Dövlət Proqramı çərçivəsində xaricdə magistratura təhsili almaq hüququ qazananların siyahısı müəyyən olunub
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na magistratura səviyyəsi üzrə qəbul nəticələri müəyyən olunub. Müsabiqənin nəticələrinə əsasən 356 namizəd magistratura səviyyəsi üzrə proqram iştirakçısı adını qazanıb. Beləliklə, 2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 nəfər bakalavriat, 356 nəfər magistratura və 19 nəfər isə doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500 nəfərdən 160 nəfəri “universitetlər üzrə top 10”da yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bu siyahıda "Stanford University", "Massachusetts Institute of Technology", "National University of Singapore", "University of Oxford", "University of California, "Berkeley", "ETH Zurich", "Harvard University", "Yale University" kimi nüfuzlu ali təhsil müəssisələri yer alır. Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində magistratura səviyyəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə əldə etmiş, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı da vardır ki, 2025-2026-cı tədris ili üzrə proqram iştirakçısı seçilmiş namizədlərdən kimsə proqramdan bu və ya digər səbəbdən imtina etdiyi təqdirdə Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutularaq sözügedən siyahıya istinad olunaraq növbəti Dövlət Proqramı iştirakçısının seçilməsi nəzərdə tutulur.
04/08/2025 10:00
Məktəblilərimizdən Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) möhtəşəm nəticə!
27 iyul - 3 avqust tarixlərində Boliviyanın paytaxtı Sukre şəhərində təşkil edilən məktəblilərin 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) iştirak edən komandamız 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafata layiq görülüb. Belə ki, Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli gümüş, Bakı şəhəri 157 nömrəli məktəbin X sinif şagirdi Həsən Vəliyev və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Elvin İmanlı bürünc medala, Bakı şəhəri "Ankara məktəbi" məktəb- liseyinin XI sinif şagirdi Əli Əliyev isə həvəsləndirici mükafata layiq görülüb. Məktəblilərimiz sözügedən olimpiadada 1994-cü ildən iştirak edir. 1994-1999-cu illərdə 2, 2000-2009-cu illərdə 2 medal, 2010-2019-cu illərdə 1, 2020-2025-ci illərdə 11 medal qazanıblar. Qeyd edək ki, cari tədris ilində 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanmaqla şagirdlərimiz ölkə olaraq tariximizin ən yüksək nəticəsinə imza atıblar. Həmçinin iki şagirdimiz dünya məktəbliləri arasında ilk yüzlükdə qərarlaşıb. Son illərdə informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun “Azercell Telekom” MMC ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
03/08/2025 12:00
Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 28 avqust tarixində İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda İsmayıllı, Ağsu, Şamaxı və Qobustan sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 18 avqust (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
01/08/2025 17:30
Emin Əmrullayev Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Avqustun 1-də elm və təhsil naziri Emin Əmrullayev Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev ilə görüşüb. Görüş çərçivəsində Ukrayna ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
01/08/2025 15:37
Vətəndaş müraciətlərinin statistikası
İyulun 15-dən 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 71 938 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 44 444-ü çağrı mərkəzləri, 15 836-sı elektron, 1 269-u isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 10 389 müraciət qeydə alınıb. Müraciətlər müəllimlərin işə qəbulu, sertifikatlaşdırma imtahanı, məktəbəqədər təhsil müəssisələrinə qəbul, birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarına qeydiyyat, magistraturaya qeydiyyat və digər məsələlərlə bağlı olub.
01/08/2025 14:20
Nazirlikdə peşə təhsili mövzusunda ictimai dinləmə keçirilib
Elm və Təhsil Nazirliyində “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması üzrə təkliflərin dinlənilməsi və müzakirəsi məqsədilə ilkin ictimai dinləmə təşkil edilib. Tədbirdə Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, peşə təhsili müəssisələri, qeyri-hökumət təşkilatları və özəl şirkətlərin nümayəndələri iştirak ediblər. İlkin müzakirələr “Peşə təhsilinin, o cümlədən yüksək texniki peşə təhsilinin əhatəsinin artırılması”, “Əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin təşkili və təlim-tədris prosesinin qurulması”, “İnklüziv peşə təhsili” və “Səriştələrin davamlı inkişafına əsaslanan “ömür boyu təhsil” sisteminin gücləndirilməsi” mövzuları üzrə keçirilib. Mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların rəy və təklifləri dinlənilib. Müzakirələrdə peşə təhsilində inklüzivliyin artırılmasının, eyni zamanda qadınların peşə təhsilinə cəlbinin vacibliyi vurğulanıb, bu istiqamətdə mobil proqramların təşkili, kurrikulumların yenilənməsi, rəqəmsallaşma kimi mövzulara toxunulub. Sonda növbəti müzakirələrin sentyabr ayında keçirilməsi qərara alınıb.
01/08/2025 10:30
Özəl məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün MTİS təlimi keçirilib
Məktəbəqədər Təhsil Müəssisələrinin İnformasiya Sistemi (MTİS) ilə işə dair özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri üçün təlim təşkil olunub. Elm və Təhsil Nazirliyi tərəfindən 31 iyul – 1 avqust tarixlərində STEAM İnnovasiya Mərkəzində keçirilən təlimdə məqsəd MTİS platformasında işləmə bacarıqlarını artırmaq və sistemin tətbiqini genişləndirmək olub. Qeyd edək ki, müxtəlif pillələr üzrə təhsilalan, təhsilverən və müəssisə məlumatları Təhsilin Mərkəzləşdirilmiş İnformasiya Sistemi (TMİS) vasitəsilə toplanır. 2022-ci ildən etibarən məktəbəqədər təhsil müəssisələrinə dair məlumatların elektron qeydiyyatı MTİS üzərindən aparılır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrinin sistemə inteqrasiyası nəzərdə tutulur. Bu məqsədlə keçirilən təlimdə Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlı və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova çıxış edərək məktəbəqədər təhsilin inkişafında dövlət-özəl tərəfdaşlığının əhəmiyyətini vurğulayıblar. Təlimdə nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinin Statistika və hesabatların icmallaşdırılması sektorunun baş məsləhətçisi Pərvanə Baxşıyeva sistemlə işləmək qaydaları barədə təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıb. Təlim çərçivəsində iştirakçılar üçün STEAM İnnovasiya Mərkəzində infotur təşkil olunub, günün ikinci yarısında isə tətbiqi tapşırıqlar üzrə praktiki məşğələlər keçirilib. Qeyd edək ki, təlim Təhsilin iqtisadiyyatı şöbəsinin Statistika və icmallaşdırılması sektorunun müdiri Leyla Abbaslının moderatorluğu ilə avqustun 1-də də davam edəcək.
31/07/2025 17:00
Tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatının qalibi olan komanda ilə nazirlikdə görüş keçirilib
Elm və təhsil naziri Emin Əmrullayev 14-cü Futzal üzrə Universitetlərarası Avropa Çempionatının qalibi olan Azərbaycan İdman Akademiyasının komandası ilə görüşüb. Nazir tələbə-idmançıları əldə etdikləri qələbə münasibətilə təbrik edib, onların bu uğurunu həm ali təhsilin idman sahəsində beynəlxalq səviyyədə tanıdılması, həm də ölkəmizin gənclərinin potensialının nümayişi baxımından yüksək qiymətləndirib. Emin Əmrullayev bildirib ki, tələbə və gənclərin həm təhsil, həm də idman sahəsində fəal iştirakı, mütəmadi təşkil edilən liqa və turnirlərdə formalaşan sağlam rəqabət mühiti onların inkişafında mühüm rol oynayır. Nazir tələbə futbolçulara bundan sonra da həm təhsildə, həm də idmanda uğurlar arzulayıb. Görüşdə çıxış edən elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov bildirib ki, 2023-cü ildə təsis edilmiş Azərbaycan Tələbə Liqası tələbələr arasında yarışların keçirilməsinə, idmanda istedadlı gənclərin üzə çıxarılmasına və onların beynəlxalq arenalara hazırlanmasına böyük töhfə verib. Nazir müavini vurğulayıb ki, bu yarışlar sayəsində formalaşan tələbə komandamız bu gün Avropa çempionu olaraq ölkəmizin təhsil və idman həyatında tarix yazıb. Nazir müavini tələbələrin qələbəsini Azərbaycanın ali təhsil sisteminin nailiyyəti kimi qiymətləndirib, bütün komanda üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə çıxış edən komanda üzvləri də öz növbələrində göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Görüşün sonunda komandanın adından elm və təhsil nazirinə xatirə futbol köynəyi təqdim olunub. Xatırladaq ki, Azərbaycan İdman Akademiyasının komandası 17-25 iyul tarixində Xorvatiyanın Zaqreb şəhərində keçirilən 14-cü Universitetlərarası Avropa çempionatında ölkəmizi təmsil edib. Komandamız qrup mərhələsində İsveçrə komandasına (5:1), Xorvatiya komandasına (6:2) qalib gələrək 1/4 finalda Fransa komandası üzərində 5:4, yarımfinalda İspaniya komandasına 5:1, finalda İspaniyanın Valensiya Universitetinin komandasına 7:2 hesabı ilə qələbə qazanaraq Avropa çempionu adına layiq görülüb. Komandanın Avropa Çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə həyata keçirilib.
31/07/2025 15:22
Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib
İyulun 30-da Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı” üzrə yeni emalatxanaların və Mükəmməllik Mərkəzinin açılış mərasimi keçirilib. Tədbir Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı, bp şirkəti və tərəfdaşlarının maliyyə dəstəyi, “WorldSkills Azərbaycan” İctimai Birliyinin icrası ilə həyata keçirilən layihə çərçivəsində baş tutub. Layihənin əsas məqsədi peşə təhsili müəssisələrində bərpa olunan enerji texnologiyaları üzrə təlim imkanlarını genişləndirmək, tələbələrin müasir praktik bacarıqlara yiyələnməsini təmin etmək və ölkədə yaşıl enerji sektorunun inkişafına töhfə verməkdir. Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və digər qonaqlar iştirak ediblər. Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, peşə təhsili sahəsinin inkişaf etdirilməsi üçün ölkədə geniş potensial var. Statistikaya əsasən, əhalinin bir hissəsinin formal peşə və ya ixtisası yoxdur. Bir çox insan ixtisasını qeyri-rəsmi şəkildə, ənənəvi üsullarla və ya praktiki təcrübə yolu ilə əldə edib. Bu səbəbdən peşə təhsilinin cəlbediciliyinin artırılması, müasir əmək bazarına uyğunlaşdırılması və daha çevik modellərlə təşkili vacibdir. Beləliklə, həm gənclər, həm də peşə dəyişmək istəyənlər üçün peşə təhsili real bir seçimə çevrilə bilər. Çıxış edən bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli öz növbəsində təmsil etdiyi qurumun həyata keçirdiyi sosial layihələrin əhəmiyyətli hissəsinin təhsil sahəsi ilə bağlı olduğunu diqqətə çatdırıb. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev isə çıxışında bildirib ki, bərpa olunan enerji sahəsində həm elmi, həm də texnoloji baxımdan qabaqcıl və gələcəyə hesablanmış yanaşmalar tətbiq olunur. Direktor bildirib ki, bu yanaşma gələcək fəaliyyətin əsas sütunlarından birini təşkil edəcək. Bu baxımdan yerli mütəxəssislərin hazırlanması strateji əhəmiyyət kəsb edir. Daha sonra qonaqlar emalatxanalar və mərkəzdə yaradılmış şəraitlə tanış olublar. Qonaqlara məlumat verilib ki, yeni yaradılmış emalatxanalar günəş və külək enerjisi sistemləri, hibrid enerji qurğuları, simulyasiya proqramları, SCADA hava stansiyası, günəş enerjisi simulyatoru, elektrikli avtomobil şarj cihazları və digər müasir avadanlıqlarla təchiz olunub, tələbə və təhsilverənlərə real ssenarilər əsasında praktiki öyrənmə imkanları yaradır. Layihə çərçivəsində həmçinin “İqlim dəyişiklikləri və ətraf mühit” adlı yeni tədris modulu hazırlanıb. Qeyd edək ki, layihə bp və onun tərəfdaşları – SOCAR, TPAO, LUKOIL, SGC, NICO, MOL, INPEX, ExxonMobil, ITOCHU, ONGC Videsh, Eni, MVM və TotalEnergies-in dəstəyi ilə həyata keçirilib.
30/07/2025 15:05
Elm və təhsil naziri Oğuzda vətəndaşları qəbul edib
İyulun 29-da elm və təhsil naziri Emin Əmrullayev Oğuz şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbul zamanı vətəndaşlar müəllimlərin işə qəbulu, tələbə köçürülməsi, xarici təhsil sənədlərinin tanınması və digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
29/07/2025 17:30
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
✨ 24-30 iyul tarixlərində Litvanın Kaunas şəhərində keçirilən 10-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz ? 3 bürünc medal qazanıblar. ?? Şagirdlərimizi bu münasibətilə təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq! #ElmvəTəhsilNazirliyi #ARTİ #Olimpiada #İnformatika
ƏtraflıTələbələrin yerdəyişməsi üzrə nəticələr elan edilib
Ətraflı2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində yenicə məzun adı qazanmış gənclərimiz dünyanın aparıcı universitetlərində əldə etdikləri bilik və təcrübə ilə Vətənə qayıdırlar! İnanırıq ki, onlar mənimsədikləri müasir yanaşmaları və qazandıqları beynəlxalq təcrübəni ölkəmizin inkişafına yönəldərək müxtəlif sahələrdə yeniliklərin və müsbət dəyişikliklərin təşəbbüskarına çevriləcəklər. Bütün məzunlarımızı ürəkdən təbrik edir, ölkəmizin tərəqqisi yolunda onlara yeni-yeni uğurlar arzulayırıq! #dövlətproqramı #XaricdəTəhsil #dpeduaz
Ətraflı