Şuşada Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası keçirilib
İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası keçirilib. Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qonaqları salamlayaraq TDT-nin qısa müddət ərzində əldə etdiyi uğurların təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Elm və Təhsil Nazirliyinin bu vacib proseslərə töhfə verməkdən məmnun olduğunu söyləyən Emin Əmrullayev türkdilli dövlətlər arasında dayanıqlı və sağlam əməkdaşlığın bünövrəsinin gənclər olduğunu vurğulayıb. Nazir qeyd edib ki, bu baxımdan TDT çərçivəsində ümumi təhsil müəssisələri şagirdlərinin mübadiləsi məktəblilərimizin ortaq tarix, mədəniyyət və adət-ənənələri tanımasına şərait yaradır. TDT-yə üzv dövlətlərlə həm təşkilat çərçivəsində, həm də ikitərəfli əməkdaşlıq əlaqələrinin bu gün də uğurla davam etdirildiyini bildirən Emin Əmrullayev işğaldan azad olunmuş ərazilərdə qardaş ölkələrin dəstəyi ilə tikilən məktəbləri, həmçinin görülən digər işləri ölkələrimiz arasında dostluq və qardaşlığın növbəti rəmzi kimi qiymətləndirib. Nazir çıxışının yekununda TDT-yə üzv və müşahidəçi ölkələrlə ikitərəfli əməkdaşlıqların inkişaf etdirilməsi istiqamətində qarşıda duran hədəflərə toxunub. Daha sonra digər qonaqlar çıxış edərək elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məsələsindən söz açıblar. Çıxışlardan sonra iclasın gündəliyində olan məsələlər müzakirə edilib.
01/06/2024 10:52
Türk Dövlətləri Təşkilatı və Türk Akademiyasının nümayəndə heyətləri Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə olublar
Mayın 31-də Türk Dövlətləri Təşkilatı və Türk Akademiyasına üzv, həmçinin müşahidəçi dövlətlərin nümayəndə heyətləri Şuşa şəhərinə səfər çərçivəsində şəhər 1 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olublar. Qonaqları məktəbdə yaradılmış müasir şəraitlə tanış edən elm və təhsil naziri Emin Əmrullayev müəssisədə qurulmuş STEAM mərkəzi haqqında məlumat verib. Bildirilib ki, 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var.
31/05/2024 23:40
Türk Dövlətləri Təşkilatı və Türk Akademiyasının nümayəndə heyətləri Füzuliyə səfər ediblər
Mayın 31-də Türk Dövlətləri Təşkilatı və Türk Akademiyasına üzv, həmçinin müşahidəçi dövlətlərin nümayəndə heyətləri Füzulidə səfərdə olublar. Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olan qonaqlar məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçiriblər. Qonaqlar eyni zamanda məktəbdə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr edilmiş guşə ilə tanış olublar.
31/05/2024 20:50
Yeni tərkibdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib
Mayın 31-də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib. İclasda İctimai Şuranın sədri, sədr müavini və katibi seçilib. Yeni dönəmdə sədr pedaqogika üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru, Müasir Psixoloji Dəstək İctimai Birliyinin nümayəndəsi Hikmət Əlizadə, sədr müavini “Yuva” Humanitar Mərkəzi İctimai Birliyi və “FemACT” Azərbaycan Qadın Fondunun təsisçisi Pərvanə Məmmədova, katib isə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının nümayəndəsi Günay Əkbərova olacaq. İclasda İctimai Şuranın fəaliyyət istiqamətləri ətraflı müzakirə edilib, Fəaliyyət Planının hazırlanması qərara alınıb. Qeyd edək ki, mayın 22-də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Nəticədə isə namizədliyini irəli sürmüş 19 nəfərdən 11-i səs çoxluğu ilə Şuraya üzv seçilib.
31/05/2024 18:20
Nazir müavini Firudin Qurbanov Laçına səfər edib
Mayın 31-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Laçın rayonuna səfər edib. Əvvəlcə Laçın şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovla görüş keçirilib. Sonra nazir müavini Laçın şəhəri 2 nömrəli tam orta məktəb, Zabux kənd tam orta məktəbinin inzibati binaları ilə tanış olub, müəssisələrin pedaqoji və şagird kollektivi ilə görüşüb. Görüş çərçivəsində Firudin Qurbanov işğaldan azad olunmuş ərazilərdə təhsil müəssisələrinin bərpası, təşkili baxımından qarşıda duran hədəf və istiqamətlər barədə danışıb, təhsil işçiləri ilə söhbət aparıb, onların təkliflərini dinləyib. Nazir müavini həmçinin Sus kənd tam orta məktəbi və körpələr evi-uşaq bağçasının inzibati binalarına baxış keçirib. Firudin Qurbanov səfər çərçivəsində vətəndaş qəbulu da keçirib. Vətəndaşların müraciətləri işə qəbul, iş yerinin dəyişdirilməsi, Laçında bağçanın fəaliyyətinin bərpa edilməsi ilə bağlı olub. Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib
31/05/2024 18:00
Dövlət hesabına təhsil alacaq tələbələrin əhatə dairəsi genişləndirilir
Təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi ilə əlaqədar mövcud normativ-hüquqi aktların təkmilləşdirilməsi məqsədilə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Yeni dəyişikliyə əsasən, qüvvədə olan və sosial qruplar üçün tətbiq edilən təhsil haqqı imtiyazlarının hər biri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə olunub. Bununla yanaşı, təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilib.
30/05/2024 17:57
Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu başlayıb
Mayın 29-dan əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə elektron sənəd qəbuluna başlanılıb. Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali və orta ixtisas təhsili müəssisələrinə təkrar ali və ya orta ixtisas təhsili üçün müraciət etmək istəyənlər www.portal.edu.az vasitəsilə sənədlərini təqdim edə bilərlər. Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.
30/05/2024 17:25
Qarabağ Universitetinə fakültə dekanları seçilib
Xankəndi şəhərində fəaliyyətə başlayan Qarabağ Universitetinə fakültə dekanları (proqram rəhbərləri) seçilib. Belə ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramovun əmri ilə Pedaqoji fakültəyə Kəklik Gözəlova, Sosial elmlər fakültəsinə Elmar Mustafayev, İncəsənət fakültəsinə isə Türkər Qasımzadə dekan təyin olunub. Pedaqoji fakültənin dekanı Kəklik Gözəlova filologiya elmləri namizədidir. Kəklik Gözəlova Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində bakalavriat və magistratura səviyyələri üzrə təhsil alıb. ABŞ-nin Corc Vaşinqton Universitetində strateji layihə idarəetməsi üzrə magistratura təhsili alan Kəklik Gözəlova bir müddət Azərbaycan Dillər Universitetində baş müəllim, dosent işləyib. Müxtəlif illərdə Bakı Ali Neft Məktəbində İngilis dili və humanitar fənlər kafedrasının müdiri, Davamlı təhsil fakültəsinin dekanı işləyən Kəklik Gözəlova daha sonra Qərbi Kaspi Universitetində Filologiya və tərcümə fakültəsinin dekanı və prorektor olaraq fəaliyyətini davam etdirib. Bu günədək isə Azərbaycan Universitetində Tərcümə və filologiya kafedrasının müdiri vəzifəsində çalışıb. Sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev beynəlxalq münasibətlər tarixi üzrə fəlsəfə doktorudur. Elmar Mustafayev İtaliyanın Sapienza Universitetinin Beynəlxalq münasibətlər fakültəsində magistratura üzrə təhsil alıb. O, 2016-cı ildə Xəzər Universitetində Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasında akademik koordinator və müəllim, 2019–2021-ci illərdə isə Siyasi elmlər və fəlsəfə kafedrasının müdiri işləyib. Xəzər Universitetindəki fəaliyyəti dövründə nüfuzlu “Jean Monnet” layihəsinin qalibi və koordinatoru olub. 2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində Akkreditasiya və lisenziya şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda Xəzər Universitetinin müəllimidir. Elmar Mustafayev İtaliya Siyasi Assosiasiyasının (SISP) Rusiya və postsovet məkanı üzrə daimi qrupunun üzvüdür. İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə “Cadenza” orkestrinin bədii rəhbəridir. Bakı Musiqi Akademiyasını bəstəkarlıq ixtisası üzrə bitirən Türkər Qasımzadə ABŞ-nin Manhetten Musiqi Məktəbində eyni ixtisas üzrə magistratura, Sinsinnati Universitetində isə doktorantura təhsili alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rektorun müşaviri olan Türkər Qasımzadə həm də Bakı Musiqi Akademiyasında müəllim işləyir. Türkər Qasımzadə ixtisası üzrə Küveytdə yerləşən Orta Şərqin Amerika Universiteti, Azərbaycan Dövlət Milli Konservatoriyası, ADA Universiteti, Sinsinnati Universitetində professor olaraq çalışıb. Türkər Qasımzadə həmçinin Moldovanın Musiqi, Teatr və Rəqs Akademiyası, ABŞ-nin Manhetten Musiqi Məktəbi, San-Fransisko Dövlət Universiteti və Norveçin Stavanger Universitetində ustad dərsləri keçib.
29/05/2024 17:16
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 21 iyun tarixində Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 10 iyun (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
29/05/2024 16:12
Türk dövlətlərinin məktəbliləri Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
Mayın 28-də "Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” festivalında iştirak üçün ölkəmizdə səfərdə olan türkdilli dövlətlərin məktəbliləri Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Məktəblilər əvvəlcə II Şəhidlər xiyabanını ziyarət edərək 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini anıblar və məzarları önünə gül dəstələri qoyublar. Daha sonra qonaqlar Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər, Azərbaycanın ərazi bütövlüyü və Bakının azad olunması uğrunda canından keçmiş döyüşçülərin xatirəsini ehtiramla anıblar. Qeyd edək ki, "Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” festivalı Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 1 iyunda Şuşada keçiriləcək. Beynəlxalq uşaq yaradıcılıq festivalında türk dövlətlərinin bədii kollektivlərinin 200 nəfərdən artıq üzvü ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edəcək.
29/05/2024 11:57
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı