Elm və təhsil naziri Türkiyə Maarif vəqfinin prezidenti ilə görüşüb
İyunun 5-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Maarif vəqfinin prezidenti Birol Akgünlə görüşüb. Görüş zamanı təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf istiqamətləri müzakirə olunub.
05/06/2024 14:17
“Məktəblilərin respublika çempionatı”nın final yarışları davam edir
İyunun 4-də Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə qərarı ilə təşkil olunan “Məktəblilərin respublika çempionatı”nın sərbəst və yunan-Roma güləşi idman növü üzrə final yarışlarının açılış mərasimi keçirilib. Tədbirdə əvvəlcə çempionat haqqında məlumat verilib, rəqs və mahnı nömrələri nümayiş olunub. Sonra tədbir final qarşılaşmaları ilə davam etdirilib. Sonda isə qaliblərə rəsmi qonaqlar tərəfindən diplom və medal təqdim olunub. Sərbəst və yunan-Roma güləşi üzrə yarışlarda ölkənin müxtəlif rayon və şəhərlərindən 11 çəki dərəcəsində 2010–2012-ci il təvəllüdlü məktəbli idmançılar iştirak edirlər. Qeyd edək ki, yarışlara 7 iyun tarixində yekun vurulacaq. “Məktəblilərin respublika çempionatı”nın final mərhələsi 8–10 iyun tarixlərində cüdo idman növü üzrə yarışlarla davam etdiriləcək.
05/06/2024 12:58
Bakı Dövlət Universiteti "QS Quacquarelli Symonds" dünyanın ən yaxşı universitetlərinin reytinqində top-1000-də yer alıb
Ali təhsil sahəsində beynəlxalq analitik agentlik "QS Quacquarelli Symonds" dünyanın ən yaxşı universitetlərinin reytinqini açıqlayıb. Azərbaycanın 3 universiteti sözügedən qlobal reytinqdə təmsil olunub və hər 3-nün mövqeyində ötən ilə nisbətən irəliləyiş müşahidə edilib. Ölkə üzrə ən yüksək nəticə əldə etmiş Bakı Dövlət Universiteti dünyanın ən yaxşı 951-1000 universitetinin siyahısına daxil olub. Son 5 ildə ilk dəfə Azərbaycan universitetləri arasında Bakı Dövlət Universiteti müvafiq reytinqdə top-1000-də yenidən təmsil olunur. 1001-1200 diapazonunda reytinqə daxil olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də mövqeyi ötən ilin nəticələrinə nisbətən əhəmiyyətli dərəcədə irəliləyib və 1201-1400 diapazonundan 1001-1200-ə yüksəlib. Azərbaycan Dövlət İqtisad Universiteti də reytinqə 1001-1200 diapazonu üzrə daxil olub. QS dünya universitetlərinin reytinqində nəzərə alınan 9 indikatordan 4-ü üzrə Bakı Dövlət Universiteti (“Müəllim-tələbə nisbəti”, “Akademik heyət üzrə istinad sayı”, “Beynəlxalq tədqiqat indeksi” və “Məşğulluq nəticələri”), 4-ü üzrə Azərbaycan Dövlət İqtisad Universiteti (“Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Əcnəbi tələbə payı” və “Davamlılıq”) və 1-i üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Əcnəbi müəllim payı) ölkədə birinci sıradadır. “Məşğulluq nəticələri” indikatoru üzrə hər 3 universitet top-500-də təmsil olunur, Bakı Dövlət Universiteti isə müvafiq indikator üzrə dünyada 271-ci yerdədir. Qeyd edək ki, QS 2025 dünya universitetlərinin reytinqində Cənubi Qafqaz regionu üzrə Azərbaycan ən çox sayda universitetlə təmsil olunur.
05/06/2024 11:28
“Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilir
Elm və Təhsil Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin iyun və oktyabr aylarında “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi həyata keçiriləcək. Layihənin məqsədi uşaq və gənclərdə estetik zövq formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir. Layihə çərçivəsində 11–12 iyun tarixlərində Şəki və Lənkəran şəhərlərindən 2 500-ə yaxın məktəbli Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” və Şəki Dövlət Dram Teatrında “Çələbi xan” tamaşalarını izləyəcək. Bununla yanaşı, layihə çərçivəsində növbəti tədris ilindən 6 000 nəfərdən çox region məktəblisi müxtəlif teatrlarda nümayiş olunan tamaşaları izləmək imkanı qazanacaq.
04/06/2024 12:30
PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsi keçirilib
Cari ilin may ayında ölkəmizdə PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsi təşkil edilib. Tədqiqatda 70 ümumi təhsil müəssisəsi üzrə 4 098 şagird iştirak edib. Sözügedən tədqiqat Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilib. PISA 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik, bacarıqlarını qiymətləndirmək, eyni zamanda onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirən beynəlxalq qiymətləndirmə tədqiqatıdır. Tədqiqat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən 3 ildən bir keçirilir.
03/06/2024 16:18
Vətəndaş müraciətlərinin statistikası
Mayın 16-dan 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 59 226 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 45 042-si çağrı mərkəzləri, 804-ü sosial media, 5 186-sı "WhatsApp" vasitəsilə, 1 220-si elektron, 1 090-ı yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 5 884 müraciət qeydə alınıb. Müraciətlər müəllimlərin yerdəyişməsi, eləcə də işə qəbulu, sertifikatlaşdırma, birinci sinfə qəbul, təkrar ali və orta ixtisas təhsili və digər məsələlərlə bağlı olub.
03/06/2024 15:07
Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsi üzrə müsahibələrə start verilib
Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul üçün müsahibə mərhələsinə start verilib. Müsahibələrin keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsahibə mərhələsi 3–6 iyun tarixlərində keçiriləcək. Bu mərhələdə namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar veriləcək. Qeyd edək ki, test imtahanı mərhələsindən uğurla keçmiş 177 nəfər müsahibədə iştirak hüququ qazanıb.
03/06/2024 12:30
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
İyunun 3-ü saat 17:00-da www.sy.edu.az portalı vasitəsilə 2023–2024-cü tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. 2024–2025-ci tədris ili üçün bir sıra ümumi təhsil müəssisələrinin II-IX siniflərində yaranmış boş yerlərə şagird qəbulu üzrə müsabiqəyə qeydiyyat prosesi də 3 iyun saat 17:00-da başa çatacaq. 2024–2025-ci tədris ili üçün bir sıra lisey və gimnaziyalara qəbul üzrə mərkəzləşdirilmiş imtahana qeydiyyat prosesi isə 13 iyun saat 15:00-a qədər davam edəcək. Qeyd edək ki, növbəti tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə elektron xidmətin aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə məlumat veriləcək.
03/06/2024 10:30
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib
İyunun 1-də Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türk dövlətlərinin məktəbliləri arasında "Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib. Türkdilli xalqların birliyini əks etdirən festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan 250-yə yaxın məktəbli ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edib. Festivalda həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri, 150-yə yaxın məktəbli, şəhid övladları tamaşaçı qismində iştirak ediblər. Qeyd edək ki, beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, uşaqlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdır.
01/06/2024 15:43
Şuşada Türk Akademiyasının Elmi Şurasının VII İclası keçirilib
İyunun 1-də Şuşa şəhərində Türk Akademiyasının Elmi Şurasının VII İclası keçirilib. Açılış nitqi ilə çıxış edən Türk Akademiyasının prezidenti Şahin Mustafayev iclasın Şuşada keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Şahin Mustafayev bildirib ki, sözügedən iclas elmi əməkdaşlığın möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparmağa və müvafiq qərarlar qəbul etməyə imkan verir. Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev belə bir mötəbər tədbirə ev sahibliyi etməkdən məmnunluğunu bildirib. Türk Akademiyasının məqsədlərindən danışan Emin Əmrullayev akademiya ilə əməkdaşlıq çərçivəsində elm və təhsil sahəsində həyata keçirilən işlərdən bəhs edib. Daha sonra iclasın gündəliyində duran məsələlər müzakirə olunub. İclas çərçivəsində Türk Akademiyasının fəaliyyətinə dair hesabat təqdim olunub.
01/06/2024 13:28
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı