Ümummilli liderin xatirəsinə həsr olunmuş anım mərasimi
Dekabrın 12-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Elm və Təhsil Nazirliyinin rəhbərliyi, tanınmış ziyalılar və incəsənət xadimlərinin iştirak etdiyi mərasimdə ümummilli liderin sevdiyi mahnılar ifa olunub.
12/12/2022 18:00
Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Macarıstana səfər edib
Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin nümayəndələri Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin dəstəyi ilə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Budapeşt şəhərində təhsil alan bir qrup tələbə və məzunla görüşüb. Görüşdə ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə, Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar və yeniliklər barədə tələbələrə məlumat veriblər və öz tövsiyələrini çatdırıblar. Görüşün sonunda iştirakçıları maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra işgüzar görüşlər də keçirib. Belə ki, Macarıstan Təqaüd Proqramının operatoru qismində çıxış edən “Tempus İctimai Fondu”nda Ali təhsilin beynəlmiləlləşməsi departamentinin rəhbəri Qabor Dabos ilə keçirilən görüşdə qarşılıqlı olaraq ayrılan təqaüd yerləri, təcrübə mübadiləsi və digər zəruri məsələlər barədə müzakirələr aparılıb. Səfərin ikinci günü Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin Macarıstan Təqaüd Proqramının departament rəhbəri səfir İstvan Perosa ilə keçirilən görüşdə müvafiq təqaüd proqramı ilə bağlı yenilənməsi gözlənilən ikitərəfli müqavilədə nəzərə alınacaq məsələlər barədə fikir mübadiləsi aparılıb. Daha sonra Nazirliyin nümayəndə heyəti “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023/24-cü tədris ili üçün təsdiq edilmiş universitet və proqramların siyahısında yer alan Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetində görüş keçirib. Bu universitetin seçilmiş bir neçə proqramında azərbaycanlıların daha yaxşı təqaüd imkanları ilə təhsil almaları üçün əlverişli şəraitin yaradıldığı, kənd təsərrüfatı ixtisaslarında təhsilin təşviqi məqsədilə qarşılıqlı təbliğatın aparılmasına ehtiyac olduğu vurğulanıb. Macarıstanın Eötvöş Lorand Universitetində (ELTE) keçirilən görüşdə isə hər iki ölkənin universitetləri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və ELTE tərəfindən Azərbaycan universitetləri üçün təcrübi təlimlərin keçirilməsi barədə razılıq əldə edilib, eləcə də beynəlxalq ikili diplom proqramlarının təsis edilməsi, qarşılıqlı olaraq tələbə və müəllim mübadiləsinin artırılması barədə müzakirələr aparılıb. Görüşdə, həmçinin adıçəkilən universitetdə təhsil alan azərbaycanlıların akademik müvəffəqiyyətlərindən məmnunluq da ifadə olunub.
12/12/2022 14:52
Fəxri xiyaban ziyarət edilib
Dekabrın 12-də Elm və Təhsil Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb.
12/12/2022 12:56
Elm və təhsil naziri “Microsoft” şirkətinin əməkdaşları ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan “Microsoft” şirkətinin rəsmiləri ilə görüşüb. Görüşdə “Microsoft” şirkətinin Avropa, Yaxın Şərq və Afrika ölkələri üzrə baş direktoru Mark East və region üzrə təhsil rəhbəri Albena Spasova iştirak ediblər. Görüş çərçivəsində Elm və Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında pandemiya və sonrakı dövrdə yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə olunub. Əməkdaşlığın daha sıx davam etdirilməsi üçün müxtəlif təhsil pillələrinin idarəolunması və tədqiqatların stimullaşdırılması məqsədilə süni intellekt və hesablayıcı bulud texnologiyalarından istifadə imkanları müzakirə olunub. “Microsoft” şirkətinin nümayəndələri birgə fəaliyyətin genişləndirilməsi istiqamətində Elm və Təhsil Nazirliyi ilə daha sıx əməkdaşlıq edəcəklərini bildiriblər. Səfər çərçivəsində şirkətin nümayəndələri “Rəqəmsal bacarıqlar” dərslərində iştirak edib, STEAM Mərkəzinin fəaliyyəti ilə tanış olub və SABAH.Lab Akselerasiya Mərkəzində startapçılarla görüşlər keçiriblər.
10/12/2022 10:08
Beynəlxalq STEAM Azərbaycan Festivalının bağlanış mərasimi
Dekabrın 9-da Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022-nin bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, digər dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, ali təhsil müəssisələrinin rəhbərləri, elmi-tədqiqat institutlarının direktorları iştirak ediblər. Elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə qonaqları salamlayaraq festival qaliblərini təbrik edib. Ölkəmizdə "STEAM Azərbaycan" layihəsi istiqamətində görülən işlərə dövlət tərəfindən yüksək səviyyədə dəstək göstərildiyini vurğulayan Emin Əmrullayev bu dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib. Layihənin son 3 ildə 100 mindən çox şagird, yüzlərlə məktəbi əhatə etdiyini qeyd edən nazir yaxın vaxtlarda STEAM muzeyi, STEAM İnnovasiya Mərkəzinin də fəaliyyətə başlayacağını əlavə edib. Nazir çıxışının sonunda bir daha qalibləri təbrik edib və bu cür festivalların mütəmadi təşkil ediləcəyini bildirib. Bağlanış mərasimində çıxış edən AMEA-nın prezidenti İsa Həbibbəyli "STEAM Azərbaycan" layihəsini yeni nəslin intellektual inkişafı üçün düşünülmüş mükəmməl bir layihə adlandırıb və qalibləri təbrik edib. Mərasimdə "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov hesabatla çıxış edib. Bildirilib ki, SAF 2022-də 43 komanda I, 102 komanda II, 108 komanda isə III yerə layiq görülüb. Daha sonra qalib komandalara mükafatlar təqdim edilib. Qeyd edək ki, festival 5-9 dekabr tarixlərində keçirilib. SAF 2022-yə ümumilikdə 350 komandadan 1500-dək iştirakçı qatılıb. Onlardan 127-si xarici ölkə, 1300-ü isə yerli iştirakçı olub. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil ediblər. Əlavə fotolar
09/12/2022 19:29
Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününə həsr olunmuş “dəyirmi masa”
Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyi, Milli Məclis, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyası, Auditorlar Palatası, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası, Sosial Tədqiqatlar Mərkəzi, habelə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər. Tədbirdə giriş nitqi ilə çıxış edən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan sistemli islahatların müsbət nəticələrindən bəhs edib. O, görülmüş tədbirlər nəticəsində dövlət idarəçiliyində elektron xidmətlərin inkişaf etdirilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın artırılması, ixtisaslaşmış qurumların fəaliyyətinin daha da optimallaşdırılması barədə də geniş məlumat verib. Sonra çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sistemindəki korrupsiya və digər zərərli hallara qarşı mübarizənin Elm və Təhsil Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu diqqətə çatdırıb. Nazir müavini vurğulayıb ki, məhz ölkənin gələcəyinin gənclərdən asılı olduğunu nəzərə alaraq, onların korrupsiya əleyhinə maarifləndirilməsi və tərbiyəsi bu problemin həllinə öz töhfəsini verir. Firudin Qurbanov korrupsiyaya qarşı kompleks maarifləndirici tədbirlərin uşaqlarda korrupsiya və ona qarşı mübarizə ilə bağlı tam təsəvvürün yaranmasına imkan verdiyini qeyd edib. Nazir müavini əlavə edib ki, korrupsiyaya qarşı mübarizə sahəsində innovativ texnologiyaların hazırlanması və tətbiqi, həmçinin təhsilin bütün pillələrində antikorrupsiya maarifləndirilməsinin təşviqi nəzərdə tutulur. Tədbirdə millət vəkili Kamal Cəfərov, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Ramin Vəlizadə və digər çıxışçılar tərəfindən korrupsiyaya qarşı mübarizənin müxtəlif aspektlərinə toxunulub, bu sahədə təmsil etdikləri qurumların rolu və müsbət təcrübələri barədə təqdimatlar edilib, qeyd olunan mövzu ətrafında bir sıra təkliflər səsləndirilib. Sonda Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə şagirdlər arasında keçirilmiş “Korrupsiyaya yox deyək!” adlı respublika rəsm müsabiqəsinin qalib və fərqlənən iştirakçılarının təltifetmə mərasimi keçirilib və onların müəllifi olduqları işlər sərgilənib.
09/12/2022 18:30
Brandenburq Texniki Universitetinin nümayəndə heyəti ilə görüş
Dekabrın 8-də elm və təhsil naziri Emin Əmrullayev Almaniya Federativ Respublikasının Brandenburq Texniki Universitetinin nümayəndə heyəti ilə görüşüb. Nazir Azərbaycan Texniki Universiteti və Brandenburq Texniki Universiteti arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyətindən məmnunluğunu ifadə edib, hər iki ali təhsil müəssisəsi arasında imzalanmış magistratura və doktorantura səviyyələrində ikili diplom proqramları haqqında müqavilələrin əhəmiyyətini vurğulayıb. Brandenburq Texniki Universitetinin prezidenti öz növbəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduqlarını bildirib.
09/12/2022 15:03
Yaponiyada magistr təhsili
Yaponiyanın Tsukuba Universiteti 2023-2024-cü tədris ili üçün ali təhsilin magistratura səviyyəsi üzrə təqaüd proqramı elan edir. Sözügedən xüsusi proqram Mərkəzi Asiya ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edəcək problemləri həll etmək məqsədilə təsis edilib. Təqaüd proqramına son müraciət tarixi 15 iyun 2023-ci il müəyyənləşdirilib. Təqaüd proqramı barədə ətraflı məlumatı keçiddən əldə etməyiniz mümkündür.
09/12/2022 10:25
Elmi-tədqiqat institutlarının direktorları SAF 2022-də
Dekabrın 7-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə SAF 2022 – Beynəlxalq STEAM Azərbaycan Festivalı davam edir. Festivalın üçüncü günündə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutlarının direktorları, bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri Bakı Ekspo Mərkəzini ziyarət ediblər. Qonaqlar festival çərçivəsində keçirilən yarışların gedişatı ilə tanış olub, iştirakçılara uğurlar arzulayıblar. “İnnovativ layihələr” sərgisi ilə yaxından tanış olan qonaqlara festival barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, festivalda iştirak üçün 127 əcnəbi şagird ölkəmizə səfər edib. Onlar Böyük Britaniya, İsveç, Türkiyə, Türkmənistan, Estoniya, Özbəkistan və Qazaxıstanı təmsil edirlər. Yarışlarda komanda fəaliyyətinin qiymətləndirilməsi məqsədilə Fransa, İsrail, Norveç, Çin və Türkiyədən mütəxəssislər münsif olaraq dəvət edilib. Qeyd edək ki, festival dekabrın 9-dək davam edəcək.
07/12/2022 17:30
Dövlət Proqramı məzunları ilə şəhid övladlarının görüşü
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə şəhid övladları üçün Zuğulba tədris idman bazasında “Zəfər düşərgəsi” təşkil edilib. Layihənin məqsədi uğurlu şəxslərlə, eyni zamanda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunları ilə şəhid ailələrinin üzvləri olan 8-11-ci sinif şagirdlərini bir araya gətirməklə onların düşüncəsində pozitiv dəyişikliklər yaratmaq, motivasiyasını artırmaq, düzgün ixtisas seçimi, gələcək peşə istiqamətləri və xaricdə təhsillə əlaqədar təqaüd proqramları barədə məlumatlandırmaq olub. Düşərgənin ilk günü şagirdlərlə görüşən elm və təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə təhsilin əlçatanlılığını təmin etmək və keyfiyyətli təhsil almaq üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib. Daha sonra dünyaca məşhur fotoqraf Reza Diqqəti öz uğur yolu, fotoqrafiya sənəti haqqında danışıb və uşaqları maraqlandıran suallara cavab verib. Eyni zamanda Dövlət Proqramı məzunlarından olan Samirə Həsənzadə “Arzuların arxasınca” adlı təqdimatla çıxış edib. İçərişəhərə gəzinti ilə başlayan düşərgənin ikinci günü Azərbaycan Respublikasının Kosmik Agentliyinin ("Azərkosmos") İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Fidan Behbudovanın “Kosmosda fürsətlər” adlanan seminarı ilə davam edib. Dövlət Proqramının məzunu və 1-ci “Yüksəliş” müsabiqəsinin qalibi Orxan Zakirov da öz növbəsində “İnformasiya texnologiyalarında karyera” mövzusunda təlim keçib. Uşaqlar düşərgə çərçivəsində məntiqi təfəkkürün inkişafına həsr olunmuş interaktiv, eləcə də müxtəlif idman oyunlarına qatılıblar. Qeyd edək ki, düşərgədə Yevlax, Mingəçevir, Ağdaş, Kürdəmir, Bərdə, Gəncə, Xırdalan, Sumqayıt, Beyləqan və Füzuli məktəblərindən 40 şagird iştirak edib. Düşərgə Nazirliyin Beynəlxalq əməkdaşlıq, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması, Məktəbdənkənar fəaliyyətin təşkili şöbələrinin, eyni zamanda regional təhsil idarələri əməkdaşlarının təşkilatçılığı ilə baş tutub.
07/12/2022 15:44
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
İyunun 3-də Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans öz işinə başlayıb. ? İki gün davam edəcək konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunacaq. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23123-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #QərbiAzərbaycanaQayıdış
Ətraflı? 2026–2027-ci tədris ili üzrə doktoranturada SABAH proqramına qeydiyyat prosesi davam edir. ? Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Sənəd qəbulu ⏳ 9 iyun saat 18:00-da yekunlaşacaq. ? Qeyd edək ki, bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #SABAH #Doktorantura
Ətraflı? Ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxış genişləndirilir ? Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. ? Artıq bir sıra universitetlərdə "Microsoft"un müasir rəqəmsal və süni intellekt əsaslı həlləri istifadəyə verilib. Xüsusilə "Copilot" aləti müəllimlərə tədris materiallarının hazırlanması, qiymətləndirmə və akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün yeni imkanlar yaradır. ?✨ Bu təşəbbüs ali təhsildə innovasiyaların tətbiqinə, rəqəmsal bacarıqların inkişafına və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23121-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ #RəqəmsalAlətlər
Ətraflı