Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“İT-Akademiya” təhsil layihəsinin ikinci mərhələsinə start verilib

Elm və Təhsil və İqtisadiyyat nazirlikləri tərəfindən rəqəmsal sahədə yeni peşəyə yiyələnmək istəyənlər üçün “İT-Akademiya” təhsil layihəsinin ikinci mərhələsinə start verilib.   Noyabrın 15-dən başlayan kurslarda 150 tələbə iştirak edəcək. Tədris onlayn (2 qrup) və əyani (8 qrup) rejimdə olmaqla 5 ay davam edəcək. Əyani dərslər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilir.   Qeyd edək ki, “İT-Akademiya”nın məqsədi İT bazarının inkişafına dəstəyin göstərilməsi və bu sahədə təhsil sisteminin təkmilləşdirilməsinin sürətləndirilməsidir. Layihə iştirakçıları veb-tərtibatçı, sistem administratoru (inzibatçı) və testləşmə üzrə mühəndis peşələri ilə bağlı lazımi biliklər əldə edəcək, eyni zamanda real məsələlərin həllində praktik bacarıqlar qazanacaqlar. Kursları müvəffəqiyyətlə bitirən şəxslərə sertifikat veriləcək.   “İT-Akademiya” təhsil layihəsi “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbinin iştirakı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və “Baku Steel Company”nin dəstəyi ilə həyata keçirilir.   

Emin Əmrullayev Özbəkistanın xalq təhsili naziri ilə görüşüb

Özbəkistanda səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev bu ölkənin xalq təhsili naziri Baxtiyar Saidov ilə görüşüb.    Görüş zamanı ümumi təhsil sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, şagird və müəllim mübadilə proqramlarının həyata keçirilməsi, iki ölkənin tarixi və ortaq dəyərləri ilə əlaqədar məktəblilər arasında təqdimatların təşkili, o cümlədən qardaşlaşmış məktəblərin sayının artırılması məsələləri müzakirə olunub.    Elm və təhsil naziri ölkəmizin son illər ərzində təhsil sahəsində əldə etdiyi uğurlar, eləcə də STEAM və rəqəmsal bacarıqlar, şagirdlərin beynəlxalq qiymətləndirmə proqramlarında (PISA, PIRLS, TIMSS) iştirakı ilə bağlı Azərbaycanın təcrübəsini bölüşüb.    Nazir 5-9 dekabr 2022-ci il tarixlərində ölkəmizdə keçirilməsi nəzərdə tutulan STEAM festivalında Özbəkistan məktəblilərinin iştirakı ilə əlaqədar məmnunluğunu ifadə edib.    Eyni zamanda Emin Əmrullayev işğaldan azad olunmuş Füzuli rayonunda Özbəkistan hökumətinin məktəb tikintisi ilə bağlı təşəbbüsünə görə təşəkkürünü bildirib.

Elm və təhsil naziri Özbəkistanda səfərdədir

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən "Erkən uşaqlıq dövründə qayğı və təhsil" beynəlxalq konfransında iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. Müxtəlif ölkələrdən 1500-dən çox iştirakçının cəlb olunduğu tədbirin məqsədi məktəbəqədər təhsilin əhatəliliyinin təmin edilməsi və erkən uşaqlıq təhsilinin inkişafı istiqamətində təşkilata üzv dövlətlərin təcrübə mübadiləsinin aparılmasıdır. Konfrans çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin yüksək səviyyəli sessiyada iştirakı, UNESCO rəhbərliyi, eləcə də Özbəkistanın təhsil siyasətini həyata keçirən müvafiq dövlət qurumları ilə ikitərəfli görüşləri nəzərdə tutulub.

Rəqəmsallaşan qiymətləndirmə

Cari tədris ilində ümumtəhsil məktəblərində kiçik summativ qiymətləndirmələrin rəqəmsal təşkilinə başlanılıb.  Rəqəmsal məktəbdaxili qiymətləndirmə şagirdlərin rəqəmsal bilik və bacarıqlarının  artırılması, qiymətləndirmə vasitələrinin hazırlanmasında  və yoxlanılmasında vaxta qənaət,  texnologiyanın təklif etdiyi yeni məzmun və formalı qiymətləndirmə üsullarından istifadə və kağız sərfiyyatının minimuma endirilməsi məqsədilə həyata keçirilir.  Ümumi təhsil müəssisələri məktəbdaxili qiymətləndirməni kompüter avadanlıqları və internet təminatı imkan verdiyi təqdirdə rəqəmsallaşdıra bilərlər. Sözügedən proseslə bağlı ölkə üzrə bütün ümumi təhsil müəssisələrinə müvafiq təlimatlar göndərilib.  Qeyd edək ki, məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması prosesinin tətbiqinə ötən tədris ilindən pilot olaraq başlanılıb.   

Məktəblərdə payız tətili

Noyabrın 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq. Payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.   Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.   Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

“Heydər Əliyev və Azərbaycan tarixi” VIII ümumrespublika bilik yarışı keçirilib

Noyabrın 12-də “Heydər Əliyev və Azərbaycan tarixi” VIII ümumrespublika bilik yarışı keçirilib.   Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 8-ci dəfə keçirilən yarışda ölkə üzrə 49 ali təhsil müəssisəsinin tələbələri iştirak edib.   Diqqətə çatdırılıb ki, artıq ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin öyrənilməsinə, gənclər arasında maarifləndirməyə yönəlib. İştirakçılar “Heydər Əliyev və Azərbaycanın müstəqillik illəri”, “Heydər Əliyev və Qarabağ həqiqətləri”, “Azərbaycanın Vətən müharibəsindəki zəfəri”, “Qarabağın dirçəlişi” və digər mövzulardakı suallar üzrə biliklərini sınayıblar. Komandalar hazırlıq mərhələsində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak edib, Heydər Əliyev Muzeyindəki arxiv materialları əsasında mövzular üzrə araşdırma aparıblar.   Yarışda hər ali təhsil müəssisəsini 6 nəfərdən ibarət bir komanda təmsil edib. Üç turun sonunda ümumrespublika bilik yarışının qalibləri seçilib. Qaydalara əsasən, münsiflər heyəti hər düzgün cavabı bir xalla qiymətləndirir. Ümumi xallar üzrə qalib komanda müəyyənləşir.   Bilik yarışında Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası birinci, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası ikinci, Dövlət Sərhəd Xidmətinin Akademiyasının komandası üçüncü yerə layiq görülüb.   Yarışda I, II və III yerləri tutan komandalar mükafatlandırılıb, komandaların hər bir üzvünə iştirakçı sertifikatları təqdim edilib.   Yarışla bağlı təəssüratlarını bölüşən Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandasının kapitanı İlkin Ələkbərov deyib: “VIII ümumrespublika bilik yarışına bizə təqdim olunan mövzular üzrə 1 ay müddətində hazırlaşdıq. Ulu Öndərin irsi, Qarabağın dirçəlişi, Azərbaycanın Vətən müharibəsindəki zəfər və digər mövzular ətrafında bizə verilən proqram çərçivəsində yarışmaya çox ciddi hazırlaşmışdıq. Birincilik uğrunda mübarizə aparsaq da ancaq ikinci yerə nail olduq. Daxili İşlər Nazirliyinin Polis Akademiyasının müəllim-professor heyətini, kursantlarımızı və komandamızın üzvlərini təbrik edirəm”. Dövlət Sərhəd Xidmətinin Akademiyasının komandasının kapitanı Amal Rəhmətov ümummilli lider Heydər Əliyevə həsr olunan bilik yarışında iştirak etməyin çox qürurverici olduğunu deyib: “Komandamız iki il “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışmasında 1-ci yerin qalibi olub. Dövlət Sərhəd Xidmətinin Akademiyasında Heydər Əliyev irsi daim öyrənilir və bu yarışmaya bizim komandamız da çox ciddi hazırlaşmışdı. İnanıram ki, növbəti illərdəki bilik yarışmalarında da uğur qazanaraq, istədiyimiz nəticəyə nail olacağıq”.   AZƏRTAC 

110 ölkəni təmsil edən 8819 əcnəbi tələbə

2022-2023-cü tədris ilində ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 110 ölkədən 8819 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.    Bu da ötən ilə (7332 nəfər) nisbətdə 20%, 2015/16-cı tədris ilinə (4326 nəfər) nisbətdə isə 103% artım deməkdir.   Tələbələr, əsasən, Türkiyə, İran, Gürcüstan, Pakistan, Rusiya, Nigeriya, Hindistan, İraq, Şri-Lanka, Suriya və digər ölkələri təmsil edirlər.    Həmçinin cari tədris ilində ötən tədris ili ilə müqayisədə Botsvana, Burundi, Ekvador, Honduras, İrlandiya, İsveçrə, İtaliya, Komor, Konqo Demokratik Respublikası, Kot D`İvuar, Küveyt, Nikaraqua, Slovakiya, Tayland, Tuvalu, Yaponiyadan tələbələr ölkəmizdə təhsil alacaqlar.   Əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali təhsil müəssisələri sırasında Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texniki Universiteti yer alır.   Cari tədris ili üzrə şəxsi vəsaiti hesabına ölkəmizdə təhsil almaq istəyənlərlə yanaşı, dövlət büdcəsi hesabına təhsil almaq üçün də əcnəbi vətəndaşların qəbulu həyata keçirilib. Belə ki, ölkə Prezidentinin sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin 40 vətəndaşı (hər bir qrant proqramı üzrə 20 nəfər) müxtəlif yerli təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Eyni zamanda hökumətlərarası sazişlər çərçivəsində Çinin 41, Qazaxıstanın 4, Tacikistanın isə 1 nəfər vətəndaşı ölkəmizdə təhsil imkanından yararlanıb.   Qeyd edək ki, cari tədris ilindən etibarən əcnəbilərin ölkəmizdə təhsili üçün imkanların genişləndirilməsi, eyni zamanda təşviqi istiqamətində aparılan işlərin davamı olaraq portal.edu.az sistemi üzərindən mərkəzləşmiş e-müraciət xidməti (“SIA/CAS: Study in Azerbaijan Centralised E-Application Service”) istifadəyə verilib. Belə ki, 2022-2023-cü tədris ilində təhsil almaq hüququ qazanan tələbələr müvafiq xidmət vasitəsilə müraciət ediblər. Tədris dilini zəif bilən əcnəbi vətəndaşların hazırlıq kurslarına qəbulu isə davam etdirilməkdədir.   Əcnəbilərin qəbulu və təhsilinin təşkili məsələsinin əsas icraçıları olan təhsil müəssisələrinin işinə dəstək məqsədilə həyata keçirilən fəaliyyətlər daha da genişləndirilir.   

Məktəbdaxili qiymətləndirmələr rəqəmsallaşdırılır

Ötən tədris ilindən pilot olaraq tətbiqinə başlanılmış məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması prosesi davam edir. 2021-2022-ci tədris ilindən fərqli olaraq cari tədris ilində kiçik summativ qiymətləndirmələrin də rəqəmsal təşkilinə başlanılıb.  Rəqəmsal məktəbdaxili qiymətləndirmə şagirdlərin rəqəmsal bilik və bacarıqlarının  artırılması, qiymətləndirmə vasitələrinin hazırlanmasında  və yoxlanılmasında vaxta qənaət,  texnologiyanın təklif etdiyi yeni məzmun və formalı qiymətləndirmə üsullarından istifadə və kağız sərfiyyatının minimuma endirilməsi məqsədilə həyata keçirilir.  Qeyd edək ki, ümumi təhsil müəssisələri məktəbdaxili qiymətləndirməni kompüter avadanlıqları və internet təminatı imkan verdiyi təqdirdə rəqəmsallaşdıra bilərlər. Sözügedən proseslə bağlı ölkə üzrə bütün ümumi təhsil müəssisələrinə müvafiq təlimatlar göndərilib.   

Elm və təhsil naziri Macarıstan səfiri ilə görüşüb

Noyabrın 11-də elm və təhsil naziri Emin Əmrullayev Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma ilə görüşüb.    Nazir Macarıstan hökumətinin “Stipendium Hungaricum” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarına ayırdığı təhsil təqaüdünə görə səfirə təşəkkürünü bildirib, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyətindən məmnunluğunu ifadə edib.   Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Məktəblilər arasında respublika çempionatı yarışları başlayıb

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2022-2023-cü tədris ili ərzində şahmat, atletika, minifutbol və 3x3 basketbol idman növləri üzrə 4 mərhələdən ibarət keçiriləcək yarışların məktəbdaxili mərhələsinə start verilib.   Yarışlarda Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri şahmat (oğlan və qızlar 2-4-cü siniflər), minifutbol (oğlanlar 5-7-ci siniflər) basketbol 3x3 (oğlan və qızlar 8-9-cu siniflər) atletika (oğlan və qızlar 10-11-ci siniflər) idman növləri olmaqla oğlan və qızlardan ibarət məktəb komandaları iştirak edəcək. Qeyd edək ki, məktəbdaxili yarışlarda fərqlənən komandalar idman növlərinə uyğun olaraq rayondaxili mərhələdə, rayondaxili mərhələdə nəticə qazanan komandalar zona mərhələsində iştirak edəcəklər. Zona mərhələsində idman növləri üzrə I, II yeri tutan komandalar final mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Məktəblilər arasında respublika çempionatının keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviliyinin daha da artırılması, məktəblərdə sağlam və fəal həyat tərzinin təşviqi, ümumi təhsil müəssisələrində şagirdlərin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.  

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı