"İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişafı təşəbbüsü" mövzusunda nazirlərin yüksək səviyyəli birgə iclası olub
Noyabrın 18-də COP29 çərçivəsində ilk dəfə keçirilən İnsan İnkişafı tematik Günündə "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişafı təşəbbüsü" mövzusunda yüksək səviyyəli birgə iclas keçirilib. Tədbir COP29 Sədrliyi tərəfindən, Elm və Təhsil Nazirliyi, eləcə də Asiya İnkişaf Bankı, Yaşıl İqlim Fondu, Beynəlxalq Əmək Təşkilatı (ILO), UNESCO, UNICEF və ÜST kimi beynəlxalq qurumların tərəfdaşlığı ilə keçirilib. Birgə iclasın əsas məqsədi insan inkişafına investisiyanın iqlim dayanıqlılığının təmin edilməsində mühüm əhəmiyyətini vurğulamaq olub. Birgə iclasın əsas mövzularından biri olan iqlim dayanıqlılığının təmin edilməsində təhsilin rolu çərçivəsində aparılan müzakirələrdə gələcək nəsillərin iqlim problemləri ilə mübarizə üçün zəruri bilik və bacarıqlarla təmin edilməsi məqsədilə "İqlim dostu" tədris proqramlarının hazırlanmasının vacibliyi qeyd edilib. Tədbirdə açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, dayanıqlı cəmiyyət fərdlərin ətraf mühit çağırışları qarşısında uyğunlaşması üçün lazımi bilik, bacarıq və dəstək sistemləri ilə təmin edilməsidir. Qeyd edib ki, Bakı təşəbbüsü gəncləri iqlim dəyişiklikləri ilə mübarizədə davamlı tədbirlərin fəal iştirakçıları kimi gücləndirməyi hədəfləyir. Tədbir çərçivəsində Azərbaycan Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) vasitəsilə ətraf mühit savadlılığı ilə bağlı biliklərin ölçülməsini təklif edib. Bu təşəbbüs Azərbaycanın qlobal iqlim təhsili standartlarına dəstəyinin göstəricisi kimi qiymətləndirilib. Birgə iclasda, həmçinin məktəblərdə iqlim şüurunun artırılması, müəllimlərin bu sahədə hazırlanması, iqlim dayanıqlı təhsil sistemlərinin qurulması kimi məsələlər də müzakirə edilib. Bununla yanaşı, tələbələrin yaşıl iqtisadiyyat üçün vacib bacarıqlara yiyələnməsi məqsədilə strateji yanaşmalar təqdim olunub. İclasın yekununda Bakı İnsan İnkişafı üzrə İqlim Dayanıqlılığı Rəhbər Prinsipləri qəbul edilib. Bu prinsiplər iqlim təsirlərinə qarşı mübarizə aparmaq üçün inteqrasiya olunmuş yanaşmanı əks etdirir, təhsilin əhəmiyyətini xüsusi vurğulayır.
18/11/2024 12:07
Elm və təhsil naziri Andreas Şleyxerlə görüşüb
Noyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev BMT–nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29–cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerlə görüşüb. Görüşdə cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin COP29 çərçivəsində Azərbaycanın Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) vasitəsilə ətraf mühit savadlılığı ilə bağlı biliklərin ölçülməsinə dair təşəbbüsü ətrafında müzakirələr aparılıb.
18/11/2024 10:00
Elm və Təhsil Nazirliyinin COP29-da 18 noyabr gündəliyi
Noyabrın 18-də COP29 çərçivəsində keçiriləcək İnsan İnkişafı / Uşaq və Gənclər / Sağlamlıq / Təhsil tematik Günündə Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə baş tutacaq tədbirlərə dair gündəliyi təqdim edirik. İlk dəfə keçiriləcək İnsan İnkişafı Günündə insan inkişafı, gənclər, səhiyyə və təhsil məsələlərinə əlaqəli şəkildə yanaşılacaq, eyni zamanda hər bir tematik problemə, o cümlədən iqlim dəyişməsinə ayrıca bir prioritet məsələ kimi hərtərəfli baxılacaq. Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı əsasında keçiriləcək tədbirlərdə yaşıl təhsil, şagirdlərin ətraf mühit savadlılığı, təhsilin iqlim dəyişmələri ilə mübarizədə rolu və digər mövzular müzakirə olunacaq.
16/11/2024 17:04
Elm və təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb
Noyabrın 15-də elm və təhsil naziri Emin Əmrullayev “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb. Görüşdə “Cisco” şirkətinin baş vitse–prezidenti və davamlı inkişaf üzrə baş direktoru Mary de Vysocki, kommunikasiya və davamlı inkişaf üzrə icraedici şəxs Cecilia Hughes, Türkiyə, Rumıniya, MDB regionu üzrə baş menecer Didem Duru, Azərbaycan üzrə baş direktor Ramil Eyyubov və ərazi üzrə məsul menecer Fərid Zeynalov iştirak ediblər. Görüş zamanı “Cisco” şirkəti ilə Azərbaycan Təhsil Şəbəkəsinin qurulması istiqamətində uzunmüddətli əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib. Bununla yanaşı, təhsil müəssisələrinin şəbəkə təminatı üzrə həyata keçirilən işlərin genişləndirilməsi, internet trafikinin idarə edilməsi, təhlükəsizliyin qorunması, rəqəmsal təhsil məzmunlarının hazırlanması və təhsildə süni intellekt həllərinin tətbiqinə dair məsələlər müzakirə edilib. Görüşdə Elm və Təhsil Nazirliyi ilə “Cisco” şirkəti arasında əməkdaşlıq çərçivəsində Qarabağ Universitetində yaradılan “Cisco” Şəbəkə Akademiyası haqqında danışılıb, akademiyada İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları və təhlükəsizliyi, kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kurslarının təşkili və tədris planlarına inteqrasiyası məsələləri barədə də söhbət aparılıb. Həmçinin bu cür akademiyaların sayının artırılması və yeni texnoloji həllərin tədris prosesinə inteqrasiyası mövzuları ətrafında fikir mübadiləsi edilib. Yekunda müzakirə olunan istiqamətlər üzrə birgə fəaliyyətin genişlənməsi qərara alınıb.
16/11/2024 14:38
Vətəndaş müraciətlərinin statistikası
Noyabrın 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 19 040 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 11 055-i çağrı mərkəzləri, 337-si sosial media, 2 387-si "WhatsApp" vasitəsilə olduğu halda, 751-i elektron, 658-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 852 müraciət qeydə alınıb. Müraciətlər müəllimlərin işə qəbulu və qarşılıqlı yerdəyişməsi, şagird yerdəyişməsi və digər məsələlərlə bağlı olub.
15/11/2024 14:00
Emin Əmrullayev Anqolanın vitse-prezidenti ilə görüşüb
Noyabrın 14-də elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Anqolanın vitse-prezidenti Esperansa da Koşta ilə görüşüb. Görüşdə elm və təhsil sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Sonra qonaqlar Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) ziyarət ediblər. Universitetin kitabxanası, tarix muzeyi və müxtəlif korpusları ilə tanış olan qonaqlar təhsil infrastrukturunun inkişafı və müasir standartlara uyğunlaşdırılmasına dair təcrübələrini müzakirə ediblər. Tərəflər bu görüşün Azərbaycan-Anqola arasında təhsil və elm sahəsində əməkdaşlıq perspektivlərinin genişlənməsinə və gələcəkdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə zəmin yaradacağını bildiriblər.
14/11/2024 16:30
Emin Əmrullayev Rusiyanın maarif naziri ilə görüşüb
Noyabrın 13-də elm və təhsil naziri Emin Əmrullayev BMT–nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29–cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının maarif naziri Sergey Kravtsov ilə görüşüb. Görüş zamanı elm və təhsil sahəsində hər iki ölkənin qarşılıqlı maraqlarını əhatə edən məsələlər müzakirə edilib. Daha sonra qonaqlar Bakı şəhəri 67 nömrəli tam orta məktəbi ziyarət edərək təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olublar. Məlumat verilib ki, əsası 1897–ci ildən qoyulmuş məktəb ilk dərs ilində 2 müəllim və 73 şagirdlə fəaliyyətə başlayıb. 1989–cu ilə qədər məktəbdə təhsil yalnız rus dilində aparılıb. Qeyd olunub ki, görkəmli ictimai xadim, Rusiya–Azərbaycan Dostluğu Cəmiyyətinin sədri, Azərbaycan neft sənayesinin qocaman nümayəndəsi Nikolay Konstantinoviç Baybakov da sözügedən məktəbdə təhsil alıb.
14/11/2024 11:00
Emin Əmrullayev Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb
Noyabrın 13-də elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri Hilola Umarova ilə görüşüb. Görüş zamanı “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikası Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi arasında birgə proqramların həyata keçirilməsi üzrə 2025-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb. Həmçinin 2 ölkə arasında məktəbəqədər və ümumi təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
13/11/2024 19:00
Həsən Həsənli "Adaptasiya və ambisiya kimi təhsil: Ətraf mühit təhsilinə yeni yanaşma" tədbirində çıxış edib
Noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Adaptasiya və ambisiya kimi təhsil: Ətraf mühit təhsilinə yeni yanaşma" mövzusunda tədbir keçirilib. İqlim dəyişikliyinə qarşı mübarizədə təhsilin roluna həsr olunmuş tədbirdə təhsilin davamlı inkişafı və ekoloji problemlərin həllindəki əhəmiyyəti müzakirə edilib. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli təhsilin iqlim dəyişikliyinə qarşı mübarizədə əhəmiyyətli rolunu diqqətə çatdırıb.Son illərdə ölkəmizin təhsil sisteminə iqlim və ətraf mühit mövzularının inteqrasiyasına xüsusi diqqət ayrıldığını vurğulayan Həsən Həsənli qeyd edib ki, bütün bunlar şagirdlərimizin ətraf mühit problemlərinə və dayanıqlılığa töhfə verməsinə hesablanıb.Azərbaycanda uğurla tətbiq olunan STEAM təhsili şagirdlərin yaşıl enerji, dayanıqlılıq və yeni texnologiyalarla bağlı real layihələr üzərində işləməsinə imkan yaradır. Həsən Həsənli çıxışında təhsil prosesində iqlim dəyişikliyi mövzusunu tədris etmək üçün müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Nazir müavini həmçinin ali təhsildə iqlim həllərinə dair tədqiqatların təşviq edildiyini və COP29 çərçivəsində dayanıqlılıq mövzusunda müzakirələrin davam etdiriləcəyini bildirib. Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.
13/11/2024 18:00
COP29 çərçivəsində “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan ediləcək
Noyabrın 18-də COP29 çərçivəsində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan ediləcək. Tədbir Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və QS-in birgə təşkilatçılığı ilə yaşıl zonada keçiriləcək. Sözügedən tədbir çərçivəsində dünyanın qabaqcıl universitetlərinin nümayəndələrinin iştirakı ilə “Ali təhsildə dayanıqlılıq: davamlı universiteti idarə etmək üçün nə lazımdır?” mövzusunda panel sessiyası da təşkil olunacaq.
13/11/2024 15:57
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı