Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edib
İyunun 21-də elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinləri iştirak ediblər. Qəbul zamanı vətəndaşlar təhsilverənlərin sertifikatlaşdırılması, müəllimlərin yerdəyişməsi, xarici diplomların tanınması, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
21/06/2024 18:02
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri məlum olub
İyunun 21-də Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi çərçivəsində “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar. Bildirilib ki, olimpiadanın final mərhələsində iştirak edən 36 nəfərdən 19-u qalib olub. Onlardan 3 nəfər I, 6 nəfər II, 10 nəfər isə III yerə layiq görülüb. Qaliblərə diplom və hədiyyələri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Türkiyənin İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma və digərləri təqdim ediblər. Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə keçirilib.
21/06/2024 17:00
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresi öz işinə başlayıb
İyunun 21-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” festival-konqresi öz işinə başlayıb. Festival-konqres iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib və önünə güllər düzüblər. Heydər Əliyev Muzeyinə gələn ziyarətçilərə ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar barədə məlumat verilib. Daha sonra Zəngəzur Milli Parkında, Batabat yaylağında “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin rəsmi açılış mərasimi keçirilib. Əvvəlcə Oğuz elinin çaparları Batabat yaylağının əhatəsində bayram rəmzi olan üç tonqal qalayıblar. Sonra “Zəfər” kompozisiyası təqdim olunub, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. 2023-cü ilin antiterror tədbirlərində qazandığımız qələbəyə həsr olunmuş “Zəfər” marşı ifa edildikdən sonra Naxçıvan Dövlət Universiteti Tələbə Teatr Studiyası tərəfindən “Dərələyəz” kompozisiyası təqdim olunub. Ardınca 2023-cü ildə keçirilmiş “Qərbi Azərbaycana qayıdış” festival-konqresindən yaddaqalan məqamları əks etdirən videoçarx nümayiş olunub. Festival-konqresin plenar iclasında açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, 2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlar əsasında ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya qəbul olunub və bu istiqamətdə tədbirlərin icrasına başlanılıb. Naxçıvanda keçirilən növbəti “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də ölkəmizdə bu sahədə görülən işlərin tərkib hissəsi olmaqla yanaşı, həm də xalqımıza qarşı törədilmiş haqsızlıqlara bir daha nəzər salmaq fürsəti yaradacaq. Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev builki festival-konqresin Azərbaycanın dilbər guşələrindən biri olan Batabat yaylağında təşkil olunmasının daha bir özünəməxsusluğunu diqqətə çatdırıb. Nazir bildirib ki, festivalın təşkil olunduğu məkandan cəmi bir neçə kilometr məsafədə vaxtilə həmvətənlərimizin yaşadıqları Qərbi Azərbaycan kəndləri yerləşir, yəni builki festival bizi həm ruhən, həm də coğrafi olaraq Qərbi Azərbaycana daha da yaxınlaşdırır. Bu mühüm tədbirin Qərbi Azərbaycana qayıdış mövzusuna həsr olunmuş sanballı bir ictimai-mədəni müzakirə platforması rolunu oynadığını vurğulayan elm və təhsil naziri qeyd edib ki, Qərbi Azərbaycana qayıdış ümummilli məsələdir və hər birimiz bu istiqamətdə əlimizdən gələni etməliyik. Nazir bildirib ki, məktəblilər arasında keçirilən “Qərbi Azərbaycana qayıdış” olimpiadası davam etdiriləcək, tələbələr arasında silsilə maarifləndirmə tədbirləri, Gənc Müəllimlərin Qərbi Azərbaycana Qayıdış Forumu təşkil olunacaq, həmçinin Qərbi Azərbaycan mövzusunda elmi araşdırmalarla bağlı qrantların verilməsi nəzərdən keçiriləcək. Elm və təhsil naziri “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qaliblərini təbrik edib, festival-konqresin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev öz növbəsində azərbaycanlıların Ermənistan ərazisində yerləşən qədim ata-baba yurdlarından sonuncu deportasiyası barədə rəqəmləri diqqətə çatdırıb. Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli keçən il keçirilən ilk festival-konqresin uğurlu nəticələrindən danışıb, ötən dövrdə qarşıda duran vəzifələrin icrası istiqamətində görülən işləri diqqətə çatdırıb. Digər çıxışçılar həqiqətlərin bəyan olunması üçün Naxçıvanda yaradılan platformaya görə əməyi keçən hər kəsə təşəkkür ediblər. Tədbirdə “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibi olmuş şagirdlər mükafatlandırılıblar. Olimpiadada 3 nəfər I, 6 nəfər II, 10 nəfər isə III yerə layiq görülüb. Qədim yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarında xalqımızın min illərlə formalaşdırdığı və yaşatdığı mədəniyyətin təbliği ilə yanaşı, əzəli yurd yerinə qayıdış prosesinə elm və təhsil ictimaiyyətinin dəstəyini ifadə etmək məqsədi daşıyan festival-konqresdə ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin Türkiyə universitetlərində fəaliyyət göstərən tədqiqatçılar bir araya gəliblər. Sabah da davam edəcək konqres çərçivəsində keçirilən panel iclaslarında elm adamlarının Qərbi Azərbaycanla bağlı əldə etdikləri elmi yeniliklər dinləniləcək və fikir mübadiləsi aparılacaq.
21/06/2024 16:00
Sertifikatlaşdırma imtahanlarına start verilib
İyunun 21-də dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. Sertifikatlaşdırmanın test imtahanı mərhələsi Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 18 şəhəri üzrə 27 imtahan mərkəzində təşkil edilir. Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə riyaziyyat fənnini tədris edən təhsilverənlər cəlb olunub. Bugünkü test imtahanlarına ölkə üzrə ümumilikdə 9 000-ə yaxın təhsilverən dəvət edilib. Test imtahanı mərhələsində təhsilverənlərə 120 dəqiqə müddətində tədris etdikləri fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunur. Nəzərinizə çatdırırıq ki, test imtahanında azı 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar. Qeyd edək ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 22 və 24 iyun tarixlərində də davam edəcək. Həmin tarixlərdə xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri imtahan verəcəklər.
21/06/2024 11:23
"Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib
İyunun 20-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi təşkil olunub. IX və X sinif şagirdlərinin iştirak etdikləri olimpiadanın finalında 36 şagird bilik və bacarığını sınayıb. İştirakçılar Bakı, Sumqayıt, Naxçıvan, İsmayıllı və digər bölgələrdən qatılıblar. Naxçıvan Dövlət Universitetində təşkil olunan finalda münsiflər heyəti tərəfindən şagirdlərə açıq tipli suallar təqdim edilib. Olimpiadada 18 qalib (3 nəfər I, 6 nəfər II, 9 nəfər III yer) seçiləcək. Qaliblərin mükafatlandırılma tədbiri iyunun 21-də Naxçıvanda keçiriləcək “Qərbi Azərbaycana qayıdış” festivalı çərçivəsində təşkil ediləcək.
20/06/2024 12:41
"Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçiriləcək
İyunun 20-də ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak etdikləri “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi təşkil olunacaq. Olimpiadanın final mərhələsi Naxçıvan şəhərində keçiriləcək. Finalda olimpiadanın ikinci mərhələsində ən yüksək nəticə göstərmiş 36 şagird bilik və bacarığını sınayacaq. Naxçıvan Dövlət Universitetində təşkil olunacaq finalda münsiflər heyəti tərəfindən şagirdlərə açıq tipli suallar təqdim ediləcək. “Qərbi Azərbaycana qayıdış” olimpiadası qaliblərinin mükafatlandırılma tədbiri iyunun 21-də Naxçıvanda keçiriləcək “Qərbi Azərbaycana qayıdış” festivalı çərçivəsində təşkil ediləcək. Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir. Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.
19/06/2024 11:27
“DİM 4-ə doğru irəliləyişin sürətləndirilməsi: transformativ təhsilin nəticələri” adlı iclasda elm və təhsil nazirinin videomüraciəti yayımlanıb
İyunun 17-də UNESCO-nun Baş Qərargahında “Dayanıqlı İnkişaf Məqsədi 4-ə doğru irəliləyişin sürətləndirilməsi: transformativ təhsilin nəticələri” adlı iclas keçirilib. İclasda üzv dövlətlərin təhsil, maliyyə və ətraf mühit nazirləri iştirak ediblər. İclasda elm və təhsil naziri Emin Əmrullayevin iştirakçılara videomüraciəti yayımlanıb. Müraciətdə sosial-iqtisadi inkişafla bağlı prioritetlərdən bəhs olunub, eləcə də COP29 çərçivəsində ölkəmizdə təhsil sahəsində planlaşdırılan bir sıra tədbirlər barədə məlumat verilib.
18/06/2024 10:28
Füzulidə “Milli qurtuluşdan zəfərə” məktəblilərin yaradıcılıq festivalı keçirilib
İyunun 14-də Elm və Təhsil, Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində “Milli qurtuluşdan zəfərə” məktəblilərin yaradıcılıq festivalı keçirilib. Festival Milli Qurtuluş Gününə həsr olunub. Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Ağdam, Füzuli, Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov, mədəniyyət və incəsənət xadimləri, müəllimlər, şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan elm və təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin inkişafındakı müstəsna rolundan, müstəqil dövlətimizin quruculuğu üçün gördüyü işlərdən söz açıb. Nazir müavini ulu öndərin Azərbaycan təhsilinə və gəncliyinə göstərdiyi diqqət, qayğı nəticəsində gənclərimizin dövlət qurumlarında yüksək mövqelər tutduqlarını, ümummilli liderin ideyalarına sadiq qalan gəncliyimiz sayəsində 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad edildiyini xüsusilə vurğulayıb. Firudin Qurbanov həmçinin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə tikilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi haqqında məlumat verərək müəssisənin Qazaxıstan və Azərbaycan dövlətləri arasında dostluq və qardaşlığın, qarşılıqlı dəstəyin daha bir simvoluna çevriləcəyini bildirib. Nazir müavini çıxışının sonunda şagirdlərə uğurlar arzulayıb və bütün iştirakçıları 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Sonra çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov, həmçinin Ağdam, Füzuli, Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov mədəniyyət və digər sahələrdə ümummilli liderin çoxşaxəli fəaliyyəti, ölkəmizdə apardığı islahatlardan danışıblar. Daha sonra Elm və Təhsil, Mədəniyyət nazirliklərinin tabeliyində fəaliyyət göstərən incəsənət yönümlü təhsil müəssisələrinin şagirdlərinin ifasında musiqi, rəqs nömrələri təqdim olunub.
15/06/2024 13:00
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
İyunun 14-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. Tədbirlərdə Elm və Təhsil Nazirliyinin rəsmiləri, tabe qurumların rəhbər şəxsləri iştirak ediblər. Tədbir iştirakçıları məzunları təbrik edib, onlara uğurlar arzulayıblar. “Son zəng” tədbirlərindən fotoları təqdim edirik.
14/06/2024 17:09
Vətəndaş müraciətlərinin statistikası
İyunun 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 30 671 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 19 925-i çağrı mərkəzləri, 621-i sosial media, 3 193-ü "WhatsApp" vasitəsilə, 1 676-sı elektron, 797-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 4 459 müraciət qeydə alınıb. Müraciətlər sertifikatlaşdırma imtahanı, müəllimlərin işə qəbulu, eləcə də yerdəyişməsi, birinci sinfə qəbul, məktəbəqədər təhsil müəssisələrinə qəbul və digər məsələlərlə bağlı olub.
14/06/2024 16:47
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı