Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə əməkdaşlıq memorandumu imzalanıb
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında birgə əməkdaşlıq barədə ilk anlaşma memorandumu imzalanıb. Memorandumun imzalanmasında məqsəd müxtəlif profilli istiqamətlər üzrə elmi-tədqiqat və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Tədbirdə çıxış edən Azərbaycan Turizm və Menecment Universitetinin rektor səlahiyyətlərini icra edən Eldar Aslanov qeyd edib ki, müasir nailiyyətlərə əsaslanan turizm və menecment sahəsində uşaq və gənclərin maarifləndirilməsi, ekoloji turizm biliklərinin artırılması, kadr hazırlığı üçün nəzərdə tutulan əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə bildirib ki, nəzərdə tutulan əməkdaşlıq uşaq və gənclərdə xüsusi bilik və bacarıqların, sağlam həyat tərzinin formalaşdırılmasına təsir edəcək, yay məktəblərinin, düşərgələrin, seminarların və konfransların təşkilində, qarşılıqlı maraq doğuran beynəlxalq və milli layihələrdə birgə iştirakı əhatə edəcək. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev bildirib ki, uşaq və gənclərin bədən tərbiyəsi, fiziki hazırlığı, sağlam həyat tərzinin formalaşdırılması və idman turizmi sahəsində nəzərdə tutulan əməkdaşlıq şagirdlər arasında bərabər imkanlar yaradacaq.
17/03/2017 18:22
Transfer.edu.az portalı ilə köçürülən tələbələr
Ötən ildən etibarən, təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir. Bu il ümumilikdə 497 nəfər köçürülmək üçün transfer.edu.az elektron portalına müraciət edib, 233 nəfər seçdikləri Ali təhsil müəssisələrinə köçürülüb. Tələbələrin təəssüratlarını təqdim edirik: Aysel Mirzəyeva – Azərbaycan Tibb Universitetinin tələbəsi Mənim üçün çox gözlənilməz oldu. Proses o qədər dəqiqlik, qanunauyğunluqla oldu ki. Mən Təhsil Nazirliyinə tələbələr üçün belə bir şərait yaratdıqları üçün təşəkkür edirəm. Köçürülmənin təsdiq olunması ilə bağlı əmri çıxdıqdan sonra qısa bir müddətdə köçürülmə işləri tamamlandı və mən bir həftədir rahatlıqla yeni qrupla dərsə gedirəm. Əvvəl Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsində təhsil alırdım, hazırda təhsilimi Müalicə işi fakültəsində davam etdirirəm. İnanıram ki, bu şansdan istifadə edib, inamları doğrulda biləcəyəm. Həsənağa Ağaquliyev – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Türkiyənin Bilkent Universitetində təhsil alırdım. Tələbələrin köçürülməsi üçün yaradılan Transfer.edu.az portalından istifadə etdim. Tələb olunan sənədləri yüklədim və nəticə müsbət oldu. Hazırda mən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kompüter elmləri üzrə təhsil alıram. Yaradılan şərait üçün çox təşəkkürümü bildirirəm. Günay Əsgərova – Azərbaycan Dillər Universiteti Azərbaycan Dövlət Pedaqoji Universitetində xarici dillər ixtisasi üzrə təhsil alırdım. Lakin ixtisasım o qədər ürəyimcə deyildi. Transfer.edu.az protalı fəaliyyətə başladıqdan sonra mən də bu imkandan istifadə etmək qərarına gəldim, sənədlərimi yüklədim və köçürülmə ilə bağlı cavab aldım. Hazırda Azərbaycan Dillər Universitetində Regionşünaslıq( Böyük Britaniya) ixtisası üzrə təhsilimi davam etdirirəm.
17/03/2017 17:59
“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçiriləcək
Martın 25-də Bakıdakı akademik Zərifə Əliyeva adına liseydə “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçiriləcək. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir. Müsabiqənin ölkə mərhələsində bütün bölgələrdən 8-11-ci sinif şagirdləri olmaqla 114 nəfər iştirak edəcək. Birinci mərhələdə iştirakçılar 4 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazacaq və 10 sualı yazılı cavablandıracaqlar. Şagirdlərin yazı işləri Təhsil Nazirlyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək. Yekunda ölkə mərhələsinin iştirakçıları arasından qaliblər seçilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüləcək, diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunacaqlar. Qeyd edək ki, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2016-ci il 7 noyabr tarixli əmrinə müvafiq olaraq keçirilir. Bu müsabiqə həmçinin Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 2014-cü il 16 dekabr tarixli əmrində nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir. “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdən ibarətdir.
17/03/2017 14:39
Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi
2017-2018-ci tədris ilinə ölkənin ümumi təhsil məktəblərinin 10-cu siniflərinin istifadəsi üçün nəzərdə tutulan, ilk dəfə olaraq yeni təhsil proqramları (kurikulumları) əsasında tərtib edilmiş dərsliklərə və həmin dərsliklər üzrə müəllimlərin işləməsi üçün hazırlanmış metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. Bu məqsədlə həmin dərslik və metodik vəsaitlərin layihələri www.trims.edu.az saytının “İctimai müzakirə” bölməsində yerləşdirilir və yaxın müddətdə bütün layihələrin saytda yerləşdirilməsi başa çatacaqdır. Sayta daxil olaraq “İctimai müzakirə” bölməsində yerləşdirilmiş istənilən dərslik və metodik vəsaitin PDF variantı ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür. İrad və təkliflər derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər. Təhsil Nazirliyi geniş ictimaiyyəti - sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bir sözlə, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların göndərilməsində fəal olmağa dəvət edir.
17/03/2017 14:13
Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının sədri ilə görüş
Martın 16-da təhsil naziri Mikayıl Cabbarov Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (IAUP) yeni seçilmiş sədri Kaxa Şengeliya ilə görüşüb. Görüşdə Mikayıl Cabbarov qonağı üç illik müddətə sözügedən yüksək vəzifəyə seçilməsi münasibəti ilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Daha sonra Azərbaycan ali təhsil müəssisələrinin IAUP ilə gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
16/03/2017 18:05
İnternat məktəbində Novruz şənliyi
Martın 16-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində Novruz bayramı münasibətilə şənlik keçirilib. Bayram şənliyi meydana Dədə Qorqud, Novruz personajları Bahar qızı, Kosa və Keçəlin gəlişi ilə başlayıb. Tədbirdə görmə imkanları məhdud uşaqların ifasında Novruz bayramının adət-ənənələrini özündə əks etdirən səhnəciklər nümayiş olunub, milli rəqslərimiz təqdim edilib, mahnılar səsləndirilib. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi 2006-cı ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub. Müəssisə 2015-2016-cı ildə Təhsil Nazirliyi tərəfindən cari təmir edilib. İnternat məktəbində 311 nəfər gözdən əlil və zəif görən şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 94 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Son 3 ildə internat məktəbinin məzunlarından 14 nəfəri ali, 11 nəfəri orta ixtisas müəssisələrinə qəbul olunub.
16/03/2017 15:32
Dövlət təltifi təqdim olundu
Martın 15-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması və ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif olunmuş Bakı Dövlət Universitetinin professoru Təhsin Mütəllimova ali mükafatı təqdim edib. Təhsin Mütəllimovun elm və təhsilin inkişafı sahəsindəki fəaliyyətindən danışan nazir ona uğurlar arzulayıb. Professor Təhsin Mütəllimov əməyinə verilən yüksək qiymətə görə dövlət başçısına dərin minnətdarlığını bildirib.
16/03/2017 10:18
SABAH qrupları tələbəsi Harvard Konfransında iştirak edib
Bakı Dövlət Universitetinin SABAH qruplarında təhsil alan, beynəlxalq münasibətlər ixtisasının IV kurs tələbəsi Kamilla Nəbiyeva Amerika Birləşmiş Ştatlarının Harvard Universitetində İdarəçilik və diplomatiya mövzusunda keçirilən konfransda iştirak edib. Konfransda “Samsung” şirkətinin vitse-prezidenti, Tom Lantos adına İnsan Haqları Komissiyasının, Harvard və Kolumbiya Universitetlərinin professorları və bir çox tanınmış şirkətlərin nümayəndələr çıxış ediblər. Konfransda qloballaşma, kiberdiplomatiya, miqrasiya və digər mövzular ətrafında müzakirələr aparılıb. Kamilla Nəbiyeva və xarici iştirakçılar qrup şəklində (case study) Çinin vətəndaşların qeydə alınması üzrə dövlət sisteminə aid (hukou sistemi) sənəd hazırlayaraq, təqdimatla çıxış ediblər.
15/03/2017 16:08
Təhsil İnstitutu mütəxəssisləri əməkdaşlığa dəvət edir
Təhsil İnstitutu ibtidai (I-IV) siniflər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə dərslik müəllifi olmaq arzusunda olan mütəxəssisləri - müəllim, doktorant, metodistləri əməkdaşlığa dəvət edir. İştirakçı namizədlər Azərbaycan dili və riyaziyyat fənləri üzrə bir sıra keyfiyyətlərə malik olmalıdır. Belə ki, seçimlərdə ixtisas fənni üzrə dərin bilikləri olan, araşdırma, fikirlərini yazılı formada şərh etmək təcrübəsinə, yüksək özünütəhsil vərdişlərinə, xarici dil, kompüter biliklərinə malik, tədris resurslarının hazırlanması layihələrində iştirak edən, geniş elmi dünyagörüşü olan şəxslərə üstünlük veriləcək. Bir neçə mərhələdən ibarət olacaq müsabiqəyə zəruri keyfiyyətlərə malik şəxslər dəvət olunacaq və qaliblərlə əməkdaşlıq müqaviləsi bağlanacaqdır.
15/03/2017 15:39
Şirməmməd Hüseynovdan “Novruz mühazirəsi”
Martın 14-də Muğam klubda növbəti “Novruz mühazirəsi” keçirilib. Budəfəki görüşdə Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun “Üzeyir Hacıbəyli fenomeni” mühazirəsi dinlənilib. Tədbirdə millət vəkilləri, media rəhbərləri, tanınmış yazarlar, ictimaiyyət nümayəndələri, tələbələr iştirak edib. Professor Şirməmməd Hüseynov mühazirəsində Azərbaycanın görkəmli bəstəkarı, milli operanın banisi, publisist Üzeyir Hacıbəylinin yaradıcılığına nəzər salıb, onun Azərbaycan mədəniyyətinə verdiyi töhfəsindən danışıb. Şirməmməd Hüseynov bildirib ki, Azərbaycan və dünya musiqi mədəniyyəti tarixində böyük izlər qoymuş Üzeyir Hacıbəyli alim, mütəfəkkir - filosof, maarifçi, ensiklopedik zəka sahibi kimi mədəniyyət tariximizdə özünəməxsus yer tutub və onun yeganə amalı doğma xalqına sədaqətlə xidmət etmək olub. Professor qeyd edib ki, Üzeyir Hacıbəylinin musiqi mədəniyyəti, musiqişünaslıq elmi, ədəbi-publisistik fəaliyyətinə dair çoxsaylı araşdırmalar aparılıb, dövlətin himayəsi ilə ardıcıl olaraq ölkə və beynəlxalq (YUNESKO) səviyyədə yubileyləri keçirilib, 2010-cu il "Üzeyir Hacıbəyli ili" elan olunub, haqqında çoxsaylı kitablar, elmi, elmi-kütləvi məqalələr çap edilib. Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. “Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır.
14/03/2017 18:07
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı