"Azərbaycan müəllimi" qəzetinin 90 illik yubiley tədbiri keçirilib
Sentyabrın 5-də Nizami Kino Mərkəzində "Azərbaycan müəllimi" qəzetinin 90 illik yubileyi münasibətilə tədbir keçirilib. Yubiley tədbirində elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Prezident Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev, Mətbuat Şurasının sədri Rəşad Məcid, tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, təhsil işçiləri və digər qonaqlar iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Salamlama nitqi ilə çıxış edən qəzetin baş redaktoru Sarvan İbrahimov qəzetin 90 illik tarixi və keçdiyi inkişaf yolu barədə məlumat verib. Daha sonra qəzetin 90 illik yubileyinə həsr edilmiş sənədli film nümayiş olunub. Filmin nümayişindən sonra qəzetin saytının redaktoru Çingiz Səfərli yenilənən sayt barədə məlumat verib. Ardınca qəzetin yeni loqosunun müəllifi Nərmin Fərzəliyeva təqdimatla çıxış edib. Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qonaqları salamlayaraq “Azərbaycan müəllimi” qəzetinin müəllimlər üçün faydalı mətbu orqan, dəyərli məlumat mənbəyi olduğunu bildirib. Emin Əmrullayev vurğulayıb ki, "Azərbaycan müəllimi"nin 90 illik yubileyi həm də Azərbaycan təhsilinə 90 illik baxışı əhatə edir. Nazir qəzetin bu gün təhsil sahəsi ilə bağlı cəmiyyətin maarifləndirilməsi, bu sahədə aparılan islahatların keyfiyyətli diskussiyası baxımından əhəmiyyətliliyini də vurğulayıb. “Azərbaycan müəllimi”nin hər növbəti ildə ölkə təhsilinin tarixi üçün dəyərli bir xəzinəyə çevriləcəyinə inandığını deyən Emin Əmrullayev çıxışının sonunda qəzetin ərsəyə gəlməsində əməyi olan kollektivi təbrik edib və onlara uğurlar arzulayıb. Tədbirdə iştirak edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Azərbaycan müəllimi” qəzetinin ölkənin çap mediası subyektləri sırasında yalnız mövzu dairəsinin özünəməxsusluğu ilə deyil, eyni zamanda jurnalist peşəkarlığı ilə fərqlənən nəşrlərdən biri olduğunu deyib. Azərbaycan ziyalılarının başlatdığı vacib prinsiplərin hazırda qəzetin nümunələrində qorunub saxlanıldığını diqqətə çatdıran Əhməd İsmayılov dövlət səviyyəsində mətbuata göstərilən diqqət və qayğıdan da söz açıb. Əhməd İsmayılov çıxışının sonunda qəzetin əməkdaşlarını təbrik edib və yeni yubiley sevincləri arzulayıb. Çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, "Azərbaycan müəllimi" həm sahə qəzeti, həm də müasir media nümunəsi olaraq fəaliyyətini davam etdirir. Çıxışının sonunda qəzetin əməkdaşlarına uğurlar arzulayan Rəşad Məcid Mətbuat Şurası adından kollektivə ünvanlanmış diplomu baş redaktor Sarvan İbrahimova təqdim edib. Sonda qəzetin əməkdaşları Elm və Təhsil Nazirliyinin təşəkkürnamə və fəxri fərmanı ilə təltif ediliblər.
06/09/2024 11:00
Həsən Həsənli UNESCO Rəqəmsal Öyrənmə Həftəsində çıxış edib
Sentyabrın 5-də elm və təhsil nazirinin müavini Həsən Həsənli UNESCO Rəqəmsal Öyrənmə Həftəsinin 6-cı plenar sessiyasında çıxış edib. “Dayanıqlı gələcəyə gedən yollar: rəqəmsal və yaşıl təhsilə keçid” başlığı altında keçirilən plenar sessiyadakı çıxışında Həsən Həsənli rəqəmsal və yaşıl təhsilə keçid üzrə təhsil siyasətindən danışıb, ölkəmizin uğurlu təcrübəsini auditoriya ilə bölüşüb. COP29 tədbirinin Azərbaycanda keçiriləcəyini və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladan nazir müavini bu istiqamətdə elm və təhsil sahəsində həyata keçirilən tədbirlər haqqında da məlumat verib.
05/09/2024 20:00
Gəncə – Daşkəsən, Şəki – Zaqatala və Mərkəzi Aran regional təhsil idarələri üzrə sentyabr konfransları keçirilib
Sentyabrın 5-də Gəncə – Daşkəsən, Şəki – Zaqatala və Mərkəzi Aran regional təhsil idarələri üzrə təhsil işçilərinin sentyabr konfransları keçirilib. Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, aidiyyəti idarə, müəssisə rəhbərləri və təhsil işçiləri iştirak ediblər. Konfransda çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarə edilməsində əlçatanlıq və şəffaflığın təmin olunması üçün qarşıda duran vəzifələri iştirakçıların diqqətinə çatdırıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb. Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev 2023–2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbir və layihələrdən danışıb. Daha sonra Təhsil İnstitutunun (ARTİ) Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva 2023–2024-cü tədris ili ərzində ARTİ tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Sonda təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib. *** Şəki – Zaqatala Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı, Şəki – Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonları və Şəki şəhəri üzrə təhsil sektorlarının əməkdaşları, məktəb direktorları, müəllimlər iştirak ediblər. Konfransda çıxış edən Nəriman Qəhrəmanlı məktəbəqədər və məktəbəhazırlıq mərhələlərinin vacibliyi, tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilməsi, sertifikatlaşdırmanın imtahan mərhələsi, təhsil müəssisələrinə işə qəbul prosesi, tikinti və təmir işləri barədə məlumat verib. Çıxışının sonunda müdir müavini növbəti tədris ili üçün prioritet istiqamətləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev də konfransda çıxış edib və yeni tədris ili münasibətilə iştirakçılara uğurlar arzulayıb. Sonra Şəki – Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova hesabat təqdim edib. Ardınca çıxış edən Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı IV və VI siniflər üzrə monitorinq nəticələri, IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri, olimpiada və respublika səviyyəli müsabiqələrin nəticələri, həmçinin növbəti tədris ili üçün nəzərdə tutulan layihələr barədə məlumat verib. Sonda isə iştirakçıları maraqlandıran suallar cavablandırılıb. *** Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin struktur üzrə bölmə rəhbərləri və əməkdaşları, məktəb direktorları, müəllimlər və digər şəxslər iştirak ediblər. Konfransda çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin Sədri Elnur Nəsibov təhsil sahəsində aparılan islahat və nailiyyətlərdən söz açıb. Ölkə ərazisindəki təhsil müəssisələrində həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri haqqında danışan Elnur müəllim çıxışının sonunda bütün iştirakçılara uğurlar arzulayıb. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında qarşıdan gələn Bilik Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib. Daha sonra Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev sözügedən regionda olan şagirdlərin müxtəlif fənlər üzrə göstəriciləri barədə məlumat verib. Fuad Qarayev çıxışında şagirdlərimizin beynəlxalq müsabiqələrdəki uğurlarına da toxunub. Ardınca Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov hesabatla çıxış edib. Daha sonra konfrans iştirakçılarının fikirləri dinlənilib, sualları cavablandırılıb.
05/09/2024 17:00
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb
Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb. Peşə təhsili müəssisələrinə qəbul olunan şəxslər ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasındakı “Şəxsi kabinet” bölməsindən əldə edə bilərlər. Müsabiqədən keçən şəxslər 5 – 10 sentyabr tarixlərində saat 17:00-dək aşağıda qeyd edilən sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər: • attestatın əsli; • sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış; • sistemdən (şəxsi kabinet) çıxarılmış ərizə nümunəsi; • şəxsiyyət vəsiqəsinin surəti; • 3x4 sm ölçüdə dörd ədəd fotoşəkil; • hərbi bilet və ya çağırışçı şəhadətnaməsi; • güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd. Qəbulun II mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd olunan tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təhvil verməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək. Qeyd edək ki, birinci və ikinci mərhələlərdə www.portal.edu.az platforması vasitəsilə ümumilikdə 39 000 nəfərdən çox namizəd peşə təhsili almaq üçün müraciət ünvanlayıb. 2024–2025-ci tədris ili üçün tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 13 454 plan yeri üzrə aparılıb. İkinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə 11 793 nəfərdən 39 101 müraciət daxil olub. Peşə təhsili müəssisələrinin boş qalmış plan yerlərinə tələbə qəbulunun apellyasiya mərhələsinin 12 – 13 sentyabr tarixlərində həyata keçirilməsi planlaşdırılır.
05/09/2024 14:30
Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanılır
Sentyabrın 9-dan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi təşkil olunacaq. Müsahibələrin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Qeyd edək ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir. Xatırladaq ki, test imtahanlarında keçid balını toplayan şəxslərin əməkhaqqısına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqısına isə 35 faiz əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqısına tətbiq olunacaq. Nəzərinizə çatdırırıq ki, 2023-cü ildə təşkil olunmuş sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində 21 883 təhsilverən iştirak edib. Həmin təhsilverənlərdən 21 784-ü (99,5 faiz) uğur qazanıb.
05/09/2024 11:09
Rezidentura səviyyəsinə əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyat prosesinə start verilir
Sentyabrın 5-də ali təhsil pilləsinin rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin qeydiyyat prosesinə start veriləcək. Namizədlər https://portal.edu.az/ saytında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Elektron sistem üzrə qeydiyyat 10 sentyabr saat 18:00-da başa çatacaq. Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.
05/09/2024 09:30
Nazir müavini UNESCO Rəqəmsal Öyrənmə Həftəsi çərçivəsində bir sıra görüşlər keçirib
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin UNESCO Rəqəmsal Öyrənmə Həftəsində iştirakı davam edir. Tədbirin üçüncü günündə nümayəndə heyəti süni intellektin təhsildə və öyrənmədə istifadəsi, dəyərləndirilməsi üzrə bir sıra plenar sessiyalarda iştirak edib. Tədbir çərçivəsində Həsən Həsənli UNESCO-nun “Priority Africa” (PAX) bölməsinin rəhbəri Mohamed Elfarnavani və UNESCO İcraiyyə Şurasının sədri Vera Lakouilhe ilə görüşüb. Görüşlər zamanı UNESCO ilə elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də PAX layihəsi üzrə birgə fəaliyyət imkanları müzakirə olunub. UNESCO Rəqəmsal Öyrənmə Həftəsi 5 sentyabr tarixinədək davam edəcək.
04/09/2024 20:00
Nazir müavininin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin UNESCO Rəqəmsal Öyrənmə Həftəsində iştirakı davam edir
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin UNESCO-nun Rəqəmsal Öyrənmə Həftəsində iştirakı davam edir. Tədbirin ikinci günündə nümayəndə heyəti təhsilin rəqəmsallaşdırılması, süni intellektin təhsildə istifadəsi, yaşıl və rəqəmsal çağırışlar mövzuları üzrə bir sıra plenar sessiyalarda iştirak edib. Tədbir çərçivəsində elm və təhsil nazirinin müavini Həsən Həsənli UNESCO-nun Baş Konfransının sədri Simona Miculescu və UNESCO-nun baş direktorunun təbiət elmləri üzrə müavini Lidiya Brito ilə görüşüb. Görüşlər zamanı UNESCO ilə elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri müzakirə olunub. Qeyd edək ki, növbəti günlərdə digər ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur. UNESCO Rəqəmsal Öyrənmə Həftəsi 5 sentyabr tarixinədək davam edəcək.
03/09/2024 20:00
Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. 30 avqust – 2 sentyabr tarixlərində keçirilmiş vakansiya seçimində 1 544 namizəd uğur qazanıb və müddətli müqavilə ilə işləmək imkanı əldə edib. Uğur qazanan namizədlər 6 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Qeyd edək ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təhvil verdikdən sonra şəxsi səhifələri vasitəsilə çıxarışın təsdiq olunduğunu yoxlamaq tövsiyə edilir. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. 30 avqust – 2 sentyabr tarixlərində keçirilmiş vakansiya seçimində 1 544 namizəd uğur qazanıb və müddətli müqavilə ilə işləmək imkanı əldə edib. Uğur qazanan namizədlər 6 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Qeyd edək ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təhvil verdikdən sonra şəxsi səhifələri vasitəsilə çıxarışın təsdiq olunduğunu yoxlamaq tövsiyə edilir.
03/09/2024 14:47
Nazir müavininin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti UNESCO Rəqəmsal Öyrənmə Həftəsində iştirak edir
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO Rəqəmsal Öyrənmə Həftəsində iştirak məqsədilə Paris şəhərində səfərdədir. Tədbir təhsilin rəqəmsallaşdırılması, süni intellektin təhsildə istifadəsi, yaşıl və rəqəmsal çağırışlar mövzularını əhatə edir. Tədbir çərçivəsində Həsən Həsənli UNESCO-nun baş direktorunun təhsil üzrə müavini Stefania Ciannini ilə görüşüb. Görüş zamanı UNESCO ilə elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri müzakirə olunub. Qeyd edək ki, növbəti günlərdə digər ikitərəfli görüşlərin keçirilməsi nəzərə tutulur. UNESCO Rəqəmsal Öyrənmə Həftəsi 5 sentyabr tarixinədək davam edəcək.
02/09/2024 17:40
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı