Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Alimlərə ilk dəfə limitsiz sayda ödənişsiz məqalə dərc etmək imkanı təqdim edilib

Elm və Təhsil Nazirliyi və Böyük Britaniyanın nüfuzlu Kembric Universitetinin “Cambridge Press” nəşriyyatı arasında əldə edilmiş razılığa əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün müəlliflər növbəti 3 il ərzində “Cambridge Press” tərəfindən nəşr edilən 422 yüksək impakt faktorlu, hibrid və “gold” açıq əlyetərli (Open Access) jurnallarda limitsiz sayda məqalə dərc etmək imkanı əldə edib.    “Web of Science” və “Scopus”da indekslənən bu jurnallarda açıq əlyetərli (Open Access) məqalə dərcinin qiyməti minlərlə manat dəyərində ölçülür. Sözügedən razılıq əsasında azərbaycanlı alimlər bu ödənişi etmədən öz məqalələrini Kembric Universiteti Nəşriyyatının jurnallarında dərc edə bilərlər. Razılaşma ölkənin 140 elmi və ali təhsil müəssisəsinə “Cambridge Press” nəşriyyatının jurnallarını müddətsiz oxumaq imkanını da təqdim edir.   Xidmətdən istifadə etmək istəyən müəlliflər “Cambridge Core” (cambridge.org/core/journals) platformasına daxil olaraq müvafiq qaydada yararlana bilərlər.

Nazir müavini Firudin Qurbanov Qubada təhsil müəssisələrində olub

Oktyabrın 6-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Quba rayonuna səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, təhsil müəssisələrinə baxış olub və vətəndaş qəbulu təşkil edilib.   Səfərin əvvəlində nazir müavini Firudin Qurbanov Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Quba–Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevlə birlikdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub.   Daha sonra Firudin Qurbanov Quba şəhəri Tələt Mikayılov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində olub, pedaqoji kollektiv və şagirdlərlə görüşüb. Nazir müavini tədris prosesi ilə tanış olub, dərsləri izləyib və müəllim-şagird heyəti ilə səmimi söhbətlər aparıb.   Səfər proqramı çərçivəsində Firudin Qurbanov Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində də olub. Nazir müavini mərkəzin fəaliyyəti, yaradılmış şərait və uşaqların inkişafı üçün formalaşdırılmış imkanlarla maraqlanıb.   Bölgədə fəaliyyət göstərən təhsil müəssisələrinin pedaqoji heyəti ilə keçirilən görüş zamanı tədrisin keyfiyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb, müəllimlərin təklif və rəyləri dinlənilib. Müzakirələrdə müəllim fəaliyyətində məsuliyyətin artırılması, laqeydliyin qarşısının alınması və təşəbbüskarlığın stimullaşdırılması kimi məsələlər diqqət mərkəzində olub.   Səfərin sonunda Firudin Qurbanov vətəndaşların qəbulunu keçirib. Qəbula gələn vətəndaşların müraciətləri əsasən məşğulluq və digər məsələlərlə bağlı olub. Nazir müavini hər bir müraciətin operativ araşdırılması və qanunvericiliyə uyğun həll olunması ilə bağlı müvafiq tapşırıqlar verib.

2027–2030-cu illərdə elm və ali təhsilin strateji hədəfləri müzakirə olunub

Bakı Dövlət Universitetində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası” layihəsinin elm və ali təhsil istiqamətlərinə həsr olunmuş iclas keçirilib.   Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, elm və təhsil nazirinin müavinləri, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri və ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.   İclasda “Elm və ali təhsil ekosisteminin gücləndirilməsi” mövzusunda təqdimat edilib. Təqdimatda 2022–2025-ci illərdə elm və ali təhsil sahəsində əldə olunan nəticələr və 2030-cu ilə qədər nəzərdə tutulan fəaliyyət istiqamətləri barədə məlumat verilib.   Müzakirələr zamanı ali təhsilin əhatəliliyinin və əlçatanlığının artırılması, məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi, beynəlxalq rəqabətlilik və mobilliyin gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində elmin və ali təhsilin inkişaf etdirilməsi, elmi potensialın gücləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi kimi prioritetlər diqqətə çatdırılıb.   Bununla yanaşı, ali təhsil müəssisələrinin strateji inkişaf planlarının ölkənin sosial-iqtisadi hədəflərinə uyğunlaşdırılması, universitetlərin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və nəticə əsaslı elmi tədqiqatların stimullaşdırılması ilə bağlı təkliflər irəli sürülüb.   İştirakçılar qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsi, müasir tələblərə cavab verən ali təhsil ekosisteminin formalaşdırılması və elmin cəmiyyətin inkişafındakı rolunun daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilib

Oktyabrın 4-də Bakı Slavyan Universitetində (BSU) Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilib.    “Konstitusiya və Suverenlik İli”nə həsr edilən beynəlxalq forum “Daha təhsilli gələcək” devizi ilə reallaşıb.    Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.   Forumun moderatoru, "T-Network" platformasının rəhbəri Cəfər Mənsimi giriş nitqi ilə çıxış edərək forumun məqsəd və əhəmiyyəti barədə danışıb. Bildirib ki, forumun təşkilində əsas məqsəd təhsil sahəsində yeni çağırışları müzakirə etmək, hər kəs üçün keyfiyyətli təhsil, xarakter və iradə tərbiyəsi, emosional və süni zəkanın balansı məsələlərinə diqqəti artırmaq, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə töhfə verməkdir.    Forumda iştirak edən elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, yeni texnologiyalar, süni intellekt, rəqəmsallaşma, iqlim dəyişiklikləri kimi qlobal çağırışlar artıq təhsildə də yeni yanaşmaların formalaşmasını zəruri edir. Nazir müavini qeyd edib ki, gənclərimiz bu çağırışlara uyğun olaraq yeni bilik və bacarıqlara yiyələnməlidirlər. Məhz bu səbəbdən onlardan rəqəmsal bacarıqlar, təhlil və çeviklik, komanda işi, yaradıcılıq və digər 21-ci əsr bacarıqları tələb olunur.    Təhsilin hər bir dövlətin iqtisadi gücünün formalaşmasında, əhalinin sosial rifahının təmin olunmasında, milli-mədəni dəyərlərin qorunub saxlanılmasında mühüm roluna toxunan İdris İsayev vurğulayıb ki, hansı ölkədə təhsilə diqqət və qayğı göstərilirsə, insan kapitalına investisiya yatırılırsa, həmin ölkə inkişaf edir.    Salamlama nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev öz növbəsində xalqın, millətin gələcəyinin təhsilin inkişafından, bilikli və vətənpərvər gənclərin yetişməsindən asılı olduğunu bir daha vurğulayıb və bu işdə hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.    Daha sonra çıxış edən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və Bacarıqlar Departamentinin direktoru Andreas Şleyxer qeyd edib ki, müasir dövrdə öyrənmə prosesində düşüncə tərzinə, problem həll etmə bacarıqlarına və yaradıcı yanaşmaya önəm verilməlidir.   Süni intellektin təhsil sisteminə inteqrasiyasından da danışan Şleyxer OECD-nin “E2040 Araşdırması – Birlikdə İnkişaf: Gələcəyin Siniflərində İnsan Müəllimlər və Süni İntellekt Agentləri” (E2040 Exploration – Flourishing Together: Human Teachers and AI Agents in Future Classrooms) adlı tədqiqatına istinad edərək bildirib ki, gələcəyin tədris mühitində real müəllimlər və süni intellekt “tamamlayıcı tərəfdaşlar” kimi fəaliyyət göstərəcək. Müəllimlər tədrisin mənəvi və yaradıcı tərəflərinə fokuslanacaq, süni intellekt isə məlumat emalı, analitik rəy və fərdiləşdirilmiş dəstək funksiyalarını yerinə yetirəcək.   OECD rəsmisi vurğulayıb ki, təhsil sistemləri insan və texnologiyanın qarşıdurmasına deyil, əməkdaşlığına hazır olmalıdır. Gələcəyin uğurlu məktəbi o məktəbdir ki, texnologiyanı ağılla istifadə edir, amma insan toxunuşunu heç vaxt itirmir.    Müəllimlərin birgə fəaliyyətinin əhəmiyyətinə toxunan Andreas Şleyxer bildirib ki, məktəbdə kollektiv agentlik – yəni birlikdə qərar vermək və məsuliyyət daşımaq mədəniyyəti – təhsilin keyfiyyətini yüksəldən əsas faktorlardandır.   Forum çərçivəsində təqdimatlarla çıxış edən Baltaş Qrupun rəhbəri, tanınmış türkiyəli psixoloq Acar Baltaş, Britaniya Təhsil Təchizatçıları Assosiasiyasının baş direktoru Kəralayn Rayt, Riqa Klassik Dövlət Gimnaziyasının direktoru  Roman Əliyev, Baltaş Qrupunun qurucusu, tanınmış türkiyəli psixoloq Zuhal Baltaş, xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində Harvard Universitetində təhsilin siyasəti və təhlili üzrə magistratura təhsili almış Lalə Əliyeva, Estoniya Karyera Təhsil Akademiyasının rəhbəri Sənəm Əli öz təcrübələrini bölüşüblər.    Forum çərçivəsində "Təhsildə emosional və süni zəkanın balansı necə tənzimlənməlidir?, necə edək ki, keyfiyyətli təhsil hər kəs üçün əlçatan olsun və heç bir təhsilalan kənarda qalmasın?, təhsil prosesinin iştirakçıları hansı uğur anlayışına köklənməlidirlər?, təhsil prosesinin bütün tərəflərini özünün ən yaxşı versiyası olmaq prosesinə necə cəlb etmək olar?” və digər suallar ətrafında müzakirələr aparılıb.   Qeyd edək ki, beynəlxalq forum Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin tərəfdaşlığı, Bakı Slavyan Universiteti və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formada keçirilib.

Heydər Əliyev Fondu tərəfindən yeni inşa və əsaslı təmir olunan məktəblər istifadəyə verilib

Heydər Əliyev Fondunun təhsil sahəsində həyata keçirdiyi layihələr çərçivəsində yeni tikilən və ya əsaslı təmir edilən bir sıra məktəblər istifadəyə verilib.   Belə ki, 2024-cü ildən yenidənqurma və təmir-bərpa işləri aparılan Bakı şəhəri, Xəzər rayonu 324 nömrəli tam orta ümumtəhsil məktəbi cari tədris ilində istifadəyə verilib. Məktəbin sinif otaqları artırılıb, əlavə fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim və texnologiya otaqları, kitabxana, yeməkxana, idman meydançası və akt zalı yaradılıb. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.   Bakı şəhəri, Xətai rayonu Tahir Bağırov adına 59 nömrəli tam orta ümumtəhsil məktəbi də Fond tərəfindən əsaslı təmirdən sonra istifadəyə verilib. 1384 yerlik məktəbin 4 mərtəbəli korpusu 1036 yerlik, 2 mərtəbəli ibtidai korpusu isə 348 yerlikdir. Məktəbdə sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika otağı, müasir STEAM mərkəzi, hərbi təlim, tibb, texnologiya otaqları, müəllimlər otağı, kitabxana, yeməkxana, akt, idman və gimnastika zalları, açıq mini stadion və idman meydançası fəaliyyət göstərir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təmin olunub.   Samux rayonunun Alıuşağı kənd tam orta məktəbi də 360 yerlik yeni məktəb binası ilə müəllim və şagirdlərin istifadəsinə verilib. Fond tərəfindən inşa edilən məktəbdə sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, STEAM mərkəzi, hərbi təlim, tibb və əmək təlimi otaqları, məktəbəqədər sinif, kitabxana, yeməkxana, akt və idman zalları fəaliyyət göstərir. Məktəbin ərazisində açıq idman meydançası yaradılıb və zəruri avadanlıqlarla təchiz olunub.   Cəlilabad rayonu, Göytəpə şəhəri Vasif Hüseynov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi də Fondun dəstəyi ilə yeni inşa edilib. Üçmərtəbəli, iki korpusdan ibarət məktəb binası 624 şagird yerlikdir. Burada sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb otaqları, texnologiya kabinetləri, müəllimlər otağı, texniki otaqlar, qarderob, kitabxana, yeməkxana, akt, idman və gimnastika zalları, idman meydançası fəaliyyət göstərir. Məktəb müasir mebel və avadanlıqlarla təchiz olunub, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təmin edilib, həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Elm və təhsil nazirinin Gədəbəydə vətəndaş qəbulu tarixi müəyyənləşdi

Elm və təhsil naziri Emin Əmrullayev Gədəbəy şəhərində vətəndaşları 23 oktyabr tarixində qəbul edəcək.    Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax sakinlərinin iştirakı nəzərdə tutulur.  Qeyd edək ki, qəbulda yalnız əvvəlcədən müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər iştirak edə biləcəklər.

"QS 2026" qlobal reytinqinə daxil olan universitetlərimiz təltif olunub

Oktyabrın 3-də "QS 2026" qlobal reytinqində yer alan Azərbaycan universitetlərinin təltif olunması mərasimi keçirilib.    Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, aparıcı universitetlərimizin rəhbər heyəti və QS agentliyinin regional direktoru Sergey Xristolyubov iştirak edib.    Qeyd edək ki, cari ilin iyun ayında elan olunmuş "QS 2026" qlobal reytinqinə Azərbaycandan ilk dəfə 9 universitet daxil olub. Bu göstərici ötən ilə nisbətən 3 dəfə artıb. Eyni zamanda, Azərbaycandan sözügedən reytinqə daxil olan universitetlərin sayı digər Cənubi Qafqaz ölkələrindən bu reytinqə daxil olan cəmi universitet sayından 3 dəfə çoxdur.  

ADA Universitetində iqlim keçidində ali təhsilin rolu müzakirə olunub

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində oktyabrın 3-də ADA Universitetində “İqlim keçidində ali təhsilin rolu” mövzusunda tədbir keçirilib.    Tədbirdə giriş nitqi ilə çıxış edən ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə təhsil və iqlim dəyişikliyi məsələlərinin birgə müzakirəsinin aktual olduğunu söyləyib. Fariz İsmayılzadə bu mövzuda aparılan müzakirələr nəticəsində iqlim dəyişikliklərinə qarşı mübarizədə universitetlərin rolunun son dərəcə önəmli olduğunun bir daha təsdiqləndiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, təhsil, tədqiqat, gənclərin fəallığı olmadan bu prosesdə irəliləyişə nail olmaq çətindir.    Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışında gənclərin iqlim problemlərinə həssas yanaşmasının və yeni təşəbbüslərlə çıxış etməsinin əhəmiyyətini vurğulayıb. Nazir müavini bildirib ki, təhsil sistemi cəmiyyətin dayanıqlı inkişafı üçün mühüm alətdir. Məktəblərdə və universitetlərdə ekoloji mövzulara dair proqramların genişləndirilməsi, yeni alətlərin hazırlanması və gənclərin təşəbbüslərinin dəstəklənməsi gələcəkdə iqlimlə bağlı çağırışların həllinə töhfə verəcək. Bu sahədə təcrübə mübadiləsi və innovativ yanaşmalar xüsusi önəm daşıyır.    Nazir müavini həmçinin qeyd edib ki, ali təhsilin iqlim dəyişikliyi ilə mübarizədə rolu yalnız nəzəri biliklərlə məhdudlaşmır, praktiki bacarıqların və yeni texnologiyaların tətbiqini də tələb edir.   Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev öz növbəsində İqlim Fəaliyyəti Həftəsinin qlobal miqyasda formalaşmış uğurlu bir platforma olduğunu, burada dövlət strukturları ilə yanaşı qeyri-hökumət təşkilatları, özəl qurumlar, universitetlər və gənclərin bir araya gəldiyini qeyd edib.    COP29-un Prezidenti vurğulayıb ki, iqlim mövzusunda gənclərin iştirakı və onların biliklərinin artırılması gələcək nəsillərin dayanıqlı inkişafı üçün əsas şərtdir.   Çıxış edən Milli Məclisin deputatı, COP29-un iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai gələcəyin əmək bazarının süni intellekt və rəqəmsallaşmanın təsiri altında sürətlə dəyişdiyini diqqətə çatdırıb. Bildirib ki, beş ildən sonra əmək bazarında hansı yeni peşələrin yaranacağını tam bilmirik. Lakin bir məsələ aydındır – yeni bacarıqlara böyük ehtiyac olacaq. Bu bacarıqları isə gənclərə aşılamaq üçün təhsil sistemi hazır olmalıdır. Təhsil müəssisələrimiz gənclərə gələcəyin vərdişlərini öyrətməlidir.    COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova öz çıxışında əlavə edib ki, Bakı İqlim Fəaliyyəti Həftəsinin məqsədi həm gənclərin, həm də məktəblilərin iqlim dəyişikliyinin təsirlərini dərk etməsinə şərait yaratmaqdır. İqlim təhsili hər yaş qrupunu əhatə etməlidir. Bu gün artıq ibtidai sinif şagirdləri iqlim dəyişmələrinin mahiyyətini anlayırlar. Hətta uşaq bağçalarında da bu mövzular öyrədilməlidir. Ən böyük rol isə müəllimlərindir. Onlar yüzlərlə, minlərlə şagird və ailələrə təsir edə biləcək iqlim savadlılığının səfirləridir.    Tədbirdə iqlim dəyişikliklərinə qarşı mübarizədə təhsilin imkanları, gənclərin iştirakı və universitetlərarası əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nazir “Quacquarelli Symonds” qlobal reytinq agentliyinin regional direktoru ilə görüşüb

Oktyabrın 2-də elm və təhsil naziri Emin Əmrullayev “Quacquarelli Symonds” (QS) qlobal reytinq agentliyinin regional direktoru Sergey Xristolyubov ilə görüşüb.   Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşlarının da iştirak etdiyi görüş zamanı QS qlobal reytinqində ölkəmiz üzrə ümumi nəticələr, həmçinin Azərbaycan universitetlərinin bir sıra istiqamətlər üzrə göstəricilərinin təhlili təqdim olunub, o cümlədən gələcək inkişaf perspektivləri müzakirə olunub.

Elm və təhsil naziri Salyanda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 31 oktyabr tarixində Salyan şəhərində vətəndaşları qəbul edəcək.    Qəbulda Salyan, Şirvan, Hacıqabul, Neftçala və Biləsuvar sakinləri iştirak edə bilərlər.     Adları çəkilən şəhər və rayonların sakinləri 17 oktyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.   Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

08/05/2026

Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə mayın 8-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib. Forumda iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, bilik, bacarıq, yaradıcı yanaşma və komanda ilə işləmək qabiliyyəti müasir gənclər üçün əsas amillərdəndir və ölkənin inkişafında yaradıcı gənclərin rolu böyükdür. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23029-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #HeydərƏliyev #GənclərForumu

Ətraflı
08/05/2026

Milanda Azərbaycan ali təhsilinə həsr olunmuş panel sessiya keçirilib İtaliyanın Milan şəhərində “Times Higher Education” reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Avropa Universitetlərinin Sammiti” çərçivəsində Azərbaycan ali təhsilinə həsr olunmuş panel sessiya təşkil edilib. “Azərbaycan təcrübəsi: universitetlər beynəlxalq strategiyasını necə formalaşdırır” mövzusunda keçirilən sessiyada Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov spiker qismində çıxış ediblər. Ülkər Səttarova çıxışında elm və ali təhsil sahəsində beynəlmiləlləşmə, bu istiqamətdə həyata keçirilən tərəfdaşlıqlar, Azərbaycanın beynəlxalq təhsil qrantı proqramları və “Study in Azerbaijan” layihəsinin əhəmiyyəti barədə danışıb. O, həmçinin beynəlxalq tədqiqat tərəfdaşlığı şəbəkəsinin genişləndirilməsinin vacibliyini qeyd edib. Ədalət Muradov isə Azərbaycan Dövlət İqtisad Universitetinin son illərdə beynəlxalq əməkdaşlıq və elmi tədqiqat fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlər, xarici tərəfdaş universitetlərlə icra olunan layihələr, əldə edilmiş nəticələr, qarşıda duran strateji hədəflər və planlaşdırılan fəaliyyətlər barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb. #EATDA #THE #Sammit

Ətraflı
07/05/2026

Azərbaycan universitetləri Milanda keçirilən beynəlxalq sammitdə təmsil olunur 5–7 may tarixlərində İtaliyanın Milan şəhərində “Times Higher Education” (THE) reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Avropa Universitetlərinin Sammiti”ndə Azərbaycan 5 aparıcı ali təhsil müəssisəsi ilə təmsil olunur. Sammitdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti iştirak edir. Sammit çərçivəsində ali təhsil müəssisələrinin ölkə pavilyonunda nümayiş etdirilən stendlərində iştirakçılara universitetlərin fəaliyyəti, beynəlxalq əməkdaşlıq imkanları və təhsil proqramları barədə ətraflı məlumat təqdim olunur. #EATDA #THE #Sammit

Ətraflı