57-ci Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edən milli komandamızın uğuru
5-14 iyul tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 57-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO 2025) Azərbaycanı təmsil edən məktəblilərimiz yüksək nəticə əldə ediblər. Komandamız yarışda 1 gümüş və 3 bürünc medal qazanaraq beynəlxalq olimpiadada uğurla çıxış edib. Sözügedən olimpiadada Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdi Murad Xəlilzadə gümüş medala, həmin liseyin XI sinif şagirdləri Ümid Mustafazadə, Nəzrin Həsənova və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Rizvan Əsədov isə bürünc medal qazanıblar. Şagirdlərimizi qazandıqları uğur münasibətilə təbrik edir, onlara gələcək müsabiqələrdə daha böyük nailiyyətlər arzulayırıq.
14/07/2025 14:00
Şəmkirdə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Şəmkir şəhərində təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib. Təlimdə Elm və Təhsil Nazirliyi, Qazax-Tovuz Regional Təhsil İdarəsi, eləcə də Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən “Təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti”, “Korrupsiyanın mahiyyəti və onun cəmiyyətə təsiri, ona qarşı mübarizənin zəruriliyi”, “Korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin nəticəsi” və digər mövzular üzrə çıxışlar edilib. Təlim çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda keçirilən təlimin məqsədi, təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması, təcrübədə rast gəlinən problem və çətinliklərin qarşısının alınması barəsində geniş məlumat verib. Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini Xəqani Qurbanov “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Elm və Təhsil Nazirliyinin müvafiq İş planı və bu sahədə görülən işlərdən danışıb. Daha sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlili şöbəsinin rəis müavini Kamil Kamilli “Təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti” barədə çıxış edib. Çıxışlardan sonra qarşılıqlı fikir mübadiləsi aparılıb və təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.
14/07/2025 11:56
Nazir müavini Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının 13-cü iclasında çıxış edib
İyulun 12-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının 13-cü iclasında iştirak edib. Energetika Nazirliyində keçirilən iclasda nazir müavini çıxış edərək Azərbaycan ilə Ukrayna arasında elm və təhsil sahəsində cari əməkdaşlıq istiqamətləri haqqında məlumat verib. Bildirilib ki, elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası və təcrübə mübadiləsinin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur. Hökumətlərarası Komissiyanın hibrid formatda keçirilən iclasında həmçinin iki ölkə arasında siyasi, iqtisadi, ticarət və sənaye, enerji, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları, eləcə də mədəniyyət sahələrində əməkdaşlığın cari vəziyyəti və potensial imkanlar müzakirə edilib. Tədbirin sonunda iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının həmsədrləri tərəfindən iclasın yekunlarına dair Protokol imzalanıb.
12/07/2025 16:00
Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayır
İyulun 18-dən uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbuluna start verilir. Valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2025-2026-cı tədris ili üçün müəssisələrə qəbulla bağlı elektron kabinet yarada biləcəklər. 18 iyul saat 11:00-da regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikası, 25 iyul saat 11:00-da isə Bakı şəhəri üzrə valideynlər məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbə yarada biləcəklər. 2020-2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2022-2024-cü il təvəllüdlü uşaqlar üçün isə növbələr saat 15:00-da aktiv olacaq. Proses sentyabrın 1-dək davam edəcək. Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq. Qeyd edək ki, qəbul sistemində ötən tədris ilində yaradılmış növbələr və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbələr və sorğular bu il üçün keçərli deyil.
11/07/2025 15:49
“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi
Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb. Müsabiqədə iştirak üçün ümumilikdə 100 namizəd qeydiyyatdan keçib. Foto və video məzmun olmaqla 2 kateqoriyada keçirilən müsabiqədə iştirak üçün qeydiyyatdan keçənlərdən 31 nəfəri hər iki kateqoriya, 48 nəfəri foto, 21 nəfəri isə video kateqoriyası üzrə müraciət edib. Müraciət edənlərin seçimlərində “Yaradıcı təhsil mühiti”, “Bu günün şagirdi, sabahın qurucusu”, “Azərbaycan müəllimi” mövzularına daha çox üstünlük verilib. Müraciətlərin təhlilindən sonra müsabiqənin növbəti ( işlərin qəbulu) mərhələsində iştirak hüququ əldə edənlərə SMS vasitəsilə məlumat ötürüləcək. Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunur. Müsabiqənin məqsədi elm və təhsil prosesində bütün maraqlı tərəflərin iştirakının artırılması və aktual mövzulara fərqli perspektivlərdən yanaşaraq vizual məzmunun yaradılmasıdır. Müsabiqə ilə bağlı ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz: Azərbaycan mətbuatının 150 illiyinə həsr olunmuş "Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin keçirilməsi Qaydaları
11/07/2025 14:12
MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb
İyulun 2-dən etibarən həyata keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. İmtahan prosesinə ümumilikdə 65 mindən çox müəllim dəvət olunub. Ötən illərdə olduğu kimi, cari ildə də vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı MİQ üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək. Müsabiqənin növbəti mərhələsi olan müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq komissiya tərəfindən yoxlanılacaq. Mərhələ barədə yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək. Qeyd edək ki, test imtahanında hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilib. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanıb. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi ilə qiymətləndirilib. Test imtahanında ixtisas üzrə minimum 34 bal, tədris metodikası və təlim strategiyaları üzrə minimum 6 bal olmaqla ümumilikdə 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılırlar.
11/07/2025 11:32
Gəncədə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Gəncə şəhərində “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib. Təlimin məqsədi təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması, təcrübədə rast gəlinən problem və çətinliklərin qarşısının alınmasıdır. Təlimdə Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini Xəqani Qurbanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları, Gəncə şəhər, Daşkəsən və Goranboy rayonundan prokurorluq əməkdaşları, həmçinin bir sıra məktəb direktorları iştirak ediblər. Təlim müddətində Baş Prokurorluğun əməkdaşları tərəfindən “Təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti”, “Korrupsiyanın mahiyyəti və onun cəmiyyətə təsiri, ona qarşı mübarizənin zəruriliyi”, “Korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin nəticəsi” və digər müvafiq mövzular üzrə çıxışlar olub. Təlim interaktiv və qarşılıqlı fikir mübadiləsi formasında aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
11/07/2025 11:09
Nazir Ruanda Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
İyulun 10-da elm və təhsil naziri Emin Əmrullayev Ruanda Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Charles Kayonga ilə görüşüb. Görüş çərçivəsində Ruanda Respublikası ilə cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
10/07/2025 17:30
Elm və Təhsil Nazirliyi ilə G42 "Presight" şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub
Elm və Təhsil Nazirliyində Birləşmiş Ərəb Əmirliklərinin qabaqcıl texnologiya şirkətlərindən biri olan və G42 şirkətlər qrupuna daxil olan "Presight" rəhbərliyi ilə görüş keçirilib. Görüşdə elm və təhsil naziri Emin Əmrullayev, “Presight” şirkətinin baş icraçı direktoru Tomas Pramotedham və hər iki tərəfdən digər nümayəndələr iştirak ediblər. Görüş çərçivəsində “Presight” şirkəti tərəfindən təhsil sahəsinə uyğunlaşdırılmış və süni intellekt texnologiyalarına əsaslanan innovativ həllər təqdim olunub. Həmçinin tərəflər arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər, eləcə də gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Əsas müzakirə mövzularından biri təqdim olunan süni intellekt əsaslı texnoloji həllərin “Rəqəmsal məktəb” platformasının təkmilləşdirilməsində istifadəsi olub. Görüş iştirakçıları təhsilin rəqəmsallaşdırılması və innovativ texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
10/07/2025 15:00
Nazir müavini Burkina Fasonun Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
İyulun 10-da elm və təhsil nazirinin müavini Həsən Həsənli Burkina Fasonun Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vinta Some ilə görüşüb. Görüş çərçivəsində Burkina Faso ilə cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
10/07/2025 14:00
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb 10 iyul 2026-cı il tarixində keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib. Universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqlar müəyyən edilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib. Qeyd edək ki, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23253-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı✨ 24-30 iyul tarixlərində Litvanın Kaunas şəhərində keçirilən 10-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz ? 3 bürünc medal qazanıblar. ?? Şagirdlərimizi bu münasibətilə təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq! #ElmvəTəhsilNazirliyi #ARTİ #Olimpiada #İnformatika
ƏtraflıTələbələrin yerdəyişməsi üzrə nəticələr elan edilib
Ətraflı