Kənan Kərimzadə “EcoMind 2025” konfransında iştirak edib
Noyabrın 2-də Avropa Azərbaycan Məktəbində “EcoMind 2025” konfransı keçirilib.
Konfransın açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə və digər qonaqlar iştirak ediblər.
IDEA İctimai Birliyi və Avropa Azərbaycan Məktəbinin birgə təşkilatçılığı ilə baş tutan konfransın məqsədi uşaq və gənclər arasında ekoloji məsuliyyətin təbliği, məktəblərdə təhsil prosesində ətraf mühitə dair biliklərin və yaşıl düşüncə tərzinin təşviqidir.
Əvvəlcə məktəblilərin ətraf mühit problemlərinə, onun həlli yollarına, təbiətin qorunmasına dair ideyalarını əks etdirən əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Sonra konfransın açılış mərasimində çıxış edən Leyla Əliyeva gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakının və ətraf mühitin qorunması prosesində onların məsuliyyətinin vacibliyini vurğulayıb. O qeyd edib ki, hər bir məktəblinin ekoloji dəyərlərlə böyüməsi ölkənin yaşıl gələcəyinin təminatıdır.
Digər çıxış edənlər təhsil müəssisələrində ekoloji məsuliyyətin artırılması, gənclərin ekoloji təşəbbüslərdə iştirakı və dayanıqlı inkişaf məqsədlərinin tədrisə inteqrasiyası istiqamətində öz fikirlərini bölüşüblər.
Tədbirdə bədii hissə də nümayiş etdirilib.
Qeyd edək ki, ilk dəfə təşkil olunan “EcoMind 2025” konfransı gələcəkdə ənənəvi xarakter daşıyacaq və təhsil sahəsində ekoloji istiqamətdə əməkdaşlıq üçün yeni platforma formalaşdıracaq. Tədbirdə 30 universitet, 20 dövlət məktəbi, 21 özəl və beynəlxalq təhsil müəssisəsindən 450-dən çox iştirakçı bir araya gəlib.
03.11.2025 - 10:00
Digər xəbərlər
-
Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb
30.07.2026 - 17:25 -
Nazir müavini Həsən Həsənlinin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
27.07.2026 - 12:33 -
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə
25.07.2026 - 11:34 -
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib
24.07.2026 - 16:17 -
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib
24.07.2026 - 15:48
