4-cü Avropa Qızlar İnformatika Olimpiadasında məktəblilərimiz 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar
21–27 iyul tarixlərində Niderland Krallığının Veldhoven şəhərində 4-cü Avropa Qızlar İnformatika Olimpiadası (EGOI 2024) təşkil edilib. 56 ölkədən 194 məktəbli qızın iştirak etdiyi olimpiadada şagirdlərimiz 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar. Sözügedən olimpiadada Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Rahidil Bayramlı və Bakı Modern Təhsil Kompleksinin XI sinif şagirdi Nigar Hacıyeva bürünc medala, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin X sinif şagirdi Ayan Kərimova həvəsləndirici mükafata layiq görülüblər. Qeyd edək ki, 2017-ci ildən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində ölkə üzrə fərqli yaş qruplarından olan şagirdlərimiz müxtəlifmiqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 72 medal əldə ediblər.
29/07/2024 17:30
Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2024) məktəblilərimizin uğuru!
21–29 iyul tarixlərində İran İslam Respublikasının İsfahan şəhərində keçirilmiş Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2024) məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər. İsfahan Texnologiya Universitetində təşkil olunmuş olimpiadada 46 ölkədən 230 məktəbli bilik və bacarığını sınayıb. Nəzəri və praktiki turlardan ibarət olan olimpiadada Azərbaycan məktəbliləri 1 gümüş və 1 bürünc medal, 2 həvəsləndirici mükafat əldə ediblər. Belə ki, Kaspi liseyinin X sinif şagirdi İbrahim Valehli gümüş medala, Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad İsmayılov bürünc medala, “Ankara məktəbi” məktəb-liseyin XI sinif şagirdi Rəvan Nəcəfli və akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Adil Səttarov olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.
29/07/2024 17:00
Qarabağ Universitetinə prorektorlar təyin olunublar
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nərgiz İsmayılova Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə, Fariz Əhmədov elm və innovasiya məsələləri üzrə prorektor vəzifələrinə təyin olunublar. Nərgiz İsmayılova bakalavriat səviyyəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetində, magistratura üzrə isə Niderland Krallığının Maastrixt Universiteti ilə ADA Universitetinin birgə “Executive MBA” (EMBA) proqramında təhsil alıb. O həmçinin London Biznes və Maliyyə Məktəbinin (LSBF) “İdarəetmənin inkişafı” proqramının məzunudur. Nərgiz İsmayılova İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “British Petroleum”, “SOCAR Downstream Management” və digər qurumların benefisiarı olduğu müxtəlifspektrli institusional quruculuq, idarəetmə sistemləri və bacarıqların inkişafını hədəfləyən proqram və layihələr üzrə 10 ildən artıq təcrübəyə malikdir. O həmçinin İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO), Dünya Bankı, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və digər beynəlxalq təşkilatlar tərəfindən icra olunan layihələrdə çalışıb. Nərgiz İsmayılova həm də 2-ci “Yüksəliş” müsabiqəsinin qalibi olub. Nərgiz İsmayılova bu təyinatadək Təhsilin İnkişafı Fondunun (TİF) Layihələrin idarə olunması şöbəsinin müdiri və TİF-in İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb. Fariz Əhmədov biznesin təşkili və idarə edilməsi ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU/UNEC) bakalavriat, idarəetmə və təşkilatlandırma ixtisası üzrə Türkiyə Cümhuriyyətinin Sakarya Universitetinin Sosial Elmlər İnstitutunda magistratura səviyyələrində təhsil alıb. Fariz Əhmədov həmçinin iqtisad elmləri üzrə fəlsəfə doktorudur. Fariz Əhmədov 2010–2014-cü illərdə UNEC-in Türk dünyası iqtisad fakültəsində müəllim, baş müəllim, dosent və kafedra müdirinin müavini vəzifələrində çalışıb. 2014–2017-ci illərdə UNEC-in İqtisadiyyat və işlətmə kafedrasının müdiri, 2017-ci ildən isə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru olub. Fariz Əhmədov həmçinin Dünya Bankı, BMT-nin İnkişaf Proqramı (UNDP), Elm və Təhsil Nazirliyi, “Erasmus+”, “SOCAR Midstream Operations”, KOBİA tərəfindən dəstəklənən bir sıra layihələrdə çalışıb. Bir çox kitab və tədris-metodiki vəsaitlərin həmmüəllifi olan Fariz Əhmədov həm də “Web of Science”, “Scopus” indeksli jurnallarda 10-dan çox elmi məqalənin müəllifidir. O, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun həyata keçirdiyi “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibi olub. Fariz Əhmədov bu təyinatadək UNEC-in elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsində işləyib.
29/07/2024 16:10
Bu gündən peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesinə başlanılır
Bu gündən peşə təhsili müəssisələrinə 2024–2025-ci tədris ili üzrə tələbə qəbulu prosesinə başlanılır. Peşə təhsili almaq istəyən şəxslər 29 iyul – 12 avqust tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Bu ildən Naxçıvan Muxtar Respublikasında da peşə təhsili müəssisələrinə tələbə qəbulu elektron şəkildə həyata keçirilir. Qeyd edək ki, 2024–2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 960 plan yeri üzrə aparılacaq. Qəbul planına 9 yeni ixtisas əlavə edilib. 9 peşə təhsili müəssisəsində isə ilk dəfə ikinövbəli tədris həyata keçiriləcək.
29/07/2024 12:47
Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub
Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Ceyhun Məmmədov İqtisadiyyat fakültəsinə dekan təyin olunub. Ceyhun Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin ticarətin və ictimai iaşənin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alıb. Daha sonra iqtisadiyyat ixtisası üzrə Portuqaliyanın Elm və Texnologiya Fondunun tam təqaüdü ilə Lissabon NOVA Universitetində magistratura və Almaniyanın Bielefeld Universitetində doktorantura səviyyələrində təhsilini davam etdirib. Ceyhun Məmmədov elmi-pedaqoji fəaliyyətinə 2012-ci ilin sentyabr ayında Xəzər Universitetində başlayıb, 2012–2013-cü illərdə İqtisadiyyat və menecment departamentinin iqtisadiyyat bölməsi üzrə koordinator, 2013–2015-ci illərdə departamentin müdir əvəzi, 2015–2017-ci illərdə departament müdiri vəzifələrində çalışıb. 2017-ci ildən isə universitetin İqtisadiyyat və menecment fakültəsinin dekanı vəzifəsində çalışıb. Bundan əlavə, Ceyhun Məmmədov 2016-cı ildən ADA Universitetində iqtisadiyyat sahəsi üzrə müxtəlif fənləri tədris edib. Ceyhun Məmmədov “Scopus” və “Web of Science” indeksli jurnallarda dərc olunmuş bir sıra elmi məqalələrin müəllifidir.
26/07/2024 16:54
MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır
Bu gündən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır. Bu mərhələdə vakant yer seçmək imkanı əvvəlcə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir. Namizədlər 26 iyul saat 11:00-dan 28 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla seçim edə biləcəklər. Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsində keçid balını toplamış şəxslər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri ardıcıllığa əsasən aparılır.
26/07/2024 12:50
“2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
Elm və Təhsil Nazirliyi tərəfindən icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı qrant müsabiqəsi elan edilir. Qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində müəyyən səbəblərdən məktəbəqədər təhsildən kənarda qalmış uşaqları bu təhsilə cəlb etməkdir. Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu alternativxidmet@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır. Sənəd qəbulu üçün son müraciət tarixi 16 avqust 2024-cü ildir. Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların sayının 50 faizə çatdırılması nəzərdə tutulub. Strategiyanın hədəfinə nail olunması üçün digər tədbirlərlə yanaşı, icma əsaslı təlim qruplarında məktəbəqədər təhsilin təşkilinin qrant vasitəsilə maliyyələşdirilməsi planlaşdırılır. “2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26/07/2024 10:15
Daha 295 gəncimiz dünyanın ən prestijli universitetlərində dövlət hesabına təhsil alacaq
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair ilkin siyahı təsdiq olunub. Təqaüd qazanan gənclər "Harvard University", "Massachusetts Institute of Technology", “Columbia University”, "National University of Singapore", "ETH Zurich", "University of Oxford", "University College London" və "University of Cambridge" kimi nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar. Gənclər tərəfindən üstünlük verilən ixtisas istiqamətləri sırasında informasiya texnologiyaları, mühəndislik, dövlət idarəetməsi, statistika və verilənlərin təhlili, eləcə də digər prioritet istiqamətlər yer alır. Sözügedən 295 nəfərin 99-u dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. Qeyd edək ki, seçilmiş proqram iştirakçılarının növbəti siyahısı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
25/07/2024 15:48
Dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin ilkin siyahısı təsdiqlənib
Xaricdə təhsilə dair Dövlət Proqramına 2024–2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə ilkin siyahı təsdiq olunub. Bu il keçirilən müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 295 nəfər namizəd proqram iştirakçısı adını qazanıb. Sözügedən 295 nəfərin 99-u dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. Seçilmiş proqram iştirakçılarının növbəti siyahısı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Qeyd edək ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2022-ci il tarixli 3163 nömrəli Sərəncamı əsasında həyata keçirilir. Dövlət Proqramına 2024–2025-ci tədris ili üçün 16 ölkənin 101 ali təhsil müəssisəsi üzrə 839 müraciət daxil olub. Müraciətlərin təhlili nəticəsində 658 nəfər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
25/07/2024 15:17
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
Bu gündən 2024–2025-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi üçün sənəd qəbuluna başlanılır. Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr 25 iyul saat 11:00-dan 31 iyul 18:00-dək portal.edu.az vasitəsilə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdırlar. Sonra isə müvafiq bölmədə köçürülmək üçün müraciət formasını doldurub təsdiq edə bilərlər. Sənəd qəbulu Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na uyğun olaraq təhsil müəssisələri tərəfindən aparılacaq. Normativ təhsil müddətində (sonuncu tədris ili tələbələri istisna olmaqla) təhsil alan və oxuduğu müddət ərzində həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamış tələbələr köçürülmə prosesində iştirak edə bilərlər. Köçürülmə üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsinin müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır. Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Tələbənin beynəlxalq səviyyəli imtahanlarda əldə etdiyi nəticələr və təhsil aldığı müəssisənin dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Xarici təhsil müəssisələrindən köçürülmək istəyən tələbələr qismən akademik tanınma haqqında şəhadətnamə təqdim etməlidirlər. Tələbələr bu şəhadətnaməni əldə etmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət ünvanlamalıdırlar. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət hesabına təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Köçürülmə xidməti ilə bağlı vətəndaş təlimatı
25/07/2024 10:44
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı