Azərbaycan alimlərinin beynəlxalq elmi fəaliyyətində böyük yüksəliş: 2024-cü ilin nailiyyətləri
Azərbaycanlı alimlərin "Scopus" elmmetrik verilənlər bazasında göstəriciləri 2024-cü ilin ilk 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ciddi şəkildə yaxşılaşıb. Bu göstəricilərə istifadəçi sayı, dərc olunan elmi işlərin sayı, elmi işlərin sitatları, sahə üzrə istinad təsiri, dərc olunduqları jurnalların keyfiyyəti və beynəlxalq əməkdaşlıq daxildir. Belə ki, ölkəmiz üzrə “Scopus”dakı istifadəçi sayı təkcə bu ilin ilk 8 ayı ərzində ötən ilə nisbətdə 2 dəfədən çox artaraq 13 minə çatıb. Bununla yanaşı, azərbaycanlı alimlərin "Scopus"da dərc olunan məqalələrində də artım müşahidə edilir. Azərbaycanlı alimlərin ötən il 1800-dən bir qədər çox olan məqalə sayı bu il artaraq 2382-ə bərabər olub. Nəzərə alsaq ki, 2024-cü ildə dərc olunan elmi işlərin sayımı 2025-ci ilin may-iyun aylarınadək davam edəcək, ölkə üzrə ümumi elmi işlərin sayının tarixdə ilk dəfə 3000-dən çox olacağı istisna edilmir. Dərc olunan elmi işlərin sayı ilə yanaşı keyfiyyəti də artmaqdadır. Belə ki, alimlərimizin bazadakı məqalələrinin 11.2%-i dünyanın ən çox istinad alan 10% elmi işi arasındadır. Ötən il bu göstərici 9.2%-ə bərabər olmuşdu. Azərbaycanın sahə üzrə istinad təsiri (Field Weighted Citation Impact – FWCI) 2024-cü ildə dünya üzrə orta həddi (1.0) keçərək 1.97-yə çatıb. Bu isə dərc olunan bütün elmi işlərin öz sahəsi üzrə ortalama 97% daha çox istinad alması deməkdir. Ötən il bu göstərici 1.05-ə bərabər idi. Əlavə olaraq, 2024-cü ilin ilk 8 ayı ərzində dərc olunan məqalələrin 1481-i Q1 (996) və ya Q2 (485) kvartilli jurnallarda dərc olunub. Bu göstərici isə ötən ilin eyni dövründə 733-ə (Q1 – 486, Q2 – 257) bərabər idi. Ötən ilin 12 ayı ərzində beynəlxalq əməkdaşlıq çərçivəsində (yəni xarici həmmüəlliflərlə birgə) dərc olun elmi işlərin sayı 856 (47%) idisə, bu göstərici cari ilin ilk 8 ayı ərzində 1594-ə (67%) yüksəlib.
02/10/2024 16:37
Alimlərə elmi fəaliyyətlərinə görə hər ay 1000 manatadək mükafat verilməsinə başlanılıb
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə elmi-tədqiqat institutlarında çalışan alimlərə hər ay 1000 manatadək mükafat verilməsinə başlanılıb. Bu addım alimlərin maddi rifahının yaxşılaşdırılması və elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədi daşıyır. Bu vəsait Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələrdə elmi göstəriciləri daha yüksək olan tədqiqatçılara ödənilir. Mükafatlandırma beynəlxalq impakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayını artırmaq üçün də əhəmiyyətli bir vasitə kimi nəzərdə tutulur. Mükafatlandırma prosesinin əsasında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış “Elmi iş müəlliflərinin müəllif balının hesablanması metodologiyası” dayanır. Bu metodologiya 2018-2023-cü illəri əhatə edən elmmetrik göstəricilərə əsaslanır və bu dövr ərzində “Scopus” bazasında ən çox elmi işi dərc olunan 500 müəllifin göstəriciləri təhlil edilib. Beynəlxalq təcrübədə də geniş istifadə olunan bu metodologiya, alimlərin fəaliyyətlərinin obyektiv qiymətləndirilməsinə imkan yaradır. Oxşar yanaşmalar, “Quacquarelli Symonds (QS)”, “Times Higher Education (THE)”, və “Shanghai Ranking (ARWU)” kimi beynəlxalq reytinq təşkilatları və elmi tədqiqatçılar tərəfindən istifadə olunur.
02/10/2024 12:39
Elm və təhsil naziri Tovuzda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 18 oktyabr tarixində Tovuz şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Ağstafa, Qazax, Şəmkir, Gədəbəy və Tovuz sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 11 oktyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
02/10/2024 10:44
Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri və Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin rektoru ilə görüş
Oktyabrın 1-də elm və təhsil naziri Emin Əmrullayev Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamas Torma, Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin rektoru Csaba Gyuricza ilə görüşüb. Görüş zamanı 2 ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və sözügedən ali təhsil müəssisəsi ilə Azərbaycan ali təhsil müəssisələri arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
01/10/2024 17:16
Vətəndaş müraciətlərinin statistikası
Sentyabrın 15-dən 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 42 830 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 29 700-ü çağrı mərkəzləri, 682-si sosial media, 3 550-si "WhatsApp" vasitəsilə olduğu halda, 1 818-i elektron, 1 280-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 5 800 müraciət qeydə alınıb. Müraciətlər şagird yerdəyişməsi, müəllimlərin işə qəbulu, təhsil haqqı və güzəştlər, xarici diplomların tanınması və digər məsələlərlə bağlı olub.
01/10/2024 16:00
“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması” üzrə alt-qrupunun növbəti iclası keçirilib
Sentyabrın 30-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Elm və Təhsil Nazirliyinin rəhbərlik etdiyi "İnsan kapitalı" işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması” üzrə alt-qrupunun nazirlikdə növbəti iclası keçirilib. İşçi qrupun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış nitqi ilə çıxış edərək işçi qrupunun ötən dövr üzrə olan ümumi fəaliyyəti, əldə edilmiş uğur və gələcək gözləntilər barədə danışıblar. Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Qlobal İnnovasiya İndeksi 2024” nəticələrinin müqayisəsi və qarşıda duran vəzifələr, 2025-ci il üzrə yeni Fəaliyyət Planının hazırlanması ilə bağlı prioritetlər barədə təqdimat edib. İclas Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli və Azərbaycan Dövlət İqtisad Universitetinin Əlavə təhsil şöbəsinin müdiri Emin Qəriblinin təqdimatları ilə davam edib. İclasda elmmetrik bazalarda nəşr olunan elmi məqalələrin sayı və dinamikası, elmi nəşrlərin kvartillər üzrə paylanması, ali təhsil müəssisələrinin bu sahədə fəaliyyət planları, ali təhsil müəssisələrinin elmi müəssisələrlə birgə əməkdaşlığı, tədqiqatçıların fəaliyyətinin maliyyələşdirilməsi və stimullaşdırma tədbirlərinin həyata keçirilməsi barədə müzakirələr aparılıb. Həmçinin tədqiqat laboratoriyalarının fəaliyyətinin qiymətləndirilməsi və onların maddi-texniki bazalarının yenilənməsi zərurəti, laboratoriyalardan birgə istifadə imkanları, "Scopus" və "Web of Science" elmmetrik bazaları üzrə “Clarivate” və “Elvesier” şirkətləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, “QS” və “Times Higer Education” Beynəlxalq Reytinq Agentlikləri ilə əməkdaşlıq, ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yeri və bu sahədə görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Yekunda işçi qrupun fəaliyyəti ilə bağlı müvafiq qərarlar qəbul edilib. Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın "İnsan kapitalı" işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması” üzrə alt-qrupuna rəhbərliyi Elm və Təhsil Nazirliyi həyata keçirir.
01/10/2024 09:43
Nazir müavini Həsən Həsənli Balakəndə vətəndaşları qəbul edib
Sentyabrın 30-da elm və təhsil nazirinin müavini Həsən Həsənli Balakən şəhərində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Balakən, Şəki, Qax, Zaqatala, Oğuz və Qəbələ sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşlar daha çox müəllimlərin yerdəyişməsi və işlə təmin olunma məsələləri ilə bağlı müraciətlər ünvanlayıblar. Nazir müavini Həsən Həsənli qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.
30/09/2024 17:04
“Məktəblərdə ekologiya ayı” layihəsinə start verilir
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin oktyabr ayı ərzində “Məktəblərdə ekologiya ayı” layihəsinə start verilir. Layihənin məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsi, eləcə də gənc istedadları üzə çıxarmaqdan ibarətdir. Layihə çərçivəsində ümumi təhsil müəssisələrində "dəyirmi masa"lar, debatlar, məqalə və kitablarla tanışlıq işinin təşkili, ədəbi-bədii kompozisiyalar, sinif təşkilat saatları, seminar və müsabiqələrin keçirilməsi, məktəblərdə ekoloji guşələrin yaradılması, bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulub. Qeyd edək ki, noyabr ayında layihənin yekun tədbirinin keçirilməsi planlaşdırılır.
30/09/2024 16:39
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2024-2025-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə məlumatı
Azərbaycan Respublikasının Prezidentinin 8 iyul 2023-cü il tarixli Sərəncamına uyğun olaraq Xarici İşlər Nazirliyi ilə Elm və Təhsil Nazirliyi tərəfindən birgə icra edilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının 2024-2025-ci tədris ili üzrə namizədlərin seçimi prosesi başa çatıb. Proqrama müraciət etmiş 47 ölkədən yüzlərlə namizəd sırasından 35 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb. Seçilmiş namizədlər əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti olmaqla Azərbaycanın 10 ali təhsil müəssisəsində müxtəlif təhsil səviyyələrində təhsil alacaqlar. Qeyd edək ki, bu proqrama əsasən, İƏT və QH-yə üzv ölkələr, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələr və xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının 5 il ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində müxtəlif təhsil səviyyələri üzrə təhsil almaları nəzərdə tutulub. Sözügedən proqramın şərtlərinə əsasən, illik əsasda 100, ümumilikdə 500 nəfər xarici ölkə vətəndaşları üçün təhsil qrantının ayrılması nəzərdə tutulur. Xatırladaq ki, hələ ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində azərbaycanlı tələbələrin xarici ölkələrin ali təhsil müəssisələrində, əcnəbi tələbələrin isə Azərbaycan ali təhsil müəssisələrində təhsil alması üçün müvafiq imkan yaradılıb. 1970-1980-ci illərdə hazırlanan mütəxəssislər müstəqil Azərbaycanın, əcnəbi məzunlar isə təmsil etdikləri ölkələrin iqtisadi, siyasi və mədəni inkişafında mühüm rol oynayıb və nailiyyətlərin əldə olunmasına öz töhfələrini veriblər. Təsadüfi deyildir ki, həmin dövrdə ölkəmiz Asiya, Afrika və Latın Amerikası dövlətlərinin vətəndaşları üçün əsas təhsil mərkəzlərindən birinə çevrilib və Azərbaycanın bir çox xarici dövlətlərlə münasibətlərinin qurulmasında və möhkəmləndirilməsində məhz həmin kadrların müstəsna xidmətləri olub. Azərbaycan Respublikası 2017-2022-ci illər ərzində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) və Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin vətəndaşları üçün 200-dək təhsil qrantı proqramının həyata keçirilməsini təmin edib. Həmin qrant proqramları Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, İƏT və QH çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə, dost və tərəfdaş ölkələrdə insan resurslarının inkişafına nəzərəçarpan töhfələr verib. Sözügedən təhsil qrantı proqramlarının uğurlu təcrübəsi əsasında “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı təsis edilib.
30/09/2024 14:01
Orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşmədən qəbul olunanların qeydiyyatı davam edir
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşmədən qəbul olunanlar üçün qeydiyyat prosesi davam edir. Namizədlər https://portal.edu.az/ elektron xidmətində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Elektron sistem üzrə qeydiyyat 3 oktyabr saat 18:00-da yekunlaşacaq. Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
30/09/2024 12:35
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı