Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Nobel mükafatı laureatlarının mühazirələrində iştirak edirəm”- Uğur formulu

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Böyük Britaniyanın Birmingem Universitetinin tələbəsi Məhəmməd Ağamirzəyevdir. Layihə Təhsil Nazirliyi1news.az informasiya agentliyi ilə birgə həyata keçirilir. Məhəmməd Ağamirzəyev 1997-ci il iyulun 23-də Bakı şəhərində anadan olub. Orta təhsilini 2003-2014-cü illərdə Bakı Oksford Məktəbində alıb. Orta məktəbdə oxuduğu dövrdə ingilis dilində sərbəst danışıb yazmağı bacaran, əla qiymətlərlə oxuyan Bakı məktəblisi attestat almağa 2 ay qalmış beynəlxalq proqram əsasında imtahan verərək eyni vaxtda 3 xarici ali məktəbdə oxumaq hüququ qazanıb. Buraxılış imtahanlarını əla qiymətlərlə verərək orta məktəbi qızıl medalla bitirən Məhəmməd qiymət və dərsdənkənar nailiyyətlərinin nəticəsinə görə Böyük Britaniyanın Birmingem Universitetinin kimya mühəndisliyi fakültəsinə daxil olub. Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində adıçəkilən universitetin II kurs tələbəsidir. Türk, rus, ingilis və alman dillərində danışır. İndi Məhəmməd Ağamirzəyevi öz dilindən tanıyaq: “Şagirddə elmə həvəs məhz ibtidai təhsil dövründə yaranır” “Orta məktəb illərində Birləşmiş Millətlər Təşkilatının Bakı, Harvard, Haaqa və İstanbul şəhərlərində təşkil olunmuş bir çox beynəlxalq model konfranslarında ölkə təmsilçisi, komitə sədri və ya təşkilatçı qismində fəal iştirak etmişəm. XI sinifdə oxuyarkən Amerika səfirliyindən əldə etdiyim qrantla azərbaycanlı tələbələr üçün nəzərdə tutulmuş “Model Birləşmiş Millətlər Təşkilatı konfransına giriş” (National Model UN Conference) adlı treninq keçirərək illərlə mənimsədiyim bilik və təcrübəmi bölüşmüşdüm. Orta məktəbdə bütün fənlərə eyni məsuliyyətlə yanaşaraq, hər birindən yüksək göstəricilərimin olmasına çalışmışam. Lakin təbiət elmləri və riyaziyyat məni daha artıq cəlb edir və düşündürürdü. İlk müəllimlərimin əlbəttə ki, hər birini xatırlayır, mümkün qədər əlaqə saxlayıram. Fikrimcə, şagirddə elmə həvəs məhz ibtidai təhsil dövründə yaranır və bu həvəsin yaranmasında müəllimlərin rolu danılmazdır. Düşünürəm ki, müəllimlərim məndə bu həvəsi oyatmağa nail olublar. Dəqiq elmlərə olan marağım mənim ixtisas seçimimdə mühüm rol oynayıb. Artıq IX sinifdə mühəndis olacağıma qərar vermişdim. Lakin hansı sahə üzrə ixtisaslaşmağa yönəlməyimin həm mənim, həm də dövlətimizin xeyrinə olacağını müəyyənləşdirməmişdim. Sonda kimya mühəndisliyini seçməyimə başlıca səbəb ölkə başçımızın istehsal sahələrinin inkişafına dair olan planları və bu sahədəki peşəkar kadr qıtlığı olub. Hədəfimə çatmaq üçün aparıcı universitetlərdə təhsil almağı və peşəkar mütəxəssis kimi hazırlanmağı düşünürdüm. Buna görə də xaricdə, İngiltərədə təhsil almaq mənim lap aşağı siniflərdən qarşıma qoyduğum məqsədlərimdən biri idi. Bu məqsədimin yaranmasının əsas səbəbi təhsil aldığım məktəbdə bunun üçün lazımi hər bir şəraitin yaradılması olub. Valideynlərim də mənim bu məqsədimə dəstək çıxırdılar. Böyük Britaniyanın Birmingem Universitetinə müraciət etməkdə ilk köməkliyi məktəbdən aldım, müraciətim müsbət nəticələndi, dövlətim və ailəm mənə maddi və mənəvi dəstək oldular. “Təhsil islahatlarının effektli olacağına inanıram” Dövlət Proqramına qəbul olunmağım barədə xəbəri almaq uzunillik arzularımın gerçəkləşməsi demək idi. Ümidlərimin özünü doğrultma anının sevincini bu gün də, ən azı həmin günkü qədər yaşayıram. Zənnimcə, elmə yatırılan sərmayə hər bir cəhətdən ən dəyərli nəticə verən bir addımdır. Bu proqram mən və mənim kimi minlərlə Azərbaycan gəncinin xaricdə təhsil alma arzularının baş tutmasına səbəb olub. Əminəm ki, məhz bu proqramın nəticəsi olaraq ölkəmizin hər bir sahədəki inkişafı daha da sürətlənəcək. Sevindirici haldır ki, Azərbaycan təhsilində çox mütərəqqi dəyişikliklər baş verməkdədir. Ölkəmizdə gedən təhsil islahatlarının effektli olacağına inanıram. Mütərəqqi dəyişikliklərdən biri olaraq bu ildən ali tədris müəssisələrində hazırlıq kurslarının tətbiqini misal göstərmək olar. “Bu gün təhsil aldığım sahəni sevdiyimi deyə bilərəm” Böyük Britaniya inkişaf etmiş təhsil sisteminə malikdir. Burada orta təhsil 12 illikdir. Son iki ildə şagirdin seçiminə əsasən onun ixtisaslaşmaq fikrində olduğu fənlər üzrə tədris aparılır. Fikrimcə, bu yolla şagird ali təhsilə daha hazırlıqlı başlayır. Kimya mühəndisliyini özümə ixtisas seçəndə bunun asan olmayacağını bilirdim. Lakin ölkəmizdə bu sahə üzrə kadrlara daha çox ehtiyac olduğunu nəzərə aldım. Bu sahədə dərin biliyə sahib olmasam da, dəqiq elmləri qavrama qabiliyyətimə güvəndim. Bu gün isə təhsil aldığım sahəni sevdiyimi deyə bilərəm. Onu da qeyd edim ki, bu universitet kimya mühəndisliyi üzrə Birləşmiş Krallıqda 3-cü yerdədir. Kimya mühəndisliyində təhsil alan bir tələbə kimi “Bioreaktorların və katalizatorların dizayn edilməsi”, “Kimya prosesində enerji səmərəliliyinin artırılması”, “İstehsalatın elektron idarə olunması” və digər bir çox nəzəri elmlərlə tanışam. Məni ən çox cəlb edən fənn isə prosesin elektron idarə olunması fənnidir. Burada biz verilmiş prosesdə lazımi faktorların, misal üçün temperaturun, təzyiqin, axın sürətinin və s. prosesə olan təsirini riyazi formullaşdıraraq onu elə proqramlaşdırırıq ki, maraq dairəsində olan faktorda müşahidə olunan xoşagəlməz (və ya idarə olunmayan) dəyişikliyin əldə olunan məhsula zərəri olmasın.   Dərslərimdən əlavə vaxtlara gəldikdə isə demək istəyirəm ki, tələbə həyatımın əsas hissəsini kitabxanada dərslərimə və ixtisaslaşmaqda olduğum sahəyə aid araşdırmalar aparmaq təşkil edir. Dərsdənkənar olaraq artıq 3 ildir ki, Birmingem Universitetinin Azərbaycan cəmiyyətinə sədrlik etməklə yanaşı, həm də kimya mühəndisliyi fakültəsinin tələbə nümayəndəsi vəzifəsini yerinə yetirirəm. Bu fəaliyyətlər gündəlik cədvəlimin tam olaraq dolmasına kifayət edir. Lakin zehni əməklə yanaşı, idmanın üzgüçülük və “jiu- jitsu” növləri ilə də mütəmadi məşğul oluram. Semestr ərzində bədii mütaliəyə vaxt ayırmağa çətinlik çəksəm də tətil vaxtlarında bu mənim əsas məşğuliyyətimə çevrilir. “Tələbələrin professorlara öz adları ilə müraciət etməsi mənə təəccüblü gəlmişdi” Birmingem Universitetində müəllim-tələbə münasibəti tam fərqlidir. Tələbələrin müəllimlərə, professorlara, sadəcə öz adları ilə müraciət etməsi mənə təəccüblü gəlmişdi. İlk baxışdan düşünmüşdüm ki, burada tələbə-müəllim münasibəti iki dost münasibətinə bənzərdir. Lakin sonralar bunun fərqli olduğunu, müəllimlərin tələbələrlə dərsdənkənar heç bir əlaqələrinin olmadığını gördüm. Burada bütün universitet üzrə əsas imtahanlar yalnız yay semestrində (yəni may-iyun aylarında) baş tutur.   İmtahan gedişində heç bir innovativ vasitələrdən istifadə olunmur. Amma şəffaflığın qorunmasının təmin olunması məqsədi ilə imtahan olunan tələbələrin cavab blanklarının kimə məxsusluğu yoxlayıcı müəllimdən gizli saxlanılır. İl ərzində isə qiymətləndirmə laboratoriya işlərinə dair aparılmış araşdırmanın nəticəsi və hazırlanmış hesabat üzrə müəyyən edilir. Bir çox fənn üzrə 2 saatlıq mühazirə 1 saatlıq çalışma ilə tamamlanır. Çalışma saatlarında həm müəllim, həm də “nümayişçi” (assistent) doktorantlar mövzu üzrə olan suallarımızı cavablandırır və qaranlıq qalan məqamları aydınlaşdırırlar. “3 ildir ki, fakültə tələbələrinin rəğbətini qazanıram” Qeyd edim ki, burada universitet demək olar ki, kiçik bir şəhər kimidir. Ən böyük üstünlüklərdən biri isə odur ki, burada fərqli ölkələrdən dünyaya fərqli baxışları olan tələbələri tanımaq imkanı var. Təhsillə yanaşı, tələbələrin öz fərqli qabiliyyətlərini artıra bilmələri üçün istər tələbə ittifaqında, istərsə də universitet departamentlərində “yarım-ştat” (bəzən ödənişli) məşğuliyyətlər təklif olunur. Təklif olunan yerlərə fəal tələbələr namizədliyini irəli sürür, digər tələbələr isə namizədlərin platformalarına əsasən səs verirlər. Misal olaraq özümün kimya mühəndisliyi fakültəsinin tələbə nümayəndəsi seçilməyimi göstərə bilərəm. Artıq 3 ildir ki, fakültə tələbələrinin rəğbətini qazanıram və onların dəstəyi ilə bu vəzifəyə layiq görülürəm. Təhsil aldığım universitetdə ciddi elmi tədqiqatlara, əsasən doktoranturada təhsil alan tələbələr cəlb olunurlar. Bakalavr səviyyəsində isə layiqli tələbənin istəyi əsasında yay tətili dövründə ödənişli assistentlik fəaliyyəti imkanları yaradılır. Ötən yay tətilində bu imkandan mən də yararlanmışam. Ümumiyyətlə, götürdükdə isə Birmingem Universitetinin özünün elm-təhsil mühiti ilə bütün ümidlərimi doğrultduğunu deyə bilərəm. Ona görə ki, burada təhsil almaqla mən öz sahələrində məşhur olan, bir çox mükafatlar almış alimlərin əhatəsində biliklərə yiyələnirəm. Nobel mükafatı laureatlarının dərsdənkənar mühazirələrində iştirak edərək onlarla həm söhbət edir, həm də məni maraqlandıran suallarımı onlara ünvanlayıram. Burada elm və sosial şərait daha geniş təşkil edilib. Bir sözlə, ümidlərimin doğrulmuş olduğunu təsdiqləyə bilərəm. “Birləşmiş Krallığın parlamenti ilə birgə tədbir təşkil etdim” Mən buraya gəldikdən sonra Böyük Britaniyada fəaliyyət göstərən “Anglo-Azərbaycan” və “Avropa Azərbaycan” cəmiyyətləri ilə əlaqə yaratdım və onların bir sıra tədbirlərində iştirak edərək ölkəmizə buradakı diasporamızdan olan dəstəyin bir hissəsi olmağa çalışıram. Burada həmvətənlərimizin, tələbələrin təşkilatlanması və geniş fəaliyyəti üçün bütün lazımi addımlar atılır. Birmingem Universitetinin tələbə ittifaqında Azərbaycan cəmiyyətinin olmadığını bildikdə qarşıma qoyduğum yeni məqsədlərdən belə bir təşkilatı təsis etmək olmuşdu. Belə də etdim. Artıq ikinci ildir ki, sədrlik etdiyim bu cəmiyyətin fəaliyyətinin genişlənməsinə çalışıram. Qeyd edim ki, Birləşmiş Krallığın parlamenti ilə ilk birgə tədbir təşkil etdim. Bildiyim qədər, o vaxta kimi universitetimizdə hələ heç bir tələbə cəmiyyəti ilə Britaniya parlamenti arasında tədbir təşkil olunmamışdı. Tərəfimdən ölkəmizin ən böyük təbliğinə isə hər ilin sentyabr ayında universitet nəzdindəki cəmiyyətlərin sərgisində Azərbaycan cəmiyyətini təmsil etməklə nail oluram. Burada 250-dən çox cəmiyyətlər arasında 35000-dən çox tələbənin ziyarət etdiyi sərgidə vətənimin təbliğinə nail olmaq məni qürurlandırır. Sonda gələcək planlarımla bağlı qeyd etmək istəyirəm ki, hazırda qarşımda duran məqsədlərin ən əsası ali təhsilimi uğurla başa vurmaq, elmi və təcrübi fəaliyyətimi davam etdirərək dövlətimə, xalqıma, cəmiyyətə daha çox xeyir verməkdir”.   1news.az

10 SABAH tələbəsinin təhsil haqqı bank tərəfindən ödəniləcək

SABAH qruplarında oxuyan, tədrisdə yüksək nəticələr əldə etmiş 10 nəfər tələbənin bir illik təhsil haqqı Azər Türk Bank tərəfindən ödəniləcək. Həmin tələbələr ölkəmizin  5 fərqli universitetində 3-cü kursda təhsil alırlar. Layihə SABAH Karyera Akademiyasının rəsmi tərəfdaşı olan Azər Türk Bankın təşəbbüsü ilə həyata keçirilir. Qeyd edək ki, SABAH Karyera Akademiyası ilk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. SABAH layihəsinin əsas məqsədi ali təhsildə  keyfiyyətin yüksəldilməsi,  yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Bu tədris ilində 740-dan artıq SABAH tələbəsi məzun olacaq.

“Çərşənbələr” adlı tədbir

İçərişəhərdə Şirvanşahlar Sarayında Uşaq Yaradıcılıq Mərkəzinin gənc rəssamlarının iştirakı ilə “Çərşənbələr” adlı tədbir keçirilib. Tədbirdə iştirakçılar Novruzun atributları olan çərşənbələrlə bağlı 4 buta maketi bəzəyib, su, od, yel və torpaq çərşənbələrini özündə əks etdirən rəsmlər çəkiblər. Gənc rəssamlar  milli adət-ənənələrimizi özündə yaşadan Novruz bayramına, bahar fəslinə aid düşüncələrini rəsm əsərlərində canlandırıblar.

Lənkəran və Masallıda tədbir keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə Masallıda yerləşən “ASAN İntellektual” inkişaf mərkəzində tələbə-könüllülər üçün “Ünsiyyət bacarığı” mövzusunda təlim keçirilib. Təlimlərin məqsədi tələbə-könüllülərin peşəkar və könüllü fəaliyyətlərində zəruri vərdiş və bacarıqların formalaşmasına dəstək olmaqdır. Təlimdə ölkəmizdə yerli və beynəlxalq tədbirlərdə gənclərin iştirakı və fəaliyyətinin bəhs edilib,  tələbələrin ünsiyyət və natiqlik bacarıqlarına yiyələnmələrinin vacibliyi vurğulanıb. Tələbələrə bədən dili, yığcam, məzmunlu və təsirli nitq barədə ətraflı məlumat verilib, könüllü fəaliyyətində müvafiq vərdiş və bacarıqların əhəmiyyətindən danışılıb. Analoji təlim Lənkəranda da təşkil edilib. Lənkəran Dövlət Universitetinin dəstəyi ilə keçirilən təlim zamanı  “Layihə idarəetməsinin əsasları”, “Layihənin mərhələləri”, “Layihənin hədəfləri”, “Büdcənin planlaşdırılması”, “Layihə riskləri”, “Layihə menecerinin rolu”, “Layihələrdə ünsiyyət”, “Komanda işinin təşkili” mövzularından bəhs olunub. Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı tələbə-könüllülərlə işi sistemləşdirmək və müvafiq fəaliyyəti stimullaşdırmaq üçün 2015-ci ilin dekabrında yaradılmış uzunmüddətli proqramdır. Könüllüləri vahid məlumat bazasında birləşdirən proqram Azərbaycanda könüllülük fəaliyyətinin istiqamətləndirilməsinə kömək edir. Proqram Azərbaycanın 6 şəhərində yerləşən 34 ali və orta ixtisas təhsil müəssisəsini əhatə edir. Hazırda 9,000-dən artıq könüllü bazasına sahib olan Proqram “Formula 1” üzrə Avropa Qran-Pri yarışlarında fəal təmsil olunub. Ümumilikdə, ötən dövr ərzində tələbə-könüllülər 80-ə yaxın müxtəlif tədbirləri müşayiət ediblər.

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Martın 11-də  Respublika fənn olimpiadalarının  yarımfinal turu keçirilib. Olimpiadanın yarımfinal turu  ölkənin 12 müxtəlif bölgəsindəki mərkəzlərdə-Naxçıvan MR, Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Lənkəran, Mingəçevir, Ucar, Xaçmaz, Şirvan, Şəki və İsmayıllıda keçirilib. 6000-ə yaxın şagirdin qatıldığı yarımfinal turunda rayon, şəhər mərhələsində 60 faiz və yuxarı nəticə göstərmiş şagirdlər iştirak ediblər. Respublika mərhələsinin yarımfinal turunda şagirdlərə hər fənn üzrə 25 sual təqdim edilib. Yarımfinal turunda 70 faiz və yuxarı nəticə göstərmiş hər fəndən ən yaxşı 60 şagird Respublika fənn olimpiadasının final mərhələsində iştirak etmək hüququ əldə edəcək. Respublika fənn olimpiadalarının final mərhələsinin aprel ayında keçirilməsi planlaşdırırlır. Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi  yanvarın 15-də keçirilib. Bilik yarışında 30000 nəfərə yaxın şagird iştirak edib.

"Məktəblinin dostu" layihəsinin iştirakçılarına sertifikatlar verilib

Martın 10-da  Təhsil Nazirliyi, Vətəndaşlara Xidmət və  Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən "Məktəblinin dostu" pilot layihəsi çərçivəsində ASAN Könüllülərinə sertifikatların təqdim olunması mərasimi keçirilib. Tədbirdən öncə martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Sumqayıt Dövlət Universitetinin həlak olmuş tələbələrinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, ümumi təhsil məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər. Əvvəlcə "Məktəblinin dostu" pilot layihəsindən bəhs edən videoçarx nümayiş olunub. Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, cari tədris ilində də təhsil sahəsində bir sıra mühüm əhəmiyyətə malik layihələr həyata keçirilib. Həmin layihələrdən biri olan “Məktəblinin dostu” Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən həyata keçirilir. Ceyhun Bayramov qısa müddətdə əhəmiyyətli işlərin görülməsinin layihənin ideyasının aydın olmasından və bu işə peşəkar yanaşmadan xəbər verdiyini deyib. Nazir müavini qeyd edib ki, müəllim-şagird-valideyn üçbucağında münasibətlərin daha səmərəli müstəviyə çıxarılması baxımından “Məktəblinin dostu”nun üzərinə mühüm vəzifələr düşür. Vətəndaşlara Xidmət və  Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev könüllülük fəaliyyətinin əhəmiyyətindən danışaraq, könüllülük hərəkatının inkişafını, gənclərin mövcud bilik və bacarıqların daha da təkmilləşməsindəki rolunu xüsusi vurğulayıb. O, həmçinin “Məktəblinin dostu” layihəsinə məzun ASAN könüllülərinin cəlb olunması və onların bu layihəyə müsbət töhfə verməsindən məmnunluğunu ifadə edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva paytaxtın 30 ümumi təhsil müəssisəsini əhatə edən layihə üzrə 112 nəfər əməkdaşın çalışdığını bildirib. Layihə çərçivəsində indiyədək çoxsaylı tədbirlərin keçirildiyini nəzərə çatdıran BŞTİ-nin müdiri bütün bunların məktəb mühitinin səmərəliliyini daha da artırdığını qeyd edib. Daha sonra "ASAN Xidmət" mərkəzlərində könüllülük fəaliyyətində iştirak edən “Məktəblinin dostu” seçilmiş şəxslərə sertifikatlar təqdim olunub. Tədbirdə ASAN Könüllülərinin hazırladıqları bədii kompozisiyalar nümayiş etdirilib. Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi üzrə seçilmiş şəxslər ötən ilin dekabr ayından fəaliyyətə başlayıblar.

Təhsil naziri “Salaam Şalom Qardaşlığı” təşkilatının nümayəndə heyəti ilə görüşüb

Martın 10-da təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan ABŞ-ın qeyri-hökumət təşkilatı “Salaam Şalom Qardaşlığı” təşkilatının nümayəndə heyəti ilə görüşüb. “Salaam Şalom Qardaşlığı” təşkilatı yəhudi və müsəlman qadınlardan ibarətdir. Təşkilatın əsas məqsədlərindən biri antisemitizm və islamofobiyaya qarşı mübarizədir. Görüşdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar, Azərbaycanın təhsil sahəsində gender bərabərliyi, dinlərarası dialoq, tolerantlıq və multikulturalizm haqqında məlumat verillib. Həmçinin qonaqların çoxsaylı sualları cavablandırılıb və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

“İnformasiyanın gələcəyi” mövzusunda “Novruz mühazirəsi”

Martın 9-da IT STEP akademiyasında növbəti “Novruz mühazirəsi” keçirilib. Tədbirdən öncə martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Sumqayıt Dövlət Universitetinin həlak olmuş tələbələrinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, təhsil ekspertləri, ali təhsil müəssisələrinin müəllim və tələbələri iştirak edib. Görüşdə millət vəkili Tahir Mirkişilinin “İnformasiyanın gələcəyi” mövzusunda mühazirəsi dinlənilib. Millət vəkili mühazirəsində inkişafın əsas amili olan insan potensialından, süni intellektin yaradılmasından, texnoloji qeyri-adilik nəzəriyyəsindən söhbət açıb, informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətə və bütövlükdə dünyaya göstərdiyi təsirdən bəhs edib. Dünyanı dəyişdirəcək yeni texnologiyaların sürətlə inkişaf etdiyini vurğulayan Tahir Mirkişili elmi-texnoloji yeniliklər nəticəsində hazırda yaşadığımız dövrün IV Sənaye inqilabının astanasında olduğunu diqqətə çatdırıb. Tədbirdə iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb. Fevralın ayından start verilən “Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır.

Niderlandda təhsil alan tələbə: Uşaqlıq arzumu gerçəkləşdirdim - Uğur formulu

Təhsil Nazirliyi1news.az İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Şamil Mustafayevdir. Şamil Mustafayev 1993-cü ildə Gəncə şəhərində anadan olub. İbtidai təhsilini 4 nömrəli tam orta məktəbdə, ümumi orta və tam orta təhsilini isə Gəncə Özəl Türk Liseyində alıb. Tam orta təhsilini başa vurduqdan sonra 2010-cu ildə Bolqarıstanda yerləşən Amerikan Universitetinə qəbul olunub və orada kompüter elmləri və informasiya sistemləri üzrə ikili ixtisasla bakalavr pilləsini bitirib. Bakalavr təhsilinin bir semestrini mübadilə proqramı ilə ABŞ-ın Vermont Universitetində keçirib. Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Niderland Krallığının Eyndhoven Texnologiya Universitetində (TU/e) biznes informasiya sistemləri üzrə magistratura təhsili alır, sonuncu kurs tələbəsidir. - Orta məktəb illərində uğurlarınız. Daha çox hansı fənlərə maraq göstərirdiniz? - Orta məktəbdə əsasən riyaziyyat, kimya və ingilis dili fənlərinə maraq göstərirdim. IX və X siniflərdə kimya və ingilis dili üzrə şəhər birinciliyinin qalibi olmuşam. İlk müəllimlərimi çox gözəl xatırlayıram və fürsət düşdükcə onları ziyarət edirəm. Müəllimlərim mənim təhsilimdə böyük pay sahibidirlər və onları unutmaq günah olardı. Bu günə kimi qazandığım bütün nailiyyətlərə görə öz sahələrində güclü savada malik olan müəllimlərimə borcluyam. - Sizdə ixtisasınıza maraq necə və nə vaxtdan yarandı? - Orta məktəbdə kimya olimpiadasında mütəmadi iştirak etdiyim üçün kimyaçı olmağı düşünürdüm. Bundan əlavə, təhsilimi xaricdə davam etdirmək istəyirdim. Ancaq 2010-cu ildə Amerikan Universitetinə daxil olduqda bu iki istəyimin birindən keçməli idim, çünki həmin universitetdə kimya ixtisası mövcud deyildi. Uşaqlıqdan da digər marağım kompüterlərə idi və beləcə kompüter elmləri üzrə təhsil almağı qərara aldım. - Xaricdə təhsil almağa necə qərar verdiniz? - Məktəbdə ingilis dilinə marağım böyük idi. Məktəbdən sonra isə dil kurslarına gedirdim. IX sinifdən isə xaricdə təhsillə maraqlanmağa başladım. Orada müxtəlif ixtisaslar üzrə təhsil alan azərbaycanlı tələbələr tapdım və onlarla mütəmadi danışmağa başladım. Beləcə bu istək daha da böyüdü və 2010-cu ildə xaricdə təhsil almağa yollandım. Qəbul sənədi aldıqda, açığı, valideynlərim çox tərəddüd edirdi. Yad və uzaq ölkə, fərqli mədəniyyət, sosial ortam və maliyyə. Ancaq xaricdə təhsil almağımın gələcəyim üçün nə qədər önəmli olduğunu valideynlərimə izah etdikdən sonra razılaşdılar. Bu müddət ərzində ingilis dili müəllimim və ailə üzvlərim əsas dəstəkçilərim idi. - Dövlət Proqramına qəbul olunmanız xəbərini necə qarşıladınız? - Dövlət Proqramına qəbul olmağımı böyük sevinclə qarşıladım. Niderlandda təhsil xərcinin yüksək olduğunu nəzərə alsaq təqaüdsüz orada təhsil almağım qeyri-mümkün idi. Dövlətimizin gənclər üçün belə imkan yaratması mükəmməl addımdır. Bu proqramın müsbət tərəfləri çoxdur. Birincisi, güclü mütəxəssis olmağa savadı və qabiliyyəti olub, maliyyə imkanı olmayan gənclər üçün əla fürsətdir. İkincisi, Azərbaycan gənc ölkə olduğu üçün bəzi ixtisaslar yeni-yeni inkişaf etməyə başlayır, ancaq Avropa və Amerika təhsil sistemində bu ixtisaslar çox inkişaf edib. Belə ixtisaslara əsasən texnologiya ilə bağlı olan sahələr aiddir. Buna görə də Dövlət Proqramı bu ixtisaslar üzrə xaricdə təhsil alıb təcrübə toplamaq üçün mühüm bir proqramdır. Üçüncüsü, bu proqram vasitəsilə əcnəbi ölkədə təhsil alarkən oranın ən yaxşı təcrübələrini götürüb gələcəkdə Azərbaycanda tətbiq etmək mümkündür. Dördüncüsü isə ümumilikdə xaricdə təhsil insanın öz inkişafı üçün müsbət haldır. - Təhsilimizdə gedən son proseslərə münasibətiniz necədir? - Təhsilimizdə gedən son prosesləri yaxından izləyirəm. Xaricdə təhsil alan güclü mütəxəssislərin Azərbaycan universitetlərinə cəlb edilməsi müsbət haldır. Həmçinin məktəblər üçün mütəmadi olaraq yeniliklərin tətbiq olunması Azərbaycanın gələcəyi üçün çox önəmlidir. Ali məktəblərimizə gəldikdə isə, istərdim diplom işi yazan tələbələr bu işi şirkətlərdə yazsınlar. Bunun üçün isə universitetin ayrı-ayrı ixtisaslar üzrə müxtəlif şirkətlərlə sıx əlaqələri mövcud olmalıdır. Məsələn, bizim universitetdə 10 tələbədən 9-u istər bakalavr, istərsə də magistr pilləsi üzrə diplom işini şirkətdə yazır. Bu, bütün tərəflər üçün səmərəlidir. Şirkət pulsuz və ya kiçik pul müqabilində, tələbə vasitəsilə hər hansı mövzu barədə sualına cavab tapa və ya üzləşdiyi çətinliyi aradan qaldıra bilir. Universitet məzun etdiyi tələbənin real iş təcrübəsinə malik olmağına vəsilə olur və dünyaya öz töhfəsini vermiş olur. Tələbə isə bunun müqabilində həm təhsilinə dəstək üçün müəyyən məbləğdə pul qazanır, həm real iş təcrübəsinə malik olur, həm də diplom işini bitirdikdən sonra həmin şirkətdə qalıb işləmək şansı əldə edir. - Tələbə həyatınız necə keçir? Mütaliəyə münasibətiniz? - Tələbə həyatım tək təhsil almaqdan ibarət deyil. Asudə vaxtımı futbol oynamaqla, dostlarımla birgə gəzməklə, azərbaycanlıların toplaşdığı müxtəlif tədbirlərə qatılmaqla, Azərbaycanın mühüm dövlət bayramları və xüsusi günləri ilə bağlı universitetdə tədbirlər təşkil etməklə keçirirəm. Bundan başqa, Avropada futbol üzrə Azərbaycan milli komanda və klublarını dəstəkləyən azarkeş qrupunun (Milli Dəstə) həmtəsisçisi kimi mütəmadi olaraq idmançılarımıza dəstək oluruq. Mütaliəyə münasibətim yaxşıdır. Kitab oxumasam da, əsasən onlayn mütaliə ilə məşğul oluram. İxtisasıma aid yenilikləri müxtəlif onlayn portallardan oxuyuram. Həmçinin dünya siyasətinə marağım olduğu üçün tez-tez bununla bağlı xəbərləri oxuyuram. - Niderland təhsil sisteminin üstünlükləri barədə nə deyə bilərsiniz? - Niderland təhsil sisteminin bir çox üstünlükləri var. Niderland universitetlərinin istənilən pillə üzrə diplomu digər universitetlərin diplomu ilə ekvivalent sayılır. Yəni, Eyndhoven Texnologiya Universitetində bakalavr pilləsi üzrə məzun olan şəxslə, Delft Texnologiya Universitetinin eyni pillə və eyni ixtisas üzrə məzun olan şəxs bərabər savada malik olduğu kimi qəbul edilir. Buna görə də magistratura və ya PhD pilləsi üzrə istənilən Niderland universitetinə imtahansız qəbul ola bilir. Nəzəri biliklə yanaşı praktik biliyə də çox üstünlük verilir. Demək olar ki, bütün mühazirələrdə ən azı bir qrup layihəsi olur və bu layihə mövcud şirkətin real məlumatlarına əsaslanır. Bunun isə təcrübə baxımından gələcəkdə tələbənin hər hansı şirkətdə işləməsinə müsbət təsiri var. Oxuduğum ali təhsil müəssisəsi Niderlandın 2 ən güclü texnologiya universitetindən biridir. Mühəndislik və IT üzrə dünyanın top 100-lüyünə daxil olan bu universitet gələcəyin ən peşəkar mütəxəssislərini yetişdirməklə məşğuldur. Ali məktəb 2016-cı ilin nəticələrinə əsasən, universitet-şirkət əlaqələri nəticəsində hazırlanan tədqiqatların sayına görə Harvard Universitetini də qabaqlayaraq dünyada 1-ci yerə layiq görülüb. Burada dərs deyən ən məşhur riyaziyyatçı alimlərdən biri Edsger Deykstra olub. İxtisasım isə biznes informasiya sistemləridir (BİS). Bu ixtisas kompüter elmləri və sənaye mühəndisliyi kafedralarının birgə təsis etdiyi bir ixtisasdır. Bu ixtisasda daha çox informasiya sistemlərindən istifadə edilərək biznes proseslərinin təşkili, təhlili və optimallaşdırılması öyrədilir. Bu proqramın 2 illik olması isə əlavə üstünlükdür, çünki bu peşəyə tam yiyələnmək üçün yetərli qədər vaxt imkanı olur. Seçdiyim ixtisasın ən önəmli cəhətlərindən biri isə istənilən biznes prosesinin optimallaşdırılmasıdır. Sirr deyil ki, istər dövlət, istərsə də özəl şirkətlərdə həm maliyyə, həm də əməliyyatların aparılması istiqamətində optimallaşdırmaya ehtiyac var.. -Universitetdə müəllim-tələbə münasibətləri necə qurulub? - Oxuduğum universitetdə müəllim-tələbə münasibətləri dərs zamanı interaktiv olur. Tələbə istənilən zaman müəllimi dayandırıb sual verə bilər. Bundan başqa bəzi vaxtlarda dərsi, qrupun bir tələbəsi keçir. Bunun üstün cəhəti isə həmin mövzunu digər tələbə yoldaşının prizmasından dinləyib daha asan qavramaqdır. Yeganə problem müəllimlərdən dərsdən kənar yardıma ehtiyac olduqda bir çox zaman məşğul olmaları və tələbəyə vaxt ayıra bilməmələridir. Məsələn, Azərbaycanda bu problemlə heç vaxt qarşılaşmamışam. Təəssüflər olsun ki, burada belə hal tez-tez baş verir. Səbəb kimi isə müəllimlərin digər tədqiqat işləri ilə məşğul olmasını göstərirlər. -Universitetdə mühazirə və imtahan sessiyası necə təşkil olunur? - Universitetdə mühazirələr digər universitetlərdə olduğu kimi standart təşkil olunur. Əsasən slayd təqdimatlarından istifadə edərək tələbələrə dərsi başa salırlar. Bəzi hallarda həftənin 1 dərs günü əvvəlki dərs günündə keçilən dərsin kiçik imtahanı təşkil olunur. Belə olan halda tələbə hər mövzunu mütəmadi oxuyur və son ana saxlamır. İmtahanlara nəzarət çox ciddi şəkildə olur. Telefonların çantanın içinə qoyulması tələb olunur. Nəzarətə isə əsasən yaşlı işsiz şəxslər cəlb olunur ki, bu da əmək qabiliyyətini itirmiş vətəndaşlara əlavə pul qazandırmaq məqsədi daşıyır. - Xaricdə təhsilin hansı üstünlüklərini qeyd edə bilərsiniz? Tələbələr üçün hansı imkanlar var? - Xaricdə təhsilin üstünlükləri çoxdur. Xaricdə təhsil tələbənin dünyagörüşünü artırır, yad ölkədə sərbəst yaşamaq təcrübəsi qazandırır, yeni mədəniyyətlər öyrənmək, ingilis dilini inkişaf etdirmək və müxtəlif fərqli təcrübələr qazanmaq şansı yaradır. Həmçinin hər ölkənin öz ixtisaslaşmış sahəsi var və o sahə üzrə güclü mütəxəssislər yetişdirirlər. Əgər bir tələbənin müəyyən ixtisas üzrə xaricdə oxumaq arzusu varsa, mütləq o ixtisas üzrə güclü inkişafı olan ölkə və onun universitetini seçmək lazımdır. Böyük universitetlərin çox böyük kompasları olur ki, bu da tələbələrə dərsdən kənar özünü inkişaf etdirmək üçün əlavə imkanlar yaradır. Məsələn, universitetin bir çox idman növləri üçün bir neçə meydançası, üzgüçülük hovuzu və idman zalları olur. Azərbaycanda olduğu kimi, xarici universitetlərdə də tələbələr müxtəlif elmi tədqiqatlara cəlb olunur, onların biliklərindən və təcrübələrindən yararlanmağa çalışırlar. Bir çox belə elmi tədqiqatlar isə yeni innovativ məhsulun yaranmasına gətirib çıxarır ki, bu da həm universitet, həm müəllim, həm tələbə, həm də bəşəriyyət üçün hərtərəfli xeyirdir. - Xaricdə təhsil sizin ümidlərinizi doğrultdumu? Qənaətləriniz necədir? - Düşünürəm ki, xaricdə təhsil mənim ümidlərimi doğrultdu. Təbii ki, tam doğrultması üçün təhsilimi bitirib ixtisasım üzrə yaxşı iş yeri tapmaq önəmlidir. Ancaq düşünürəm ki, yaxşı mütəxəssis üçün iş yeri tapmaq heç də çətin deyil. Yetər ki, universiteti bitirən məzun ixtisası üzrə peşəkar mütəxəssis olsun və işləmək həvəsi olsun. - Bir gənc olaraq Azərbaycanı Niderlandda təbliğ edə bilirsinizmi? Azərbaycanla bağlı hansı tədbirləriniz olub? - Azərbaycan diasporası ilə sıx əlaqələrim var. Mütəmadi olaraq istər səfirlik, istərsə də diaspora təşkilatlarının keçirdikləri önəmli tədbirlərə qatılırıq, təşkilində kömək edirik. Bir çox yeni gələn tələbələr üçün uyğunlaşma müddətinə ehtiyac olduğundan onlarla əlaqə saxlamaq bəzi vaxtlarda çətin olur və əlaqə yarandığı zaman isə təhsilinin bitməsinə çox az zaman qaldığını müşahidə edirik. Buna görə də, tələbələr olaraq çalışırıq ki, bütün universitetlərdə ən azı 1 tələbə ilə mütəmadi əlaqədə olaq və yeni azərbaycanlı tələbələr gəldikdə, onları Azərbaycanın təbliğinə cəlb edək. Düşünürəm ki, Azərbaycanı yetərincə təbliğ edə bilirik. İstər təhsilimizlə, istər mədəniyyətimizlə, istərsə də bayram günlərində keçirdiyimiz müxtəlif tədbirlərlə. 20 Yanvar və Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım günlərində əsasən diasporanın təşkil etdiyi tədbirlərə qatılırıq. Keçən ilin aprel ayında ermənilər tərəfindən Azərbaycanın cəbhə bölgələrində yaşayan vətəndaşlarımıza qarşı olan təxribatla bağlı Haaqada yerləşən erməni səfirliyi önündə aksiyada iştirak etdik. Aksiyaya Niderland Krallığının müxtəlif universitetlərindən 50-yə yaxın tələbə də qatılmışdı. Bayram günləri ilə əlaqədar tədbirlərə gəldikdə isə, keçən ilin 28 may tarixində Eyndhoven Texnologiya Universitetində 2 tədbir keçirdik. Universitetin kitabxanasının girişində Azərbaycanın mədəniyyətini, tarixini, coğrafiyasını, xalçalarını, flora və faunasını, həqiqətlərini və digər mühüm cəhətlərini əks etdirən kitabçalar və bukletlərdən ibarət stend yerləşdirdik. Ümumilikdə stendə yüksək maraq var idi. Müxtəlif ölkələrdən tələbələr stendimizə yaxınlaşıb kitabçaları götürürdülər, suallar verirdilər. -Gələcək planlarınız? - Gələcək planlarım təhsilimi bitirib, Azərbaycan üçün güclü mütəxəssis olmaq, həm ölkəmizə, həm də bəşəriyyətə xeyir verməkdir. Təbii ki, olduğum yerdən asılı olmayaraq, Azərbaycanın təbliğini də davam etdirmək gələcək planlarıma daxildir.   1news.az

ADNSU-da “Novruz mühazirəsi” keçirilib

Martın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti "Novruz mühazirəsi" keçirilib. Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlının "Yeni texnologiyalar, yeni materiallar: gələcəyə baxış" mövzusunda mühazirəsi dinlənilib. Mühazirədə ADNSU-nun professor-müəllim heyəti, universitetin İctimai Etimad Şurasının üzvləri, KİV təmsilçiləri iştirak ediblər. Mustafa Babanlı mühazirəsində materialşünaslığın inkişaf tarixi, yeni texnologiyalar, onların həyatımızda rolu, materialşünaslıq və mühəndislik arasında sıx əlaqədən danışıb. Rektor smart materiallar, onların bugünkü və gələcək tətbiq sahələri haqqında məsələlərə toxunub. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı