Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini Azərbaycan Şahmat Federasiyasının hesabat tədbirində iştirak edib

Dekabrın 22-də Azərbaycan Şahmat Federasiyasının (AŞF) 2025-ci ilin yekunlarına həsr olunan tədbiri keçirilib.    Elm və təhsil nazirinin müavini Firudin Qurbanov tədbirdə iştirak edib.    Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov və AŞF-nin prezidenti Mahir Məmmədov çıxış ediblər, eləcə də federasiyanın hesabatı dinlənilib.    Sonra beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında uğurla çıxış edən şahmatçılarımız, eləcə də il ərzində şahmatın inkişafına töhfə vermiş şəxslər təltif olunublar.   Tədbir çərçivəsində Azərbaycan Şahmat Federasiyasıyla Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi arasında niyyət protokolu rəsmiləşdirilib. Sənədi AŞF prezidenti Mahir Məmmədovla Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov imzalayıb.

Nazir müavini Azərbaycan Texniki Universitetinin 75 illik yubiley tədbirində iştirak edib

Dekabrın 19-da Azərbaycan Texniki Universitetinin (AzTU) 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.    Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.    Açılış nitqi ilə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev qonaqları salamlayaraq universitetin 75 illik tarixinə nəzər salıb.   Vilayət Vəliyev bildirib ki, “Yarat, inkişaf et, tətbiq et” şüarı ilə irəliləyən AzTU-nun hədəfi sənayenin inkişafını və texnoloji gələcəyi qarşılayan məsələlərin həllini öyrədən yenilikçi-təşəbbüskar akademik, məzun və tələbə heyəti ilə araşdırma və sahibkar universiteti qurmaq, hazırlanan mühəndis kadrların səviyyəsini beynəlxalq standartlar səviyyəsinə yüksəltməkdir.    AzTU-nun 75 illik yubileyi münasibətilə təbriklərini çatdıran elm və təhsil nazirinin müavini Firudin Qurbanov şəxsiyyətin formalaşmasında universitetlərin rolundan danışıb. Bu istiqamətdə dünya təcrübəsinə nəzər salan Firudin Qurbanov peşəkarlığa fərqli konteksdən yanaşıb və bildirib ki, peşəkarlıq həm də böhran vəziyyətində düzgün qərar vermək bacarığıdır. Bu bacarığa malik şəxsiyyətləri də universitetlər formalaşdırır. Bu mənada universitetlərin rolu insanların formalaşması baxımından çox mühüm əhəmiyyətə malikdir.  Nazir müavini AzTU məzunlarının ölkənin müxtəlif sahələrində uğurlu fəaliyyətlərini də qeyd edib. Bildirib ki, hazırda ölkənin ən aparıcı ali təhsil müəssisələrindən olan AzTU müasir standartlar səviyyəsində yeniliklərin tətbiq olunduğu universitetlərdəndir.    Daha sonra çıxış edən AzTU-nun fəxri məzunları olan dövlət xadimi Həsən Həsənov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev AzTU-nun 75 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, tələbəlik illərindəki xatirələrini bölüşüb, universitetin 75 il ərzində qazandığı uğurlara toxunublar.    Tədbirdə Özbəkistanın Fərqanə Dövlət Universitetinin professoru Ehtiyat İbragimova rektor Bahodircon Şermuhammadovun AzTU-nun yubileyinə ünvanladığı təbrik mətnini oxuyub.    Türkiyənin Yıldız Texniki Universitetinin prorektoru Hüseyn Yılmaz da AzTU-nun yubileyini təbrik edib, universitetin fəaliyyətində uğurlar arzulayıb.    Sonra elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanlarla təltif olunan AzTU müəllimlərinə mükafatlar təqdim olunub.    Tədbir bədii hissə ilə davam edib.

Elm və təhsil naziri Ağcabədidə vətəndaşları qəbul edib

Dekabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev Ağcabədi şəhərində vətəndaş qəbulu keçirib.   Qəbulda Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər, Bərdə, Ağdərə, Laçın, Kəlbəcər sakinləri iştirak ediblər.   Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.     Qəbul zamanı vətəndaşlar xarici kvalifikasiyaların tanınması, iş yerinin dəyişdirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.   Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Elm və təhsil naziri Türkiyənin bir neçə ali təhsil müəssisəsinin rəhbəri ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubiley tədbiri çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.   Görüşdə İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar, Qazi Universitetinin rektoru Uğur Ünal, Yıldız Teknik Universitetinin prorektoru Hüseyn Yılmaz və digər nümayəndələr iştirak ediblər.    Tərəflər arasında aparılan müzakirələrdə iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları, birgə layihələr, tələbə və müəllim mübadiləsi, həmçinin ali təhsil sahəsində mövcud inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.   Nazir Emin Əmrullayev görüş zamanı Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə yeni təşəbbüslərin reallaşdırılmasının hər iki ölkənin ali təhsil sisteminə töhfə verəcəyini bildirib.   Türkiyənin ali təhsil müəssisələrinin rəhbərləri də öz növbələrində Azərbaycanla təhsil sahəsində əməkdaşlığın mövcud səviyyəsindən məmnunluqlarını ifadə edərək qarşılıqlı səfərlərin və birgə təşəbbüslərin artırılmasının əhəmiyyətini qeyd ediblər.

Vətəndaş müraciətlərinin statistikası

Dekabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 23 442 vətəndaş müraciəti daxil olub.   Müraciətlərin 14 283-ü çağrı mərkəzləri, 5 303-ü elektron, 1070-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 786 müraciət qeydə alınıb.   Müraciətlər olimpiada və müsabiqələr, eksternat imtahanı, qrant layihələri və digər məsələlərlə bağlı olub.

Nazir müavini Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin Ümumi Yığıncağında iştirak edib

Dekabrın 18-də Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib. Konfransda gündəlikdə duran məsələlər elan olunub, 2025-ci il ərzindəki fəaliyyət haqqında Federasiyanın prezidenti Firudin Qurbanov tərəfindən hesabat təqdim edilib.   Konfransın gündəliyində yer alan məsələlərə əsasən İcraiyyə Komitəsinin say tərkibində dəyişiklik edilib, Komitə üzvlərinin sayı 7-dən 9-a artırılıb. Azərbaycan Tələbə Liqasının cari ildəki fəaliyyətinin və Təftiş Komissiyasının yekun hesabatı təqdim edilib.    Konfrans zamanı Xorvatiyada keçirilən 14-cü Futzal üzrə Universitetlərarası Avropa çempionatında ölkəmizi uğurla təmsil edən və çempion adını qazanan Azərbaycan İdman Akademiyasının komandasının bu nailiyyətinə görə ATFF İB-nin rəhbərliyinə təşəkkür edilib.    Konfrans iştirakçılarının səsverməsi nəticəsində Tehranağa Abdullayev, Tural Qarayev, Elşad Quliyev İcraiyyə Komitəsinə üzv seçiliblər.    Konfransda ATFF İB İcraiyyə Komitəsinin üzvləri, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, ATFF İB-yə üzv olan ali və orta ixtisas təhsili müəssisələrinin nümayəndələri, veteran futbolçular iştirak ediblər.    Qeyd edək ki, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin əsas məqsədi ali və orta ixtisas təhsili müəssisələrində futbol idman növünü inkişaf etdirmək, daha çox komandaların çempionatlarda, tələbə futbol yığma komandalarının beynəlxalq səviyyədə iştirakını təmin etməkdir.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kollektivə təqdim olunub

Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru İlqar Bayramlı kollektivə təqdim edilib.   Təqdimat mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev İlqar Bayramlını yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir peşə təhsilinin əmək bazarının tələblərinə uyğun kadr hazırlığında mühüm rol oynadığını qeyd edərək bu sahədə həyata keçirilən islahatlar və qarşıdakı dövr üçün əsas prioritetlər barədə danışıb.   Nazir ölkə Prezidenti cənab İlham Əliyevin “Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələri xüsusi qeyd edib, həmçinin işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsinin və peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinin vacibliyini vurğulayıb.   Tədbirdə çıxış edən İlqar Bayramlı göstərilən etimada görə təşəkkür edib, agentliyin fəaliyyətinin dövlət siyasətinə uyğun şəkildə daha da təkmilləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Təhsilin İnkişafı Fondunun yeni sədri kollektivə təqdim olunub

Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yeni sədri Nicat Məmmədli kollektivə təqdim edilib.   Təqdimat mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Nicat Məmmədlini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir fondun təhsil sahəsində həyata keçirilən islahatların dəstəklənməsində mühüm rol oynadığını vurğulayıb, prioritet istiqamətlər və əsas hədəflər barədə fikirlərini bölüşüb.   Emin Əmrullayev fondun fəaliyyətinin səmərəliliyinin artırılmasının, innovativ təşəbbüslərin dəstəklənməsinin və dövlət–özəl tərəfdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib.   Tədbirdə çıxış edən Nicat Məmmədli ona göstərilən etimada görə təşəkkür edib, Təhsilin İnkişafı Fondunun fəaliyyətinin inkişafı istiqamətində məqsədyönlü və sistemli işlərin aparılacağını və bunun üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Elm və təhsil naziri AzMİU-nun 50 illik yubiley tədbirində iştirak edib

Dekabrın 18-də Gülüstan Sarayında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib.    Yubiley tədbirindən əvvəl Fəxri xiyaban ziyarət edilərək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad olunub, məzarları önünə əklil və gül dəstələri qoyulub.     Sonra Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə güllər düzülüb.   Rəsmi tədbirdən öncə Gülüstan Sarayında təşkil olunan “Təhsil və İrs” sərgisinə baxış keçirilib. Sərgidə universitetin zəngin tarixi irsi, keçdiyi inkişaf mərhələləri, elmi-pedaqoji nailiyyətləri və müasir inkişaf strategiyası təqdim olunub.   Yubiley yığıncağı  Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.   Tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, AzMİU-nun professor-müəllim heyəti, əməkdaşları və məzunları iştirak ediblər.   Rəsmi tədbirdə açılış nitqi ilə çıxış edən rektor Gülçöhrə Məmmədova bildirib ki, AzMİU-nun 50 illik yubileyi universitetin keçdiyi şərəfli yola, formalaşdırdığı elmi məktəbə və ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə nəzər salmaq üçün bir fürsətdir. Rektor qeyd edib ki, 50 illik yubileyin qeyd edilməsi həm də ölkəmizdə memarlıq və inşaat təhsilinin inkişafına dövlət qayğısının, milli mühəndislik məktəbinin formalaşmasına göstərilən xüsusi diqqətin bariz göstəricisidir.    Gülçöhrə Məmmədova 50 il ərzində universitetdən 70 mindən çox memar, inşaat, nəqliyyat, hidrotexniki və meliorativ tikinti mühəndisinin məzun olduğunu deyib. Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan geniş quruculuq işlərinin əsas icraçıları, layihə rəhbərləri, sahə mühəndisləri də məhz bu təhsil ocağının məzunlarıdır.  Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev sözügedən universitetin ölkənin mühəndislik və memarlıq potensialının formalaşmasında aparıcı ali təhsil ocaqlarından biri kimi mühüm rol oynadığını vurğulayıb. Nazir qeyd edib ki, universitetin çoxillik elmi-pedaqoji ənənələri, müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və innovativ yanaşmaları AzMİU-nu ölkənin strateji təhsil mərkəzlərindən birinə çevirib.   Nazir qeyd edib ki, AzMİU-da həyata keçirilən təhsil islahatları, beynəlxalq akkreditasiyalar və xarici ali məktəblərlə qurulan əməkdaşlıqlar universitetin qlobal ali təhsil məkanında mövqeyinin möhkəmlənməsinə xidmət edir. Nazir beynəlxalq reytinqlərdə əldə olunan nəticələrin məqsədyönlü fəaliyyətin göstəricisi olduğunu, bu nailiyyətlərin həm akademik keyfiyyətin yüksəldilməsi, həm də elmi tədqiqatların genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Emin Əmrullayevin sözlərinə görə, elmi tədqiqatların keyfiyyətinin artırılması təhsilin keyfiyyətinə birbaşa müsbət təsir göstərir. AzMİU-da bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyət də ali təhsilin məzmununun zənginləşdirilməsinə və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir.   Nazir AzMİU-nun mühüm sosial və strateji layihələrdə fəal iştirakını xüsusi qeyd edib. Bildirib ki, Kəlbəcər şəhərində məktəbin tikintisi, eyni zamanda Qarabağ Universitetinin inşası zamanı AzMİU-nun mühəndislərinin göstərdiyi fəallıq bu gün 50 illiyini qeyd edən ali təhsil ocağının işğaldan azad olunmuş ərazilərin bərpasına verdiyi töhfənin bariz nümunəsidir.   Daha sonra AzMİU-nun 50 illik inkişaf yolunu, elmi-pedaqoji nailiyyətlərini və gələcək strateji hədəflərini əks etdirən film nümayiş etdirilib.   Rəsmi hissənin davamında çıxış edən digər qonaqlar universitetin ötən illər ərzində qazandığı zəngin təcrübə və formalaşdırdığı güclü elmi-tədris mühiti barədə ətraflı söz açıblar. Qonaqlar universitetin milli ali təhsil sistemində tutduğu mövqeyi yüksək qiymətləndiriblər.    Tədbirin sonunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin inkişafına töhfə vermiş tərəfdaş qurumlar səmərəli əməkdaşlığa görə universitet rəhbərliyi tərəfindən təltif olunublar.

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin 10 illik yubileyi qeyd olunub

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin yaradılmasının 10 illiyi münasibətilə dekabrın 18-də “10 il birlikdə” adlı yubiley tədbiri keçirilib.    Tədbir Elm və Təhsil Nazirliyi, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə təşkil olunub.   Yubiley tədbirində dövlət qurumlarının rəsmiləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin nümayəndələri, gənclər və könüllülər iştirak ediblər.   Tədbir Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xor kollektivinin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.    Daha sonra “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin 10 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib, təşkilatın son 10 il ərzində həyata keçirdiyi layihələr və əldə etdiyi nəticələr barədə geniş təqdimat göstərilib. Bildirilib ki, təşkilat bu müddət ərzində 26 ali və 18 orta ixtisas təhsili müəssisəsini əhatə edən şəbəkə qurub, 8 şəhər üzrə 800-dən çox layihə və tədbir həyata keçirib, ümumilikdə 338 896 könüllü saatı qeyd olunub. “Bir Könüllü” təşkilatı hazırda 45 minə yaxın iştirakçı ilə 44 təhsil müəssisəsini əhatə edir.   Tədbirin rəsmi hissəsində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov gənclərin ictimai fəallığının artırılması və sosial məsuliyyətin təşviqi baxımından könüllülük fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Firudin Qurbanov gənclərin əldə etdiyi uğurların ölkədə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, elm və təhsil sahəsində aparılan ardıcıl islahatların nəticəsi olduğunu diqqətə çatdırıb. Nazir müavini vurğulayıb ki, gənclərin bilik, bacarıq və yaradıcılıq potensialının üzə çıxarılması dövlət üçün prioritet məsələlərdəndir.   Firudin Qurbanov çıxışında, eyni zamanda, əsas məqsədin yaradıcı cəmiyyətin formalaşdırılması olduğunu diqqətə çatdırıb. Bildirib ki, müasir dövrdə təhsil yalnız bilik ötürülməsi ilə məhdudlaşmamalı, yaradıcı düşüncəyə, təşəbbüskarlığa və innovativ yanaşmalara əsaslanmalıdır. Nazir müavini əlavə edib ki, bu istiqamətdə həyata keçirilən layihələr gənclərin intellektual inkişafına, milli dəyərlərə bağlı, müasir dünyagörüşlü və rəqabətqabiliyyətli kadrların yetişdirilməsinə xidmət edir.   Nazir müavini çıxışının sonunda gəncləri bilik və bacarıqlarını artırmağa, təşəbbüskar və məsuliyyətli olmağa çağırıb.   Çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov bildirib ki, könüllülük Azərbaycan xalqının mədəni və mənəvi dəyərlərində hər zaman mövcud olub, müstəqillik dövründə isə bu fəaliyyət daha sistemli və məqsədyönlü şəkildə inkişaf etməyə başlayıb. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt və Prezident İlham Əliyevin könüllülərə göstərdiyi diqqət və dəstək nəticəsində bu sahə mühüm inkişaf mərhələsinə qədəm qoyub.   Sektor müdiri vurğulayıb ki, könüllülər vətəndaş cəmiyyəti hərəkatının fəal üzvləri kimi dövlətə və cəmiyyətə mühüm töhfə verirlər. Könüllü hərəkatlarının vahid platforma əsasında fəaliyyət göstərməsi bu sahənin daha da güclənməsinə şərait yaradıb və könüllülük yalnız tədbirlərlə məhdudlaşmayaraq cəmiyyət üçün faydalı müxtəlif istiqamətləri əhatə edir.    Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev çıxışında bildirib ki, könüllülük gənclər üçün yalnız sosial fəaliyyət deyil, eyni zamanda onların şəxsi inkişafı, məsuliyyətli vətəndaş kimi formalaşması üçün mühüm bir məktəbdir.  Yusif Vəliyev qeyd edib ki, Prezident İlham Əliyevin 2019-cu ildə könüllülüklə bağlı çağırışından sonra bu sahədə ciddi irəliləyişlər əldə olunub və hazırda 32 dövlət qurumunda könüllü təşkilatları fəaliyyət göstərir.    Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, millət vəkili Müşfiq Cəfərov könüllülük fəaliyyətinin insanlara dəyərli təcrübə, bacarıqlar, yeni əlaqələr və sosial şəbəkə qazandırdığını qeyd edib. Millət vəkili əlavə edib ki, könüllülük fəaliyyətinə təcrübəli, o cümlədən təqaüdə çıxmış müəllimlərin də cəlb edilməsi faydalı ola bilər. Onun sözlərinə görə, bu təşəbbüs həm həmin şəxslər üçün motivasiya və sosial fəallıq yaradacaq, həm də gənclərin və gənc müəllimlərin formalaşmasına mühüm töhfə verəcək.   Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev öz növbəsində bildirib ki, könüllülük fəaliyyəti gənclərin həm şəxsi inkişafında, həm peşəkar həyatında, həm də gələcək karyera yolunda mühüm rol oynayır və bu sahə dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. O həmçinin qeyd edib ki, BMT tərəfindən 2026-cı ilin “Könüllülər İli” elan olunması könüllülük hərəkatının həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə inkişafı üçün yeni imkanlar yaradacaq.   Tədbir çərçivəsində  “BİRlikdə yazılan hekayə” videoçarx nümayişindən sonra “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin fəaliyyətində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş 30 gənc könüllü mükafatlandırılıb.   Tədbir bədii hissə ilə davam edib.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı