Müəllimlərin işə qəbulu üzrə imtahan mərhələsinə başlanılır
İyulun 14-dən 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start veriləcək. Test imtahanı mərhələsinin keçiriləcəyi tarix və yer barədə məlumat namizədlərin şəxsi səhifələrinə artıq göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər. Qeyd edək ki, namizədlər şəxsi səhifələrində göstərilən son qeydiyyat saatından sonra imtahan zalına buraxılmayacaq. Bütün iştirakçılara uğurlar arzulayırıq!
13/07/2022 11:46
Şamaxıda “CyberCamp 2022” yay düşərgəsi davam edir
İyulun 9-da “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə Şamaxı rayonunda “CyberCamp 2022” yay düşərgəsinə start verilib. 9-14 iyul tarixlərini əhatə edən layihənin təşkilində əsas məqsəd kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək və karyera hədəfləri olan tələbə və gənclərin bir mühitdə toplanması, komanda işinə cəlb olunması və onlara yeni imkanlar əldə etməsinə şərait yaradılmasıdır. Yay düşərgəsinin açılışında çıxış edən Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev iştirakçılara uğurlar arzulayıb. Daha sonra “Bir Könüllü” Təşkilatının sədri Ülvi Əlizadə çıxış edərək ölkəmizdə kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları ixtisasları üzrə təhsil alan bakalavrlar, magistrlar üçün kibertəhlükəsizlik sahəsi üzrə bilik və bacarıqlarını nümayiş etdirmək və təkmilləşdirmək üçün bu cür layihələrin davamlı olaraq keçirilməsinin əhəmiyyətini bildirib. İlk gün iştirakçılar üçün peşəkar, çevik və innovativ mütəxəssislər tərəfindən kibertəhlükəsizlik üzrə laboratoriya mühitində veb-proqram təminatlarında rast gəlinən və "TOP 10 OWASP" üzrə klassifikasiya olunan təhlükəsizlik çatışmazlıqlarını əhatə edən laboratoriya işləri (CTF formasında), əməliyyat sistemlərində imtiyazların yüksəldilməsi, zərərli proqram təminatının analizi və tərsinə mühəndislik və kriptoqrafiya üzrə praktiki fəaliyyətlər, mühazirələr təşkil olunub və onlar üçün mövzular üzrə asandan çətinə doğru maraqlı tapşırıqlar tərtib edilib. Sonra təlimçilər iştirakçıların səhvlərinə əsasən tapşırıq həllərinin izahlarını veriblər. Qeyd edək ki, tələbələrin düşərgə boyunca asudə vaxtının səmərəli təşkili məqsədi ilə düşərgədə interaktiv təlim dərsləri keçirilir, müxtəlif idman və bilik yarışları təşkil olunur.
12/07/2022 12:28
"Siyasi Elmlər və Diplomatiya üzrə yay məktəbi"nə start verilib
İyulun 9-da “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Şamaxı rayonunda "Siyasi Elmlər və Diplomatiya üzrə yay məktəbi"nə start verilib. 9-14 iyul tarixlərini əhatə edən yay məktəbinin təşkilində əsas məqsəd tələbələrə müasir dünyada və regionda cərəyan edən siyasi-iqtisadi konyunkturun müşahidə edilərək obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması baxımından dəstək olmaq, onlara müxtəlif siyasi səpkili mövzulara dair interaktiv müzakirələrdə iştirak imkanı yaradaraq səmərəli platformanın yaradılmasıdır. Yay məktəbinin açılışında çıxış edən “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Ülvi Əlizadə tələbələrin fiziki, intellektual və mənəvi inkişafında onların yay tətili ərzində asudə vaxtlarının səmərəli təşkili baxımından bu cür yerli layihələrin əhəmiyyətini vurğulayıb. Açılış mərasimində Bakı Slavyan Universitetinin rektorunun müşaviri Elçin Hüseynov çıxış edərək yay məktəblərinin, düşərgələrinin keçirilməsində əsas məqsədlərdən biri də gənclər siyasətinin inkişafını dəstəkləmək, yeni yaradıcı təşəbbüslərin formalaşdırılması və gələcək əməkdaşlıqların qurulmasına şərait yaratmaq olduğunu bildirib. Tədbirdə ilk olaraq iştirakçılar üçün Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov tərəfindən “Siyasət və diplomatiyaya giriş” mövzusunda informativ sessiya keçirilib. Daha sonra Fuad Çıraqovun təqdimatında “Qərbin Cənubi Qafqazda sülh şəraitində birgə yaşayışının təmin olunmasında rolu” mövzusunda maraqlı sessiya təşkil edilib. Təlim və sessiyalardan sonra yay məktəbində iştirakçıların əylənərək öyrənməsi və asudə vaxtlarının səmərəli istifadəsi məqsədilə müxtəlif idman və bilik yarışları, interaktiv oyunlar təşkil edilib. Qeyd edək ki, layihədə iştirak üçün müraciət edən 300 nəfərdən 25-i iştirak hüququ əldə edib. Seçilən gənclər əsasən beynəlxalq münasibətlər, beynəlxalq hüquq, siyasi elmlər, tarix, hüquq, iqtisadiyyat, politologiya və regionşünaslıq ixtisaslarında təhsil alan tələbələrdir.
11/07/2022 14:32
Təhsilverənlərin nəzərinə!
Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı iyulun 14-dən 25-dək aşağıda qeyd olunan 14 regionda görüşlər təşkil olunacaq. Regionlar üzrə keçiriləcək görüşlərdə sertifikatlaşdırılma prosesinin təhsilin keyfiyyət göstəricilərinə, təhsilverənlərin karyera inkişafına müsbət təsirləri və digər məsələlər barədə müzakirələr aparılacaq, təhsilverənləri maraqlandıran suallar cavablandırılacaq. Görüşlərdə iştirak etmək istəyən ibtidai sinif müəllimləri iyul ayının 13-dək aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://docs.google.com/forms/d/13FGyhrdoWQH4wzEH9_XPB4-BkOoNt6s35on0HWJ5L5s/edit
11/07/2022 11:38
Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib
İyulun 8-də Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyanın birinci prorektoru Ədalət Səmədov iştirakçılara rektor Arif Paşayevin salamlarını çatdırıb. Akademiyanın tarixinə nəzər salan Ədalət Səmədov diqqətə çatdırıb ki, hazırda bakalavriat üzrə 21, magistratura üzrə 17, doktorantura üzrə 10 ixtisas tədris edilir. Bu tədris ilində Milli Aviasiya Akademiyasında 1352 nəfər bakalavriat, 59 nəfər magistratura səviyyəsi üzrə təhsil alıb. Akademiyadan 396 nəfər bakalavr, 47 nəfər magistr məzun olur. Bakalavrlardan 50-si, magistrlərdən 27-si təhsili fərqlənmə diploma ilə başa vurur. Tədbirdə Milli Aviasiya Akademiyasının tarixinə dair fotoslayd, müasir dövrü haqqında videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Milli Aviasiya Akademiyasını fərqlənmə diplomu ilə bitirən məzunların sayının yüksək olmasını xüsusi qeyd edib. Nazir müavini akademik Arif Paşayevin uzaqgörənliyi sayəsində sözügedən təhsil müəssisəsində təlim-tədrisin yüksək səviyyədə aparıldığını, maddi-texniki bazasının möhkəmləndirildiyini vurğulayıb. Firudin Qurbanov işğaldan azad edilmiş ərazilərdə ən yüksək səviyyədə infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdıraraq həmin layihələr üzrə gənclərin fəaliyyətinə ehtiyac olacağını vurğulayıb. Ölkəmizdə gənclərin təhsilinə xüsusi diqqət ayrıldığını deyən Firudin Qurbanov xaricdə təhsil üzrə yeni Dövlət Proqramı barədə danışıb. Nazir müavini çıxışının sonunda məzunları təbrik edib və onlara uğurlar arzulayıb. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov çıxışında əmək bazarının tələblərindən söz açıb, Akademiyanın məzunlarına daim öz üzərində işləməyi tövsiyə edib. AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxışında məzunların müstəqil həyatının uğurlu olmasını arzu edib. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov məzunlara məqsədlərinə doğru inamla irəliləməyi, özlərində dəyərlər formalaşdırmağı tövsiyə edib. Çıxış edən Xalq şairi Nəriman Həsənzadə akademik Arif Paşayevin rəhbəri olduğu professor-müəllim kollektivinin fəaliyyətini yüksək qiymətləndirib, məzunlara uğurlar arzulayıb. Sonra məzunlara sertifikatlar təqdim olunub. “Məzun günü” bədii proqramla davam edib.
08/07/2022 17:34
Təhsil naziri “Birgə və Sağlam” İctimai Birliyinin Autizm Mərkəzini ziyarət edib
İyulun 8-də təhsil naziri Emin Əmrullayev paytaxtın Nizami rayonundakı “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzini ziyarət edib. Təhsil naziri Emin Əmrullayev Mərkəzdə yaradılan şəraitlə tanış olub. Direktor Aytən Eynalova Mərkəzdə hazırda 90-a yaxın autizmspektr pozğunluqları olan şəxslərə verilən dəstək proqramları haqqında ətraflı məlumatı diqqətə çatdırıb. Nazir proqramların təlim zamanı tətbiqi prosesini əyani şəkildə izləyib. Daha sonra emalatxana ilə tanış olan Emin Əmrullayev Mərkəzin daxilində fəaliyyət göstərən "Kaşalata cafe"də autizmli gənclərdən ibarət “Mavi ürəklər” xor qrupunun ifasında mahnıları dinləyib. Kafenin autizmli gəncləri tərəfindən müxtəlif tamaşalar nümayiş olunub. Görüş zamanı Nazirliklə Mərkəz arasında gələcək əməkdaşlıq imkanları da müzakirə olunub. Sonda xatirə şəkilləri çəkdirilib.
08/07/2022 16:30
Məktəblilər üçün “Gənc mina təlimçiləri” adlı yay düşərgəsi keçirilib
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Gənc mina təlimçiləri” adlı yay düşərgəsi təşkil edilib. Layihə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu və Avropa İttifaqının maliyyə dəstəyi, Təhsil Nazirliyi, UNICEF və Minatəmizləmə Agentliyi (ANAMA) arasında imzalanan Fəaliyyət Planı çərçivəsində həyata keçirilib. Yay düşərgəsinin məqsədi işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsini minimuma endirmək, minalara qarşı maarifləndirmə fəaliyyətlərində interaktiv yanaşmadan istifadə edərək prosesi daha da effektiv etmək, məktəblilərin istedad və bacarıqlarını kəşf etmək, yay mövsümündə uşaqların asudə vaxtlarını səmərəli keçirməsi üçün şərait yaratmaqdan ibarət olub. Düşərgədə Ağdam, Tərtər, Füzuli, Goranboy, Xocavənd, Ağcabədi, Beyləqan, Göygöl, Daşkəsən və Bərdə rayonlarında fəaliyyət göstərən 90-a yaxın ümumtəhsil məktəbindən 12-17 yaşlı 70-ə yaxın məktəbli iştirak edib. Təşkilatçı qurumların peşəkar ekspertləri tərəfindən mina təhlükəsizliyi qaydaları mövzusunda təqdimat nümayiş olunub, “Gənc mina maarifləndirmə təlimçisi”, “Təhlükəli, şübhəli, təhlükəsiz” və “Minasız ərazi” adlı interaktiv oyun və yarışlar təşkil edilib, liderlər üçün vacib olan bacarıq vərdişləri, işləri düzgün planlanma, səmərəli ünsiyyət, kreativlik və tənqidi düşüncənin formalaşdırılması, ilk yardımın əsasları, müxtəlif fövqəladə hallar zamanı nə etməli mövzularına dair təlimlər keçirilib. 5 gün davam edən düşərgədə məktəblilərə şərti işarələr, xəritəni oxumaq, kompasla düzgün işləmək barədə məlumat verilib, İçərişəhər ərazisində səmti müəyyənetmə yarışları keçirilib, iştirakçıların Heydər Əliyev Mərkəzi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, “Suraxanı” gəmi-muzeyi, Yarat İncəsənət Muzeyi, Tusi-Bohm Planetariuma ekskursiyaları təşkil olunub. Sonda qazanılan biliklərin yoxlanılması məqsədilə şagirdlər arasında qiymətləndirmə testi keçirilib. Düşərgə iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.
08/07/2022 15:10
Beynəlxalq idman yarışında uğurlu nəticə əldə edilib
29 iyun-6 iyul 2022-ci il tarixlərində Türkiyənin İzmit-Kocaeli şəhərində cüdo idman növü üzrə 2006-2007, 2008-2009, 2010-2011-ci il təvəllüdlü idmançılar arasında beynəlxalq turnir keçirilib. 16 ölkədən 2000 nəfərə yaxın idmançının iştirakı ilə keçirilən yarışda “Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli uşaq-gənclər idman məktəbinin idmançıları 2 qızıl, 2 gümüş, 1 bürünc, Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları 4 qızıl, 3 gümüş, 4 bürünc olmaqla ümumilikdə 16 medal qazanıb. Qeyd edək ki, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin komandası ümumi hesabda beynəlxalq turnirin qalibi olub.
08/07/2022 12:55
2022-ci ilin yanvar-iyun aylarında idman sahəsində əldə edilmiş nailiyyətlər
“Təhsil” Respublika İdman Mərkəzi tərəfindən 2022-ci ilin altı ayı ərzində uşaq-gənclər idman-şahmat məktəblərinin uşaq, yeniyetmə və gənc idmançıları arasında 14 idman növü: boks, qılıncoynatma, həndbol, şahmat, Yunan-Roma güləşi, ağır atletika, futbol, cüdo, stolüstü tennis, sərbəst güləş, badminton, atletika, basketbol və karate üzrə 23 Respublika birinciliyi keçirilib. Həmin yarışlara Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 16305 nəfər idmançı qatılıb. Onlardan 277 nəfəri qızıl, 265 nəfəri gümüş, 385 nəfəri bürünc medala layiq görülüb, ümumilikdə 927 medal qazanılıb. Keçirilmiş yarışların, aparılmış seleksiya işlərinin nəticələrinə əsasən, sözügedən və digər idman növləri üzrə “Təhsil” Respublika İdman Mərkəzinin kiçik yeniyetmələr, yeniyetmələr, gənclər, böyüklərdən ibarət yığma komandaları formalaşdırılmış, onların Respublika və beynəlxalq səviyyəli yarışlarda iştirakları təmin edilib. Qeyd olunan dövr ərzində Gənclər və İdman Nazirliyi və müvafiq federasiyalar tərəfindən 20 idman növü üzrə keçirilən 79 Respublika yarışında uşaq-gənclər idman-şahmat məktəblərindən 2702 nəfər iştirak edib, 333 qızıl, 304 gümüş, 351 bürünc olmaqla 988 medal qazanılıb. Eyni zamanda Mərkəzin yığma komandaları atletika üzrə Azərbaycan birinciliyinin, karate üzrə ölkə birinciliyinin, boks idman növü üzrə gənclər və yeniyetmələr arasında Azərbaycan birinciliyinin, basketbol üzrə Federasiya Kubokunun, həndbol üzrə Azərbaycan birinciliyinin, badminton üzrə yığma komandanın üzvləri Azərbaycan birinciliyinin qalibi, veloidman üzrə yığma komandanın üzvləri Azərbaycan kubokunun sahibi olub. Son 6 ayda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları müxtəlif ölkələrdə keçirilən beynəlxalq turnirlərdə, Avropa və Dünya birinciliklərində, Avropa Kuboku, Qran-Pri yarışlarında 153 qızıl, 81 gümüş və 66 bürünc olmaqla, ümumilikdə 300 medal qazanıb. 2022-ci ilin yanvar-iyun aylarında uşaq və gənclərin idman ustalıqlarının artırılması, onlar arasında sağlam həyat tərzinin təbliği, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə uşaq-gənclər idman-şahmat məktəblərində 16 idman növü üzrə 52 sayda kütləvi idman tədbirləri keçirilib. Bu tədbirlərdə 32585 nəfərə yaxın idmançı iştirak edib.
08/07/2022 11:50
Test imtahanları ilə bağlı namizədlərə məlumat göndərilib
2022-2023-cü tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsi üzrə keçiriləcək test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər. Qeyd edək ki, test imtahanı mərhələsinə iyulun 14-dən start veriləcək. İmtahan iştirakçılarına uğurlar arzulayırıq!
07/07/2022 17:30
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Hörmətli vətəndaşlar! Hər birinizi “Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər” barədə anket sorğusunda aktiv iştiraka dəvət edirik. ? Fikirləriniz bizim üçün çox önəmlidir. Sorğuya keçid: https://anket.edu.az/user/318 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #Sorğu
ƏtraflıMilli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
Ətraflı