Nazir müavini Vyetnamın təhsil və təlim nazirinin müavini ilə görüşüb
Mayın 7-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Vyetnam Sosialist Respublikasının təhsil və təlim nazirinin müavini Nguyen Van Phuc ilə görüşüb. Görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
07/05/2025 19:00
Mərakeş Krallığının Şahzadəsi 132-134 nömrəli Təhsil Kompleksində olub
Mayın 7-də Rabat Mədəni İrsinin Qorunması Fondunun prezidenti, Mərakeş Krallığının Ülyahəzrətləri Şahzadə Lalla Hasnaa Azərbaycana işgüzar səfəri çərçivəsində 132–134 nömrəli Təhsil Kompleksini ziyarət edib. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, millət vəkili Soltan Məmmədov, Mərakeş Krallığının gənclər, mədəniyyət və kommunikasiya naziri Mohammed Mehdi Bensaid, Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş, Rabat Mədəni İrsinin Qorunması Fondunun Baş katibi Nouzha Alaoui, eləcə də digər rəsmilər və məktəb kollektivi iştirak ediblər. Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, bu gün UNESCO-nun Assosiativ Məktəblər Şəbəkəsinin üzvü olan 132–134 nömrəli Təhsil Kompleksi ilə Rabatın Oum El Banine məktəbi arasında başlayan qardaşlaşma proqramı mədəni mübadilə, ortaq dəyərlər və təhsil əməkdaşlığına əsaslanan yeni bir mərhələnin əsasını qoyur. Nazir vurğulayıb ki, Rabat Mədəni İrsinin Qorunması Fondu, Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən bu təşəbbüs növbəti tədris ilindən etibarən Bakının və Rabatın beş məktəbini əhatə edəcək. Nazir bildirib ki, bu təşəbbüs şagirdləri mədəni irslərini araşdırmağa, qorumağa və paylaşmağa təşviq etməklə yanaşı, onlar arasında mədəni dialoqu gücləndirəcək. Səfər çərçivəsində şagirdlər tərəfindən qardaşlaşma proqramının təməli olan “Mən irsimi kəşf edirəm – Bakı” adlı təhsil proqramı təqdim olunub. Eyni zamanda, Rabatın Oum El Banine məktəbinin şagirdləri tərəfindən ünvanlanan videomesaj nümayiş etdirilib. Səfər çərçivəsində Şahzadə sinif otaqlarında tədris prosesi ilə də tanış olub, şagirdlərlə söhbət edib və onların təqdimatlarını dinləyib. Eyni zamanda, məktəbin Tarix Muzeyi təqdim olunaraq Azərbaycan tarixi barədə məlumat verilib. Tədbir şagirdlər tərəfindən hazırlanan Rabat və Bakı şəhərlərinin görkəmli abidələrinə həsr olunmuş rəsmlərin sərgisi, musiqili konsert proqramı və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.
07/05/2025 16:54
Nazir müavini “Sərhəd” hərbi-idman oyununun yekunu ilə bağlı keçirilmiş tədbirdə iştirak edib
Mayın 5-də Dövlət Sərhəd Xidmətinin “Lənkəran” sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyununun başa çatması münasibətilə tədbir keçirilib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov da tədbirdə iştirak edib. Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti, Elm və Təhsil Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edib, bu cür yarışların gənclərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında ərazi bütövlüyü və suverenliyi tam bərpa olunan Vətənimizin hər yerində qürurla dalğalanan şanlı Zəfər bayrağımıza, toxunulmaz sərhədlərimizə məhəbbət hissinin aşılanmasında, sərhədçi peşəsinə marağın artırılmasında mühüm rol oynadığını qeyd ediblər. Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümünə həsr olunmuş və ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 45 rayondan 165 məktəbin 825 şagirdi iştirak edib, ilk iki mərhələnin yekunlarına görə 11 komanda aprel ayının 28-dən may ayının 5-dək final mərhələsində mübarizələrini davam etdirib. Komandalar “Sərhəd pozucusunun yaхalanması və təхliyə edilməsi”, “Ləpirçilik”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi”, “Maskalanma”, “Yaralılara yardımın göstərilməsi və təхliyə olunması”, “Avtomatın sökülməsi və yığılması”, “Sıra hazırlığı”, “Tək əsgərin döyüşdə hərəkət üsulu” və “Hərbiləşdirilmiş estafet” üzrə bilik və bacarıqlarını nümayiş еtdiriblər. Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər sərhədçilərin xidməti və məişət şəraiti ilə tanış olub, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil edilib, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçirilib. Final mərhələsinin yekunlarına görə Cəlilabad rayonunun “Ləkin” komandası birinci, Qusar rayonunun “Zeyxur” komandası ikinci, Mingəçevir şəhərinin “Qartal” komandası isə üçüncü yeri tutub. Tədbirin sonunda qaliblərə kubok, medal, diplom və qiymətli hədiyyələr, oyunlarda fəal iştirak etmiş komandalara isə həvəsləndirici mükafatlar təqdim edilib.
06/05/2025 16:25
TikTokda #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verilir
TikTok sosial media platforması Elm və Təhsil Nazirliyinin dəstəyi ilə #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verir. İlk dəfə keçirilən müsabiqədə ümumi təhsil, ali təhsil, eyni zamanda orta ixtisas və peşə təhsili müəssisələrinin müəllimləri iştirak edə bilərlər. Müsabiqə 5 may – 1 iyun tarixlərini əhatə edəcək. Müsabiqəyə qoşulmaq istəyən müəllimlər tədris etdikləri fənlə bağlı maarifləndirici videolar hazırlayaraq qeyd edilən tarixlərdə TikTok-da paylaşmalıdırlar. Videoların müddəti minimum 30 saniyə olmalı və paylaşım zamanı müsabiqənin rəsmi həştəqi – #AzərbaycanMüəllimləri istifadə edilməlidir. Sonda maarifləndirici videoları ən çox baxış sayı toplayan üç qalib müəyyən edilərək iPhone 16 Pro smartfonu ilə mükafatlandırılacaq. Qeyd edək ki, TikTok-un #AzərbaycanMüəllimləri təşəbbüsü ölkə üzrə müəllimlərə özlərini ifadə etməyin yeni yollarını kəşf etməyə və sadə, hər kəsə anlaşılan qısa video formatında müxtəlif fənlər üzrə biliklərini paylaşmağa imkan yaratmış olacaq.
05/05/2025 14:29
Nazir müavini Azərbaycan nümayəndə heyətinin tərkibində Suriya Ərəb Respublikasında səfərdə olub
Baş nazirin müavini Samir Şərifovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti mayın 4-də Suriya Ərəb Respublikasında səfərdə olub. Elm və Təhsil Nazirliyini nümayəndə heyətinin tərkibində nazir müavini Kənan Kərimzadə təmsil edib. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb. Səfər çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan nümayəndə heyətini qəbul edib. Tərəflər görüş zamanı, həmçinin Suriyanın qədəm qoyduğu bərpa və yenidənqurma prosesinə Azərbaycan Respublikasının mümkün dəstəyinin istiqamətlərinə dair fikir mübadiləsi aparıblar. Səfər çərçivəsində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Suriya Ərəb Respublikasının ali təhsil naziri Mərvan əl-Hələbi ilə görüşüb. Görüş zamanı iki ölkənin təhsil müəssisələri arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
05/05/2025 10:51
“Məktəblinin hüquq bələdçisi” layihəsinə start verilir
Mayın 5-də Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə məktəblilər və peşə təhsili müəssisələrinin tələbələri arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Məktəblinin hüquq bələdçisi” layihəsinə start veriləcək. Layihənin əsas məqsədi gənc nəslin hüquqi biliklərinin artırılması, hüquq və vəzifələri barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi, onlara hüquq mədəniyyətinin təməl prinsiplərinin aşılanması, hüquq pozuntularına qarşı erkən müdafiə mexanizmlərinin öyrədilməsi, həmçinin vətəndaş məsuliyyətinin və hüquqi düşüncə tərzinin inkişaf etdirilməsindən ibarətdir. Layihə çərçivəsində təhsilalanlar arasında “İnsan alveri”, “Mülkiyyət əleyhinə törədilən cinayətlər”, “Bullinq və ictimai təzyiq”, “Kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması” və “Narkomaniya ilə mübarizə” mövzularına həsr olunmuş hüquqi maarifləndirmə tədbirlərinin, müxtəlif interaktiv seminarların, təlimlərin və praktiki məşğələlərin keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, layihə çərçivəsində ilkin mərhələdə cari ilin 5 may tarixində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, 6 may tarixində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, 7 may tarixində İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, 8 may tarixində isə Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirmə tədbirlərinin, seminarların, təlimlərin keçirilməsi nəzərdə tutulub.
02/05/2025 16:47
Vətəndaş müraciətlərinin statistikası
Aprelin 15-dən 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 24 510 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 16 584-ü çağrı mərkəzləri, 3 315-i elektron, 1 114-ü isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 497 müraciət qeydə alınıb. Müraciətlər xarici diplomların tanınması, müəllimlərin işə qəbulu, təhsil tələbə kreditinə müraciət, birinci sinfə qəbul və digər məsələlərlə bağlı olub.
02/05/2025 15:11
“Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert tədbiri keçirilib
Elm və Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert tədbiri keçirilib. Tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının dahi bəstəkarı, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, görkəmli musiqişünas alim, publisist, dramaturq Üzeyir Hacıbəylinin dünya musiqisi tarixində tutduğu mövqeyini, musiqi mədəniyyətimizin inkişafındakı misilsiz xidmətlərini gənc nəslə tanıtmaq, bu mədəni irsi qorumaq və daha da inkişaf etdirməkdən ibarətdir. Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, millət vəkili Mehriban Vəliyeva, tanınmış mədəniyyət və incəsənət nümayəndələri və digər rəsmilər iştirak ediblər. Konsert tədbirində ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrindən 400 nəfərdən çox tələbə də tamaşaçı qismində iştirak edib. Tədbirdə təhsilalanların ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin unudulmaz əsərləri səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
02/05/2025 10:07
RFO-nun biologiya fənni üzrə praktiki turuna infotur təşkil olunub
Mayın 1-də Respublika Fənn Olimpiadalarının (RFO) biologiya fənni üzrə praktiki turuna infotur təşkil olunub. İnfoturda Elm və Təhsil Nazirliyinin rəsmiləri, Təhsil İnstitutunun rəhbərliyi, təhsil ekspertləri və media nümayəndələri iştirak ediblər. İmtahan prosesini izləyən infotur iştirakçılarına məlumat verilib ki, VIII-XI sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla ümumilikdə səkkiz fənn üzrə təşkil olunur. Əlavə edilib ki, təbiət fənləri üzrə fənn olimpiadalarının praktiki turlarının təşkili yeni bir prosesdir. Ötən il yalnız fizika fənni üzrə praktiki tur keçirilib. Bu il isə həm fizika, həm də biologiya fənləri üzrə olimpiadanın praktiki mərhələsi təşkil olunub. Bildirilib ki, informatika fənni üzrə final mərhələ bu il ilk dəfə olaraq iki gün — aprelin 25-i və 26-sı tarixlərində keçirilib. Aşağı yaş qrupu üzrə 107, yuxarı yaş qrupu üzrə isə 95 nəfər imtahanda iştirak edib. Fizika və kimya fənləri üzrə final mərhələ aprelin 28-də baş tutub. Bu mərhələdə fizika fənni üzrə 121, kimya fənni üzrə isə 120 nəfər olmaqla ümumilikdə 241 şagird iştirak edib. Aprelin 29-da isə fizika fənni üzrə praktiki tur keçirilib. Azərbaycan dili və ədəbiyyatı, eləcə də coğrafiya fənləri üzrə Respublika Fənn Olimpiadalarının final mərhələsinin mayın 2-də, riyaziyyat fənni üzrə isə mayın 5-6-da keçirilməsi nəzərdə tutulur. İnfotur çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır. Fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə təşkil edilir.
01/05/2025 14:30
2025–2026-cı tədris ili üzrə I siniflərə qəbul başladı
Mayın 1-də 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu prosesinə start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron qaydada aparılır. Təxminən 85 min uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib. 1 may saat 11:00-dan valideynlər üçün şəxsi kabinetin yaradılması və qeydiyyat mərhələsi başlayıb. 6 may tarixindən isə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mərhələsi aktiv olacaq. Tətbiq edilən yeniliyə əsasən bu ildən etibarən şəxsi kabinetə giriş “Digital Login” – Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi vasitəsilə həyata keçirilir. Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibə və seçim: 6–20 may – digər dillərdə tədris olunan bölmələr üzrə I sinfə qəbul üçün müsahibələrə yazılma mərhələsi; 12–31 may – müsahibələrin keçirilməsi; 17 iyun – 12 sentyabr – müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi. Aşağıdakı tarixlərdə Bakı, Sumqayıt, Gəncə və Abşeronda yerləşən prioritetli məktəblərə müraciətlər prioritet əsaslı qəbul olunacaq. Sonradan isə həmin məktəblərə qəbul sərbəst şəkildə həyata keçiriləcək. Prioritet tətbiq olunan məktəblərin siyahısı müvafiq yerli təhsil idarələri və mektebeqebul.edu.az portalı vasitəsilə açıqlanacaq. Azərbaycan bölməsi üzrə - 6 may, saat 11:00 – 5 iyun Digər dillərdə tədris üzrə - 17 iyun, saat 11:00 – 17 iyul Aşağıdakı təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub və bu məktəblərə qəbul yalnız prioritet əsasında və sərbəst qaydada aparılacaq: “Ankara məktəbi” məktəb-liseyi 160 nömrəli Klassik gimnaziya İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixində başa çatacaq.
01/05/2025 11:30
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
ƏtraflıBu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir. Heydər Əliyevin söylədiyi kimi:“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir”. Bu dəyərli fikir bu gün də ölkəmizdə təhsil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. #HeydərƏliyev #ÜmummilliLider #UluÖndər #103İl #10May
ƏtraflıBu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər çərçivəsində Şükürbəyli kəndində inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını ediblər. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb. Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23032-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı