Yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın üçüncü iclası keçirilib
İyulun 23-də Elm və Təhsil Nazirliyində yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın üçüncü iclası keçirilib. Elm və təhsil nazirinin müavini, Komissiyanın sədri İdris İsayevin rəhbərliyi ilə keçirilən iclasda Komissiya üzvləri və nazirliyin rəsmiləri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev ali təhsil proqramlarının hazırlanmasında yeni yanaşmaların tətbiqinin əhəmiyyətindən və bu işdə əmək bazarı və ali təhsil sisteminin nümayəndələrinin birgə iştirakının vacibliyindən söz açıb. Nazir müavini bildirib ki, əsas məqsəd gənclərimizin müasir tələblərə uyğun, keyfiyyətli təhsil alması və əldə etdikləri bilik və bacarıqların əmək bazarının ehtiyaclarına cavab verməsini təmin etməkdir. Daha sonra təqdimatla çıxış edən Komissiyanın üzvü, nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman Komissiya və işçi qrupların fəaliyyəti barədə, eləcə də bugünkü iclasın gündəliyində duran əsas məsələlər barədə məlumat verib. Qeyd edilib ki, iclasın gündəliyindəki əsas məsələlərdən biri işçi qruplar tərəfindən təqdim olunmuş və ekspertizadan keçmiş təhsil proqramlarının mərhələli şəkildə təsdiqidir. İclasda, həmçinin ali təhsil müəssisələri üçün ixtisaslar üzrə yeni təhsil proqramları əsasında ixtisaslaşmaya dair nümunəvi təhsil proqramı və tədris planlarının hazırlanması müzakirə olunub. Komissiya üzvləri bu istiqamətdə görülən işləri müsbət qiymətləndirib, xüsusilə əmək bazarının tələblərinə uyğunlaşdırılmış təlim nəticələrinin önəmini vurğulayıblar. İclas müzakirə formatında davam etdirilib.
23/07/2025 18:30
Magistraturaya qəbul olunanların elektron sənəd qəbuluna sabahdan start verilir
24 iyul saat 15:00-dan etibarən ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunanların sənəd qəbulu prosesinə start veriləcək. Elektron sistem üzrə qeydiyyat 1 avqust saat 18:00-da yekunlaşacaq. Müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Eyni zamanda müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur. Qeyd edək ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən qeydiyyat etməklə yanaşı, təhsil haqqını bank, poçt, eManat terminallarına yaxınlaşaraq nəğd şəkildə ödəyə bilərlər. Nəğdsiz ödəniş üçün tələbələr plastik kartla bankların mobil tətbiqləri və portal.edu.az vasitələrindən birini seçə bilərlər. Ödənişli əsaslarla qəbul olunanlar təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti, dövlət sifarişli qəbul olunanlar isə qanunvericiliyin imkan verdiyi çərçivədə müəyyən olunmuş təqaüdün iki mislindən az olmayaraq təqaüdün əldə edilməsi üçün müraciət və digər imkanlardan daha çevik və rahat faydalana biləcəklər.
23/07/2025 15:20
Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə Elm və Təhsil Nazirliyinin dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş əməkdaşlarına medallar təqdim edilib. Elm və təhsil naziri Emin Əmrullayev təltif olunmuş əməkdaşları təbrik edib və onlara uğurlar arzulayıb. Çıxış edən əməkdaşlar onların əməyinə verilən yüksək dəyərə görə minnətdarlıqlarını bildiriblər. Sonra dövlət təltifləri təqdim olunub. Qeyd edək ki, nazirliyin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdir müavini Rəcəb Səttarov, Daxili nəzarət sektorunun baş məsləhətçisi Kamil Abdulbağıyev, Elm, ali və peşə təhsili şöbəsinin böyük məsləhətçisi Nüşabə Məmmədbəyova, Məktəbəqədər və ümumi təhsil şöbəsinin böyük məsləhətçisi Məlahət Müştaqova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.
23/07/2025 12:30
Nazir müavini Azərbaycan Üzgüçülük Federasiyasının konfransında iştirak edib
İyulun 22-də Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) strategiyası və yenilikləri ilə bağlı konfrans keçirilib. Federasiyanın prezidenti Zaur Əliyev qurumun strategiyası ilə bağlı ümumi məlumat verib, üzgüçülük idman növündə kütləviliyin artırılması üçün yeni layihələrin həyata keçiriləcəyini bildirib. Zaur Əliyev məktəblilər arasında üzmə bacarıqlarının artırılması məqsədilə layihələr həyata keçirildiyini qeyd edib. Gənclər və idman naziri Fərid Qayıbov ASF-nin 6 ay ərzində gördüyü işlərdən danışıb, üzgüçülüklə məşğul olanların sayının ötən illərə nisbətən iki dəfə artdığını vurğulayıb. Eyni zamanda bu idman növünün Azərbaycanda inkişaf edəcəyinə inandığını söyləyib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov üzgüçülüyün həyati bacarıq kimi təbliğ edilməsi məqsədilə ASF və Elm və Təhsil Nazirliyinin məktəblər üçün tədris materiallarının hazırlanması və mərhələli şəkildə məktəb proqramına inteqrasiya ediləcəyi barədə danışıb. Nazir müavini Bakı və regionlarındakı universitetlərdə üzgüçülük idman növü ilə bağlı pilot layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Firudin Qurbanov həmçinin üzgüçülüyün dünyada ən populyar, insan sağlamlığına müsbət təsir göstərən idman növü olduğundan, kütləviliyi təmin etmək məqsədilə məktəblərdə hovuzların tikilməsinin vacibliyindən bəhs edib. Federasiyanın baş katibi Oqtay Atayev ASF-nin strateji məqsəd və prioritetlərini təqdim edib. Strategiya və yeniliklərin təqdimatından sonra ASF-nin yeni məsləhətçisi Pyer Ləfonten ictimaiyyətə təqdim olunub.
22/07/2025 14:05
Elm və təhsil nazirinin Oğuzdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Elm və təhsil naziri Emin Əmrullayevin 25 iyul 2025-ci il tarixində Oğuz şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyulun 29-da keçiriləcək. Qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ sakinlərinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.
21/07/2025 14:08
Təhsil işçiləri üçün güzəştli TəhsilPlus kartı ictimaiyyətə təqdim olunub
İyulun 18-də Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən çoxfunksional TəhsilPlus kartının təqdimat mərasimi baş tutub. Tədbirdə təşkilatçı qurumların rəhbərliyi, Elm və Təhsil Nazirliyi və ona tabe strukturların təmsilçiləri, korporativ tərəfdaşlar, əməkdaşlıqda maraqlı şirkətlər, həmçinin müxtəlif media qurumlarının nümayəndələri iştirak edib. Rəsmi hissədə ilk olaraq, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxış edərək, təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması və bu məqsədlə həyata keçirilən təşəbbüslərin əhəmiyyətindən bəhs edib. Nazir müşaviri təhsil işçilərinin cəmiyyətin inkişafındakı rolunu vurğulayaraq, bu kimi sosial təşəbbüslərin davamlı və daha genişmiqyaslı olmasının vacibliyini qeyd edib. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun 4 illik fəaliyyətinə dair geniş təqdimatla çıxış edib. O, Fondun son dövrlərdəki fəaliyyət istiqamətlərini diqqətə çatdıraraq, xüsusilə rəsmi vebsaytın yenilənməsi, “İanə et” bölməsinin istifadəyə verilməsi, Qarabağ Təqaüd Proqramının təsis olunması, TələbəPlus kartı çərçivəsində görülən işlərlə bağlı məlumatları diqqətə çatdırıb, ümumi statistik məlumatları bölüşüb. Sədr, həmçinin Fondun yeni təşəbbüsü olan TəhsilPlus kartını ön plana çəkərək, hədəf qrupu, üstünlükləri, faydalarından söz açıb. Qeyd olunub ki, çoxfunksional kart məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində çalışan pedaqoji və inzibati heyət üçün nəzərdə tutulur və 450 min nəfəri əhatə etməsi planlaşdırılır. Daha sonra Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə çıxışında təhsil sahəsinə göstərilən dəstəyin bankın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, Kapital Bank üçün müəllimlər və təhsil işçiləri cəmiyyətin gələcəyini formalaşdıran əsas qüvvədir və bu istiqamətdə atılan hər addım gələcəyə sərmayə kimi qiymətləndirilir. TələbəPlus kartının uğurundan bəhs edən Fərid Hidayətzadə, artıq 200 minə yaxın tələbənin bu imkanlardan faydalandığını bildirib. TəhsilPlus kartının isə daha geniş auditoriyanı – müəllim və təhsil işçilərini əhatə etdiyini, onlara müxtəlif güzəştlər və üstünlüklər təqdim edəcəyini diqqətə çatdırıb. Sonda o, layihənin tərəfdaşlarına təşəkkürünü bildirərək, təhsil sahəsində birgə daha çox uğurlu layihələrə imza atılacağına inandığını bildirib. “Mastercard” şirkətinin biznesin inkişafı üzrə vitse-prezidenti Engin Yaşar TəhsilPlus kartının rəqəmsal və çoxfunksiyalı imkanlarını “Mastercard” texnologiyalarının təmin etdiyini vurğulayıb. Onun sözlərinə görə, ölkə üzrə ilk bu tip kartın sahibləri “Mastercard”ın "Priceless Specials" platforması çərçivəsində xüsusi endirimlərdən də yararlana biləcəklər. TəhsilPlus kartının uğurla reallaşdırılması istiqamətində atılan ilk strateji addımlardan biri Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” şirkəti arasında imzalanan əməkdaşlıq memorandumu olub. Sözügedən üçtərəfli sənəd Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və “Mastercard” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov tərəfindən imzalanıb. Tərəflər arasında strateji tərəfdaşlığın rəsmi təsdiqi olan memorandum gələcəkdə TəhsilPlus kartının funksionallığının və əhatə dairəsinin genişləndirilməsi üçün də əsas baza rolunu oynayır. Daha sonra Fondun nümayəndəsi Aysel Məhərrəmova TəhsilPlus layihəsinə qoşulmaq imkanları barədə məlumat verib. Bildirilib ki, maraqlı şirkətlər Fondun rəsmi internet səhifəsində yerləşən müvafiq əlaqə vasitələri ilə müraciət edərək, TəhsilPlus kartı istifadəçilərinə öz məhsul və xidmətlərini təqdim etmək vasitəsilə layihəyə töhfə verə bilərlər. Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Cadenza” orkestrinin təqdimatında bədii hissə ilə davam edib. Qeyd edək ki, təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərə müxtəlif güzəşt və imtiyazlar təqdim etməklə, onların sosial rifahını yüksəltmək və imkanlarını genişləndirmək məqsədi daşıyan TəhsilPlus kartı yeni tədris ilində istifadəçilərə təqdim ediləcək.
18/07/2025 18:00
Prezident Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam şəhərində 1 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Bu binanın da inşası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib. Körpələr evi-uşaq bağçası binasının inşasına ötən ilin fevralında başlanılıb. Bu ilin fevralında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binanın tikintisində işlərin gedişi ilə tanış olublar. Məktəbəqədər təhsil müəssisəsinin binasında balacaların rahatlığının təmin olunması, həmçinin təlim-tərbiyə prosesinin yüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb. Binada oyun və yataq otaqları, musiqi, rəqs və idman zalları var. İşğaldan azad olunmuş torpaqlarımızda əhalinin məskunlaşması ilə yanaşı, məktəbəqədər tərbiyə müəssisələrinin inşası istiqamətində ardıcıl işlər görülür. Belə layihələr, eyni zamanda, bu ərazilərdə icra edilən bərpa-quruculuq işlərinin tərkib hissəsi olmaqla da mühüm əhəmiyyət daşıyır. https://president.az
18/07/2025 13:04
Prezident Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verdi. Qeyd edək ki, bu təhsil ocağının təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Bu ilin fevralında isə dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva burada aparılan tikinti işləri ilə tanış olublar. Məktəbin binası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində inşa edilib. Binada 43 sinif, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM adlandırılan elm, texnologiya, mühəndislik, sənət və riyaziyyat mərkəzi, müasir texnoloji avadanlıqla təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları, kitabxana, muzey, 352 yerlik yeməkxana fəaliyyət göstərəcək. Bundan başqa, məktəbdə müxtəlif tədbirlərin keçirilməsi üçün 468 yerlik akt zalı və iki qapalı idman zalı, açıq havada futbol və basketbol meydançaları da müəllim və şagirdlərin ixtiyarına verilib. Bu gün Qarabağda təhsil sahəsində müasir tələblərə cavab verən maddi-texniki bazanın yaradılması ən önəmli məsələlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərimizdə hazırda təhsil infrastrukturunun bərpası və bu sahənin inkişafı istiqamətində çox mühüm işlər görülür. İstifadəyə verilən Ağdam şəhər 1 nömrəli tam orta məktəb bunun daha bir nümunəsidir. https://president.az
18/07/2025 12:40
Vətəndaş müraciətlərinin statistikası
İyulun 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 38 607 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 21 987-si çağrı mərkəzləri, 8 937-si elektron, 1 370-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 6 313 müraciət qeydə alınıb. Müraciətlər müəllimlərin işə qəbulu, sertifikatlaşdırma imtahanı, birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarına qeydiyyat, tələbələrin köçürülməsi, xarici diplomların təsdiqi və digər məsələlərlə bağlı olub.
15/07/2025 16:19
Apellyasiya Şurasının növbəti iclası keçirilib
İyulun 14-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib. İclasda Elm və Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin Sənədlərlə iş sektorunun məsləhətçisi vəzifəsinə namizədlər Ayşən Əlizadə, Cəmilə Rəhimova və Roza Qarayevanın şikayətlərinə baxılıb. İclasda müsahibə komissiyası üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. Hər 3 şikayətin təmin edilməməsi barədə Şura tərəfindən qərarlar qəbul olunub.
14/07/2025 17:27
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb 10 iyul 2026-cı il tarixində keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib. Universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqlar müəyyən edilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib. Qeyd edək ki, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23253-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı✨ 24-30 iyul tarixlərində Litvanın Kaunas şəhərində keçirilən 10-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz ? 3 bürünc medal qazanıblar. ?? Şagirdlərimizi bu münasibətilə təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq! #ElmvəTəhsilNazirliyi #ARTİ #Olimpiada #İnformatika
ƏtraflıTələbələrin yerdəyişməsi üzrə nəticələr elan edilib
Ətraflı