Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 18-də “Gülüstan” sarayında Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdən öncə rəhbər təhsil işçiləri Fəxri Xiyabana gələrək ümummilli liderimiz Hedər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Təntənəli mərasim dövlət himninin səslənməsi ilə başlayıb, sonra kollecin fəaliyyəti, tarixi və bu günü haqqında film nümayiş olunub. Mərasimdə təhsil naziri Misir Mərdanov çıxış edərək yubiley tədbirinin iştirakçılarını salamlayıb. Təhsil naziri kollecin yubileyinin belə yüksək səviyyədə qeyd edilməsini dövlətimizin təhsil sahəsinə olan diqqət və qayğısının təzahürü kimi dəyərləndirib.Misir Mərdanov qeyd edib ki, yubiley ərəfəsində ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə kollecin bir neçə əməkdaşı “Azərbaycan Respublikasının əməkdar müəllimi” adına layiq görülüb və “Tərəqqi” medalı ilə təltif edilib. Misir Mərdanov Təhsil Nazirliyi kollegiyasının qərarı ilə kollecin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanına və Fəxri fərmanlarına layiq görülmüş əməkdaşlarının adlarını açıqlayıb, müəllim və tələbələri təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb. Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Nurlana Əliyeva “Ömürlərdə izi qalmış təhsil ocağı” adlı məruzə ilə çıxış edib. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Milli Məclisin Elm və Təhsil Komissiyasının sədri Şəmsəddin Hacıyev, YAP sədrinin müavini Əli Əhmədov və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin çıxışlarında təhsil ocağının tarixən formalaşmış mütərəqqi ənənələrindən söz açılıb, kollecin məzunları olmuş görkəmli alim və ziyalılar xatırlanıb, yubilyarların ünvanına xoş sözlər deyilib. Yubiley mərasimində AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru Bəkir Nəbiyev, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev və Milli Məclisin Sosial-siyasət komissiyasının sədri Hadi Rəcəbli təbrik nitqi söyləyiblər. Sonda kollecin tələbələri “Zəkanın nurunda” adlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Noyabrın 18-də təhsil naziri Misir Mərdanov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fəhd bin Əli əl-Düsərini qəbul edib.

Misir Mərdanov qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu bildirərək iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanla Səudiyyə Ərəbistanı arasında təhsil əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışan nazir bu sahədə müvafiq addımlar atılmasının vacibliyini qeyd edib. Misir Mərdanov ümidvar olduğunu bildirib ki, yeni səfirin fəaliyyəti dövründə təhsil əlaqələri daha da yüksələcək və qarşılıqlı əməkdaşlıq möhkəmlənəcək. Nazir həmçinin səfir Fəhd bin Əli əl-Düsəriyə ölkəmizdə həyata keçirdiyi bu yüksək missiyada uğurlar arzulayıb. Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən səfir   son illər iki ölkə arasındakı mövcud əlaqələrdən söz açıb, təhsil sahəsində əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayıb. Əməkdaşlığın təhsilin müxtəlif sahələri üzrə aparılmasının zəruriliyini qeyd edən səfir məhz bu zaman mühüm irəliləyişlərin əldə ediləcəyinə ümidvar olduğunu bildirib. Fəhd bin Əli əl-Düsəri ölkəmizin təhsil sahəsində qazandığı nailiyyətlərdən məlumatlı olduğunu diqqətə çatdırıb. Görüşdə hər iki ölkənin təhsil nazirlikləri arasında əlaqələrin yaradılması, təhsil sahəsində qarşılıqlı əməkdaşlığın istiqamətləri və digər məsələlər müzakirə olunub.  

Noyabrın 19-da S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında konfrans zalının açılışı olub.

Gimnaziyanın direktoru Novruz Dəmirov rəhbərlik etdiyi təhsil müəssisəsinin ümumi fəaliyyəti və qazandığı uğurlar haqqında məlumat verib. Qeyd olunub ki, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olan gimnaziyanın 41 sinfində 1258 şagird təhsil alır və onların təhsili üçün hər cür şərait yaradılıb. Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov konfrans zalının tərtibatından razı qaldığını bildirib, gimnaziya haqqında danışıb və pedaqoji kollektivin qarşısında duran vəzifələrdən söz açıb. Sonda Təhsil Nazirliyinin bir neçə struktur rəhbəri çıxış edib, gimnaziyanın gələcək fəaliyyəti ilə əlaqədar təkliflər səslənib.

Noyabrın 21-də Təhsil Nazirliyində Açıq Cəmiyyət İnstitutu Akademik Təqaüdçülər Proqramının ölkəmizdəki fəaliyyətinin 5 illiyi münasibətilə proqramın bir qrup təmsilçisi ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov çıxış edərək görüşün məqsədinin proqram çərçivəsində görülmüş işlərin vəziyyəti ilə tanışlıq, bu barədə ictimaiyyətə daha geniş məlumat vermək olduğunu qeyd edib. Nazir Akademik Təqaüdçülər Proqramının ölkəmiz üçün faydalı cəhətlərindən danışaraq bildirib ki, bu proqram çərçivəsində Bakı Dövlət Universitetində bir sıra ixtisaslar üzrə iş aparılır və müvafiq istiqamətdə böyük uğurlar əldə edilib. Nazir əlavə edib ki, son 5 ildə BDU ilə əməkdaşlıq çərçivəsində xaricdə təhsil almış 26 azərbaycanlı gənc, 6 əcnəbi professor bu proqramın maliyyə dəstəyini alaraq universitetin müxtəlif kafedralarında beynəlxalq standartlara uyğun dərslər tədris edib və təhsildə gedən islahatların birbaşa iştirakçıları olublar. Misir Mərdanov proqramın təmsilçilərinə gördükləri faydalı işə görə təşəkkür edib, onun əhatə dairəsini daha da genişləndirilərək digər ali məktəblərin bu işə qoşulmasını məqsədəuyğun sayıb və layihənin həyata keçirilməsinə Təhsil Nazirliyinin hər zaman lazımi dəstək verəcəyini söyləyib. Görüşdə söz alan Akademik Təqaüdçülər Proqramının region üzrə meneceri Magda Magradze səmimi qəbula və proqramın Azərbaycanda həyata keçirilməsinə verdiyi dəstəyə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib. Xanım Magradze çıxışında Akademik Təqaüdçülər Proqramı haqqında məlumat verib, onun üstünlüklərindən danışıb. Proqramın ölkə üzrə koordinatoru Raziyə İsayeva, Bakı Dövlət Universitetindən olan iştirakçıları görüşdə çıxış edərək Akademik Təqaüdçülər Proqramının ölkəmizdəki 5 illik fəaliyyətindən, nailiyyətlərindən, cəlb olunmuş müəllimlər tərəfindən proqramın necə dəyərləndirilməsindən söz açıblar. Çıxışlardan aydın olub ki, Akademik Təqaüdçülər Proqramı 2004-cü ildə Açıq Cəmiyyət İnstitutunun Ali Təhsilə Dəstək Proqramı tərəfindən Şərqi Avropada, keçmiş Sovetlər Birliyi ölkələrində ali təhsildə aparılan islahatlara dəstək məqsədilə yaradılıb. Proqram fəaliyyət göstərdiyi ölkələrdə ali təhsildə gedən islahatlarda yaxından iştirak edir, akademik şəbəkəsinin yerli, regional və qlobal şəkildə qurulmasına yardımçı olur. Bu proqram həm universitet rəhbərlikləri, həm də gənc müəllimlərlə iş aparır, seçilmiş universitetlərin kafedralarında yenilik və islahatların həyata keçirilməsinə yardım göstərir, xaricdə təhsilini başa vurub vətənlərinə geri dönmüş gənc müəllimləri ali təhsil müəssisələrində işə cəlb edir və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin edir. Tədbirdə ölkəmizdə fəaliyyət göstərən digər ali məktəblərin Akademik Təqaüdçülər Proqramına cəlb edilməsi istiqamətində müəyyən işlər aparıldığı qeyd olunub.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin internet saytının (http://www.edu.gov.az) yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib.

Dizayn, quruluş və məz­mun baxımından müvafiq tələblərə cavab verən yeni sayt Nazirliyin fə­a­liyyə­tinin ayrı – ayrı istiqamət­lərinin geniş ictimaiyyətə operativ çatdırılmasını, təh­sil sa­hə­si­nə dair normativ – hü­quqi bazanın vahid  mənbədə cəmləşdiril­mə­sini tə­min edir. Saytda dövlətin təhsil siyasətinə uyğun olaraq, təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işləri əks etdirən məlumatlar yerləşdirilib, əldə olunan uğurlar və qarşıda duran vəzifələr haqqında dolğun informasiyalar verilib. Təhsilin bütün pillələrinə ayrıca yer verilən saytda davamlı olaraq keçirilən olimpiadalar, müsabiqələr barədə ətraflı məlumatlar və onların nəticələri əksini tapıb. Struktur, funksionallıq və zəngin məlumat bazası baxımından fərqlənən saytda­­ orta ixtisas və ali məktəblərin siyahısı, onların əlaqə telefonları, internet və e-mail ünvanları verilib. Saytda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na aid bütün hüquqi-normativ sənədlər toplusu, xarici ölkələrin ali məktəblərinə qəbul qaydaları, müva­fiq elanlar, ali məktəblər, ixtisaslar, təhsil pilləsi və məzunlar haqqında dolğun məlu­mat­lar yer alıb. Orta ümumi təhsilin məzmunu, texniki peşə təhsili müəs­si­sələri və ixtisasları, dərslik siyasəti, təhsil sistemində elm, xarici ölkələrin ali təhsil sa­hə­sində verdiyi ixtisasların tanınması və xarici dövlətdə alınan təhsilin Azər­bay­canda qüvvədə olan təhsil standartlarına uyğunluğunun mü­əy­yən edil­məsi prose­durunun həyata keçirilməsi qaydaları, ümumtəhsil məktəb­lərindəki vakan­siyalar, yeni qiymətləndirmə sistemi, məktəbdənkənar tərbiyə, təhsilin iqti­sa­diy­yatı, dövlət proqramları, layi­hə­lər, təhsilin idarəolunmasının məlumat sistemləri (TİMS), mək­tə­bəqədər təhsil və digər bölmələr saytın istifadəçilərinin təhsil sahəsinə aid bütün gərəkli məlumatları ala biləcəklərini deməyə əsas verir. Onu da qeyd edək ki, sayt­da istifadə rahatlığı üçün ən çox müraciət olunan bölmələr ana səhifədə cəmləş­di­ril­ib. Mükəmməl axtarış sistemi və zəngin arxiv sayəsində istifadəçilər hər hansı bir məlumatı asanlıqla əldə edə biləcəklər. Qanunvericilik bölməsində yerləşdirilən Azərbaycan Respublikasının Kons­ti­tu­siyası, qanunlar, fərman və sərəncamlar, Nazirlər Kabine­tinin qərarları, əsasna­mə­lər, əmrlər, təlimatlar, qaydalar, təhsil standartları, lisenziyanın verilmə qaydası və təhsil sahəsinə aid digər çoxsaylı normativ – hüquqi sənədlər də geniş icti­maiy­yətin marağına səbəb ola­caq­dır. Saytda rəhbərliyin qəbul günləri  yer alıb, nazir­liyin bütün şöbə və struktur rəhbərlərinin əlaqə telefonları, e-mail ünvanları ayrı­ca bölmədə verilib, “Qaynar xətt” xidməti, press-reliz, çıxışlar, təhsil KİV-ləri böl­mə­­ləri yaradılıb. Dinamik inkişaf proseslərini əks etdirən fotoqalereya saytın istifa­də­­çilərinə ölkəmizin təhsil həyatında baş verən əlamətdar hadisələrin və yenilik­lə­rin çatdırılmasını təmin edir. Saytda yerləşdirilən banerlər isə istifadəçilərə ölkə hə­ya­tına və təhsilin müxtəlif sahələrinə aid ətraflı məlumatlar almaq imkanı verir. Onu da qeyd edək ki, Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasəti Təhsil Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Təhsil sahə­sin­də aparılan islahatlar, əldə olunan uğurlar, ölkənin təhsil həyatında baş ve­rən yeni­lik­lər operativ şəkildə icti­maiyyətə çatdırılır, təhsilin bütün pillələrində müa­sir in­for­­masiya-kommu­nikasiya texnologiyalarının tətbiqi baxımından ciddi addım­lar atı­lır, elektron dərs­liklər hazırlanır, məktəblər kompüterləşdirilir, müəl­limlər in­for­ma­siya-kommuni­kasiya texnologiyaları üzrə davamlı treninqlərə cəlb olu­nur və di­­­gər müvafiq təd­bir­lər uğurla həyata keçirilir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasındakı qarşılıqlı razılaşmaya əsasən 24–25 noyabr tarixlərində təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub.

Gürcüstanın Təhsil və Elm Nazirliyində keçirilən görüşdə nazir Nika Qvaramiya nümayəndə heyətini salamlayaraq ölkəsinin təhsil sistemi, aparılan islahatlar barədə ətraflı məlumat verib, Azərbaycan Respublikasının Prezidentinin Gürcüstana daim diqqqətlə yanaşması, Gürcüstandakı təlim Azərbaycan dilində olan məktəblərin dərslik, dərs vəsaiti və digər tədris ləvazimatları ilə təminatına köməyi barədə söhbət açıb. Nazir Azərbaycanda təlim gürcü dilində olan məktəblərə göstərilən qayğının Gürcüstanda böyük hörmət hissi ilə qarşılandığını bildirərək Gürcüstan məktəblərinin, o cümlədən təlim Azərbaycan dilində olan məktəblərin təmiri, maddi-texniki təchizatı və kadrlarla təminatı sahəsində müəyyən çətinliklərin olduğunu vurğulayıb. Azərbaycanın Respublikasının təhsil naziri Misir Mərdanov Azərbaycanda təhsil sahəsində aparılan islahatların nəticələrindən söhbət açıb. Gürcüstanın təhsil sistemində aparılan ciddi dəyişiklikləri müsbət qiymətləndirən nazir buradakı Azərbaycan məktəblərinin problemləri barədə danışıb. Misir Mərdanov Gürcüstanda Azərbaycan məktəblərinin sayının ilbəil azalması, bu məktəblərə Azərbaycan dilini bilməyən digər millətlərin nümayəndələrinin direktor təyin edilməsi, bir sıra məktəblərdə ixtisaslı milli kadrların olmaması, tədris proqramında gürcü dilinin saatlarının azlığı, ali məktəblərdə azərbaycandilli kadr hazırlığının aparılmaması və digər məsələlər haqqında fikirlərini bildirib. Gürcüstanın Təhsil və Elm Nazirliyində azərbaycanlı mütəxəssisin olmaması ilə bağlı azərbaycanlı müəllimlərin üzləşdiyi çətinliklərə toxunan təhsil naziri Gürcüstandakı təlim Azərbaycan dilində olan məktəblərdə Azərbaycan tarixi və Azərbaycan coğrafiyası, Azərbaycanda fəaliyyət göstərən gürcü məktəblərində Gürcü tarixi və Gürcü coğrafiyası fənlərinin tədrisi vəziyyətindən, şagirdlərin dərsliklərlə təminatının yetərincə ödənilməməsindən və digər bu kimi məsələlərdən narahatlığını ifadə edib. Noyabrın 25-də Azərbaycanın təhsil naziri Misir Mərdanov və Gürcüstanın təhsil və elm naziri Nika Qvaramiya ulu öndər Heydər Əliyevin Tbilisi şəhərində ucaldılmış büstü önünə gül dəstələri qoyublar. Sonra Tbilisi şəhərindəki 74 nömrəli Azərbaycan və qonşuluqdakı gürcü məktəblərinin müəllim və şagirdləri ilə görüşərək onların arzu və təkliflərini öyrənən qonaqlar həmin tədris ocaqları ilə yaxından tanış olub, məktəblərin maddi-texniki təchizatı ilə maraqlanıblar. Daha sonra qonaqlar Marneuli rayonundakı 3 nömrəli məktəbin Resurs Mərkəzində görüşdə iştirak edib, ötən il orta və əsas məktəbləri yüksək nailiyyətlərlə bitirən şagirdlərin təltif olunması mərasiminə qatılıblar. Sevindirici haldır ki, həmin məzunlardan qızıl medala layiq görülən iki şagird azərbaycanlıdır. Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri çıxış edib, soydaşlarımızın uğurlarından məmnun olduğunu bildirib. Həmin gün Marneuli şəhərində yerləşən Heydər Əliyev adına Gürcüstan – Azərbaycan Humanitar Universitetində müəllim və tələbələrlə, Dmanisi rayonu Donisi kənd Azərbaycan məktəbində, Dmanisi şəhərində Heydər Əliyev Fondunun köməkliyi ilə ərsəyə gələn kompüter mərkəzində, gürcü dilinin intensiv tədrisi üzrə Resurs Mərkəzində görüşlər davam etdirilib.

Noyabrın 29 - da Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəbləri arasında təşkil edilən futbol üzrə I respublika turnirinə yekun vurulub.

12 komandanın iştirakı ilə keçirilən final yarışında I yeri Təhsil Nazirliyinin “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası, II yeri “Təhsil” Respublika İdman Mərkəzinin Bakı filialının komandası, III yeri isə Lənkəran rayon Uşaq-Gənclər İdman Məktəbinin komandası tutub. Qalib komandalar Təhsil Nazirliyinin diplomu, komanda üzvləri isə hədiy­yələrlə mükafatlandırılıblar.

Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) arasında imzalanmış 19 sentyabr 2003-cü il tarixli, 3769AZ nömrəli kredit sazişi əsasında icra olunan Təhsil Sektorunun İnkişafı Layihəsinin 15 oktyabr 2009-cu il tarixi vəziyyətinə son auditi həyata keçirilib.

Audit beynəlxalq audit şirkəti olan “Baker Tilly Azerbaijan” MMC tərəfindən aparılıb. Qeyd edək ki, “Baker Tilly Azerbaijan” MMC ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında müqavilə Dünya Bankının texniki tapşırığı əsasında bağlanıb. Auditorlar Layihənin maliyyə göstəricilərinin, Dünya Bankının Azərbaycan Beynəlxalq Bankında olan xüsusi valyuta hesabındakı vəsaitlərinin hərəkətinin və Layihə çərçivəsində imzalanmış müqavilələrin satınalma prosedurlarının auditini həyata keçiriblər. “Baker Tilly Azerbaijan” MMC Təhsil Sektorunun İnkişafı Layihəsinin 15 oktyabr 2009-cu il tarixinə və həmin tarixdə tamamlanan Layihənin yekun Xüsusi Məqsədli Maliyyə Hesabatlarına dair aşağıdakı məzmunda Auditor rəyi verib: “Bizim rəyimizcə, Layihənin Xüsusi Məqsədli Maliyyə Hesabatları, bütün əhəmiyyətli aspektlər baxımından Layihənin 15 oktyabr 2009-cu il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə vəsaitlərin mənbələrini və istifadəsini Dünya Bankının Təlimatlarına uyğun olaraq düzgün əks etdirir.”

Dekabrın 2-də Lənkəran şəhərinin “Sultan” sarayında Lənkəran Dövlət Humanitar Kollecinin 85 illiyinə həsr edilmiş “Təhsildə innovasiyalar” mövzusunda respublika elmi-praktiki konfrans keçirilib.

Öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra qonaqlar Heydər Əliyev Muzeyində, Dövlət Humanitar Kollecində və Humanitar təmayüllü 4 saylı məktəb-liseydə olublar. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbiri giriş sözü ilə açaraq kollecin 85 illik yubileyi münasibətilə təhsil ocağında çalışan bütün əməkdaşları təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan təhsilin inkişafına göstərdiyi xidmətlər və onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısından söz açıb. Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Cahangir İbrahimov təhsil ocağının 85 ildə keçdiyi həyat yoluna nəzər salıb, pedaqoji kadr hazırlığı istiqamətində aparılan işlər barədə danışıb. C.İbrahimov qeyd edib ki, bu təhsil müəssisəsi ölkəmizin cənub bölgəsində yaradılan ilk orta ixtisas məktəbidir və ötən 85 il ərzində kollecin 52 min məzunu olub. Təhsil naziri Misir Mərdanov Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar təhsil işçilərinin iştirak etdiyi konfransda “Regionlarda təhsilin inkişaf perspektivləri” mövzusunda çıxış edib. Cənub bölgəsində fəaliyyət göstərən təhsil müəssisələri barədə ətraflı danışan Misir Mərdanov regionda ümumi orta təhsildə, ali və orta ixtisas məktəblərində qazanılmış uğurlardan, mövcud problemlərdən bəhs edib, məktəbəqədər təhsil müəssisələrinin və peşə təhsilinin inkişafı, eləcə də digər məsələlərlə bağlı qarşıda duran vəzifələri tədbir iştirakçılarının nəzərinə çatdırıb. Nazir bildirib ki, qocaman təhsil ocağı olan Lənkəran Dövlət Humanitar Kollecinin ölkəmiz üçün müəllim kadrlarının hazırlanmasında xidmətləri böyükdür və bu kollec respublikanın digər təhsil ocaqları sırasında özünəməxsus layiqli yer tuta bilib. Misir Mərdanov çıxışının sonunda 85 illik yubiley münasibətilə kollecin müəllim-tələbə kollektivini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Konfransda Milli Məclis sədrinin birinci müavini Z.Əsgərov, Milli Məclisin deputatları S.Novruzov, H.Rəcəbli, N.Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Y.Məmmədov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru A.Zamanov və başqaları çıxış ediblər. Konfransın rəsmi hissəsindən sonra N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında mükafatların təqdim olunma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə kollecin direktoru C.İbrahimovun “Əməkdar müəllim” fəxri adına, dil-ədəbiyyat müəllimi E.İsmayılovanın “Tərəqqi” medalına layiq görüldüyünü bildirən təhsil naziri Misir Mərdanov mükafatları onlara təqdim edib. Mərasimdə eyni zamanda kollecdə çalışan qabaqcıl müəllimlərdən bir qrupuna Təhsil Nazirliyinin “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” döş nişanı, Fəxri fərmanı və hədiyyələr verilib. Sonda tədbir iştirakçılarına Lənkəran Dövlət Humanitar Kollecinin 85 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunub.

Dekabrın 3-də “Buta” sarayında VI Beynəlxalq Elm Olimpiadasının təntənəli açılış mərasimi keçirilib.

Öncə iştirakçı dövlətlərin bayraqları səhnəyə gətirilib. Qeyd edilib ki, 15 yaşlı yeniyetmələr arasında fizika, kimya və biologiya fənləri üzrə keçirilən olimpiadada 49 ölkədən 600-dən çox şagird və onların müəllimləri iştirak edir. Olimpiada Heydər Əliyev Fondu, İJSO (International Junior Science Olympiad) və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilir.  Mərasim Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın olimpiada iştirakçılarına ünvanladığı təbrik məktubunun oxunması ilə başlayıb.  Sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edərək, olimpiada haqqında ətraflı məlumat əldə edilməsi məqsədi ilə rəsmi internet səhifəsinin (www.ijso2009.az) hazırlanıb istifadəyə verildiyini bildirib.  Azərbaycan Diplomatik Akademiyasının rektoru, olimpiadaya hazırlıq məqsədilə yaradılmış Elm Komitəsinin rəhbəri Hafiz Paşayev qeyd edib ki, savadlı və intellektli yeniyetmələrin iştirakı ilə keçirilən belə möhtəşəm bilik yarışı xalqlar arasında dostluq əlaqələrinin inkişafına təkan verir. Hafiz Paşayev Azərbaycanın 30-dək tanınmış mütəxəssisinin iştirakı ilə yaradılmış Elm Komitəsi tərəfindən olimpiadanın fizika, kimya və biologiya fənləri üzrə test, nəzəri və eksperiment-təcrübə tapşırıqlarının hazırlandığını, alimlərimiz tərəfindən 500-ə yaxın çalışma tərtib edildiyini diqqətə çatdırıb. Təhsil naziri Misir Mərdanov bildirib ki, olimpiadanın Azərbaycanda keçirilməsi ölkəmizdə mövcud olan sabitlik və dinamik iqtisadi inkişafın, xüsusilə də ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən elm və təhsilə göstərilən diqqət və qayğının nəticəsidir. Misir Mərdanov eyni zamanda qeyd edib ki, olimpiadada çoxsaylı nümayəndələrin iştirak etməsi Azərbaycanda gedən inkişaf proseslərinin bütün dünyada yayılması baxımından əhəmiyyətli rol oynayacaq.  VI Beynəlxalq Elm Olimpiadasının prezidenti Masna Gintinq ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda elm və təhsilin inkişafına, eləcə də gənclərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib.  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov çıxış edərək bildirib ki, elm olimpiadası iştirakçılara öz biliklərini nümayiş etdirməyə imkan yaradır və onların gələcəkdə ixtisaslı kadrlar kimi yetişməsinə təkan verir. Tədbirdə gənc musiqiçilər geniş konsert proqramı ilə çıxış ediblər. Mərasimdə Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, Milli Məclisin deputatları, tanınmış elm xadimləri və xarici ölkələrdən gəlmiş alimlər iştirak edib. Olimpiadaya dekabrın 11-də yekun vurulacaq.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı