“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair ikinci sənəd qəbulu başlayır
İyulun 15-də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2022-ci il üzrə ikinci sənəd qəbuluna start verilir. Təhsil Nazirliyi nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını sənəd qəbulunda iştirak etməyə dəvət edir. Proqrama son müraciət tarixi 1 sentyabr 2022-ci ildir. "2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat linki müvafiq keçiddən əldə oluna bilər. Qeyd edək ki, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Neft Fondu tərəfindən həyata keçirilir. Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya dpinfo@edu.gov.az mail ünvanına müraciət oluna bilər.
15/07/2022 09:55
Təhsil nazirinin Lənkəran şəhərindəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Təhsil naziri Emin Əmrullayevin 22 iyul 2022-ci il tarixində Lənkəran şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyulun 26-da keçiriləcək. Qəbulda Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarında qeydiyyatda olan sakinlər, eləcə də həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin də iştirakı nəzərdə tutulub. Qeyd olunan rayonların sakinləri 18 iyul 2022-ci il (saat 18:00-dək) tarixənədək Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron (https://edu.gov.az/az/contact_us) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər. Qeyd edək ki, qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edəcək. Müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslər qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.
15/07/2022 09:05
Xızıda sertifikatlaşdırmaya dair görüş
İyulun 14-də Xızı rayonunda direktor, direktor müavinləri və ibtidai sinif müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib. Görüşdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təqdimatla çıxış edib. Daha sonra çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşı Oktay Abdullayev görüşün mahiyyəti barədə danışıb. Görüşdə iştirak edən Təhsil İnstitutunun ibtidai təhsil üzrə təlimçisi Vəfa Məmmədovada öz növbəsində sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlərini bölüşüb, çərçivə sənədi və ibtidai təhsil üzrə nümunə test tapşırıqlarını izah edib. Görüşdə Təhsil Nazirliyi tərəfindən sertifikatlaşdırma prosesində iştirak edəcək təhsilverənlərə dəstək tədbirlərinin görüləcəyi də vurğulanıb. Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
14/07/2022 17:10
Ali təhsilin magistratura səviyyəsinə elektron sənəd qəbuluna start verilir
15 iyul saat 12:00-da ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesinə start veriləcək. Müraciətçilər https://portal.edu.az/ portalında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Eyni zamanda müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur. Elektron sistem üzrə qeydiyyat 25 iyul saat 12:00-da yekunlaşacaq. Qeyd edək ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən qeydiyyat etməklə yanaşı, təhsil haqqını bank, poçt, eManat terminallarına yaxınlaşaraq nəğd şəkildə ödəyə bilərlər. Nəğdsiz ödəniş üçün tələbələr plastik kartla bankların mobil tətbiqləri, gpp.az və portal.edu.az vasitələrindən birini seçə bilər. Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti, dövlət sifarişli qəbul olanlar isə qanunvericiliyin imkan verdiyi çərçivədə müəyyən olunmuş təqaüdün iki mislindən az olmayaraq təqaüdün əldə edilməsi üçün müraciət və digər imkanlardan daha çevik və rahat faydalana biləcəklər. Magistraturaya elektron sənəd qəbulu ilə bağlı ən çox verilən suallar və onların cavabları
14/07/2022 16:40
HTP çərçivəsində Çində təhsil almaq hüququ qazananlar müəyyənləşib
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, ümumilikdə 31 nəfər azərbaycanlı Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2022-2023-cü tədris ili üzrə Çin Xalq Respublikasınin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. Müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 31 nəfər bu ölkənin “Fudan University”, “Beijing Institute of Technology”, “China University of Petroleum-Beijing”, “University of Science and Technology Beijing”, “Zhejiang University”, “Huazhong University of Science and Technology”, “Shanghai Jiatong University”, “Renmin University of China” kimi ali təhsil müəssisələrində süni intellekt, proqramlaşdırma və kompüter elmləri, media və kommunikasiya, tibb, iqtisadiyyat və idarəetmə, maliyyə, neft-qaz mühəndisliyi, mikrobiologiya kimi ixtisasları üzrə bakalavriat (5 nəfər), magistratura (22 nəfər) və doktorantura (4 nəfər) səviyyələri üzrə təhsil almaq hüququ qazanıb. Müvafiq təqaüd proqramı barədə elan 21 dekabr 2021-ci il tarixində verilib.
14/07/2022 14:15
Müəllim olmaq istəyənlərin nəzərinə!
Bu gündən etibarən MİQ müsabiqəsinin test imtahanı mərhələsi ilə bağlı Təhsil TV-də canlı müzakirə təşkil olunacaq. Ekspertlərin iştirakı ilə aparılacaq müzakirədə test imtahanı mərhələsində namizədlərə təqdim olunmuş ixtisas üzrə suallara toxunulacaq, həmçinin cavab variantları elan olunacaq. Müzakirələr test imtahanı mərhələsi ərzində hər günün sonunda təşkil olunacaq. İlk müzakirəni bu gün saat 19:00-da Təhsil Nazirliyinin və Təhsil TV-nin "Facebook" səhifələri üzərindən izləyə bilərsiniz. Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində təqdim olunan tədris metodikası və təlim strategiyalarına aid sualların müzakirəsi isə test imtahanı mərhələsi yekunlaşdıqdan sonra aparılacaq.
14/07/2022 12:45
204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Ölkə üzrə 204 ümumi təhsil müəssisəsində e-Jurnal və e-Gündəlik sisteminin tətbiqi davam etdirilir. Sözügedən təhsil müəssisələri Bakı, Sumqayıt şəhərləri və digər 11 bölgədə yerləşir. Layihənin məqsədi müəssisə üzrə pedaqoji və inzibati-idarəetmə heyəti tərəfindən elektron qiymətləndirmənin səmərəli təşkili və sənədləşmə prosesinin rəqəmsallaşmasıdır. Bu sistem vasitəsilə hər müəssisə üzrə tədris növbələrinin təyin olunması, dərs cədvəllərinin tərtib edilməsi, elektron profillərin tənzimlənməsi və siniflər üzrə şagird məlumatlarının idarə olunması elektronlaşdırılıb. Həmçinin elektron jurnal şagirdlərin müvəffəqiyyət və davamiyyətini, eyni zamanda mövzular üzrə dərs materiallarının mənimsənilməsi keyfiyyətini təhlil etmək imkanı da yaradır. Tətbiq olunan sistem vasitəsi ilə valideyn-məktəb və valideyn-müəllim əlaqələrinin əlçatanlığı artırılıb. Hazırda “Elektron jurnal və gündəlik” sistemi 204 təhsil müəssisəsinin 324 357 şagird və 23 337 müəllimini əhatə edir. Növbəti tədris ilindən daha 158 müəssisədə də bu sistemin tətbiqi nəzərdə tutulur. Bununla da “Elektron jurnal və gündəlik” sisteminin 536 646 şagird və 37 448 müəllimi əhatə etməsi proqnozlaşdırılır. Qeyd edək ki, elektron jurnalın funksionallıqları ilə bağlı istifadəçilərdən gələn tələb və təkliflər nəzərə almaqla hər tədris ilində təkmilləşdirmələr aparılır.
14/07/2022 11:30
Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının ilk günü
İyulun 14-də 2022-2023-cü tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib. 54 745 namizədin iştirakı planlaşdırılan müsabiqə 7 gün ərzində ölkə üzrə 10 şəhərdə təşkil olunmuş 15 imtahan mərkəzində keçiriləcək. İmtahanların ilk gününə riyaziyyat, fiziki tərbiyə, alman dili və fransız dili fənni üzrə 8000-dən artıq namizəd dəvət olunub. Müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim ediləcək. Ötən illərdən fərqli olaraq bu il test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulub. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 balla hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Həmçinin yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanacaq. Qeyd edək ki, namizəd şəxsi səhifəsində qeyd olunan tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaq. Təlimatla bağlı ətraflı məlumat üçün namizədlərə şəxsi səhifələrinə nəzər yetirmələri tövsiyə olunur. Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!
14/07/2022 10:01
“BestComp Group” tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşən təhsil müəssisələri üçün 1000 ədəd kompüter ianə edilib
İyulun 13-də Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Təhsilin İnkişafı Fondu və “BestComp Group” MMC arasında Niyyət Protokolunun imzalanması mərasimi keçirilib. Mərasimdə təhsil nazirinin müavini Muxtar Məmmədov, Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, “BestComp Group” MMC-nin baş direktoru Fərid Həsənov və digər nümayəndələr iştirak edib. Qeyd edilib ki, imzalanmış sənədə əsasən “BestComp Group” MMC şirkəti tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşən təhsil müəssisələrinə 1000 ədəd kompüter avadanlıqları ianə olunacaq. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov cəmiyyətin gələcək həyatının təhsilin rəqəmsal transformasiyasından asılı olduğunu qeyd edərək bu istiqamətdə Təhsil Nazirliyinin, digər hökumət qurumlarının və özəl sektorun əlaqələndirilmiş şəkildə fəaliyyətinin vacibliyini vurğulayıb. Nazir müavini işğaldan azad olunmuş ərazilərdə yenidənqurma prosesi çərçivəsində qurulacaq şəhər və kəndlərdə istifadəyə veriləcək təhsil müəssisələrində müasir İT infrastrukturunun qurulması məsələsinə toxunub. Muxtar Məmmədov bildirib ki, bu da öz növbəsində ölkədə təhsilalanlar üçün bərabər, fərdiləşdirilmiş və sənaye-əsaslı təhsil imkanlarının yaradılması deməkdir. “BestComp Group” MMC-nin baş direktoru Fərid Həsənov da öz növbəsində təhsil sahəsində olan əməkdaşlığın cari vəziyyəti barədə məlumat verib və gələcək əməkdaşlıq istiqamətlərində təkliflərini irəli sürüb.
13/07/2022 16:30
Xaricdə təhsil üçün Dövlət Proqramına sənəd qəbulu davam edir
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə nüfuzlu universitetlərdə təhsil almaq istəyən və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları üçün açıq elan olunmuş sənəd qəbulu prosesi davam edir. Son müraciət tarixi 15 iyul 2022-ci il saat 23:59 müəyyən edilib. Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz. Qeyd edək ki, Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə, hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.
13/07/2022 12:20
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Hörmətli vətəndaşlar! Hər birinizi “Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər” barədə anket sorğusunda aktiv iştiraka dəvət edirik. ? Fikirləriniz bizim üçün çox önəmlidir. Sorğuya keçid: https://anket.edu.az/user/318 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #Sorğu
ƏtraflıMilli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
Ətraflı