Peşə təhsili müəssisələrinə işə qəbul üzrə imtahan keçirilib
Avqustun 2-də 2024–2025-ci il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib. Onlayn formada, yəni portal.edu.az vasitəsilə qeydiyyatdan keçən 3 708 namizəddən 2 375 nəfəri imtahan mərhələsində iştirak etmək hüququ qazanıb. İmtahanda iştirak edən 1 863 namizəd vakant yerlər uğrunda mübarizə aparıb. 150 dəqiqə davam edən imtahanda iştirakçılar ixtisas modulları, tədris metodikası və təlim strategiyaları üzrə test tapşırıqlarını cavablandırıblar. Müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabr tarixinədək aparılacaq.
02/08/2024 16:47
Sertifikatlaşdırma ilə bağlı yaradılmış komissiyalara daxil olan müraciətlərin ilkin nəticələri açıqlanıb
Sertifikatlaşdırma prosesi ilə bağlı yaradılmış komissiyalara daxil olan müraciətlərin ilkin nəticələri elan edilib. Komissiyalara bu günə qədər 3 700-dən çox vətəndaş müraciət edib. Vətəndaşların sosial statusları ilə bağlı sənədlər toplanılıb və müraciətlər araşdırılıb. 600 nəfərə yaxın sosial baxımdan həssas əhali qrupuna aid vətəndaşın alternativ işlərə cəlb edilməsi ilə bağlı qərar qəbul olunub. İlkin mərhələdə 90 nəfər şəhid ailəsi üzvünün müvafiq işlə təmin olunması ilə bağlı tədbirlər görülüb. Bununla yanaşı, 500-ə yaxın sosial baxımdan həssas əhali qrupuna aid əlilliyi müəyyən edilmiş şəxslərin, ailələrin yeganə gəlir gətirən üzvlərinin və müraciət edən digər şəxslərin alternativ işlərə cəlb olunması istiqamətində fəaliyyətlər həyata keçirilib.
02/08/2024 15:53
Vətəndaş müraciətlərinin statistikası
İyulun 15-dən 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 64 555 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 46 858-i çağrı mərkəzləri, 6 218-i sosial media, 2 621-i elektron, 1 492-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 7 366 müraciət qeydə alınıb. Müraciətlər tələbələrin köçürülməsi, məktəbəhazırlıq qruplarına qeydiyyat, peşə təhsili müəssisələrinə tələbə qəbulu, məktəbəqədər təhsil müəssisələrinə qəbul, şagird yerdəyişməsi, müəllimlərin işə qəbulu və digər məsələlərlə bağlı olub.
01/08/2024 14:59
Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib
Nazirlər Kabineti Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında qərar qəbul edib. Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq. Peşə, orta ixtisas və ali təhsil pillələri üzrə Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil həyata keçiriləcək. “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında Qərar
01/08/2024 12:50
Məktəbəhazırlıq qruplarına qəbul prosesində rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən müəssisələrə sərbəst qəbul başlayır
1 avqust saat 11:00-dan 13 sentyabr tarixinədək uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesində rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin boş qalan yerlərinə sərbəst qəbul aparılacaq. Qeyd olunan tarixdən sonra rus bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq. Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub.
01/08/2024 10:51
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start verilir
Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək. Test imtahanlarında ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla ümumilikdə 40 bal və daha yüksək nəticə göstərən namizədlər 5 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər. Namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina edərsə, onun müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
31/07/2024 10:30
Tələbələrin köçürülməsi üçün elektron sənəd qəbulunun müddəti uzadılıb
Tələbələrin köçürülməsi üçün elektron sənəd qəbulunun müddəti 1 avqust saat 18:00-a qədər uzadılıb. Qeyd olunan tarixədək təhsil müəssisəsini, ixtisas və ya təhsilalma formasını dəyişmək istəyən tələbələr portalda qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdırlar. Sonra isə “Ali və orta ixtisas təhsili pilləsində təhsilalanların köçürülməsi” bölməsi vasitəsilə müraciət formasını doldurub təsdiqləyə bilərlər. Köçürülmə üçün müraciət edən tələbələrin məlumatları təhsil müəssisələri tərəfindən yoxlanılır və müraciətin statusu barədə şəxsi kabinetə bildiriş göndərilir.
30/07/2024 17:54
“Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nə sənəd qəbulunun müddəti uzadılır
“Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nə sənəd qəbulunun müddəti 16 avqust 2024-cü il tarixinədək uzadılır. Qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir. Müsabiqə barədə ətraflı məlumatla https://bit.ly/3SvEsMV keçidi vasitəsilə tanış olmaq mümkündür.
30/07/2024 16:56
Elm və təhsil naziri Şamaxıda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 23 avqust tarixində Şamaxı şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayon sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 15 avqust (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
30/07/2024 14:53
56-cı Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz 1 gümüş və 3 bürünc medal qazanıblar
21–30 iyul tarixlərində Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində təşkil olunmuş 56-cı Beynəlxalq Kimya Olimpiadasında (IChO 2024) məktəblilərimiz uğurla çıxış ediblər. 84 ölkə üzrə 297 şagirdin iştirak etdiyi beynəlxalq müsabiqədə 4 məktəbli ilə təmsil olunan komandamız 1 gümüş və 3 bürünc medal qazanıb. Sözügedən olimpiadada Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin XI sinif şagirdi Şərifzadə Səttar gümüş medala, Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Xəlilzadə Murad və Mustafazadə Ümid, həmçinin Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin XI sinif şagirdi Hacızadə Nihad bürünc medala layiq görülüblər.
30/07/2024 12:00
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı