Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Dekabrın 9-da Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Əvvəlcə mərasim iştirakçıları AMİ-də yeni yaradılmış Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişlər. Rəmzi açılışı bildirən lent kəsildikdən sonra mərkəzlə tanış olan mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara maraqla baxmışlar.
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə həyata keçirdiyi nəhəng layihələrə, elmin və təhsilin inkişafı məqsədi ilə atdığı addımlara həsr olunmuş film nümayiş etdirilmişdir.
Sonra mərkəzdə ümummilli liderin büstünün açılışı olmuşdur. Mərasim iştirakçıları adından büstün önünə əklil qoyulmuş, xatirə şəkli çəkdirilmişdir. İnstitutun idman zalında tələbələrin hazırladıqları “İdman həyəcanı” proqramı nümayiş olunmuşdur.
AMİ-nin akt zalında davam edən mərasimdə təhsil naziri Misir Mərdanov yubiley münasibətilə iştirakçıları təbrik etmişdir. Bildirmişdir ki, Azərbaycanda son illər elmin, təhsilin inkişafı məqsədi ilə həyata keçirilən çoxsaylı dövlət proqramları, layihələr, inşa olunan yeni məktəb binaları, nəşr edilən dərslik və tədris vəsaitləri dövlətimizin başçısının bu sahəyə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir. Nazir buna görə bütün təhsil işçiləri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərə toxunan nazir qeyd etmişdir ki, bu gün respublikamızda əldə edilən nailiyyətləri görən ulu öndərin ruhu şaddır. Çünki onun arzuları, istəkləri Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində böyük sürətlə reallığa çevrilir. AMİ-nin yubileyinin Azərbaycanın bütün müəllimlər ordusu üçün bayram olduğunu vurğulayan nazir, son 4 ildə institutda böyük yenidənqurma və abadlıq işlərinin aparıldığını, burada təhsilin müasir tələblər səviyyəsinə qaldırılması, bu ali məktəbin qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün gərəkli işlər görüldüyünü qeyd etmişdir.
Mərasimdə Prezident İlham Əliyevin Azərbaycan Müəllimlər İnstitutunun bir qrup əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsi haqqında Sərəncamları oxunmuş, bu mükafatların AMİ-nin Elmi Şurasında təqdim olunacağı bildirilmişdir. İnstitutun bir qrup əməkdaşlarının Təhsil Nazirliyinin mükafatlarına layiq görüldüyünü qeyd edən nazir Misir Mərdanov bu mükafatları sahiblərinə təqdim etmişdir. AMİ-nin rektoru, professor Aqiyə Naxçıvanlı institutun əməkdaşlarının əməyinin yüksək dövlət mükafatlarına layiq görülməsinə görə dövlətimizin başçısına kollektivin dərin minnətdarlığını çatdırmışdır. Yarandığı vaxtdan bu günədək xalqımız üçün çox gərəkli olan bir missiyanın kollektiv tərəfindən şərəflə həyata keçirildiyini vurğulayan rektor, bu təhsil ocağının tarixinə nəzər salmış, bütün Azərbaycan elmi və təhsili kimi, Müəllimlər İnstitutunun da ən böyük uğurlarının ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərə təsadüf etdiyini bildirmişdir.
Rektor bildirmişdir ki, ötən əsrin 20-ci illərinin sonlarından fəaliyyətə başlayan və bu gün də öz işini uğurla davam etdirən, ölkəmizin pedaqoji kadr potensialının gücləndirilməsində, onun elmi-metodiki səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan Azərbaycan Müəllimlər İnstitutu şərəfli yol keçərək, təhsilimizin inkişafında özünəməxsus yer tutmuşdur.
Qeyd olunmuşdur ki, dövrün tələblərinə uyğun olaraq Azərbaycan Xalq Maarifi Komissarlığının 13 iyul 1929-cu il tarixli qərarı ilə həmin il oktyabrın 1-də Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması İnstitutu yaradılmışdır. Müxtəlif adlar altında fəaliyyət göstərən Müəllimlər İnstitutu həmişə öz vəzifələrinin öhdəsindən şərəflə gəlmiş və respublikamızda gedən maarifçilik hərəkatının öncüllərindən biri olmuşdur. Azərbaycan Müəllimlər İnstitutunun kollektivi ötən əsrdə burada işləmiş görkəmli elm və maarif xadimlərindən Yusif Məmmədəliyevin, Mikayıl Rəfilinin, Fatma İsmayılovanın, Mirəli Axundovun, Yusif Zeynalın, İsa Seyidovun, Şamil Məmmədbəylinin, Midhət Bineyevin, Əlisəftər Şirinovun, Sədi Əfəndiyevin, Həsən Sadıqlının, Saleh Hüseynovun, Süleyman Məmmədovun, Əsəd Dilbazinin, Emin Abdullayevin, İbrahim Əfəndiyevin, Yahya Qarabağlının, Bağır Axundovun və başqalarının əziz xatirəsini hörmətlə yad edir, onların işini layiqincə davam etdirirlər.
Bu ali məktəbin əsl çiçəklənmə dövrünün, müasir tələblərə cavab verən təhsil müəssisəsinə çevrilməsinin 1969-cu ildən - ulu öndər Heydər Əliyevin Azərbaycanın rəhbəri seçildiyi dövrdən başladığını vurğulayan rektor bildirmişdir ki, ümummilli liderimiz istər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik illərində bu institutun fəaliyyətinə xüsusi qayğı göstərmiş, onun problemlərinin dövlət səviyyəsində həllini diqqət mərkəzində saxlamışdır. Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 2000-ci ildə respublikamızın 11 bölgəsində Müəllimlər İnstitutunun filiallarının açılması barədə Fərman imzalanmışdır.
Hazırda bu təhsil ocağının çox geniş profilli ali məktəbə çevrildiyini diqqətə çatdıran rektor qeyd etmişdir ki, institut bir tərəfdən respublikanın böyük müəllimlər ordusunun təkmilləşdirilməsi və yenidən hazırlanması işini həyata keçirir, digər tərəfdən müxtəlif ixtisaslar üzrə ilkin pedaqoji kadrlar hazırlayır.
A.Naxçıvanlı qürur hissi ilə qeyd etmişdir ki, bu gün respublika məktəblərinin ibtidai sinif müəllimlərinə, uşaq bağçalarının tərbiyəçilərə ehtiyacının 60-70 faizini məhz Azərbaycan Müəllimlər İnstitutu və onun filialları ödəyir.
Hazırda filiallarla birlikdə institutda bakalavr pilləsində 8 minə yaxın tələbənin və 100 nəfərdən artıq magistrin təhsil aldığı və onlara 21 fakültə, 56 kafedra, 42 kabinet, 21 kompyuter zalı, 12 kompyuter mərkəzi, çoxsaylı fənn kabinetlərinin xidmət göstərdiyi bildirilmişdir. Bütün kafedra və kabinetlər öz işlərini Avropa təhsil sistemi ənənələrini mənimsəmək, yeni təlim texnologiyaları və İKT vasitələrindən geniş istifadə etməklə müasir təlim metodlarına yiyələnmək, onun yerlərdə tətbiqinə nail olmaq istiqamətində qurur. Bu istiqamətdə fəaliyyət göstərən 700 nəfərdən artıq professor-müəllim heyətinin 47 nəfəri elmlər doktoru, professor, 223 nəfəri elmlər namizədi, dosentdir.
Bu gün Azərbaycan Müəllimlər İnstitutu və onun filialları əlavə təhsil sistemində də respublikada aparıcı təhsil müəssisəsi sayılır.
Bu gün Azərbaycan Müəllimlər İnstitutu və onun filialları əlavə təhsil sistemində də respublikada aparıcı təhsil müəssisəsi sayılır.
İnstitutda milli fənn kurrikulumlarının orta məktəblərdə tətbiqini, təhsilin idarə edilməsini, məktəb rəhbərlərinin idarəçilik fəaliyyətinin elmi əsaslara söykənməsini təmin etmək məqsədilə ixtisasartırma kurslarının tədris proqramlarının yeniləşdirilməsi, onların məzmununa elmi yeniliklərin daxil edilməsi sahələrində məqsədyönlü işlər aparılır.
Qeyd olunmuşdur ki, bu problemlərin həlli yolunda görüləcək işlərin mərkəzində ulu öndər Heydər Əliyevin təhsil strategiyası dayanır. Bu strategiya müstəqil dövlətimizdə təhsilin müasirləşməsinə güclü təkan vermiş, onun inkişaf xəttini və istiqamətlərini müəyyənləşdirmişdir.
Rektor vurğulamışdır ki, AMİ ən böyük uğurlarını son beş ildə Azərbaycan elm və təhsilinin dünya səviyyəsində ucalması üçün yorulmaz əməli və yaradıcı fəaliyyəti ilə hamını heyrətləndirən Prezident İlham Əliyevin xüsusi qayğısı sayəsində əldə edə bilmişdir. Məhz dövlətimizin başçısının şəxsi göstərişi ilə bu təhsil ocağına ayrılmış maliyyə vəsaiti hesabına burada əsaslı təmir-tikinti və abadlıq işləri aparılmışdır. A.Naxçıvanlı institutun professor-müəllim heyəti və bütün əməkdaşları adından Prezident İlham Əliyevə dərin minnətdarlığını və təşəkkürünü çatdırmış, dövlətimizin başçısının uğurla həyata keçirdiyi daxili və xarici siyasətin institut kollektivi tərəfindən daim dəstəkləndiyini vurğulamışdır.
Rektor bildirmişdir ki, AMİ-nin kollektivi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş “Yeniləşən Azərbaycana yeni məktəb” proqramına qoşularaq, məktəblərdə təhsilin müasir standartlar səviyyəsinə qaldırılması istiqamətində də var gücü ilə çalışır, bu proqramın uğurla davam etdirilməsi üçün əməyini əsirgəmir.
Mərasimdə çıxış edən Nərimanov rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatı Fəttah Heydərov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Milli Məclisin elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev ölkəmizdə elmin və təhsilin inkişafında son illər əldə olunan uğurlardan danışmış, bu nailiyyətlərin qazanılmasında xüsusi əməyi olan AMİ-nin kollektivini yubiley münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulamışlar.
Mərasim iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
