Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 4-də Azərbaycan Dillər Universitetində Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının açılış mərasimi keçirilib.

Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bu tədbirin mühüm əhəmiyyətindən danışaraq qeyd edib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, elmin və təhsilin inkişafı üçün də lazımi şərait yaradılıb. Qeyd olunub ki, 2 gün davam edəcək bu konfransda 19 bölmə üzrə 300-ə yaxın məruzə dinləniləcək. Misir Mərdanov ölkəmizdə gənclərin təhsili, onların elmi-tədqiqat fəaliyyətləri istiqamətində yaradılan şəraitdən bəhs edib. Nazir Aspirantların və gənc tədqiqatçıların XIII Respublika elmi konfransının nəticələrindən də söz açıb və bildirib ki, həmin konfransın fəal iştirakçılarına Təhsil Nazirliyinin sertifikatları verilib. Sonra Misir Mərdanov ən yaxşı elmi işə görə 3 doktoranta hədiyyə olaraq noutbuk təqdim edib və konfransın işinə uğurlar arzulayıb. Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov və başqaları konfransla əlaqədar çıxış ediblər. Təhsil nazirinin müavini İradə Hüseynova konfransın gedişi barədə tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki, konfrans bölmələr üzrə iki gün davam edəcək.

Dekabrın 5-də Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.

Dekabrın 5-də Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. İclas Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə universitetin əməkdaşlarına verilmiş fəxri adların və təltiflərin təqdimatına həsr olunub. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov dövlət başçısının müvafiq sərəncamları ilə universitetin 107 əməkdaşına Azərbaycanın ən böyük mükafatları və fəxri adlarının verilməsini təhsil ocağına olan diqqət və qayğı kimi dəyərləndirib və qeyd edib ki, bu, təhsil işçilərinin əməyinə verilən önəmin təzahürüdür. Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. Nazir bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirakı, dövlət başçısına BDU-nun fəxri doktoru adının verilməsi, təhsil ocağının çoxlu sayda aliminin dövlət mükafatları ilə təltif edilməsi universitet kollektivinin yaddaşında tarixi hadisə kimi qalacaq. Misir Mərdanov daha sonra ali təhsil sahəsində qarşıda duran vəzifələrdən söz açıb, universitetin həmişə olduğu kimi, bu məsələlərin həllində də digər ali məktəblərə örnək olacağına ümid etdiyini bildirib. Nazir mükafata layiq görülənləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonda BDU-nun əməkdaşlarına fəxri adlar və təltiflər təqdim olunub.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) cari ilin noyabrında 27 müraciət daxil olub.

Qeyd edək ki, müraciətlərin əksəriyyəti (17-si) sorğu, məlumat və anonim xarakterlidir. Müraciətlərin 18-i Ba­­­kı şəhərinin ümumtəhsil məktəb­lərindən daxil olub. Sor­ğu­lar əsasən olimpiadaların keçirilməsi, imta­hanlara hazırlıq, uşaq bağ­­çaları, müəllimlərin işə qəbulu ilə bağ­­lı­dır. Şikayətlər isə da­ha çox mək­təblərin istilik sistemi ilə təchizatı barədədir. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər araş­dırılıb, müvafiq tədbirlər görülüb və müraciət müəlliflərinə cavab verilib. Eyni za­man­­da noyabr ayında “Qaynar xətt” xidmətinə daxil olan çox­saylı sorğular Nazirli­yin əməkdaşları tərəfindən cavablandırılıb. Ötən ay ərzində “qaynar xətt” xidmətinə 151 saylı orta məktəbdə məktəbli for­masının məcburi şəkildə satılması ilə bağlı iki anonim şikayət daxil olub. Şikayət edən valideynin kimliyi müəyyənləşdirildikdən sonra məktəbdə araşdırma aparılıb və şi­ka­yətin doğru olduğu aydınlaşdırılıb. Bununla bağlı məktəbin direktoruna Bakı Şə­həri üzrə Təh­sil İdarəsi tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Dekabrın 9-da Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Əvvəlcə mərasim iştirakçıları AMİ-də yeni yaradılmış Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişlər. Rəmzi açılışı bildirən lent kəsildikdən sonra mərkəzlə tanış olan mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara maraqla baxmışlar. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə həyata keçirdiyi nəhəng layihələrə, elmin və təhsilin inkişafı məqsədi ilə atdığı addımlara həsr olunmuş film nümayiş etdirilmişdir. Sonra mərkəzdə ümummilli liderin büstünün açılışı olmuşdur. Mərasim iştirakçıları adından büstün önünə əklil qoyulmuş, xatirə şəkli çəkdirilmişdir. İnstitutun idman zalında tələbələrin hazırladıqları “İdman həyəcanı” proqramı nümayiş olunmuşdur. AMİ-nin akt zalında davam edən mərasimdə təhsil naziri Misir Mərdanov yubiley münasibətilə iştirakçıları təbrik etmişdir. Bildirmişdir ki, Azərbaycanda son illər elmin, təhsilin inkişafı məqsədi ilə həyata keçirilən çoxsaylı dövlət proqramları, layihələr, inşa olunan yeni məktəb binaları, nəşr edilən dərslik və tədris vəsaitləri dövlətimizin başçısının bu sahəyə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir. Nazir buna görə bütün təhsil işçiləri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərə toxunan nazir qeyd etmişdir ki, bu gün respublikamızda əldə edilən nailiyyətləri görən ulu öndərin ruhu şaddır. Çünki onun arzuları, istəkləri Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində böyük sürətlə reallığa çevrilir. AMİ-nin yubileyinin Azərbaycanın bütün müəllimlər ordusu üçün bayram olduğunu vurğulayan nazir, son 4 ildə institutda böyük yenidənqurma və abadlıq işlərinin aparıldığını, burada təhsilin müasir tələblər səviyyəsinə qaldırılması, bu ali məktəbin qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün gərəkli işlər görüldüyünü qeyd etmişdir. Mərasimdə Prezident İlham Əliyevin Azərbaycan Müəllimlər İnstitutunun bir qrup əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsi haqqında Sərəncamları oxunmuş, bu mükafatların AMİ-nin Elmi Şurasında təqdim olunacağı bildirilmişdir. İnstitutun bir qrup əməkdaşlarının Təhsil Nazirliyinin mükafatlarına layiq görüldüyünü qeyd edən nazir Misir Mərdanov bu mükafatları sahiblərinə təqdim etmişdir. AMİ-nin rektoru, professor Aqiyə Naxçıvanlı institutun əməkdaşlarının əməyinin yüksək dövlət mükafatlarına layiq görülməsinə görə dövlətimizin başçısına kollektivin dərin minnətdarlığını çatdırmışdır. Yarandığı vaxtdan bu günədək xalqımız üçün çox gərəkli olan bir missiyanın kollektiv tərəfindən şərəflə həyata keçirildiyini vurğulayan rektor, bu təhsil ocağının tarixinə nəzər salmış, bütün Azərbaycan elmi və təhsili kimi, Müəllimlər İnstitutunun da ən böyük uğurlarının ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərə təsadüf etdiyini bildirmişdir. Rektor bildirmişdir ki, ötən əsrin 20-ci illərinin sonlarından fəaliyyətə başlayan və bu gün də öz işini uğurla davam etdirən, ölkəmizin pedaqoji kadr potensialının gücləndirilməsində, onun elmi-metodiki səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan Azərbaycan Müəllimlər İnstitutu şərəfli yol keçərək, təhsilimizin inkişafında özünəməxsus yer tutmuşdur. Qeyd olunmuşdur ki, dövrün tələblərinə uyğun olaraq Azərbaycan Xalq Maarifi Komissarlığının 13 iyul 1929-cu il tarixli qərarı ilə həmin il oktyabrın 1-də Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması İnstitutu yaradılmışdır. Müxtəlif adlar altında fəaliyyət göstərən Müəllimlər İnstitutu həmişə öz vəzifələrinin öhdəsindən şərəflə gəlmiş və respublikamızda gedən maarifçilik hərəkatının öncüllərindən biri olmuşdur. Azərbaycan Müəllimlər İnstitutunun kollektivi ötən əsrdə burada işləmiş görkəmli elm və maarif xadimlərindən Yusif Məmmədəliyevin, Mikayıl Rəfilinin, Fatma İsmayılovanın, Mirəli Axundovun, Yusif Zeynalın, İsa Seyidovun, Şamil Məmmədbəylinin, Midhət Bineyevin, Əlisəftər Şirinovun, Sədi Əfəndiyevin, Həsən Sadıqlının, Saleh Hüseynovun, Süleyman Məmmədovun, Əsəd Dilbazinin, Emin Abdullayevin, İbrahim Əfəndiyevin, Yahya Qarabağlının, Bağır Axundovun və başqalarının əziz xatirəsini hörmətlə yad edir, onların işini layiqincə davam etdirirlər. Bu ali məktəbin əsl çiçəklənmə dövrünün, müasir tələblərə cavab verən təhsil müəssisəsinə çevrilməsinin 1969-cu ildən - ulu öndər Heydər Əliyevin Azərbaycanın rəhbəri seçildiyi dövrdən başladığını vurğulayan rektor bildirmişdir ki, ümummilli liderimiz istər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik illərində bu institutun fəaliyyətinə xüsusi qayğı göstərmiş, onun problemlərinin dövlət səviyyəsində həllini diqqət mərkəzində saxlamışdır. Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 2000-ci ildə respublikamızın 11 bölgəsində Müəllimlər İnstitutunun filiallarının açılması barədə Fərman imzalanmışdır. Hazırda bu təhsil ocağının çox geniş profilli ali məktəbə çevrildiyini diqqətə çatdıran rektor qeyd etmişdir ki, institut bir tərəfdən respublikanın böyük müəllimlər ordusunun təkmilləşdirilməsi və yenidən hazırlanması işini həyata keçirir, digər tərəfdən müxtəlif ixtisaslar üzrə ilkin pedaqoji kadrlar hazırlayır. A.Naxçıvanlı qürur hissi ilə qeyd etmişdir ki, bu gün respublika məktəblərinin ibtidai sinif müəllimlərinə, uşaq bağçalarının tərbiyəçilərə ehtiyacının 60-70 faizini məhz Azərbaycan Müəllimlər İnstitutu və onun filialları ödəyir. Hazırda filiallarla birlikdə institutda bakalavr pilləsində 8 minə yaxın tələbənin və 100 nəfərdən artıq magistrin təhsil aldığı və onlara 21 fakültə, 56 kafedra, 42 kabinet, 21 kompyuter zalı, 12 kompyuter mərkəzi, çoxsaylı fənn kabinetlərinin xidmət göstərdiyi bildirilmişdir. Bütün kafedra və kabinetlər öz işlərini Avropa təhsil sistemi ənənələrini mənimsəmək, yeni təlim texnologiyaları və İKT vasitələrindən geniş istifadə etməklə müasir təlim metodlarına yiyələnmək, onun yerlərdə tətbiqinə nail olmaq istiqamətində qurur. Bu istiqamətdə fəaliyyət göstərən 700 nəfərdən artıq professor-müəllim heyətinin 47 nəfəri elmlər doktoru, professor, 223 nəfəri elmlər namizədi, dosentdir. Bu gün Azərbaycan Müəllimlər İnstitutu və onun filialları əlavə təhsil sistemində də respublikada aparıcı təhsil müəssisəsi sayılır. İnstitutda milli fənn kurrikulumlarının orta məktəblərdə tətbiqini, təhsilin idarə edilməsini, məktəb rəhbərlərinin idarəçilik fəaliyyətinin elmi əsaslara söykənməsini təmin etmək məqsədilə ixtisasartırma kurslarının tədris proqramlarının yeniləşdirilməsi, onların məzmununa elmi yeniliklərin daxil edilməsi sahələrində məqsədyönlü işlər aparılır. Qeyd olunmuşdur ki, bu problemlərin həlli yolunda görüləcək işlərin mərkəzində ulu öndər Heydər Əliyevin təhsil strategiyası dayanır. Bu strategiya müstəqil dövlətimizdə təhsilin müasirləşməsinə güclü təkan vermiş, onun inkişaf xəttini və istiqamətlərini müəyyənləşdirmişdir. Rektor vurğulamışdır ki, AMİ ən böyük uğurlarını son beş ildə Azərbaycan elm və təhsilinin dünya səviyyəsində ucalması üçün yorulmaz əməli və yaradıcı fəaliyyəti ilə hamını heyrətləndirən Prezident İlham Əliyevin xüsusi qayğısı sayəsində əldə edə bilmişdir. Məhz dövlətimizin başçısının şəxsi göstərişi ilə bu təhsil ocağına ayrılmış maliyyə vəsaiti hesabına burada əsaslı təmir-tikinti və abadlıq işləri aparılmışdır. A.Naxçıvanlı institutun professor-müəllim heyəti və bütün əməkdaşları adından Prezident İlham Əliyevə dərin minnətdarlığını və təşəkkürünü çatdırmış, dövlətimizin başçısının uğurla həyata keçirdiyi daxili və xarici siyasətin institut kollektivi tərəfindən daim dəstəkləndiyini vurğulamışdır. Rektor bildirmişdir ki, AMİ-nin kollektivi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş “Yeniləşən Azərbaycana yeni məktəb” proqramına qoşularaq, məktəblərdə təhsilin müasir standartlar səviyyəsinə qaldırılması istiqamətində də var gücü ilə çalışır, bu proqramın uğurla davam etdirilməsi üçün əməyini əsirgəmir. Mərasimdə çıxış edən Nərimanov rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatı Fəttah Heydərov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Milli Məclisin elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev ölkəmizdə elmin və təhsilin inkişafında son illər əldə olunan uğurlardan danışmış, bu nailiyyətlərin qazanılmasında xüsusi əməyi olan AMİ-nin kollektivini yubiley münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulamışlar. Mərasim iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.  AzərTAc

Dekabrın 10-da “Təhsildə Əməkdaşlıq” Proqramı üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumunun imzalanmasına dair mərasim keçilib.

Təhsil Nazirliyində təşkil olunan bu tədbirdə “Microsoft” şirkətinin əməkdaşları, ölkəmizdə İKT sahəsində fəaliyyət göstərən bir sıra qurumların rəhbərləri və digər şəxslər iştirak edib. Tədbirdə təhsil naziri Misir Mərdanov qeyd edib ki, Təhsil Nazirliyi ilə “Microsoft” şirkətinin Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığı “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na dəstək məqsədilə həyata keçirilir. Nazir bildirib ki, “Microsoft” şirkəti ölkəmizdə bir sıra istiqamətlər üzrə fəaliyyət göstərir və bu qurum tərəfdaşları ilə birgə müəllim və şagirdlər üçün yeni imkanlar yaratmaq, təhsili daha da təkmilləşdirmək üçün “İnnovativ Müəllimlər”, “İnnovativ Tələbələr”, eləcə də “İnnovativ Məktəblər” layihəsini həyata keçirir. Misir Mərdanov əlavə edib ki, bu şirkətlə əməkdaşlıq çərçivəsində orta məktəblərə verilmiş kompüterlərin lisenziyalaşdırılmış proqramla təminatı, müəllimlərin beynəlxalq səviyyəli forum və digər tədbirlərdə iştirakı, “Xalq kompüteri” layihəsi istiqamətində müvafiq işlər həyata keçirilib. “Microsoft” şirkətinin Orta və Qərbi Avropa üzrə “Təhsildə Əməkdaşlıq” Proqramının rəhbəri Teodor Milev Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə reallaşdırılmış layihələrdən söz açıb və qeyd olunan sahədə lazımi dəstək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb. Qonaq imzalanacaq memoranduma böyük ümid bəslədiyini vurğulayıb. Sonda təhsil naziri Misir Mərdanov, “Microsoft” şirkətinin Orta və Qərbi Avropa üzrə “Təhsildə Əməkdaşlıq” Proqramının rəhbəri Teodor Milev və “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Teymur Axundov Anlaşma Memorandumunu imzalayıblar.

Dekabrın 10-da “Buta” sarayında Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

Olim­­­­piadada azərbaycanlı şagirdlər doqquz medal qazanmışlar. On beş yaşlı yeniyetmələr arasında fizika, kimya və biologiya fənləri üzrə keçirilmiş olimpiadada 49 ölkədən 600-dən çox şagird və onların müəllimləri iştirak etmişlər. Heydər Əliyev Fondunun, İJSO (International Junior Science Olympiad) və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən olimpiadada dünyanın 5 qitəsindən 258 şagird 30 sualdan ibarət test, nəzəri və təcrübi tapşırıqları cavablandırmışdır. Cavabları olimpiadanın Elm Komitəsi tərəfindən seçilən 18 təcrübəli müəllim yoxlamışdır. Tədbir iştirakçıları olimpiadanın gedişini əks etdirən videofilmə baxmışlar. Gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, ölkəmizdə olimpiadanın yüksək səviyyədə keçirilməsi üçün nizamnaməyə uyğun olaraq bütün işlər ardıcıllıqla həyata keçirilmişdir. Nazir demişdir ki, Azərbaycan bu tədbirə ev sahibliyi edən ilk Avropa ölkəsidir. Bildirilmişdir ki, bu tədbirin Azərbaycanda keçirilməsi olduqca fərəhli haldır. Olimpiada ayrı-ayrı ölkələrdən gəlmiş yeniyetmələr arasında əsl elm və dostluq körpüsünə çevrilmişdir. İştirakçılar Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və xalqımızın qonaqpərvərliyi ilə yaxından tanış olmuşlar. Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının iştirakçıları ümumilikdə 20 qızıl, 60 gümüş və 84 bürünc medal qazanmışlar. Olimpiadada iştirak edən 12 azərbaycanlı məktəblidən 9-nun adı mükafatçılar sırasında olmuşdur. Onlardan 2-si gümüş, 7-si isə bürünc medal qazanmışdır. Rusiya komandası 6 qızıl medalla birinci yerə çıxmışdır. Qaliblərə mükafatları xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, olimpiadaya hazırlıq məqsədi ilə yaradılmış Elm Komitəsinin rəhbəri Hafiz Paşayev, təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, VI Beynəlxalq Elm Olimpiadasının prezidenti Masna Gintinq, Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və başqaları təqdim etmişlər. Tədbir gənc musiqiçilərin geniş konsert proqramı ilə davam etmişdir.   AzərTAc

Dekabrın 14-də Təhsil Nazirliyində təhsil müəssisələrində metodiki işin təkmilləşdirilməsinə həsr olunmuş müşavirə keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları iştirak ediblər. Təhsil naziri Misir Mərdanov tədbiri açaraq metodiki işin düzgün təşkilinin təhsilin keyfiyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını qeyd edib. Na­zir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də metodiki mərkəzin fəaliy­yətinin müsbət cəhətlərindən söz açaraq müzakirə olunan məsələ ilə bağlı fikirlərini bil­di­rib. Misir Mərdanov metodiki mərkəzin fəaliyyətinin daha səmərəli təşkili üçün bir sıra ad­dım­­ların atılmasının zəruri olduğunu nəzərə çatdırıb və təhsil ocaqları ilə sıx əlaqə­lərin yaradılmasını tövsiyə edib. Təhsil naziri bu sahədə mövcud olan prob­lemlərin müəyyən edilməsi, mü­va­fiq dünya təcrübəsinin öyrənilməsi və təkliflərin hazırlanması məqsədilə işçi qrupunun yaradılmasının vacib olduğunu bildirib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin metodiki mərkəzinin direktoru Vahid Qur­banov, mərkəzin direktor müavinləri Sitarə Məmmədova və Nazir Əliyev bu sahədəki mövcud vəziyyətlə bağlı ətraflı məlumat veriblər. Çıxışlarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyəti dövründə mərkəzin kurikulumların tətbiqi, dərslik­lərin müzakirəsi, qiy­mət­ləndirmə, qabaqcıl təcrübənin öyrənilməsi və başqa istiqa­mətlərdə apardığı işlərdən bəhs olunub, eləcə də qarşıya çıxan müvafiq çətinliklər diqqətə çatdırılıb. Müşavirədə müzakirə olunan məsələ ilə bağlı geniş fikir mübadiləsi aparılıb, bir sıra təkliflər irəli sürülüb. Sonda yaradılan işçi qrupunun bir ay müddətində müvafiq təkliflər hazır­layıb təqdim etdikdən sonra bu məsələnin yenidən müzakirəyə çıxarılması qərara alı­nıb.

Dekabrın 15-də “Excelsior” otelində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “2009-cu ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda “Sevinciniz uğurumuzdur” adlı sənədli film nümayiş olunub. “2009-cu ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda geniş məru­zə ilə çıxış edən təhsil naziri Misir Mərdanov uşaqların rifahının daha da yaxşı­laş­dı­rılması ilə bağlı məsələlərin Azərbaycanda daim diqqət mərkəzində saxlanıldığını, ümum­milli liderimiz Heydər Əliyevin uşaqların müdafiəsi sa­­­­hə­si­ndə əsasını qoy­du­ğu ənənələrin Azər­baycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Meh­ri­ban Əliyeva tə­rə­findən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Nazir son il­lər­də ölkə iqti­sa­diy­yatının dinamik inkişafı sayəsində uşaq hüquqlarının qorun­ma­sına yönəlmiş proq­ram­ların, o cümlədən də “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaq­ların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqra­mı”nın uğurla həyata keçirildiyini qeyd edib. Təhsil Nazirliyinin YUNİCEF-in ekspertləri, Əmək və Əhalinin Sosial Mü­da­fi­əsi Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşları ilə birlikdə 55 dövlət uşaq mü­əs­sisəsində keçirdiyi qiymətləndirmə nəticəsində hazırlanan dövlət uşaq müəs­si­sələrinin transformasiyası üzrə Baş Planın cari ilin aprelində hökumət tərəfindən təsdiq edil­diyini söyləyən Misir Mərdanov artıq 9 uşaq müəssisəsinin ümumtəhsil məktəbinə çevrildiyini, hazırda dövlət uşaq müəssisələrindəki 10 054 uşaqdan 3 960 nəfərinin müəssisədə, 6 094 nəfərinin isə ailəsi ilə birgə gecələdiyini bildirib. Nazir deyib ki, öv­lad­larına sərbəst şəkildə qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahı­nın yaxşılaşdırılması məqsədilə yerlərdə həyata keçirilən tədbirlər za­ma­nı Təhsil Na­zir­liyi yerli və beynəlxalq QHT–lərlə sıx əməkdaşlıq edir, sağlam­lıq imkanları məhdud və sosial cəhətdən çətin vəziyyətdə olan ailələrin uşaqlarının ri­fa­hının yaxşı­laş­dı­rıl­ma­sı­na, onların cəmiyyətə inteqrasiyasına, təhsilə cəlb edilmə­si­nə və asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirir. Risk qrupuna daxil olan sağlamlıq imkanları məhdud uşaqlar üçün Bərdə şəhərindəki internat məktəbin, Sa­­­­­­bun­çu rayonundakı 11 nömrəli xüsusi internat məktəbin və Suraxanı rayonu 2 nöm­­­­­­­­­­­­­rə­­li uşaq evinin nəzdində günərzi qayğı, Əzizbəyov rayonundakı valideyn hima­yə­sin­dən məhrum uşaqlar üçün Respublika yardımçı internat məktəbin nəzdində isə re­a­bi­li­tasiya–inkişaf mərkəzlərinin yaradıldığını bildirən təhsil naziri yaxın vaxtlarda Göyçay şəhərində və Qaradağ rayo­nun­da yerləşən internat məktəblərin nəzdində də belə mərkəzlərin açılmasının nəzərdə tu­tul­duğunu söyləyib. Proqramın icrası ilə əlaqədar qarşıda duran daha ciddi vəzifələr, müvafiq nor­mativ hüquqi bazanın təkmilləşdirilməsi, dövlət uşaq müəssisələrindən uşaqların ailə­lə­rə verilməsi, onların hüquqlarının qorunması və sosial müdafiəsinin iş­lək mexa­nizm­lə­rinin tətbiqi, risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli pre­ventiv təd­bir­lə­rin həyata keçirilməsi üçün sosial işçilərin hazırlanması, ailələrə veril­miş uşaqların və­ziy­yətinin dövri monitorinqinin aparılması mexanizmlərinin ya­ra­dılması haqqında söz açan nazir birgə səylərlə bütün bu məsələlərin həllini tapaca­ğına əminliyini ifadə edib. Milli Məclisin sosial siyasət məsələləri daimi komissiyasnın sədri Hadi Rəcəbli, YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard, Türkiyə Res­pub­likasının Ankara şəhər sosial xidmətlər müdiri Neriman Koca, YUNİSEF-in beynəlxalq eksperti Devid Larter, Avropa Sosial Şəbəkəsindən siyasət və inkişaf üzrə mütəxəssis Dorota To­ma­lak, YUNİSEF-in Uşaqların müdafiəsi proqramının rəhbəri Munir Məmmədzadə, YUNİSEF-in milli məsləhətçisi Aytəkin Hüseynli, Əmək və Əha­­­­linin Sosial Müdafiəsi Na­zirliyinin şöbə müdiri Natiq Qasımov, Bakı Şəhəri üzrə Baş Səhiyyə İdarəsinin mü­diri Leyla Seyidbəyli, Maliyyə Nazirliyinin şöbə müdi­ri­nin müavini Vüqar Məcidli, Əd­liyyə Nazirliyinin idarə rəisi Faiq Qurbanov, Daxili İşlər Nazirliyinin şöbə rəisi Ka­mal İmamverdiyev, Ailə, Qadın və Uşaq Problemləri üz­­­­­­rə Dövlət Komitəsinin şöbə mü­diri Sənubər Əlizadə və “Hər kəs üçün cəmiyyət–Azər­baycan” proqramının di­rektoru Ramiz Behbudov ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azər­baycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə veril­məsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın əhəmiyyətindən söz açıb, bu sahədə Təhsil Nazirliyinin gördüyü işləri yüksək qiymətləndiriblər. Qeyd olu­nub ki, Dövlət Proqramının icrası ilə əlaqədar bir sıra yerli və beynəlxalq qurumlar, QHT–lərlə ya­radılan səmərəli əməkdaşlıq əlaqələri uğurlu nəticələr verir. Konfransı Misir Mərdanov yekunlaşdıraraq Dövlət Proqra­mı­nın hə­ya­ta keçi­ril­mə­sində Təhsil Nazirliyi ilə əməkdaşlıq edən müvafiq nazirliklərə, döv­lət qu­­­rum­­larına, yer­li və beynəlxalq qeyri–hökumət təşkilatlarına təşəkkürünü bildirib, fəaliy­yət­lə­rin­d­ə uğur­lar arzulayıb.

Dekabrın 16–da Təhsil Nazirliyində “Beynəlxalq mühasibat uçotu standartlarına keçidlə əlaqədar maliyyə hesabatlarının tətbiqi və maarifləndirmə işinin təşkilinə dair” müşavirə keçirilib.

Müşavirədə təhsil və ma­li­yyə nazirliklərinin rəhbər işçiləri, Dünya Ban­­kının Azərbaycandakı nümayəndəliyinin, ali və orta ixtisas məktəblərinin rəhbərləri iş­ti­rak ediblər. Müşavirəni təhsil naziri Misir Mərdanov açıb və “Beynəlxalq mühasibat standart­larına keçidlə əlaqədar ali və orta ixtisas təhsili müəssisələri qarşısında duran vəzifələr” mövzusunda təqdimat edib. Nazir bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 7 fev­ral 2005–ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Mühasibat uçotu haqqında” Azərbaycan Res­publikasının Qanununa əsasən Azərbaycanda milli müha­sibat uçotu stan­dart­­larının ha­zır­­lanması nəzərdə tutulub. Bu sahədə kadr hazırlığının təkmilləş­di­ril­mə­sinin zəruri­liyindən söz açan təhsil naziri daha sonra mühasibat uçotu sahəsində mütəxəssis ha­zır­­­lı­ğı­nın mövcud vəziyyəti barədə məlumat verib. Nazir “Mühasibat uçotu və audit” ixti­sa­sı üzrə təhsil proqramla­rın­dan, mühasibata aid fənlərin tədrisindən, digər ixtisaslarda “Mü­ha­si­bat uçotu və audit” fənninin tədri­si vəziyyətin­dən danışıb, mühasibata aid fənləri tədris edən müəllimlər haqqında statistikanı müşavirə iştirak­çı­la­rı­nın diqqətinə çatdırıb. Misir Mər­da­nov çıxışında milli mühasibat uçotu standartlarına keçidlə bağlı qarşı­da duran vəzi­fə­lərə də toxunub. Maliyyə naziri Samir Şərifov “Beynəlxalq mühasibat uçotu standartlarına keçidlə əlaqədar maliy­yə hesabatlarının tətbiqi və maarifləndirmə işinin təşkili” mövzusunda təqdimat edib. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli iqtisadi islahatlar sayəsində beynəlxalq tələblərə cavab verən mühasibat uçotu sisteminin təkmilləşdirilməsi və yenidən qurulması ilə bağlı da­vam­­lı addımlar atılır. Maliyyə naziri islahatların məntiqi davamı kimi qanunveri­ci­lik baza­sı­nın təkmiləşdirilıməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Maliyyə he­­sa­­batları­nın beynəlxalq standartlarının və milli mühasibat uçotu standartlarının tətbi­qi­nin məqsədlərindən, yeni mühasibat uçotu sisteminin daha sürətli tətbiqi və əhatə dairə­si­nin ge­niş­ləndirilməsi istiqamətində möv­cud olan problemlərdən və digər məsələlərdən da­nı­şan na­zir qeyd edib ki, mühasibat uçotu və audit sahə­sin­də qısa müddətdə konseptual yanaşma əsa­sın­da vahid təhsil sisteminin yaradılması və müvafiq meto­do­loji bazanın və müvafiq tədris materiallarının hazırlanması zəruridir. Samir Şərifov bununla bağlı möv­­­­cud prob­lem­lərin həlli istiqamətində həyata keçirilməsi nəzərdə tutulan digər işlərdən də söz açıb və bü­­­tün bu tədbirlərin həyata keçirilməsində Təhsil Nazirliyinin rolunu qeyd edib. Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qriqori Yedjeyçak “Kor­­­­po­rativ və büd­cə sektorunda hesabatlılıq layihəsinin məqsəd və vəzifələri” mövzu­sun­­­da çıxış edərək fikirlərini bildirib. Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb. Azərbaycan Dövlət İqtisad Uni­ver­sitetinin rek­toru Şəmsəddin Haçıyev, Azərbaycan Universitetinin rektoru Akif Musa­yev, Xəzər Universitetinin rek­toru Hamlet İsaxanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Bakı Biznes Uni­ver­si­te­ti­nin rektoru İbad Abbasov müzakirə olunan mə­­­­sə­­lə­lərlə bağlı fikir və təkliflərini bildiriblər. Müşavirədə qeyd olunan məsələlərin operativ həlli ilə əlaqədar birgə işçi qrupunun ya­radıl­ması, iş­çi qrupuna təhsil və maliyyə nazirliklərində, Dünya Bankında və ali təhsil müəssisələrində çalışan yük­sək ixtisaslı mütəxəssislərin cəlb olunması qərara alınıb.

Dekabrın 17–də təhsil naziri Misir Mərdanov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller ilə görüşüb.

Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Azərbaycanın Fransa ilə digər istiqamətlərdə olduğu kimi, təh­sil sahəsində də əlaqələrə xüsusi önəm verdiyini bildirib. Ulu öndər Hey­dər Əliyevin Fransa ilə qarşılıqlı dostluğa və əməkdaşlığa əsas­lanan siyasətinə diqqət çəkən Misir Mərdanov bu kursun ölkə Prezi­denti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, bu baxı­m­dan döv­lət rəhbərinin dekabrın əvvəllərində Fran­saya rəsmi səfə­ri­nin əhəmiyyətli olduğunu qeyd edib. Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qab­riel Keller səmimi qəbula görə təhsil nazirinə minnətdarlığını bildi­rib, Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri zamanı digər məsə­lə­lərlə yanaşı, təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə də diq­qət yetirildiyini nəzərə çatdı­rıb. Dövlət başçılarının görüşü zamanı Fran­sa prezidentinin Azərbaycanda fransız məktəbinin açılması təşəb­büsü ilə çıxış etdiyini, bu barədə ümumi fikir müba­di­ləsi aparıldığını söy­lə­yən səfir deyib ki, Azərbaycanda müx­təlif sahələrdə çalışan fransızların, fransızdilli ölkələrin diplo­ma­tik kor­pus­larının təmsilçilərinin övlad­lar­ının təhsil alması üçün belə bir mək­təbə ehtiyac duyulur. Sonra səfir Qab­riel Kel­ler 2010–cu il ərzində bununla bağlı müvafiq razılığın əldə olunma­sı­nı arzuladıqlarını nəzərə çatdırıb. İki ölkə arasında təhsil sənədlərinin qarşılıqlı tanınması məsələ­lərinə toxu­nan səfir “2007–2015–ci illərdə Azərbaycan gənclə­ri­nin xa­ri­ci ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənc­lərin əsasən kənd tə­sər­­rü­fa­tı, memarlıq, aeronavtika, ekologiya ix­ti­sasları üzrə Fransanın nüfuzlu ali mək­təb­lərində təhsil almasına ma­raq göstərdiklərini qeyd edib. Azərbaycanla təhsil sahəsində əlaqələrin inkişafına yetirdikləri diq­­­­­­qətə gö­rə səfirə təşəkkür edən təhsil naziri Misir Mərdanov res­pub­li­kamızda bir sıra öl­kə­lərin dövlət və qeyri–dövlət tədris ocaq­la­rı­nın fəa­­liy­yət göstərdiyini nəzərə çat­dı­rıb. Misir Mərdanov Təhsil Nazir­liyi­nin əməkdaşları ilə Fran­­sa­nın Azər­­bay­candakı səfir­li­yinin təmsilçi­lərinin məsləhət­ləş­mələr apar­ması, irəli sürülən ide­ya­nın gerçəkləşdiril­məsi üçün hü­qu­qi əsas­ların hazırlanması, qaldırılan məsələnin hər­tə­rəfli mü­za­kirə edil­mə­si və Bakıda fransız məktəbinin açılması üçün müm­kün olan variantlar haqqında fikirlərini bildirib. “2007–2015–ci illərdə Azərbaycan gənclə­ri­nin xa­ri­ci ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Fransanın ali məktəblərinə in­diyə qədər 58 tə­lə­bə­nin gön­də­ril­diyini vurğulayan təhsil naziri gələ­cək­də bu göstəricinin daha da arta­cağına, Fran­sanın digər nüfuzlu univer­sitet­lə­­rin­də də azərbaycanlı tələbələrin təhsil al­ma­sı­nın mümkünlüyünə diqqət çəkib. Təhsil Nazirliyi ilə Fransanın KNOUS təş­ki­latı arasında səmərəli əməkdaşlığın mövcud olduğunu söyləyən nazir ölkələri­mi­zin təhsil sahəsindəki əla­qə­lərinin bundan sonra daha da geniş­lə­nə­cəyinə və inkişaf edəcəyinə əminliyini ifadə edib.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı