏ əməkdaşlığına həsr olunmuş videoçarx nümayiş etdirilib.   Ardınca Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BƏƏ-nin hökumətin inkişafı və gələcək üzrə dövlət naziri Ohud Əl Rumi açılış nitqi ilə çıxış ediblər.   Sonra Azərbaycan və BƏƏ hökumətlərinin müxtəlif sahələr üzrə rəsmilərinin çıxış və təqdimatları olub. Bu çərçivədə hər iki ölkənin müvafiq sahələr üzrə əldə etdiyi qabaqcıl təcrübələr təqdim olunub.   Qeyd edək ki, forumun ikinci günündə bir sıra mövzular üzrə sessiyaların təşkili nəzərdə tutulur.

“THE Impact 2024” reytinqinə daxil olan Azərbaycan universitetlərinin sayı 2 dəfədən çox artıb

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) tərəfindən Banqkok şəhərində keçirilən Qlobal Davamlı İnkişaf Konqresi çərçivəsində “THE Impact 2024” reytinqinin nəticələri elan edilib. Sözügedən reytinqə daxil olan Azərbaycan universitetlərinin sayı ötən ilə nisbətən 2 dəfədən çox artaraq 18-ə yüksəlib.      125 ölkədən 2 152 universitetin dəyərləndirildiyi reytinqdə Azərbaycan universitetləri arasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universiteti əhəmiyyətli nəticələr əldə edib.    Universitetlərin fəaliyyətinin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qiymətləndirildiyi “THE Impact 2024” reytinqinin nəticələrinə əsasən, “Yoxsulluğa qarşı mübarizə” üzrə Bakı Dövlət Universiteti (201-300), “Keyfiyyətli təhsil” üzrə ADA Universiteti (201-300), “Gender bərabərliyi” üzrə Qərbi Kaspi Universiteti (201-300), “Sərfəli və təmiz enerji” üzrə Azərbaycan Dövlət İqtisad Universiteti (101-200) və Xəzər Universiteti (101-200) Azərbaycanda birinci sıradadır.   Qeyd edək ki, hazırda konqres çərçivəsində Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə 10 qabaqcıl yerli universitet Azərbaycan pavilyonunda təmsil olunur.

Firudin Qurbanov uşaq hüquqlarının qorunması ilə bağlı görüşdə iştirak edib

İyunun 11-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə görüş keçirilib.   Görüşdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, səhiyyə nazirinin müavini İlqar Qasımov, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Daxili İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları, vətəndaş cəmiyyəti institutlarının məsul nümayəndələri iştirak ediblər.   Görüş Azərbaycan Respublikası Hökumətinin BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası”na dair beşinci və altıncı birgə dövri məruzəsi üzrə BMT-nin Uşaq Hüquqları Komitəsi (CRC) tərəfindən qəbul olunmuş Yekun Müşahidələrin uşaq müdafiəsi, təhsil və sağlamlıq sahələrində təhlili, eləcə də müzakirəsi məqsədilə keçirilib.      Görüşdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, komitə üzərinə düşən vəzifələri yerinə yetirərək monitorinq və əlaqələndirmə işini davam etdirir, eləcə də bütün tövsiyələr üzrə müxtəlif istiqamətlərdə fəaliyyətlər həyata keçirir. Ötən dövr ərzində hüquqi-normativ aktlarda dəyişikliklər edilməsi ilə bağlı da bir sıra layihələrin hazırlandığını diqqətə çatdıran Bahar Muradova UNICEF-ə uzunmüddətli uğurlu əməkdaşlığa görə təşəkkürünü bildirib.    UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faroq Abdullah uşaq hüquqlarının müdafiəsi istiqamətində Azərbaycan hökumətinin irəliləyişlərə nail olduğunu vurğulayıb. Uşaqlara qarşı və gender əsaslı zorakılıqla mübarizə istiqamətində görülən işlərdən danışan Saca Faroq Abdullah BMT-nin aidiyyəti dövlət qurumları ilə effektiv və kompleks şəkildə təşkil olunan əməkdaşlığın önəmini diqqətə çatdırıb.   Sonra UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin “Uşaq müdafiəsi” proqramının rəhbəri Vüqar Salmanov BMT-nin Uşaq Hüquqları Komitəsinin uşaq müdafiəsi sahəsində tövsiyələri ilə bağlı təqdimatla çıxış edib.    Daha sonra komitənin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva, Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova həyata keçirilən tədbirlər barədə məlumatları diqqətə çatdırıblar.    Görüş ərzində qanunvericilik, strategiya, əlaqələndirmə, doğumun qeydiyyatı və vətəndaşlıq, uşaqlara qarşı zorakılığın qarşısının alınması, ailə mühitində yaşamaq hüququ, əlilliyi olan uşaqlar, uşaq əməyi və küçə mühitində yaşayan uşaqlar, uşaq ədliyyəsi, sağlamlıq və səhiyyə xidmətləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi, təhsil və digər məsələlər müzakirə edilib.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı