Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri BMT-nin Rezident Əlaqələndiricisi ilə görüşüb

Dekabrın 25-də elm və təhsil naziri BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.    Görüş zamanı sözügedən təşkilatla mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər müzakirə olunub. Eyni zamanda “2026-2030-cu illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nə istinadən gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin nəticələri açıqlanıb

Elm və Təhsil Nazirliyi tərəfindən 2025-ci ildə həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin nəticələri açıqlanıb.    Müsabiqəyə ümumilikdə 107 layihə təqdim olunub. Bütün layihələr əvvəlcə texniki ekspertiza mərhələsindən keçirilib və nəticədə onlardan 99-u məzmun qiymətləndirilməsi mərhələsinə buraxılıb. Məzmun qiymətləndirilməsi mərhələsində layihələr 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan layihələr Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Gənclər Fondu ilə razılaşdırılıb. Nəticə etibarı ilə qeyri-hökumət təşkilatları tərəfindən daxil olmuş  16 layihəyə qrant ayrılıb.   Müsabiqə nəticəsində qrant ayrılmış layihələrlə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:   Qrant qazanmış layihələrin siyahısı

"Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda Azərbaycan Din Xadimlərinin II Forumu keçirilib

Dekabrın 24-də Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda Azərbaycan Din Xadimlərinin II Forumu keçirilib.    Forumda Türkiyə, Özbəkistan, Qazaxıstandan olan nümayəndə heyətləri, müvafiq dövlət qurumlarının, Azərbaycan Respublikasında fəaliyyət göstərən müxtəlif konfessiyaların nümayəndələri, eləcə də dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislər iştirak ediblər.    Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş olunub.   Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev də iştirak edib.    Giriş nitqi ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, bugünkü tədbir 2024-cü ildə təməli qoyulmuş mühüm bir ənənənin məntiqi davamı olmaqla yanaşı, dövlət-din münasibətlərinin sağlam və davamlı inkişaf xəttinin  göstəricisidir.    Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş qeyd edib ki, insanların inancına hörmət olunmayan cəmiyyətlərdə hüzurdan, sabitlikdən və rifahdan söhbət gedə bilməz. Onun sözlərinə görə, bütün dünyada sülh və birgəyaşayış ideyalarının bərqərar olmasına çalışan Azərbaycanda keçirilən bu cür tədbirlərin əhəmiyyəti olduqca yüksəkdir. Çünki bu cür platformalar birliyi gücləndirir, ortaq problemlərin həll yollarını tapmağa kömək edir.   Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, Forumda müzakirə olunacaq məsələlər, səsləndiriləcək məruzələr dinlərarası dialoqun qurulması, dövlət-din münasibətlərinin konstitusion norma və prinsiplər əsasında daha səmərəli təmini sahəsində müsbət təcrübələrin təbliği baxımından əhəmiyyətli olacaq.    Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, bu Forum müəyyən olunmuş mövzu üzrə müzakirə platforması olmaqla yanaşı, Azərbaycan cəmiyyətinin mənəvi dayaqlarını, ailə dəyərlərini və insan amilini qorumağa yönəlmiş ortaq məsuliyyətimizin ifadəsidir. Qeyd edib ki, bu mötəbər tədbirin artıq ikinci dəfə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq ölkəmizdə dövlət-din münasibətlərinin konstitusion prinsiplər əsasında inkişaf etdirilməsinə, dünyəvilik və vicdan azadlığı kimi fundamental dəyərlərin qorunmasına verilən yüksək önəmin təzahürüdür.   Özbəkistan Respublikasının Prezidentinin dövlət müşavirinin müavini, Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov, Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Yernur Aitkenov və digər qonaqlar çıxışlarında forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər. Çıxışlarda qeyd edilib ki, qloballaşma şəraitində dövlət-din münasibətlərinin tarazlaşdırılması sosial sabitlik və milli təhlükəsizlik üçün vacibdir. Azərbaycanın təcrübəsi, dünyəvi dövlət prinsiplərinə sadiq qalaraq dini tolerantlıq və vicdan azadlığını təmin etməsi xüsusi diqqətə layiqdir. Bu model dini həmrəyliyi və sosial sabitliyi gücləndirir. Belə forumlar dövlətlər arasında etimadın möhkəmlənməsinə və dayanıqlı inkişafa xidmət edir.    Açılış mərasimindən sonra Forum öz işini panel müzakirələrlə davam etdirib.    Forum çərçivəsində Elm və Təhsil Nazirliyi ilə birgə təşkil edilən “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” mövzusunda II panel müzakirəsində elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edib.    Panel müzakirəsi Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın moderatorluğu ilə baş tutub.    Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışı zamanı rəqəmsal mühitin dini maarifçilik sahəsində yaratdığı imkanlar və çağırışlar barədə danışıb. Nazir müavini bildirib ki, rəqəmsal informasiya mühitində uşaq və gəncləri bir sıra ideoloji təhdidlər gözləyir ki, onlardan biri də dini təriqətlərin sosial şəbəkələrdə apardığı təbliğatdır. İnternetdən təhlükəsiz istifadə üsullarının öyrədilməsi son vaxtlarda Azərbaycan məktəblərində həm müvafiq fənn – informatika üzrə kurikulumun tərkib hissəsidir, həm də fənlərarası yanaşmadır. Belə ki, informatika dərslərində şagirdlər təhdidlərdən qorunmağı öyrənirsə, Azərbaycan dili dərslərində fakt və rəy, nəzər nöqtəsi, arqument və əks-arqument, maraqlı tərəf və onun təsir üsulları kimi anlayışlarla tanış olur və misallar üzərində müxtəlif növ mətnləri təhlil etməyi öyrənir.    Firudin Qurbanov vurğulayıb ki, ümumi təhsil pilləsi üzrə təhsil proqramlarında, əsasən də həyat bilgisi, Azərbaycan tarixi, ümumi tarix fənləri üzrə təhsil proqramlarında təhsilalanların mədəni müxtəlifliyə hörmət etməsi, dinlər haqqında təsəvvürünün formalaşması, multikultural dəyərlərə hörmət aşılanır.   Nazir müavini qeyd edib ki, ümumtəhsil məktəbi səviyyəsində mənəvi-əxlaqi komponentin təhsilin məzmununa daxil edilməsi, şagirdlərin təlim potensialının inkişafına münbit şərait yaradır. Bu isə milli əxlaqi normalarının, mənəvi idealların öyrənilməsi, eləcə də dünyəvi etik normalarına və ənənəvi dinlər mədəniyyətinə dair təsəvvürlərin gündəlik həyata inteqrasiya olunması yolu ilə mümkün olur.   Nazir müavini çıxışının sonunda vurğulayıb ki, Azərbaycan təhsilinin başlıca məqsədlərindən biri də milli mənəvi dəyərlərə əsaslanan hədəflərə çatmaqdan ibarətdir.   Panel müzakirəsi zamanı  Azərbaycanda dini fəaliyyət və ilahiyyat sahəsində kifayət qədər təcrübə mövcud olsa da, vahid və etibarlı bir məlumat bazasının yaradılmasının əhəmiyyəti, saxta informasiya axını, yanlış yönləndirmələr və dəyərlərin aşınması baxımından milli-mənəvi irsə əsaslanan maarifçilik və gənclərlə məqsədyönlü işin vacibliyi qeyd edilib.    Qeyd edək ki, Forum çərçivəsində “Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri”, “Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar” və “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” mövzularına həsr olunan panel müzakirələr də təşkil olunub.

Nazir müavini rəqəmsal mühitdə uşaqların müdafiəsinə həsr olunmuş beynəlxalq konfransın açılış mərasimində iştirak edib

Dekabrın 23-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.    Açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edib.    Konfransda açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, uşaqların rəqəmsal mühitdə müdafiəsi insan hüquqları, milli təhlükəsizlik və davamlı inkişaf baxımından strateji əhəmiyyət daşıyır və bu sahədə beynəlxalq sənədlərdə nəzərdə tutulan əməkdaşlıq prinsipləri Azərbaycan tərəfindən milli siyasətdə ardıcıl şəkildə həyata keçirilir.    Bahar Muradova uşaqların rəqəmsal mühitdə müdafiəsində ailənin rolu, eləcə də ailə daxilində etibarlı və açıq ünsiyyət mühitinin qurulmasının vacibliyini vurğulayıb, valideynlərin rəqəmsal savadlılığının artırılmasının mühüm prioritetlərdən biri olduğunu qeyd edib.    Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında uşaqlar üçün internet imkanlarının tam şəkildə faydaya çevrilməsinin dövlət və valideynlərin birgə əməkdaşlığından asılı olduğunu dilə gətirib. Nazir Azərbaycan dövlətinin uşaqların rəqəmsal mühitdə təhlükəsiz və səmərəli inkişafını dörd əsas mərhələdə gördüyünü bildirib və əlavə edib ki, bunlar uşaqların internetə çıxış imkanlarının tam şəkildə təmin edilməsi, onlara rəqəmsal təhsilin verilməsi, normativ və hüquqi bazanın formalaşdırılması, həmçinin kiberməkanın dövlət tərəfindən tənzimlənmə mexanizmlərinin müəyyən olunmasıdır.   Açılış mərasimində çıxış edən İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri Zəhra Pezeşkian,Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, Mərakeş Krallığının həmrəylik, sosial inteqrasiya və ailə naziri Naima Ben Yahya, Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu, Qətər Dövlətinin Sosial İnkişaf və Ailə Nazirliyinin ailə məsələləri üzrə köməkçi katibi Şeyxa Şaika bint Casim Al Thani, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, BMT-nin Uşaq Hüquqları Komitəsinin sədri Sofiya Kiladze, İSESKO-nun baş direktoru Salim Al Malikin müşaviri Amira Al Fadil uşaqların rəqəmsal hüquqlarının qorunması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin və güclü beynəlxalq mexanizmlərin formalaşdırılmasının vacibliyini qeyd ediblər, öz ölkələrinin bu sahədə təcrübələrini bölüşməyə hazır olduqlarını diqqətə çatdırıblar.    Çıxışlarda rəqəmsal mühit və süni intellekt dövründə uşaqların hüquqlarının qorunmasının dövlətlərin aparıcı rolu və beynəlxalq əməkdaşlıq olmadan mümkün olmadığı vurğulanıb.  Açılış nitqləri dinlənildikdən sonra konfrans panel sessiya ilə davam edib.    Qeyd edək ki, konfransda yerli və xarici dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, mütəxəssislər və ekspertlər iştirak edirlər.

İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub.   Dövlətimizin başçısına binada yaradılacaq şərait barədə məlumat verildi.   Qeyd edək ki, Qarabağ Universitetinin Mühəndislik fakültəsi müasir texnoloji çağırışlara cavab verən, innovasiya və tətbiqyönümlü mühəndis kadrların hazırlanmasını hədəfləyən əsas akademik struktur bölmələrdən biridir. Fakültədə hazırda 19 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 314 tələbə təhsil alır.   Fakültədə bakalavriat səviyyəsində elektrik və elektronika, inşaat, mexatronika və robototexnika, logistika və nəqliyyat texnologiyaları, kompüter mühəndisliyi, data analitika və riyaziyyat daxil olmaqla 7 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Gələcəkdə mühəndislik istiqaməti üzrə yeni ixtisasların açılması nəzərdə tutulur.   Yeni binanın müasir standartlara uyğun inşa edilərək qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır. Tədris binası keyfiyyətli kadr hazırlığını təmin edən, tələbələrin nəzəri bilik və praktiki bacarıqlarının inkişafına, həmçinin innovativ fəaliyyətlərinin genişləndirilməsinə xidmət edən auditoriyalar, laboratoriyalar, kitabxana, elmi-tədqiqat və innovasiya məkanları ilə təchiz olunacaq.   Layihənin icrası mühəndislik təhsilinin inkişafına mühüm töhfə verməklə yanaşı, müasir akademik məzmunun və innovativ tədris metodlarının tətbiqini təşviq edən, tələbələrin hərtərəfli inkişafını dəstəkləyən qabaqcıl ali təhsil mühitinin formalaşdırılmasına xidmət göstərəcək.   https://president.az

İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib.   Dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verildi.   Bildirildi ki, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsi müasir akademik mühitin formalaşdırılması istiqamətində ardıcıl şəkildə inkişaf edən əsas struktur bölmələrdən biridir. Fakültədə hazırda 20 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 505 tələbə bakalavriat səviyyəsində 7 ixtisas - iqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika, turizm işinin təşkili üzrə təhsil alır.   Yeni akademik məzmunun formalaşdırılması, müasir tədris metodlarının tətbiqi, praktiki bacarıqların inkişafı, innovativ idarəetmə və nəticəyönümlü elmi tədqiqatlar fakültənin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.   Tədris binasında 40 auditoriya, kompüter laboratoriyaları, kitabxana, oxu və akt zalları, iclas, inzibati və professor-müəllim otaqları mövcuddur. Müasir universitet konsepsiyasına uyğun dizayn edilərək inşa olunmuş binanın layihələndirilməsi və tikilməsində dayanıqlı inkişaf, inklüzivlik və resurslardan səmərəli istifadə prinsipləri nəzərə alınıb. Bir sözlə, bina tədris, tədqiqat və inzibati fəaliyyətin daha səmərəli şəkildə həyata keçirilməsinə imkan verən geniş və müasir infrastruktura malikdir.   Yaradılmış şərait fakültənin elmi-pedaqoji potensialının gücləndirilməsinə, tələbələrin bilik və bacarıqlarının inkişafına, əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun iqtisadiyyat və biznes istiqamətli yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, elmi-tədqiqat və innovativ fəaliyyətlərin genişləndirilməsinə imkan yaradacaq.   Biznes və iqtisadiyyat fakültəsinin yeni tədris binasının istifadəyə verilməsi universitetdə müasir kampusun formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biri olmaqla yanaşı, Qarabağda və Şərqi Zəngəzurda yüksəksəviyyəli ali təhsil ekosisteminin qurulmasına əhəmiyyətli töhfədir.   Qeyd edək ki, Prezident İlham Əliyev 2024-2025-ci illər ərzində Qarabağ Universitetində görülən işlərlə tanış olub, universitetin, tələbə yataqxanasının, Klinika binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılış mərasimlərində də iştirak edib.   Hazırda Qarabağ Universitetində 27 ixtisas üzrə 6 fakültədə 2154 tələbə təhsil alır.   https://president.az

İlham Əliyev Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışında iştirak edib.   Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.   Bildirildi ki, 624 şagird yerlik məktəbin binasında əsaslı təmir işləri yüksək səviyyədə və qısa müddətdə həyata keçirilib. Burada ümumilikdə 17 sinif otağı, laboratoriyalar, STEAM, informatika, hərbi hazırlıq, biologiya, kimya, fizika, texnologiya, dərnək, məktəbəqədər hazırlıq otaqları, kitabxana, oxu, idman və akt zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına veriləcək. Binadakı otaqların hamısı zəruri tədris vəsaiti ilə təchiz edilib. Bundan başqa, məktəbin həyətyanı sahəsində açıq idman meydançası da yaradılıb. Bir sözlə, burada təlim-tədrisin yüksək səviyyədə həyata keçirilməsi üçün hərtərəfli imkanlar mövcuddur.   Qeyd edək ki, müasir təhsil infrastrukturunun yaradılması işğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərinin vacib istiqamətlərindən biridir. Azad edilmiş torpaqlarımızda təhsil ocaqlarının müasir layihələr əsasında inşası, onların zəruri tədris avadanlığı ilə təchizi, fənn kabinetlərinin, laboratoriyaların, idman infrastrukturunun yaradılması bu müəssisələrdə çalışan müəllimlərin və təhsil alan şagirdlərin hərtərəfli şəraitlə təmin olunmalarına hədəflənib. Bütün bunlar, eyni zamanda, müəllimlərin və şagirdlərin doğma yurdlarına qayıdışını sürətləndirir, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda sosial həyatın canlanmasına töhfə verir.   https://president.az

Həsən Həsənli Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclasında çıxış edib

Elm və təhsil nazirinin müavini Həsən Həsənli dekabrın 22-də Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclasında iştirak edib.   Hökumətlərarası Komissiyanın iclasında ilk öncə həmsədrlər - Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz çıxış ediblər. İclasda çıxış edən nazir müavini Həsən Həsənli iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə iclas iştirakçılarını məlumatlandırıb. Nazir müavini Türkiyə–Azərbaycan Universitetinin (TAU) ali təhsil sahəsində uğurlu əməkdaşlığı, eyni zamanda universitetin fəaliyyəti, nəticələri və ali təhsil sistemində növbəti imkanları barədə məlumat verib.    Həsən Həsənli çıxışında həmçinin qarşılıqlı tələbə və elmi-akademik heyətin mübadiləsinin genişləndirilməsi, peşə təhsili, ümumi təhsil və ali təhsil müəssisələri arasında akademik əlaqələrin dərinləşdirilməsi istiqamətində görülmüş işlərdən bəhs edib.    Yekunda iclasın yekunlarına dair Protokol imzalanıb.

Nazirlik rəsmiləri “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı” mövzusunda konfransda çıxış ediblər

Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “Media Savadlılığı” Həftəsinin yekunu olaraq dekabrın 22-də “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı” mövzusunda konfrans təşkil olunub.   Media savadlılığının gücləndirilməsi, rəqəmsal transformasiya şəraitində informasiyanın düzgün dəyərləndirilməsi və süni intellekt texnologiyalarının media mühitinə təsirinin müzakirəsi məqsədilə təşkil olunan konfrans “Rəqəmsal dünyada həqiqi dostların izində” mövzusunda səhnə təqdimatı və media savadlılığına dair qısa videoçarxın nümayişi ilə başlayıb.   Konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov rəqəmsallaşmanın sürətlənməsi və süni intellekt texnologiyalarının geniş yayılması fonunda media savadlılığının əhəmiyyətinin daha da artdığını vurğulayıb.    Daha sonra il ərzində media savadlılığının artırılması istiqamətində görülən işlərə dair qısa videoçarx nümayiş olunub və “Media Savadlılığı” Həftəsi çərçivəsində həyata keçirilən fəaliyyətlərə dair təqdimat edilib.    Konfrans çərçivəsində “Media savadlılığı haradan başlayır? Müxtəlif perspektivlərdən baxış” mövzusunda intensiv müzakirə təşkil edilib.   Teleaparıcı Ürfan Məmmədlinin moderatorluğu ilə keçirilən müzakirədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova, “Azerconnect Group”un Korporativ kommunikasiyalar departamentinin direktoru Əziz Axundov, həmçinin influenser və “Nextool AI” şirkətinin təsisçisi Cəfər Nəcəfov spiker qismində çıxış ediblər.   Müzakirə zamanı media savadlılığının erkən yaşlardan formalaşdırılmasının əhəmiyyəti, gənclərin rəqəmsal mühitdə düzgün informasiya davranışlarının təşviqi, dövlət qurumları, özəl sektor və media subyektləri arasında bu sahədə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Spikerlər media savadlılığının yalnız informasiyanın düzgün seçilməsi deyil, həm də rəqəmsal platformalarda məsuliyyətli davranış, tənqidi düşüncə və informasiya təhlükəsizliyi bacarıqlarının formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar.   ETN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev çıxışında bildirib ki, nazirlik media savadlılığının artırılması üzrə ən effektiv təhsil yanaşması kimi bu mövzunun məhz inteqrasiya olunmuş formada tədrisini mühüm hesab edir və bu sahədə tədbirlər həyata keçirir.    Səbuhi Rzayev qeyd edib ki, son illərdə yenilənən və ya təkmilləşdirilən ümumi təhsil fənləri üzrə kurikulumlarda informasiya/media savadlılığının artırılması məsələsi xüsusi olaraq vurğulanır. Bu çərçivədə şagirdlərə, həmçinin media manipulyasiyası, dezinformasiya, kiberqısnama kimi medianın mənfi tərəfləri ilə effektiv mübarizə yolları öyrədilir. Yeni hazırlanmış Həyat bilgisi fənni üzrə kurikulumda nisbətən aşağı yaşlı şagirdlərə elektron cihazların insan həyatında əhəmiyyətinin izah olunması, əldə edilmiş informasiyaların təhlil edilməsi və faydalı olanların ayırd edilməsi bacarıqlarının formalaşdırılması məsələləri yer alır. Yenicə təkmilləşdirilən İnformatika fənni üzrə kurikulumda da şagirdlərdə informasiya/media savadlılığı ilə bağlı müvafiq səriştələrin formalaşdırılması nəzərdə tutulur.   Konfrans çərçivəsində Bakı şəhəri üzrə 12 ümumi təhsil müəssisəsində 2500-ə yaxın şagird üçün media savadlılığı mövzusunda təşkil olunan məlumatlandırma sessiyaları və açıq dərslərin nəticələrinin sistemli şəkildə ümumiləşdirilməsi məqsədilə “Media savadlılığını təhsilə necə inteqrasiya etməli?: müəllim və mütəxəssis rəyi” mövzusunda "dəyirmi masa" keçirilib.   Dəyirmi masaya moderatorluq edən Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova qeyd edib ki, media savadlılığının formal təhsildə əhatə olunması üçün tətbiq edilən pedaqoji yanaşmaların effektivliyinin ölçülməsi, eləcə də növbəti mərhələlərdə tədris məzmunu və metodologiyanın təkmilləşdirilməsi baxımından nəticələrin sistemli şəkildə ümumiləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.   Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı bildirib ki, media savadlılığı bacarıqlarının erkən yaşlardan formalaşdırılması şagirdlərin informasiyaya münasibətində tənqidi düşüncənin gücləndirilməsinə xidmət edir. Onun sözlərinə görə, təhsil müəssisələrində bu istiqamətdə həyata keçirilən təşəbbüslər şagirdlərin rəqəmsal mühitdə daha məsuliyyətli və məlumatlı davranış vərdişləri qazanmasına imkan yaradır.   Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu isə vurğulayıb ki, təşkil olunan məlumatlandırma sessiyaları və açıq dərslər şagirdlərin media savadlılığı üzrə bilik və bacarıqlarının artırılması, doğru informasiya əldə etmək vərdişlərinin formalaşdırılması, informasiya məkanında təqdim olunan məzmunu müstəqil şəkildə təhlil edə bilmələri baxımından olduqca vacibdir.   TOT təlimlərində iştirak edən müəllimlər, təlimçilər və təhsil ekspertləri isə həyata keçirilən sessiya və açıq dərslərin şagirdlərin məlumatlara daha diqqətli yanaşmasına, mənbələrin qiymətləndirilməsi və faktların yoxlanılması bacarıqlarının inkişafına töhfə verdiyini diqqətə çatdırıblar.

Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümündə I dövrəyə yekun vurulub

Ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növü üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümü üzrə I dövrəyə yekun vurulub. Azərbaycan Texniki Universitetinin idman kompleksində keçirilən və 14 ali təhsil müəssisəsinin komandalarının iştirak etdiyi oyunların nəticələrinə görə ən çox xal toplayan və ilk altılığa düşən Azərbaycan İdman Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universitetinin komandaları A qrupunda, ilk altılıqda yer almayan Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Odlar Yurdu Universitetinin komandaları B qrupunda mübarizəni davam etdirəcəklər. Liqanın II dövrəsinin oyunlarına tələbələrin qış imtahan sessiyasından sonra — 2026-cı ilin fevral ayının 20-dən sonra başlanılması və 15 may tarixinədək davam etdirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir. Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliğ edilməsi, onlar arasında perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarətdir.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı