Məktəbəqədər və ümumi təhsil üzrə ictimai dinləmə keçirilib
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın layihəsinin hazırlanması çərçivəsində məktəbəqədər və ümumi təhsil sahəsinə dair təkliflərin müzakirəsi məqsədilə ictimai dinləmə keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin struktur bölmələrinin rəhbərləri və əməkdaşları, məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbərləri, ali təhsil müəssisələrinin və tədqiqat mərkəzlərinin nümayəndələri, təhsil üzrə mütəxəssislər, ictimai təşkilatların, nazirlik yanında İctimai Şuranın üzvləri, pedaqoji mətbuatın və media qurumlarının təmsilçiləri iştirak ediblər.
İctimai dinləmənin məqsədi “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində görülmüş işlərin nəticələrini müzakirə etmək və növbəti dövr üçün prioritet istiqamətləri müəyyənləşdirmək olub.
Tədbir çərçivəsində əvvəlcə məktəbəqədər və ümumi təhsil üzrə həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr və qarşıda duran hədəflər barədə təqdimat nümayiş etdirilib. Ardınca “Erkən yaş dövründə səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin əhatə dairəsinin və keyfiyyətinin artırılması” və “Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi” mövzularında müzakirələr aparılıb.
Müzakirələr zamanı məktəbəqədər təhsildə əhatəlilik, əlçatanlıq və inklüzivliyin artırılması, tədrisin məzmununun və pedaqoji potensialın gücləndirilməsi, eləcə də təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi məsələləri diqqət mərkəzində olub.
Ümumi təhsil istiqamətində aparılan müzakirələrdə tədrisin məzmununun müasir tələblərə uyğun yenilənməsi, müəllimlərin peşəkar inkişafının davamlı və sistemli şəkildə dəstəklənməsi məsələlərinə xüsusi diqqət yetirilib. Bununla yanaşı, tədris prosesində fərdiləşdirilmiş və inklüziv yanaşmaların tətbiqi, hər bir şagirdin potensialına və öyrənmə ehtiyaclarına uyğun təhsil mühitinin formalaşdırılması kimi prioritet istiqamətlər də vurğulanıb.
Tədbirdə həmçinin təhsil sistemində səmərəli idarəetmə və maliyyələşmə mexanizmlərinin tətbiqi, eləcə də rəqəmsal resurslara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.
31.10.2025 - 10:23
Digər xəbərlər
-
Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans başa çatıb
06.12.2025 - 09:13 -
Emin Əmrullayev Gürcüstanda 53 nömrəli məktəbə səfər edib
05.12.2025 - 18:20 -
Emin Əmrullayev Gürcüstanın aparıcı ali təhsil müəssisələrinə səfər edib
05.12.2025 - 18:00 -
Elm və təhsil naziri Gürcüstan Parlamentinin Təhsil, elm və gənclərlə iş komitəsinin sədri ilə görüşüb
05.12.2025 - 17:00 -
Firudin Qurbanov Rusiya Federasiyasının Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri ilə görüşüb
05.12.2025 - 11:33
