9 illik təhsil bazasından kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başlayır
Avqustun 12-də ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılır. Qeydiyyat prosesi portal.edu.az vasitəsilə elektron formada aparılır. Qeydiyyatdan keçmək üçün abituriyentlər https://portal.edu.az/ -da şəxsi kabinet yaradaraq “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Elektron sistem üzrə qeydiyyat 20 avqust saat 18:00-da yekunlaşacaq.
12/08/2024 12:00
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir
Avqustun 14-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır. Ümumilikdə 5 740 namizədin dəvət olunduğu müsahibələr avqust ayının 22-dək davam edəcək. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlıq və ümumi dünyagörüşü müvafiq komissiya tərəfindən yoxlanılacaq. Bu mərhələdə uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar. Namizəd şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etməsə, bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.
09/08/2024 15:00
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin nəticələri açıqlanıb
Avqustun 9-da təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin nəticələri elan olunub. Müsabiqəyə ümumilikdə 1 636 layihə təqdim edilib ki, bu da ötən illə müqayisədə 229 layihə (14%) daha çoxdur. Daxil olan layihələrin 92-si ümumi təhsil müəssisələrinin, 1 544-ü isə təhsilverənlərin fərdi layihələridir. Qrant müsabiqəsinə daxil olmuş bütün layihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə 1 549 layihə məzmun ekspertizası mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr ekspert qrupu tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 229 layihə qrant qazanıb. Həmin layihələrin 10-u ümumi təhsil müəssisələrinin, 219-u isə təhsilverənlərin fərdi layihələridir. Daha çox layihəsi qrant qazanmış şəhər və rayonlara Bakı ilə yanaşı, Şəmkir, Ağstafa, Abşeron, Cəlilabad daxildir. Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Müsabiqə iştirakçıları şəxsi kabinetlərinə göndərilmiş bildirişlərdəki təlimata uyğun olaraq apellyasiya müraciəti edə bilərlər. Müsabiqənin yekunlarını əks etdirən cədvəllə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür. "Ümumi təhsil müəssisələri" kateqoriyası üzrə qrant ayrılmış layihələrin siyahısı "Fərdi layihələr" kateqoriyası üzrə qrant ayrılmış layihələrin siyahısı
09/08/2024 12:15
Yeni tələbə kartlarının istifadəyə verilməsi üzrə memorandum imzalanıb
Avqustun 8-də Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni tələbə kartlarının istifadəyə verilməsi məqsədilə memorandum imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan üzrə ölkə meneceri, baş direktor Nurlan Hacıyev imzalayıblar. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov dövlət-özəl tərəfdaşlığı çərçivəsində atılan bu addıma görə hər iki quruma təşəkkürünü bildirib. Sədr layihənin tələbələrin gündəlik həyatını asanlaşdırmaq və onlara müxtəlif imtiyazlar təqdim etməklə yanaşı, rəqəmsal texnologiyaların təhsildə geniş tətbiqinə imkan yaratmaq məqsədi daşıdığını vurğulayıb. Təhsilin İnkişafı Fondu olaraq daima tələbələrin ehtiyaclarına diqqət yetirdiklərini deyən fond sədri onlara ən yüksək səviyyədə dəstək verməyə hazır olduqlarını bildirib. Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə bankın ölkənin ən böyük işəgötürən maliyyə qurumlarından biri olaraq hər zaman təhsilin və elmin inkişafına dəstək göstərdiyini bildirib. Fərid Hidayətzadə bugünkü təşəbbüsün Kapital Bank üçün olduqca önəmli olduğunu, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə tələbələrin bu imkanlardan faydalanmasının əhəmiyyətini qeyd edib. Bu günün təhsilli gənclərinin gələcəyin peşəkar mütəxəssisləri olduğunu vurğulayan Fərid Hidayətzadə investisiya edilən hər bir gənci gələcəkdə bankın əməkdaşı kimi dəyərləndirdiyini dilə gətirib. “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan üzrə ölkə meneceri, baş direktor Nurlan Hacıyev bildirib ki, təhsil sahəsi və insan kapitalının inkişafı hər zaman şirkətin diqqət mərkəzindədir. Şirkətin Azərbaycan təhsilinə dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd edən Nurlan Hacıyev gələcəkdə layihənin bütün ölkə tələbələrini əhatə etməsinin hədəfləndiyini bildirib. Görüşdə iştirak edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli bu əməkdaşlığın uğurla nəticələnəcəyinə və gənclərimizin gələcəkdə daha böyük nailiyyətlər qazanmasına zəmin yaradacağına əminliklərini vurğulayıblar.
08/08/2024 18:30
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Avqustun 8-də 2024–2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilir. Proses sy.edu.az sistemi üzərindən həyata keçiriləcək. Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək. Ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat ictimaiyyətə öncədən elan ediləcək.
08/08/2024 14:27
Türkiyə–Azərbaycan Universitetinə tələbə qəbulu aparılır
Türkiyə–Azərbaycan Universitetinə 2024–2025-ci tədris ili üçün kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir. Abituriyentlər 9–19 avqust tarixlərində ixtisas seçimində iştirak etməklə qeyd olunan ixtisasları seçə bilərlər. Tədris ingilis dilində və Orta Şərq Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetində həyata keçirilən təhsil proqramlarına uyğun aparılacaq. Türkiyə–Azərbaycan Universitetində tədris prosesinə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Qeyd edək ki, Türkiyə–Azərbaycan Universiteti ilə bağlı Azərbaycan Texniki Universitetində "Açıq qapı" günü keçirilir. Abituriyentlər "Açıq qapı" günündə iştirak etməklə universitetlə əlaqədar onları maraqlandıran suallara cavab tapa bilərlər. "Açıq qapı" günü şənbə və bazar daxil olmaqla hər gün saat 09:00-dan 18:00-a qədər davam edir. Ünvan: Azərbaycan Texniki Universiteti, Hüseyn Cavid pr. 25.
08/08/2024 09:45
Apellyasiya Şurasının növbəti iclası keçirilib
Avqustun 7-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib. İclasda Elm və Təhsil Nazirliyinin Audit şöbəsinin Dövlət əmlakının monitorinqi sektorunun müdiri vəzifəsinə namizəd Rəşad Məmmədovun, Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin Strateji planlaşdırma və koordinasiya sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizədlər Altun Rəcəbli və Yadigar İsgəndərovun, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Qazax – Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə namizəd Röyalə Nəsirli Səfərbəyovanın müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb. İclasda müsahibə komissiyası üzvlərinin təqdim etdikləri məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb və 1 şikayətin təmin edilməsi, 1 şikayətin qismən təmin edilməsi, 2 şikayətin isə təmin edilməməsi barədə qərarlar qəbul olunub.
07/08/2024 17:03
İyulda 754 nəfərin diplomu tanınıb
Təhsildə Keyfiyyət Təminatı Agentliyi iyul ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Belə ki, iyul ayı üzrə müraciət edən 937 nəfərin 754-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim olunub, 183 şəxsin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb edilən normativdən az olması səbəbi ilə 142, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbi ilə 17, təhsil forması səbəbi ilə 8, dövlət nümunəli olmayan diplom səbəbi ilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbi ilə 3, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 2, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbi ilə 2, ekvivalenti olmayan ixtisas səbəbi ilə 2, baza təhsili diplomu olmadan magistratura təhsili alınması səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 346, Rusiyadan 308, Ukraynadan 114, Gürcüstandan 59, Birləşmiş Krallıqdan 16, İtaliyadan 11, Macarıstandan 9, Amerika Birləşmiş Ştatlarından 7, Qazaxıstandan 7, Polşadan 6, Almaniyadan 5, Belarus Respublikasından 5, Çex Respublikasından 4, Çin Xalq Respublikasından 4, Litvadan 4, Niderland Krallığından 4, Pakistandan 4, Belçika Krallığından 3, Estoniyadan 3, Latviyadan 3, Fransadan 2, Koreyadan 2, Avstriyadan 1, Bolqarıstandan 1, Əfqanıstandan 1, İspaniya Krallığından 1, İsveç Krallığından 1, Kanadadan 1, Norveç Krallığından 1, Özbəkistandan 1, Qambiyadan 1, Səudiyyə Ərəbistanı Krallığından 1, Sinqapurdan 1 müraciətin olduğu müşahidə edilir. Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 153, biznesin idarə edilməsi üzrə 71, iqtisadiyyat üzrə 64, maliyyə üzrə 54, stomatologiya üzrə 37 müraciət qeydə alınıb.
06/08/2024 12:53
“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə sənəd qəbulu davam edir
“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə sənəd qəbulu davam edir. Qrant müsabiqəsində Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları iştirak edə bilər. Layihə sənədlərinin qəbulu 16 avqust 2024-cü il tarixinə qədər musabige@edu.gov.az elektron poçt ünvanı vasitəsilə həyata keçiriləcək. Qrant müsabiqəsi barədə ətraflı məlumatla elan vasitəsilə tanış olmaq mümkündür.
06/08/2024 10:25
Elm və Təhsil Nazirliyi növbəti “Maarifçi” tələbə-məzun təcrübə proqramını elan edir
Avqustun 5-dən Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramına növbəti qeydiyyat prosesi elan edilir. Proqramın məqsədi tələbə və yeni məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır. 3 ay davam edəcək “Maarifçi” proqramı çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyi, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. İştirakçılar həmçinin onlar üçün təşkil olunan təlimlərdən yararlanacaq və sosial bacarıqlarını inkişaf etdirəcəklər. Proqramın Gəncə şəhəri və Şamaxı, Sabirabad, Salyan, Şəmkir rayonlarında da təşkili nəzərdə tutulub. Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavriat səviyyəsinin sonuncu kursunda və ya magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də təhsilini son 3 il ərzində başa vurmuş məzunlar proqrama müraciət edə bilərlər. Əlavə sual və təkliflər üçün İnsan.Resurslari@edu.gov.az ünvanına “Maarifçi tələbə-məzun proqramı” başlığı ilə elektron məktub ünvanlaya bilərsiniz. Proqrama müraciət üçün linkə keçid etmək mümkündür: https://app.anket.edu.az/user/29
05/08/2024 12:10
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
ƏtraflıBu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir. Heydər Əliyevin söylədiyi kimi:“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir”. Bu dəyərli fikir bu gün də ölkəmizdə təhsil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. #HeydərƏliyev #ÜmummilliLider #UluÖndər #103İl #10May
ƏtraflıBu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər çərçivəsində Şükürbəyli kəndində inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını ediblər. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb. Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23032-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı