Müəllimlər üçün “Yaşıl dünya naminə həmrəylik” adlı vebinar keçirilib
Elm və Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrində 2024–2025-ci tədris ilinin təşkili barədə” müvafiq əmrinə əsasən, yeni tədris ilində ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq. Dərslərin təşkilinə metodik dəstək məqsədilə Elm və Təhsil Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələrinin metodistləri və qabaqcıl müəllimlər üçün vebinar keçirilib. Vebinarda COP29 Əməliyyat Şirkətinin dayanıqlı inkişaf məsələləri üzrə ixtisaslaşmış mütəxəssisləri, iqlim dəyişikliyi üzrə mütəxəssis Ayan Şamçiyeva, eləcə də Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutunun əməkdaşları iştirak ediblər. Vebinarda “Yaşıl dünya naminə həmrəylik dərsləri” adlı müəllimlər üçün metodik vəsait, həmçinin videotəlimat barədə məlumat verilib, bu yöndə zəruri tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb. Sonda iştirakçıların fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb. Qeyd edək ki, sözügedən mövzunun tədrisi ilə bağlı müəllimlərə dəstək məqsədli 3 dərsdən ibarət “Yaşıl dünya naminə həmrəylik dərsləri” adlı metodik vəsait www.trims.edu.az portalında yerləşdirilib. Vəsait əsasında hazırlanmış videotəlimat da həmin portalın “Videoresurslar” bölməsinə əlavə olunub. Tədris ili ərzində mövzu ilə bağlı dərslərin keçirilməsi və layihələrin tətbiqi diqqətdə saxlanılacaq.
10/09/2024 15:10
Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların nəzərinə!
Sentyabrın 10-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib. Qəbul olunan şəxslər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da başa çatacaq.
10/09/2024 14:44
Saatlıda məktəb açılışı
Saatlı rayonunda Rasim Səfərov adına Qara Nuru kənd tam orta məktəbinin yeni binasının açılış mərasimi keçirilib. Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Rüstəmov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Mil – Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev və digər qonaqlar iştirak ediblər. Qonaqlar əvvəlcə təhsil ocağında yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, məktəbin yeni binası 1 176 şagird yerlikdir. Üç mərtəbədən ibarət təhsil müəssisəsində 32 sinif otağı, eləcə də kitabxana, idman və iclas zalları mövcuddur. Məktəbin 1-ci mərtəbəsində direktor otağı, sinif otaqları, tibb otağı, bufet, texniki işçilər üçün otaq, 2 mühafizə otağı yerləşir. Binanın 2-ci mərtəbəsində isə müəllimlər otağı, sinif otaqları, fizika, kimya, biologiya, informatika kabinetləri, hərbi kabinet, qızlar və oğlanlar üçün texnologiya otaqları var.
10/09/2024 12:07
Bakalavriat səviyyəsinə əlavə yerləşdirmə ilə qəbul olunan şəxslərin qeydiyyatına start verilib
Sentyabrın 9-da bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əlavə yerləşdirmə ilə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib. Abituriyentlər https://portal.edu.az/ sistemi vasitəsilə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Elektron sistem üzrə qeydiyyat 16 sentyabr saat 18:00-da başa çatacaq. Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
09/09/2024 17:47
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu öz işinə başlayıb
Sentyabrın 9-da Gülüstan sarayında Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu öz işinə başlayıb. Forum Diasporla İş üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə keçirilir. 23 ölkədən 80-dən çox azərbaycanlı alimin olduğu tədbirdə ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir. Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, onları yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparılması üçün şərait yaratmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfə verməkdir. Forumda əvvəlcə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətini səsləndirib. Forumun açılış mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, elmin inkişafı ilə bağlı yeni dövlət proqramının hazırlanması istiqamətində işlər görülür. Azərbaycan elminin inkişafı üçün prioritetlərin müəyyən edilməsinin vacibliyini vurğulayan elm və təhsil naziri deyib ki, dövlət tərəfindən təhsillə bağlı müxtəlif proqramlar həyata keçirilir. Bu proqramlar çərçivəsində təhsil alan gənclərimizin ölkəyə qayıtması və biliklərini paylaşması vacibdir. Tədbir çərçivəsində Azərbaycandan kənarda yaşayan alimlərimizlə inteqrasiyanın vacibliyini xüsusi vurğulayan Emin Əmrullayev bildirib ki, xaricdə yaşayan alimlərimizdən gözləntilər çoxdur. Nazirin sözlərinə görə, xaricdə yaşayan azərbaycanlı alimlərin ölkəmizdə olduqları dövrdə məktəblərə gedib şagirdlərlə söhbət etmələrinin böyük faydası ola bilər. Qısamüddətli mühazirələrlə yaxşı nəticə əldə etmək olmaz, elmi əməkdaşlıq da çox mühümdür. Bundan əlavə, gənc doktorantların 1 və ya 2 illik xaricdə yaşayan azərbaycanlı alimlərin çalışdıqları laboratoriyalarda tədqiqatlara cəlb olunmalarında da fayda var. Sonda forumun Azərbaycan elminin inteqrasiya nəticəsində inkişafına böyük töhfə verəcəyinə və elmin inkişaf etdirilməsi istiqamətində burada maraqlı müzakirələrin aparılacağına əminliyini bildirən Emin Əmrullayev tədbirin işinə uğurlar arzulayıb. Açılış mərasimində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qeyd edib ki, xaricdə artıq yeni nəsil alimlər yetişirlər. Komitə sədrinin sözlərinə görə, xaricdə yaşayan soydaşlarımızın hər birinin uğuru birlikdən keçir. Onlardan əsas gözləntimiz isə dövlətə töhfə vermələri və təcrübələrini bölüşmələridir. Gələn həftə xarici vətəndaşlar üçün “Azərbaycan dili” dərsliyinin çap olunacağını vurğulayan komitə sədrinin sözlərinə görə, bu dərslik həm də xaricdə Azərbaycan dilini öyrənmək istəyənlər üçün faydalı ola bilər. ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışı zamanı bildirib ki, xaricdə yaşayan Azərbaycan alimlərinin iştirakı ilə elmimizin səviyyəsinin artırılması, yeni dövrün tələblərinə uyğun kadrların yetişdirilməsi zamanın tələbidir. Rektor bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra elm və təhsil sahəsində də yeniliklərin tətbiq olunması zərurəti yarandı. Elm çox cəlbedici bir sahədir. Azərbaycan elminin səviyyəsinin yenidən qaldırılması, peşəkar kadrların yetişdirilməsi üçün nələri etməyin lazım olduğu barədə düşünmək lazımdır. Azərbaycan elminin, təhsilinin nüfuzu daha da artırılmalıdır. Bunun üçün isə biz alimlərimizdən təkliflər gözləyirik. Forum panel müzakirələri ilə öz işini davam etdirib. Sentyabrın 11-dək davam edəcək forum çərçivəsində tədbir iştirakçıları işğaldan azad olunmuş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq üçün Şuşa və Xankəndi şəhərlərinə yola düşəcək, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar.
09/09/2024 17:00
Mil – Muğan və Şirvan – Salyan regional təhsil idarələri üzrə sentyabr konfransları keçirilib
Sentyabrın 9-da Mil – Muğan və Şirvan – Salyan regional təhsil idarələri üzrə təhsil işçilərinin sentyabr konfransları keçirilib. Tədbirlərdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə, həmçinin onların idman nailiyyətlərinə baxış keçirilib. Konfranslar Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Mil – Muğan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Rüstəmov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Mil – Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, regionun ümumi təhsil müəssisələrinin rəhbərləri və təhsil işçiləri iştirak ediblər. Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Rüstəmov ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan tədbirlər, təhsil sahəsində aparılan islahatlar, ümumi təhsil müəssisələrində həyata keçirilən layihələrdən danışıb. Daha sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək təhsil işçilərinə uğurlar arzulayıb. Hesabatla çıxış edən Mil – Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev region üzrə şagird nailiyyətləri, ali təhsil müəssisələrinə qəbul nəticələri, respublika fənn olimpiadaları, fənn müsabiqələrinin region üzrə nəticələri, məktəbdənkənar müəssisələrin qazandığı nailiyyətlər, təhsilin təşkili və idarə olunması üzrə statistik məlumatlar, nəzarət tədbirləri çərçivəsində görülmüş işlər, ümumi təhsil müəssisələrində aparılmış təmir-tikinti işlərindən danışıb. Daha sonra Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva 2023–2024-cü tədris ili ərzində institut tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Tədbir müzakirələrlə davam etdirilib. *** Şirvan – Salyan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, Şirvan – Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Şirvan – Salyan Regional Təhsil İdarəsinin struktur üzrə bölmə rəhbərləri və əməkdaşları, məktəb direktorları, müəllimlər və digər rəsmi qonaqlar iştirak ediblər. Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə respublikada təhsil sahəsində aparılan islahatlar və ölkə təhsilində baş verən nailiyyətlərdən söz açıb. Leyla Xəlilova Rzazadə çıxışının sonunda tədbir iştirakçılarına uğurlar arzulayıb. Şirvan – Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli 2023–2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib. Daha sonra Təhsil İnstitutunun direktor müavini İlham Cavadov 2023–2024-cü tədris ili ərzində institut tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında rayon üzrə ümumi və məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb. Konfransın sonunda xatirə şəkli çəkdirilib.
09/09/2024 16:00
Emin Əmrullayev Türk Dünyası Ortaq Əlifba Komissiyasının Bakıda keçirilən üçüncü iclasında iştirak edib
Sentyabrın 9-da Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclası işə başlayıb. İclas Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə Türk Akademiyasının Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurası yanında Türk Dilçilik Cəmiyyəti ilə birgə təşkil edilib. Tədbirdə çıxış edən Türk Akademiyasının prezidenti Şahin Mustafayev komissiyanın yaradılması prosesi barədə iştirakçılara məlumat verib, layihənin təşəbbüskarları və iştirakçılarına təşəkkür edib. Şahin Mustafayev bildirib ki, görüşün məqsədi ortaq əlifba ideyasının inkişafı istiqamətində irəliləyişləri müzakirə etmək və onun təbliği istiqamətində gələcək addımları müəyyənləşdirməkdir. Akademik türk dünyası üçün zəruri olan ortaq əlifbanın yaradılması məsələsinin bütün ziyalıların qarşısında mühüm vəzifə kimi durduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda ortaq kök və mədəniyyətlərə bağlı olan türk xalqlarının sürətli inteqrasiyası dövründə onların ortaq əlifbaya malik olması çox vacib məsələdir. İclasda iştirak edən elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, hazırda türk dünyasının ortaq əlifbasının yaradılması bu dövlətlərin inkişafı və sıx əməkdaşlığı kontekstində atılan zəruri addımdır. Emin Əmrullayev diqqətə çatdırıb ki, ortaq türk əlifbasının yaradılması sahəsində görülən işlər zamanın çağırışıdır. Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov da öz növbəsində türk dünyası ortaq əlifbasının yaradılmasında diferensiasiyanın az olmasına, daha çox inteqrasiyaya çağırıb. Türk Dilçilik Cəmiyyətinin prezidenti Osman Mert çıxışında qeyd edib ki, tarix bizim üzərimizə bu məsuliyyəti qoyub və biz daha qətiyyətli olmalıyıq. Hazırda türk dövlətləri arasında yaxınlaşma var, gəlin ortaq türk əlifbası yaradaq və bununla da adlarımızı tarixə yazaq. İclas digər çıxış və müzakirələrlə davam etdirilib.
09/09/2024 13:00
Regionlarda məktəb açılışları olub
Bərdə rayonu Nazim Hüseynov adına Alpoud kənd tam orta məktəbinin yeni binasının açılışı olub. Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov, sektor müdirləri və məktəb kollektivi iştirak ediblər. Qonaqlar yeni təhsil ocağında yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, ikimərtəbəli məktəb 264 şagird yerlikdir. Məktəbdə direktor və müavininin otağı, müəllimlər otağı, 11 sinif otağı, 1 tibb otağı, idman zalı, idman müəlliminin otağı, bufet, texniki işçilərin otağı, 2 mühafizə otağı, fizika, kimya, biologiya, informatika kabinetləri, hərbi kabinet, qızlar və oğlanlar üçün texnologiya otaqları, 84 yerlik iclas zalı, kitabxana mövcuddur. *** Qubada Çingiz Mursalov adına Vəlvələ kənd tam orta məktəbinin yeni binasının da açılış mərasimi keçirilib. Açılış mərasimində elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktor vəzifəsini icra edən Elnur Əliyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba – Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, müəllim və şagirdlər iştirak ediblər. Qonaqlar yeni məktəb binasının müasir tələblərə cavab verdiyini, təhsil prosesinin daha keyfiyyətli və səmərəli təşkili üçün şərait yaradacağını qeyd ediblər. Daha sonra məktəb binasında yaradılmış şəraitlə tanışlıq olub. Qeyd edək ki, məktəb 264 şagird yerlikdir. *** Ucarda Əziz Əliyev adına Qazyan kənd 2 nömrəli tam orta məktəbinin yeni binasının açılışı olub. Açılış mərasimində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Ucar Rayonu İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov iştirak ediblər. Qonaqlar yeni təhsil ocağında yaradılmış şəraitlə də tanış olublar. Bildirilib ki, ikimərtəbəli məktəb 264 şagird yerlikdir. Məktəbin 1-ci mərtəbəsində direktor otağı, müəllimlər otağı, 5 sinif otağı, 1 tibb otağı, idman zalı, idman müəlliminin otağı, bufet, texniki işçilərin otağı, 2 mühafizə otağı yerləşir. Binanın 2-ci mərtəbəsində isə təlim-tərbiyə işləri üzrə direktor müavininin otağı, 6 sinif otağı, fizika, kimya, biologiya, informatika kabinetləri, hərbi kabinet, qızlar və oğlanlar üçün texnologiya otaqları mövcuddur. İkinci mərtəbədə həmçinin 108 yerlik iclas zalı və kitabxana var.
06/09/2024 18:15
Firudin Qurbanov Abşeron – Xızı Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında iştirak edib
Sentyabrın 6-da Abşeron – Xızı Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, aidiyyəti idarə, müəssisə rəhbərləri və təhsil işçiləri iştirak ediblər. Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva 2023–2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbir və layihələrin tətbiqi vəziyyətindən danışıb. İlhamə Abdullayeva həmçinin növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələri qeyd edib. Konfransda çıxış edən nazir müavini Firudin Qurbanov təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarə edilməsi ilə bağlı qarşıda duran vəzifələri iştirakçıların diqqətinə çatdırıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb. Daha sonra Təhsil İnstitutunun direktor müavini İlham Cavadov 2023–2024-cü tədris ili ərzində institut tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verib. Tədbir daha sonra müzakirələrlə davam etdirilib.
06/09/2024 18:00
Qarabağ, Qazax – Tovuz və Quba – Xaçmaz regional təhsil idarələri üzrə sentyabr konfransları keçirilib
Sentyabrın 6-da Qarabağ, Qazax – Tovuz və Quba – Xaçmaz regional təhsil idarələri üzrə təhsil işçilərinin sentyabr konfransları keçirilib. Tədbirlərdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə, həmçinin onların idman nailiyyətlərinə baxış keçirilib. Konfranslar Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Qarabağ Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Bərdə Şəhər İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov, aidiyyəti idarə, məktəb rəhbərləri və təhsil işçiləri iştirak ediblər. Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarə edilməsində əlçatanlıq və şəffaflığın təmin olunması üçün qarşıda duran vəzifələri iştirakçıların diqqətinə çatdırıb və onlara yeni tədris ilində uğurlar arzulayıb. Konfransda çıxış edən Bərdə Şəhər İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Bərdə şəhərində təhsil mühitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirildiyini bildirib. Sonra çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev region üzrə IV və VI sinif şagirdlərinin monitorinqi üzrə nəticələri, həmçinin IX və XI sinif buraxılış imtahanlarının nəticələri barəsində statistik məlumatlar verib, bununla bağlı tövsiyə və qeydlərini əlavə edib. Fuad Qarayev təhsil idarəsi üzrə şagirdlərin fənn olimpiadalarındakı göstəricilərinə də toxunub. Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov da öz növbəsində 2023–2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbir və layihələrdən danışıb. Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. *** Qazax – Tovuz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax – Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, müəssisə rəhbərləri və təhsil işçiləri iştirak ediblər. Konfransda çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov ümumi və məktəbəqədər təhsil üzrə qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxışında yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb. Qazax – Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev 2023–2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbir və layihələrin tətbiqi vəziyyətindən danışıb. Daha sonra Təhsil İnstitutunun (ARTİ) Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva 2023–2024-cü tədris ili ərzində ARTİ tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Konfransın sonunda təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb və xatirə şəkli çəkdirilib. *** Quba – Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba – Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, region üzrə təhsil işçiləri iştirak ediblər. Əvvəlcə Quba – Xaçmaz Regional Təhsil İdarəsinin 2023–2024-cü tədris ilindəki fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. Elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev çıxışında təhsil sahəsində əldə olunmuş nailiyyət və hədəflər haqqında məlumat verib. Daha sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov regionda təhsilin inkişafı və təhsilverənlərin fəaliyyətinə dair fikirlərini bölüşüb. Quba – Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev isə region üzrə ötən tədris ilində əldə edilən nailiyyət və hədəfləri diqqətə çatdırıb. Tədbirin davamında Təhsil İnstitutu tərəfindən ötən tədris ilində region üzrə həyata keçirilən layihələrə dair təqdimat nümayiş etdirilib.
06/09/2024 17:30
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
ƏtraflıBu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir. Heydər Əliyevin söylədiyi kimi:“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir”. Bu dəyərli fikir bu gün də ölkəmizdə təhsil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. #HeydərƏliyev #ÜmummilliLider #UluÖndər #103İl #10May
ƏtraflıBu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər çərçivəsində Şükürbəyli kəndində inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını ediblər. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb. Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23032-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı