III “Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb
1 il əvvəl
Oktyabrın 28-də elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb.
Görüşdə əvvəlcə proqramın nəticələri barədə məlumat verilib. Nazirliyin Aparat rəhbəri, “Maarifçi” tələbə-məzun təcrübə proqramının işçi qrupunun rəhbəri Mətin Kərimli proqram çərçivəsində görülmüş işlər, əldə olunan nəticələr və iştirakçıların fəaliyyəti barədə çıxış edib.
Daha sonra proqrama dair videoçarx nümayiş olunub.
Görüşdə elm və təhsil naziri Emin Əmrullayev proqram iştirakçıları ilə fikir mübadiləsi aparıb. Nazir gənc kadrların dövlət qulluğunu düzgün dərk etməsi üçün proqramın faydalı olduğunu qeyd edib, həmçinin iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Təcrübə proqramının məzunları çıxış edərək layihə barədə təəssüratlarını bölüşüb, proqramın onların bilik və bacarıqlarının inkişafına, peşəkar yönümünə və karyera planlamasına müsbət təsir etdiyini bildiriblər.
Sonda proqram iştirakçılarına sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, 4 ay davam edən III “Maarifçi” tələbə-məzun təcrübə proqramı çərçivəsində 42 iştirakçı Elm və Təhsil Nazirliyində, tabeliyindəki qurumlarda, regional təhsil idarələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçib.
Proqramın məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, tələbə və məzunların sahəvi bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların müasir idarəetmə və təhsil islahatları proseslərinə yaxından cəlb olunmasıdır.
Digər xəbərlər
-
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40 -
“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır
04.11.2026 - 15:48 -
“BilBacar” müsabiqəsi yenidən başlayır!
03.11.2026 - 16:58 -
Nazir müavini Firudin Qurbanov Tərtər rayonuna səfər edib
02.11.2026 - 18:30 -
Azərbaycan Tələbə Liqasının 2026/2027 mövsümünə start verilib
02.11.2026 - 12:50
