Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 18-də 6 nömrəli məktəb–liseydə «Müasir təhsil, müasir məktəb, müasir yanaşmalar» mövzusunda konfrans keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin, Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, nazirliyin məsul əməkdaşları, qeyri-hökumət təşkilat­la­rı­nın nümayəndələri, nazir­liyə tabe olan ümum­təhsil məktəblərinin rəhbərləri və müəllimlər iştirak ediblər. Konfrans iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov tədbirin keçiril­diyi yeni zalın müasir tələblərə uyğun olduğunu bildirib, bunu təhsil müəssisəsinin növbəti uğuru kimi dəyərləndirib. Nazir 6 nöm­rəli məktəb–liseydə bir sıra mütərəqqi ənənələrin formalaşdığını və təhsil sahəsinin ən aktual məsələlərinə həsr olunmuş müvafiq tədbirlərin tez-tez keçirildiyini qeyd edib. Sonra tədbir iştirakçıları iştirak etmək üçün seçdikləri mü­asir tə­lim texnolo­gi­yaları və fəal təlim metodlarının tətbiqi ilə tədris olunan «açıq dərs»lərə dəvət olu­nublar. «Açıq dərs»lər Azərbaycan və rus bölmələrinin həm ibtidai, həm də yuxarı siniflərində təşkil edilib. Təhsil naziri Misir Mərdanov Azərbaycan bölməsinin II sin­fində Gülşən Orucovanın ana dili və rus bölməsinin I sinfində Səidə Nəcəfquluzadənin ingilis dili dərslərində iştirak edib. Nazir və digər rəsmi şəxslər, eyni zamanda başqa sinif otaqlarında aparılan tədris prosesi ilə də maraqlanıb və Azərbaycan və rus bölmələri üzrə beşyaşlıların məktəbə hazırlıq qruplarında olublar. Konfrans iştirakçıları məktəbin foyesindəki foto­stend­lər­lə tanış olduqdan sonra yenidən konfrans zalına toplaşıblar. Məktəb–liseyin direktoru Ceyran Kuliyeva təhsil müəssisəsinin fəaliyyə­tin­dən bəhs edən təqdimatla çıxış edib. Təqdimatda təhsil ocağının tarixi, ən məşhur məzunları, keçdiyi inkişaf yolu, ölkədə uğurla həyata keçirilən təhsil islahat­ları, əldə olunmuş nailiyyətlər, liseydəki Heydər Əli­yev muzeyində keçirilmiş tədbirlər və perspektiv vəzifələr haqqında ətraflı məlu­mat verilib.

Dekabrın 19-da Təhsil Nazirliyində “Azərbaycan Milli Validеyn-Müəllim Assоsiasiyasının stratеji inkişafı” mövzusunda konfrans keçirilib.

Konfransda təhsil naziri Misir Mərdanov çıxış edərək, bu qurumun yaranma tarixindən, həyata keçirdikləri mühüm işlərdən və onun fəaliyyətinin əhəmiyyətli olduğundan söz açıb. Nazir bildirib ki, Azərbaycan Milli Validеyn-Müəllim Assоsiasiyasının məqsədi uşağın təlim-tərbiyə prosesində maraqlı olan bütün tərəfləri bir araya gətirərək, onların səylərini təhsilin keyfiyyətinin artırılmasına, təhsil sisteminin təkmilləşdirilməsinə və  məktəblərin inkişafına yönəltməkdir. Misir Mərdanov əlavə edib ki, valideyn və müəllimlərin könüllü birləşməsi nəticəsində yaranan bu ictimai qurum “Ümidli Gələcək” gənclər təşkilatı və YUNİSEF-in ölkəmizdəki nümayəndəliyi ilə birgə ölkəmizin orta məktəblərində bir sıra layihələr üzrə iş aparır. Hazırda 1000-dən çox məktəbdə yaradılmış valideyn-müəllim birliklərinin gördükləri işləri xüsusi qeyd edən nazir bu işə dəstək göstərən şəxslərə təşəkkür edib. YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevard bu tədbirin keçirilməsinin VMA-nın inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyəti olacağına inamını ifadə edib və həyata keçirilən layihələrə göstərilən dəstəyə görə təhsil naziri Misir Mərdanova təşəkkürünü çatdırıb. Konfransda çıxış edən Azərbaycan Milli Validеyn-Müəllim Assоsiasiyasının icraçı direktoru Təranə Şərifova, “Ümidli Gələcək” gənclər təşkilatının rəhbəri Nabil Seyidov və başqaları Milli VMA-nın fəaliyyətinin məqsəd və məramından, qurum tərəfindən həyata keçirilən və gələcəkdə reallaşdırılacaq tədbirlərdən, valideyn-müəllim əməkdaşlığının inkişaf etdirilməsi ilə şagirdlərin daha yaxşı oxumaları üçün şəraitin yaradılmasından bəhs ediblər. Tədbirdə “Azərbaycan Milli Validеyn-Müəllim Assоsiasiyasının stratеji inkişafı” mövzusunda iştirakçılara ətraflı məlumat verilib. Konfransda VMA-nın fəal üzvlərinə Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri fərmanlar təqdim olunub. Sonda Təhsil Nazirliyi ilə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının birgə fəaliyyəti barədə memorandum imzalanıb.

Dekabrın 22-də Bakı Dövlət Universitetində bu təhsil müəssisəsi ilə Rusiya Elmlər Akademiyasının Rentgenstruktur Analiz Mərkəzi arasındakı layihə çərçivəsində təşkil olunmuş təlim kursunun müdavimlərinə sertifikatlar təqdim edilib.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tədbiri giriş sözü ilə açaraq, layihənin Azərbaycanda kristal qrafiya elminin inkişafı üçün böyük rol oynadığını qeyd edib. Rektor layihə çərçivəsində kimya fakültəsində rentgenstruktur analiz laboratoriyası yaradıldığını, Rusiyadan tanınmış mütəxəssislərin cəlb olunduğunu və 12 gəncin burada artıq tədqiqatlar apardığını qeyd edib. Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universiteti ilə Rusiya Elmlər Akademiyasının Rengenstruktur Analiz Mərkəzi arasındakı mövcud layihənin əhəmiyyətini bildirib və elm sahəsində belə uğurların qazanılmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Misir Mərdanov ölkə başçısının elm, təhsil sahəsinə olan diqqət və qayğısından danışıb, nailiyyətlərin əldə edilməsini bu qayğının təzahürü olduğunu vurğulayıb. Nazir tədbirdə iştirak edən Rusiya Elmlər Akademiyasının mütəxəssislərinə elmi əməkdaşlığa görə təşəkkürünü bildirib. Sonda təlim kursunun 12 müdaviminə sertifikatlar təqdim olunub.

Dekabrın 25-də Yaponiyanın Azərbaycandakı səfirliyində «Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı» çərçivəsində 8 layihə üzrə imzalanma mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, «Azərsu» Səhmdar Cəmiyyətinin, Meliorasiya və Su Təsəssüfatı Açıq Səhmdar Cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının və kutləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər. Qonaqları salamlayan Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiy­yətli səfiri Masamitsu Oki imzalanacaq layihələr haqqında ətraflı məlumat verərək onların hazılanmasında əməyi olanlara təşəkkürünü bildirib. Masamitsu Oki Yaponiya hökumətinin Azərbaycanda indiyədək 120-dən artıq layihəni həyata keçiridiyini və onların demək olar ki, bütün ölkəni əhatə etdiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar, şəxsi həyatlarında xoşbəxtlik və möhkəm cansağlığı arzulayıb. Nazir Yaponiya hökumətinin Azərbaycanda təhsil sahəsinə xüsusilə maraq göstər­məsindən, maddi yardımlar etməsindən bəhs edib. Bu gün imzalanacaq 8 layihədən 3-nün təhsillə bağlı olduğunu bildirən təhsil naziri indiyədək «Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı» çərçivəsində 60-a yaxın əhəmiyyətli layihənin həyata keçirildiyini diqqətə çatdırıb. Misir Mərdanov yardımların bununla bitmədiyini, «Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı»ndan əlavə bir çox mühüm işlərin görüldüyünü və gələcəkdə Azərbaycanla Yaponiya arasında təhsil sahəsində çox ciddi addımların atılmasının nəzərdə tutduğunu vurğulayıb. Bu gün imzalanacaq layihələrin də uğurla həyata keçiriləcəyinə ümid etdiyini bildirən təhsil naziri çıxışının sonunda ölkəmizə göstərilən dost münasibətinə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib və yapon xalqına ən xoş arzularını çatdırıb. Mərasimdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnnovasiya, investisiya və ekoloji layihələrlə iş şöbəsinin müdiri Sadiq Şirəliyev, «Azərsu» Səhmdar Cəmiyyətinin Beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri İlqar Tağıyev, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Elm, layihə, tikinti və beynəlxalq əlaqələr şöbəsinin müdiri Məmməd Əsədov göstərilən maddi dəstəyə görə Yaponiya hökumətinə təşəkkür ediblər. Sonra 8 layihə üzrə ümumi dəyəri 763 982 ABŞ dolları olan qrant müqavilələrini Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Masamitsu Oki, icraçı qeyri-hökumət təşkilatlarının nümayəndələri və müvafiq rayon təhsil şöbəsinin rəhbəri imzalayıblar.

Dekabrın 25-də 6 saylı Bakı Peşə Liseyinin 40 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.

 Tədbiri giriş sözü ilə açan liseyin direktoru Sahib Rüstəmov toplantı iştirakçılarını salamladıqdan sonra rəhbərlik etdiyi təhsil müəssisəsinin yaranma tarixindən, bugünkü fəaliyyətindən danışıb. Ötən 40 il ərzində təhsil ocağını 58 000 məzunun bitirdiyini və onların ölkəmizin iqtisadiyyatının inkişafında fəal iştirak etdiklərini vurğulayan natiq hazırda liseydə 630 şagirdin təhsil aldığını, onların təlim-tərbiyəsi ilə 124 müəllim və texniki işçinin məşğul olduğunu diqqətə çatdırıb. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov yubiley münasibətilə təhsil ocağının pedaqoji kollektivini təbrik edib, onlara yeni uğurlar arzulayıb. Peşə təhsi­li­nin ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ilə inkişaf yoluna qədəm qoyduğunu qeyd edən nazir onu da bildirib ki, 90-cı illərdə bu təhsil ocaqlarının bağlanma təhlükəsi yaranmışdı. Nazir ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra peşə təhsilinin inkişafına yenidən təkan verilməsini, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsini toplantı iştirakçılarının nəzərinə çatdırıb. Nazir, həmçinin Prezident İlham Əliyevin tövsiyə və sərəncamlarına uyğun olaraq ayrı–ayrı rayonların iqtisadi xüsusiyyətləri və müvafiq tələblər nəzərə alınmaqla həmin rayonlarda peşə məktəblərinin tikiləcəyini açıqlayıb, buna misal olaraq İsmayıllı və Qəbələ rayonlarında tikilən peşə məktəblərini qeyd edib. Mərasimdə 6 saylı Bakı Peşə Liseyinin direktoru və bir neçə müəllim nazirliyin “Qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanla təltif edilib. Sonda tədbir iştirakçılarına yubiley mərasimi üçün hazırlanmış konsert proqramı təqdim olunub.

Dekabrın 25-də Təhsil Nazirliyində Yaponiyanın təhsil sistemi ilə tanış olmaq məqsədilə bu ölkəyə səfər etmiş nümayəndə heyətinin təqdimat mərasimi keçirilib.

Təhsil naziri Misir Mərdanov tədbirin məqsədi barədə qısa məlumat verib.    Sonra nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva Yaponiyanın elm və təhsil sistemi haqqında təqdimat-məruzə edib, bu ölkədə təhsili idarə etmək üçün Təhsil Şurasının fəaliyyət göstərdiyini nəzərə çatdırıb. Təranə Hacıyeva Yaponiyada insanların təhsil almasında heç bir məhdudiyyətin olmadığını, təhsil ocaqlarında ibtidai təhsilin 6, kiçik orta məktəbdə 3, yuxarı orta məktəbdə 3, ali məktəblərdə 4, magistraturada 2 və doktoranturada 2 il davam etdiyini bildirib. Yaponiyada müəllimlərin məktəblərə işə qəbulunun imtahanla həyata keçirildiyini qeyd edən Təranə Hacıyeva müəllimlərin bir məktəbdə maksimum 6 il işləməsinə icazə verildiyini, onların beş ildən bir ixtisasartırma kursundan keçirildiyini diqqətə çatdırıb. Şöbə müdiri Yaponiyada ibtidai siniflərdə şagirdlərlə iki müəllimin məşğul olduğunu, bu siniflərdə bir dərs saatının 45, yuxarı siniflərdə isə 50 dəqiqə davam etdiyini və tədris ilinin 11 ay, yəni 3 semestrdən ibarət olduğunu bildirib. Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva Yaponiyanın təhsil ocaqlarında məktəblə valideyn arasında sıx əlaqənin mövcudluğu haqqında da məlumat verib.

Dekabrın 26-da Təhsil Nazirliyi ilə “Azərsun Holdinq” şirkətlər qrupu arasında “Təhsil müəssisələri ilə əməkdaşlıq” layihəsi çərçivəsində görüləcək işlərə dair niyyət protokolu imzalanıb.

İmzalanma mərasimini giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov “Azərsun Holdinq” şirkəti ilə belə bir sənədin imzalanmasını Azərbaycan təhsili üçün yaddaqalan və böyük əhəmiyyətli hadisə kimi qiymətləndirib. Nazir bildirib ki, niyyət protokolunun imzalanması Biləsuvar rayonunda fəaliyyət göstərən peşə liseyinin inkişafının birgə təmin edilməsi məqsədinə xidmət edir. Layihənin mahiyyəti barədə mərasim iştirakçılarını məlumatlandıran təhsil naziri qeyd edib ki, “Təhsil müəssisələri ilə əməkdaşlıq” layihəsi çərçivəsində peşə təhsili üzrə müəllim və şagirdlərin bilik və bacarıqlarının artırılması, onların elmi-texniki yeniliklərə yiyələnməsi üçün tədbirlər həyata keçirməklə əmək bazarı ehtiyaclarına uyğun kadrların hazırlanmasının tənzimlənməsi istiqamətində birgə fəaliyyət nəzərdə tutulur. Biləsuvar peşə liseyində təhsil alan şagirdlərə “Azərsun Holdinq” şirkətlər qrupunun Muğan bölgəsindəki istehsalat müəssisələrində təcrübə keçmələrinə şəraitin yaradılacağını vurğulayan nazir layihədə peşə liseyində çalışan mühəndis-pedaqoji heyətin ixtisas səviyyəsinin artırılması üçün tədbirlərin də nəzərdə tutulduğunu diqqətə çatdırıb. Misir Mərdanov layihənin ölkə Prezidenti tərəfindən təsdiq olunmuş peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi dəyərləndirib. Nazir eyni zamanda  Təhsil Nazirliyi ilə “Azərsun Holdinq” arasındakı mövcud işbirliyinin və imzalanacaq protokolun ölkəmizdə fəaliyyət göstərən digər şirkətlər üçün də örnək olacağına inandığını bildirib. “Azərsun Holdinq” şirkətlər qrupunun prezidenti Abdolbari Goozal imzalanacaq sənədin çox vacib məsələyə həsr olunduğunu, Təhsil Nazirliyi ilə rəhbərlik etdiyi qurum arasında əməkdaşlığın inkişafında mühüm rol oynayacağını qeyd edib. “Azərsun Holdinq”in ölkəmizdəki fəaliyyətindən söz açan şirkət prezidenti yeni müəssisələr açmaqla yanaşı, kadrların yetişdirilməsinin də zəruri olduğunu diqqətə çatdırıb. Sonra Təhsil Nazirliyi ilə “Azərsun Holdinq” şirkətlər qrupu arasında “Təhsil müəssisələri ilə əməkdaşlıq” layihəsi çərçivəsində görüləcək işlərə dair niyyət protokolu imzalanıb. Protokolu təhsil naziri Misir Mərdanov və “Azərsun Holdinq” şirkətlər qrupunun prezidenti Abdolbari Goozal imzalayıblar.

Dekabrın 28-də Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman, Uşaq-Gənclər Şahmat məktəbləri arasında “İlin ən yaxşı idman məktəbi”, “İlin ən yaxşı məşqçi-müəllimi” və “İlin ən yaxşı idmançısı” nominasiyaları üzrə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Təhsil naziri Misir Mərdanov bir neçə ildir ki, təhsil sistemində idman və fiziki tərbiyə işini daha da yaxşılaşdırmaq, bu sahədə çalışan istedadlı gənc idmançıları, məşqçi-müəllimləri aşkar etmək və rəğbətləndirmək məqsədilə ayrı-ayrı nominasiyalar üzrə respublika müsabiqələri təşkil olunduğunu bildirib. Ölkəmizdə idmanın inkişafına daim ciddi fikir verildiyini qeyd edən nazir bu sahəyə göstərilən diqqət və qayğının ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu, son illərdə isə bu işin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Nazir Azərbaycanın dünya ölkələri arasında tanınmasında, beynəlxalq arenada məşhurlaşmasında idman hərəkatı ilə müqayisə ediləcək digər bir sahənin olmadığını bildirib. Misir Mərdanov tədbir iştirakçılarına Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəbləri, bu müəssisələrdə inkişaf etdirilən idman növləri, məşqçi-müəllimlər və görülmüş işlər haqqında məlumat verib. 10 nominasiya üzrə keçirilən VII respublika müsabiqəsində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 158 idman məktəbinin iştirak etdiyini söyləyən nazir qalibləri mərasim iştirakçılarına təqdim edib. Misir Mərdanov iştirakçıları qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra müsabiqə qaliblərinə diplom və hədiyyələr təqdim olunub. Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva və olimpiya çempionu Fərid Mansurov idmançılara göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.

Dekabrın 29-da Təhsil Nazirliyində “Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq bildirib ki, bir əsrə yaxın şərəfli ömür sürmüş, Azərbaycanın maarif, təhsil, pedaqoji fikir və milli mətbuat səhifələrində öz dəst-xətti ilə seçilən “Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi təhsilimizin tarixində əhəmiyyətli hadisədir. Nazir “Azərbaycan məktəbi” jurnalının keçdiyi uğurlu inkişaf yolundan, təhsilimizə layiqli töhfələr verdiyindən söz açaraq bu mətbu orqanın əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfov çıxış edərək bildirib ki, jurnal bir mətbu orqan kimi məktəb həyatının ən zəruri məsələlərini işıqlandırılmaqla təhsilimizin inkişafına xidmət edib. Tədbirdə iştirak edən alim və pedaqoqlardan Ə.Ağayev, Y.Kərimov, H.Əhmədov və başqaları yubiley münasibətilə “Azərbaycan məktəbi” jurnalının əməkdaşlarını təbrik ediblər. Sonda təhsil naziri Misir Mərdanov “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfova, baş redaktoru müavini Nəsrəddin Musayevə Təhsil Nazirliyinin “Azərbaycan Respublikanın qabaqcıl təhsil işçisi” döş nişanını, bir qrup əməkdaşa isə Fəxri fərman təqdim edib.

2009-cu ilin yekunlarına dair mətbuat konfransında təhsil naziri Misir Mərdanovun təqdimat-məruzəsi

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı