• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı konfrans öz işinə başlayıb

Oktyabrın 16-da “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfrans öz işinə başlayıb.  


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilən konfransın təşkilində məqsəd ölkəmizdə dini təhsil sahəsində mövcud vəziyyətin müzakirə olunması, qarşıya çıxan problemlərin həlli ilə bağlı təkliflərin irəli sürülməsi, bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılmasıdır. 


Konfransda dövlət orqanlarının rəhbər şəxsləri, elm adamları, ziyalılar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 


Konfransın rəsmi açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, müasir dövrdə cəmiyyət xurafatın və mifologiyanın təlqin etdiyi tezislər əsasında deyil, elmi-texniki nailiyyətlər, tədqiqatlar, araşdırmalar əsasında əldə olunmuş nəticələrlə idarə olunur. Komitə sədrinin sözlərinə görə, ilahiyyat elminin meydana gəlməsi məhz dinə elmi yanaşmanın məntiqi yekunudur. 


Ramin Məmmədov qeyd edib ki, Azərbaycan dövlətinin siyasətinin əsas məqsədlərindən biri də bundan ibarətdir ki, din haqqında təsəvvürlər elmi biliklər əsasında formalaşmalıdır. Dini tədris etməyin özü də xüsusi biliklər, elmi düşüncə və pedaqoji bacarıq tələb edir. Dini təhsilin əhəmiyyətini artıran, müasir dövrümüzdə yeni dini təhsil modelləri axtarışını zəruri edən amillərdən biri də məhz bundan ibarətdir. Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin yaradılması da bu məqsədə xidmət edir. 
 

Komitə sədri çıxışının sonunda dini təhsilin ən uğurlu modellərindən birinin də məhz multikulturalizmin, tolerantlıq ənənələrinin həyat tərzinə çevrildiyi Azərbaycanda yaradıla biləcəyinə əminliyini ifadə edib. 


Açılış mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev konfransın vacibliyindən bəhs edərək sözügedən mövzu ilə bağlı ixtisaslaşmış mütəxəssislərin rəy və təkliflərinin böyük əhəmiyyət daşıdığını, onların tövsiyələrinin gələcəkdə dini təhsil sisteminin təkmilləşdirilməsində həlledici rol oynaya biləcəyini qeyd edib. 
 

Nazirin sözlərinə görə, müxtəlif dinlərin əsaslarına dair biliklərin ötürülməsi zamanı dinlərarası tolerantlıq və qarşılıqlı anlaşma ön planda olmalıdır. “Həyat bilgisi” fənni bu biliklərin bir hissəsi kimi dövlət tədris planına daxildir, dərsliklərin məzmunu və müəllimlərin hazırlığı diqqətlə izlənməlidir.
 

Emin Əmrullayev sinif otaqlarında dini tədrisin dövlətin müəyyən etdiyi standartlar əsasında aparılmalı olduğunu, məktəblərdə dini təhsilin tədrisində isə yalnız dövlət standartlarına uyğun proqramların həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. 
 

Nazir bildirib ki, dini təhsil sahəsində kadr hazırlığı da xüsusi diqqət tələb edir və bu istiqamətdə ixtisasların daha dəqiq müəyyənləşdirilməsinə ehtiyac var. Həmçinin dini tədqiqatların və araşdırma məqalələrinin hazırlanması üçün daha geniş imkanlar yaradılmalı və bu məqsədlə tədqiqatlar aparılmalıdır. Nazir bu istiqamətdə aparılacaq tədqiqatların və mütəxəssis hazırlığının Azərbaycanda dini təhsilin keyfiyyətinin yüksəldilməsinə, həm də qlobal çağırışlara cavab verən təhsil modellərinin formalaşmasına xidmət edəcəyini vurğulayıb.
 

Çıxışının sonunda konfransın işinə uğurlar arzulayan Emin Əmrullayev konfransın həm elmi, həm də praktik cəhətdən dini təhsil sahəsinə yeni yanaşmaların ortaya çıxmasına töhfə verəcəyinə inandığını söyləyib. 


Çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunda və onun yanında fəaliyyət göstərən Bakı İlahiyyat Kollecində din tədrisi din haqqında və dindən öyrənmə modellərinə uyğun şəkildə aparılır. Rektorun sözlərinə görə, dini biliklər doğru mənbələrə əsaslanaraq şərh olunmalı, həmçinin müasir dövrün reallıqları da nəzərə alınıb cəmiyyətə çatdırılmalıdır. Dini təhsilin düzgün aşılanması dinin özünü təhriflərdən qoruyur, milli-mənəvi vəhdətin təmin edilməsinə töhfə verib, cəmiyyəti radikal dini tendensiyalardan sığortalayır.


Rəsmi açılış mərasimindən sonra elmi-praktik konfrans işini panellərlə davam etdirib. 
 

“Azərbaycanda dini təhsil: keçmişdən bu günə”, “Dünyəvi dövlətdə dini təhsilin aktual məsələləri”, “İslam coğrafiyasında dini təhsil: ənənə və müasir çağırışlar”, “Dini tərbiyə, dini təhsil və din tədrisi” mövzularında keçiriləcək panellərdə cari mövzularla bağlı çıxışlar ediləcək, müzakirələr aparılacaq.


16.10.2024 - 13:00